Eyni halla Bamsı Beyrək – Banıçiçək (III boy) xəttində də rastlaşırıq. Göbəkkəsmə nişanlı olan bu gənclər ancaq bir-biri ilə yetkinlik yaşlarında görüşürlər. Qız nişanlısına özünü danıb dayənin rolunu üzərinə götürür və bildirir ki, «Gəl, imdi sənünlə ava çıqalım. Əgər sənin atun mənim atumı keçərsə, onun atını (yəni Banıçiçəyin) dəxi keçərsən. Həm sənünlə ox atalım. Məni keçərsən, anı dəxi keçərsən və həm səninlə güləşəlim. Məni basarsan, anı dəxi basarsan». Maraqlıdır, oğuz igidi Beyrək yaxşı anlayır ki, rəqibi qadındır, lakin fərqinə varmadan onunla at çapmağa, ox atmağa, güləşməyə razılıq verir. Hətta sonda basılacağından ehtiyatlanıb «el içində başına qaxınc, üzünə toxunc (rişxənd) etməsinlər» deyə qadınlıq əlamətlərindən faydalanmaqla qələbə çalır: qızın sinəbağını ələ keçirir, döşündən yapışıb arxası üzərinə yerə vurur. Beləliklə, «hiyləyə» əl atmaqla dayə nişanındakı nişanlısına üstün gələndən sonra Banıçiçək Bamsı Beyrəyi qəbul edir.
Göbəkkəsmə nişanlı olmaları bir yana qalsın, gənclərin öz aralarında razılaşması baş tutandan (hətta öpüşüb qızın barmağına altun üzük keçirəndən) sonra da ata-oğul arasında nə cür arvad seçmək barədə mübahisə düşür. Atası ondan soruşur ki, «Sənə kimin qızını alaq?» Beyrək Qanturalı kimi savromatlı qızların xasiyyətnaməsini sadalayır: «Ata, mənə bir qız alıb ver ki, mən yerimdən durmadan o durmuş olsun! Mən qaracıq atıma minmədən o minmiş olsun! Mən döyüşə getməmiş, o mənə baş gətirsin!..”
Bu nişanələri eşidən tək atası anlayır ki, oğlu Baybican bəyin qızı Banıçiçəyi istəyir.
Qızın tayfasını peçeneqlərlə əlaqələndirənlər də var. «Bicən» sözünün «biçən»/ «beçənə»/ «peçeneq» şəklində transformasiyalara uğradığını göstərirlər. Və Azərbaycanda yaşayan oğuz elinin tərkibinə çoxsaylı qeyri-oğuz yerli türk tayfalarının daxil olması tarixi həqiqətdir. Bu səbəbdən də eposun əksər motivləri Qafqaz materialları əsasında və oğuz ladında yazıya alınmışdır. Banıçiçəyin tayfasının savromatlardan törəməsi göz qabağındadır. Təsadüfi deyil ki, kişilərsiz düşmən başı kəsən, at minib ox atan, təkbaşına dağlarda ov ovlayan qızları oğuz bəyləri ilk növbədə türkmən qadınlarından (Oğuz tayfalarının Xəzərin o biri sahilində qalan hissələrindən) fərqləndirirdilər. Əslində bu onu göstərir ki, səlcuqlarla Azərbaycana gəldikləri hesab edilən oğuzlar burada dil və adət-ənənə baxımından onlara çox yaxın yerli türk tayfaları – sakların, masagetlərin, skiflərin, savromatların, albanların, balqarların, hunların törəmələri ilə rastlaşmışlar. Bu tayfalar qısa zamanda bir-birinə qaynayıb-qarışmış, kökdən gələn adət-ənənələrin, təsəvvürlərin eyniliyini nəsillər arasında qan qohumluğunu (qız verib qız alma ilə) genişləndirmişlər. Nəticədə yurdumuzda yaşayan əski prototürk tayfaları ilə oğuzların birliyindən müasir azərbaycan türkləri formalaşmışdır. Məhz formalaşma «Kitabi-Dədə Qorqud» eposunun yaranıb yazıya alındığı ərəfədə başa çatdığı üçün yeni türk etnosu türkmən qızlarını bəyənməmiş və oğuzun arsızını türkmənin dəlisinə bənzətməklə özlərini Orta Asiyada türkmənləşən oğuzlardan ayırmışdılar. Bu faktı tarixçilər başqa şəkildə şərh edirlər. S.