Cavahirləl Nehru həbsxanasından qızı İndira Qandiyə yazırdı ki, «Mustafa Kamal 600 illik Osmanlı imperiyasını Yer üzündən silməyə calışanlara qarşı çıxıb külə dönmüş Türkiyəni ayağa qaldırdı»[1]. O Hind xalqını Dünya tarixində baş vermiş qlobal hadisələrə nəzər salmağı tövsiyə edərkən məhz Atatürkü nümunə götürüb ölkəni müstəmləkəçilikdən xilas etməyin yollarını göstərdi. Dünya çempionu olmuş bir şahmatçı isə müsahibələrinin birində deyirdi ki, əgər bütün ölkələrin siyasi liderlərini şahmat taxtası önünə çıxartsan, hamısı Heydər Əliyevin siyasi gedişləri qarşısında mat vəziyyətinə düşər. Və əsrimizin son ilində Atatürkün adını daşıyan Beynəlxalq mükafata Heydər Əliyevin layiq görülməsi təsadüfi deyildi.
Tariximiz, taleyimiz üçün belə sınaqlı günlərdə bir xalqa Heydər Əliyev kimi fövqəladə istedada malik şəxsiyyət bəxş etməsini Tanrının həmin xalqa böyük məhəbbətinin ifadəsi kimi qəbul etmək olar. Yaşlı nəslin yaxşı yadındadır: 1969-cu ildə Heydər Əliyev rəhbərliyə gələn kimi respublikada böyük bir canlanma baş verdi: elə bil yatmış bir nəhəng yuxudan oyanmışdı. Zavodlar, fabriklər tikilir, yeni iş yerləri açılırdı. Hərtərəfli qayğı ilə əhatə olunmuş mədəniyyət çiçəklənir, ədəbiyyatımız, musiqimiz dünya miqyasına çıxırdı. Kənd təsərrüfatı sahəsindəki inkişaf ailələrə rifah, firavanlıq gətirirdi.
Ömrüm boyu elm və təhsil sahəsində çalışdığım üçün bu sahədəki dəyişikliklər məni xüsusi sevindirdi. İnsanlarda savadlanmağa, biliyini – ixtisasını artırmağa bir stimul yaranmışdı. Tarlada, çöldə çalışan zəhmət adamları, xərüqələr göstərən əməkçilərin əksəriyyəti Kənd Təsərrüfatı İnstitutunda təhsil alırdılar. Müntəzəm olaraq, hər il 100 nəfər gəncin İttifaqın böyük şəhərlərinin qabaqcıl ali məktəblərinə göndərilməsi ixtisaslı kadrlar hazırlanmasında çox müsbət rol oynamışdı. Heydər Əliyev özünəməxsus böyük uzaqgörənliklə Azərbaycanın müstəqil olacağı günü düşünür və bunun üçün müəyyən tədbirlər həyata keçirirdi. Bu böyük şəxsiyyət riskə gedərək bir növ dövlət içərisində dövlət qururdu. Keçmiş SSRİ kimi hərbi qüdrətə malik bir dövlətdə C.Naxçıvanski adına Hərbi Məktəb təşkil etmək əsl vətəndaşlıq qeyrətinin bəhrəsi idi. Respublikamızda hərbi mütəxəssislərin yetişdirilməsinə xidmət edəcək bu addımın atılmasında böyük maneələrlə üzləşsə də, kifayətlənməyərək bir qədər sonra Zaqafqaziya respublikaları arasında ilkin olaraq N.Tusi adına ADPU-nun «İbtidai hərbi və fiziki təlim» fakültəsinin açılmasına nail oldu. Paralel surətdə o vaxtlar Azərbaycandan SSRİ-nin müxtəlif hərbi məktəblərinə ildə 700-800, hətta bəzən 1000 nəfər göndərilir, hərbi sənətin müxtəlif sahələrinə istiqamətləndirilirdi. Bütün bu tədbirlərin nəticəsidir ki, hazırda Milli Ordumuzda yüksək hazırlıqlı zabitlər var. İndi döyüş bölgələrində düşmənlə üz-üzə dayanan yüksək rütbəli, hazırlıqlı hərbi zabitlərin əksəriyyəti bu təhsil ocaqlarının məzunlarıdır. Bax, elə bircə xidməti, Milli Ordumuzun yaradılmasında həlledici rol oynayan bu addımı Heydər Əliyev adının Azərbaycan tarixinə qızıl hərflərlə yazılması üçün kifayət idi. Halbuki, o, bütün sahələrdə fenomenal dəyişikliklər etmiş, ölkənin istənilən sahəsini yüksək inkişaf yoluna istiqamətləndirmişdi.
Fransız yazıçısı Viktor Hüqo yazır ki, «Xalqın böyüklüyü onun sayı ilə ölçülmür. Buna uyğun olaraq insanın böyüklüyü də onun boyunun ucalığı ilə müəyyənləşmir. Bunun üçün ağıl, şan-şöhrət və cəsarət yeganə ölçüdür. O adam böyükdür ki, hər işində böyük nümunə göstərir». Bu mənada ümummilli liderimizin hər əməli bizim üçün örnək deyilmi?
Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata qayğısı[2], bu sahəni daim öz himayəsi altına alması, sənət adamlarına böyük diqqəti hamının gözü qarşısında baş vermişdi. Təsədüfi deyil ki, ki, yeddi milyonluq əhalisi olan Azərbaycanda sənət adamlarından səkkiz nəfəri Sosialist Əməyi Qəhrəmanı adını almışdı. Nə qədər SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı var idi. Bunların hamısı Heydər Əliyevin milli marağa söykənən şəxsi təkidi və yaxından iştirakı sayəsində olmuşdu. Danışırlar ki, ən yüksək səviyyəli görüşlərin birində SSRİ mədəniyyət naziri Demiçev yarıciddi, yarızarafat Heydər Əliyevə demişdi ki, Ukrayna boyda respublikada yalnız iki nəfər sənətçi Sosialist Əməyi Qəhrəmanı adı alıb. Azərbaycanda isə 8 nəfər bu ada layiq görülüb. Bu necə olur? Heydər Əliyev də təmkinlə cavab verib ki, bizim xalqımız istedadlı xalqdır. Siz bu adları elə-belə paylamırsınız ki? Biz təqdim edirik, siz də görürsünüz ki, doğrudan da layiqli adamlardır, mədəniyyətin inkişafında xidmətləri var, ona görə də verirsiniz.
Hər ölkənin sabahı, gələcəyi onun gəncləri ilə bağlıdır. Bu gənclərə göstərilən qayğıdan asılıdır. Heydər Əliyevin çoxcəhətli fəaliyyətində gəncliyə böyük qayğı və diqqət də mühüm yer tuturdu. Onun gənclərə ünvanlanmış «Sizin ən ümdə vəzifəniz vətənə, ölkəmizə, doğma torpaqlarımıza daim sədaqətli olmaqdır. Heç bir gənc bunu heç vaxt unutmamalıdır. Nə olursa-olsun, Vətənə, xalqına, ölkəsinə, dövlətinə sədaqət hər bir gənci daim yaşadacaq və ona cəmiyyətdə özünə layiq, özü istədiyi yeri tapmağa imkan verəcəkdir» sözləri bu gün də hamının üzərində böyük məsuliyyət qoyur.
Heydər Əliyev fenomenliyini, onun Tanrıdan gələn siyasi istedadını təkcə kor olanlar görmürdülər. Hətta bizə dost olmayan xarici müxbirlər də bu istedadın işığını duyur, onu dana bilmirdilər. Rus mətbuatında getmiş bir yazıdan misal gətirmək istəyirəm. Yazının sonunda müəllif yazırdı: «Hakimiyyətə gəlmək istəyən insanlar onun təcrübəsini araşdıra və öyrənə bilərlər. Amma bunun çətin ki, təkrarı olsun. Çünki bütün başqa istedadlar kimi, siyasətçi istedadı da anadangəlmədir, fitridir». Heydər Əliyev dühası, bacarığı, istedadı və qabiliyyəti də fitri idi, Allah vergisi idi.
1970-ci ildə Azərbaycan KP Mk-nın katibi kimi Heydər Əliyev bir təhsil ocağına gəlmişdi. Professor –müəllim heyəti ilə görüşdə o, başqa sovet rəhbərlərinə xas olmayan tərzdə – təmiz Azərbaycan dilində çıxış etdi. Bugünkü nəsil üçün bu adi faktdır. Ancaq bilsəniz ki onda bu, necə böyük hadisə idi. Çünki, o günə kimi bütün rəsmi görüşlər rus dilində aparılırdı. Ana dilində danışmaq az qala qəbahət, səviyyəsizlik, böyük vəzifəli şəxslər üçün isə millətçilik təzahürü kimi qiymətləndirilirdi. Rus dilini mükəmməl bilməyənlər öz vətənlərində əməlli-başlı əziyyət çəkirdilər. Vəzifəyə aparan qapılar onların üzünə bağlı olurdu. Bax, belə bir vaxtda Heydər Əliyev səviyyəsində bir adamın azərbaycanca nitq söyləməsi çox ciddi addım idi. Müqayisə üçün başqa bir dövlət başçısını da yada salaq – xalqı boyun-duruq altında saxlamaqdan ötrü Azərbaycana göndərilən Ə.Vəzirovu. Doğma ana dilində üç sözü bir-birinə calayıb fikrini ifadə etməyi barmayan bu imperiya nökərinin nitqi haqqında az qala Molla Nəsrəddini üstələyən sayda lətifə danışırdılar. O bu millətin oğlu olduğunu, ancaq yüksək vəzifə kürsüsündə xatırlamışdı, lakin xalqın gözü tərəzidir, nə onun «təzə hamam»larını qəbul elədi, nə də «əkdiyi qoz ağaclarını».
