Category: Qədim bahadırlıq eposları

ƏRGƏNƏKON – türkün əzəli yurda dönüşü, yaxud bir törənin tarixçəsi

Ey türk milləti, uyuma! Torpağına sahib çıx!..
Bu, çağırışı və göytürklərin törəyişini anladan “Ərgənəkon” qədim bir türk dastanının adıdır. Onun izlərinə Çin mənbələrində rastlaşırıq. Ulu əcdadlarımız söyləyirlərmiş ki, türklər bir zamanlar düşmən tərəfindən hiylə ilə yenildiklərindən böyük itki verərək doğma yurdlarını tərk etmək məcburiyyətində qalmış və Ərgənəkon ovalığına sığınmışlar. Uzun zaman keçəndən sonra yenidən yüksəlmiş, artıb çoxalmış, orduları dəniz kimi coşub dalğalanmış, onlar təkrar əski yurdlarına dönərək düşmənlə çarpışmış, ata-baba torpaqlarını geri almışlar.

Dünya xalqlarının qədimliyini, ilkinliyini təsdiqləyən faktlardan biri epos-dastan ənənəsinin mövcudluğu, xüsusilə onların şifahi mətninin qədim və orta əsrlərdə yazı yaddaşına köçürülməsi, söz ustaları tərəfindən nəzmə çəkilməsi və mədəniyyətin sonrakı çağlarındakı ədəbi-bədii nümunələrdə bu əsərlərin izlərinin qorunub saxlanması hesab olunur. Bu mənada Türk dastan ənənəsinin, epos düşüncəsinin dünya mədəniyyəti xəzinəsində tutduğu mövqeyi, yeri müəyyənləşdirmək üçün başqa xalqların epos və eposdan törəyən yazılı abidələrini qatmaqla 3 min illik zaman xətti üzrə inkişaf xronikasını göstərən cədvəl tərtib etmişik

TÜRKÜN ƏSKİ BAHADIRLIQ DASTANLARI

Əski bahadırlıq dastanları. Əski türk bahadırlıq dastanlarını yaradan türk tayfaları – saka türkləri, hunlar, tukyular, göy türklər, on uyğurlar, doqquz oğuzlar bu gün heç yerdə ayrıca soy, xalq kimi təmsil olunmurlar. Onlar tarixin müxtəlif aşırımlarında öz missiyalarını yerinə yetirib, müasir türk xalqlarının içərisində əridilmiş, bir hissəsi isə başqa ad altında yenidən tarix səhnəsinə çıxmışlar (hunlar oğuzlaşdıqları kimi). Ona görə də müasir türk xalqlarından heç biri deyə bilməz ki, «Alp Ər Tonqa», «Şu», «Yaradılış», «Yurdu təketmə», «Göy türk», “Ərgənəqon” dastanları yalnız onlara məxsusdur.

Back to top