Əliyarov yazır ki, «Oğuzun arsızı türkmənin dəlisinə bənzər» (IX boy) – oğuzların mənşəyini öyrənmək baxımından özündə tutarlı məlumat saxlayan cümlədir. VI boydakı «cici-bacı türkmən qızı alarsan, üstünə yıxılsam qarnı cırılar» cümləsi də bu qəbildəndir. Hər ikisində oğuzlar «türkmən» etnik anlayışına qarşı qoyulur, bir növ saymazlıq ifadə olunur. Halbuki X-XI yüzilliklərdən bəri hər iki anlayış bir etnik topluma aid olmuşdur. Belə bir ziddiyyətin açımı qədim oğuzların – Zaqafqaziya protobulqarlarının (Balqar – bir ər), habelə Kültəkin, Bilgə kaqan run yazılarında adları dönə-dönə çəkilən «Oğuz xalqı»nın baxışları ilə bağlıdır. «Ol zamanda» oğuz və türkmən etnik anlayışları hələ bir-birinə calanıb bitişməmişdi. Həmin dövrün tarixi baxışının izi olmaq etibarilə «Dədə Qorqud» boylarındakı oğuzlar özlərini etnopsixoloji baxımdan türkmənlərdən (o cümlədən Qaraqoyunlu və Ağqoyunlu türkmənlərindən) seçirdilər». Bu fikirlərdə bizin qənaətin tam əksi irəli sürülür. Oğuzlar özlərini Azərbaycanda, İranda və Kiçik Asiyada yaşayan türklərdən ayırırdılarsa, onda bəs nə səbəbə eposda yerli materiallara geniş yer ayırır, saklara, balqarlara, alpanlara, savromatlara və b. yerli türk tayfalarına aid qədim təsəvvürləri, adət-ənənələri, bütöv motivləri boyların süjetində oğuz materialları kimi təqdim edirdilər? S.Əliyarov özü tarixi mənbələr əsasında dəfələrlə təsdiqləyir ki, eposun VII boyunda adı çəkilən balqar türklərini Zaqafqaziyaya b. e. ə. II yüzillikdə Bulqar Vənd adlı bir başçı gətirmişdir. Hazırda, hadisədən 2200 il keçəndən sonra Vənənd, Vənətli, Vənədi kəndləri (Ordubad, Zəngilan, Lerikdə), beş yerdə Qaravənd kəndi (Füzuli, Ağdam, Qasım İsmayılovda?), onlarca «vənd» sonluqlu kəndlərimiz – Yaqlavənd, Papravənd, Xocavənd, Bozavənd, Bürvənd, Zuvandlı və s. öz adlarında həmin protobulqar izini yaşatmaqdadır. Protobulqarlar soyundan olan «onoqur» (on oğuz) eli IV-VII yüzillərdə ərazicə Dərbənd-Sakaşen (Şəki)-Savalan arasında bir üçbucaq yaradan güclü dövlət qurmuşdu. Mehrani knyazı Cavanşir onların vassalı olmuşdur. Göytürklər kimi protobulqarlar da dil baxımından oğuz (daha doğrusu, protooğuz) soyuna mənsub olmuşlar. Eləcə də oğuzlar eplsda əsas sərkərdələri Qazanı «alpanlar başı» (IV boy) adlandırırdılar. S.Əliyarov bir çox alimlərə (M.Kaşkarlı, A.Bakıxanov, V.V.Bartold, O.