Heydər Əliyevin nitqinin səlistliyi onun xalqının şifahi və yazılı ədəbiyyata vurğunluğundan irəli gəlirdi. Klassik və müasir Azərbaycan yazıçılarının əsərlərini onun sevdiyi qədər heç kəs mütaliə etmirdi. Dünyada bütün zamanlar üçün natiqliyin yeganə ustası Demosfen sayılır. O öz çıxışları ilə Makedoniyalı İsgəndər kimi dünya fatehini qorxuya salırdı. Heydər Əliyev ondan fərqli olaraq iki dildə böyük söz ehtiyatına malik idi, elə bir jurnalist sorğusu və problem yox idi ki, onun qarşısında aciz qalsın. Elmin, incəsənətin, ədəbiyyatın, texnikanın və istehsalın elə bir sahəsini tapmaq mümkün deyildi ki, onun barəsində ən bacarıqlı tədqiqatçı, sənətşünas və mütəxəssis kimi söz açmasın. Natiqliyinə görə Heydər Əlirzə oğlunu ancaq Siseron və Demosfenlə müqayisə etmək olar. Onun dövlət rəhbərliyindən əvvəl işlədiyi yüksək vəzifələrdə ancaq rus dili işlənirdi. Lakin həmişə xalqla – zəhmət və sənət adamları ilə təmasda olan ölkə başçısı daim ana dilinin inkişafına çalışırdı. O, gülərüzlüyü, səmimiliyi, bir də saf söhbətləri ilə əbədilik yaddaşlara həkk edilib.
Heydər Əliyevin ən böyük keyfiyyəti demokratiklik idi. Mətbuat və söz azadlığına görə bu gün Azərbaycan heç bir ölkə ilə müqayisəyə gəlmir. Televiziya verilişlərinin birində maraqlı bir hadisə lentə alınmışdı. Vətənindən çox uzaqda jurnalistlərlə görüşdə tanınmış bir aparıcı Heydər Əliyev fenomeni qarşısında məğlub olduğunu görüb verilişin çox uzandığını bəhanə edir, qurtarmaq istədiyini bildirir. Bu zaman Heydər Əliyev özünə xas təbəssümünü gizlətməyərək deyir:
– Biz Azərbaycandan, böyük okeanların üstündən keçib buraya gəlmişik ki, ölkənizdəki demokratik ab-havadan udaq və sizdən öyrənək. Özünüz onu pozmağa çalışırsınız.
Aparıcı pərtliyini gizlətməyə çalışaraq söyləyir:
- Anam mənə dönə-dönə tapşırıb ki, məşhur siyasətçilərin qarşısında çox oturmayım. Onun xahişini yerinə yetirirdim.
Bu müdrik İnsan dünyanın ən inkişaf etmiş ölkələrində məşhur insanları heyran qoymaqla öz xalqına heykəl ucaltmırdımı? İnsanlar dünya yarananda hər işi tanrının adı ilə bağlayırlar. Deyəsən, daşdan, torpaqdan, müharibədən, məhəbbətdən, güldən tutmuş ən xırda həşəratın da Allahı olub, təkcə siyasət aləmi insanla bağlanıb. Əgər siyasətin Allahı yoxdursa, deməli, Tanrı XX yüzilliyin son illərində və yeni əsrin əvvəlində Yer kürəsində bu işi icra etməyi Heydər Əliyevə tapşırmışdı. Mişel Nostradamus yazırdı ki, ikimininci illərə yaxın türklər arasında bir şəxsiyyət peyda olacaq və onun ağlının qüdrəti ilə Türk dünyası yeni dövrə qədəm basacaq. Bu, Heydər Əliyev şəxsiyyətinə işarə deyilmi?
Vətənə həsr olunan böyük ömürdə dərin uçurumlarla da rastlaşıb. Bir vaxtlar kölgəsində daldalanıb yuxarılara quyruq bulamaqla Kremlin nökərinə çevrilənlər elə bilirdilər ki, Azərbaycan xalqını Heydər Əliyevdən, Heydər Əliyevi isə Azərbaycandan ayırmaq mümkündür. Çünki onu siyasət meydanından uzaqlaşdırmağa cəhd göstərməklə Qorbaçov kimilər Azərbaycan xalqının başına müsibətlər açmağı planlaşdırmışdır. Çirkin məqsədlərini həyata keçirmək üçün bu torpağın himayədarının – Heydər Əliyevin əl-qolunu bağlamaq lazım gəlirdi. Və istəyirdi ki, Azərbaycan vətəndaşlarını öz müdrik rəhbərinə qarşı qoymaqla onu gücsüzləşdirsinlər. Bəli, ağrılı günlər idi.
Dünya siyasətinə bələdçilik edən bir şəxs hər şeyə dözdü, çox kiçik bir vəzifə tutmaqla da olsa, parçalanmaq təhlükəsi qarşısında qalan yurdunda olmaq istədi. Bəlkə də Tanrı Azərbaycanı düşmən tapdağından xilas etmək üçün öz istəkli bəndəsini sınaqdan keçirirdi, onu bir də qaldırmaqdan ötrü endirirdi.