Category: Rituallar

YARANIŞ, OYANIŞ VƏ YENİLƏŞMƏ BAYRAMI

Qədim türklər təbiətlə bağlanan bayramlara xüsusi önəm verirdilər. İlk olaraq işığın mənbəyinə – günəşə, aya, ulduzlara tapınan əcdadlarımız bütün zamanlarda başını uca tutmuş, həmişə ümidini göylərə dikmiş, təsəllisini göylərdən almış və əllərini göyə qaldırıb göy üzündən pənah diləmişlər. İşıq – istilik – canlılıq Xeyrin, qaranlıq – soyuq – ölüm isə Şərin əlamətləri sayılmışdır. Əsas tapınaqları təbiət və onun hadisələri olmuşdur. Təbiətin bir üzünün ağlığı (işıqlılığı), digərinin qaralığı (qaranlıqlığı), bir çağının istiliyi, o birinin soyuqluğu də Xeyrə, Şərə yozulmuşdur. Xeyirin zamanı yazın gəlişi ilə başlayır. Novruz bayramı dünyanın Asiya, Avropa və Afrika kimi üç böyük qitəsində müxtəlif etnosları, xalqları, etnik qrupları, dövlətləri, siyasi quruluşları, ideologiyaları, tarixi və müasir mədəniyyətləri, səmavi və qeyri-səmavi dinləri, adət-ənənələri, dil ailələrini, mədəni arealları, insanlığın keçmişi, bugünü və gələcəyini biri-biri ilə birləşdirən, onlar arasında sosial, siyasi, mədəni, psixoloji harmoniya və sülhü bərqərar edən fenomenal mədəniyyət hadisəsidir. Novruz bayramı öz tarixi-mədəni kökləri etibarilə onu dünən və bu gün qeyd edən xalqların bayramı olmaqla yanaşı, həm də öz teokosmik-ümumbəşəri mahiyyəti baxımından bütün dünyada insanlığın yenilənmə və sülh bayramıdır.

Back to top