Ş.Gökyay və b.) istinadən «Ağ boz atlar çapdırır alpanlar gördüm. Ağ işıqlı alpları yanıma saldım» (VII boy) cümlələrindəki alpanlarla antik mənbələrdən bəlli olan «alban», «albanlar» anlayışlarının eyniliyini göstərmiş və xüsusi vurğulamışdır ki, bu faktlar «qədim albanların oğuz etnosu tərkibində olduqlarını, yaxud albanlar adının oğuzlara da keçdiyini «sənədləşdirir». Oğuzlar daha əvvəllərdə tamamilə Qafqaz faktoruna çevrilən bulqarları, alpanları özlərindən ayırmadıqları halda, nə səbəbə XI yüzillikdə M.Kaşqarlının təsdiqində «türkmənlər» adının onlara verildiyini qəbul etmişdilər, sonrakı əsrlərdə isə Azərbaycanda yazıya alınan eposlarında türkmənlərə «saymazyana» yanaşmışlar? Bu sualların cavabı məhz irəli sürdüyümüz qənaətlərdə tapılır: onlar yerli Qafqaz türk tayfaları ilə birləşib yeni etnosa – Azərbaycan türklərinə çevrilmişdilər. Bu andan da Xəzərin o biri sahilində qalan əski soydaşlarına soyuq münasibət bəsləmişlər.
Onu da qeyd etmək lazımdır ki, qızların igidliyinin təsviri dünya xalqlarının epos ənənəsində özünü göstərən əlamətlərdən biridir. Selcan xatun və Banıçiçəyin (bura Burla xatunun, sonrakı eposlarımızdakı Nigar, Telli xanım, Ərəbzəngi və b. əlavə etmək olar) xarakteri ilə bağlı sadalananlarda məhz bir cəhət kifayətdir ki, sözügedən motivlərin savromatlarla bağlılığını deməyə tam haqq qazandırsın. Həmin cəhət başqa heç bir eposda təkrarlanmır. Herodot nikah adətlərindən bəhs açanda bildirirdi ki, «savromatlar skifcə danışırdılar… Evlənmə, nikah adətlərinə gəlincə, belədir: qızlar düşmən öldürməmiş ərə getmirdilər. Bəziləri qocalıb ər üzü görməmiş ölürdü, ona görə ki, adəti yerinə yetirə bilməmişdi».
Beləliklə, savromatların «düşmən öldürmədən ərə getməmək» adəti ilə Qanturalı və Bamsı Beyrəyin seçdiyi qızlardan «yağı başı gətirməyi» evlənməyin şərti kimi irəli atmaları faktı göstərir ki, ərbatlarla (amazonkaların) sakların törəmələri haqqındakı təsəvvürlər çox dərin qatlarda Azərbaycan türklərinin ulu əcdadlarının da gen yaddaşına həkk olunmuşdur.
Antik Romada sivill uzaqgörənlərinin kitabları çox əski çağlarda meydana gəlsə də, etrus mənşəli Tarkvin çarlarının – Prist («qədim» deməkdir) Tarkvin (b. e. ə. 616/615-578/577-ci illər) və Superbus, yəni Qürurlu Tarkvinin (b. e. ə. 535/533-510/509-cu illər) hakimiyyəti dövründə geniş yayılmışdır. Vergilinin də üz tutduğu gələcəkdən xəbər verən yazılı abidələrin sayını bəzən üç, bəzən də doqquz hesab edirlər. Romalılar öz dövlətlərinin həyatındakı mühüm hadisələrin başvermə səbəblərini, çoxsaylı sirli məqamların açarını həmin kitablardan öyrənməyə çalışırdılar. Sonralar müqəddəs yazıların qorunması interprtlər (yozanlar) adlanan svill kahinlərinə tapşırılmışdı. Lap başlanğıcda iki nəfərdən ibarət kollegiyanın sayı b. e. ə. 367-ci ildən yeni əsrədək artırılıb 10-a çatdırılmış, Sulla və Avqustun çağında isə 15 kahindən ibarət olmuşdur. Kollegiya üzvləri senatın tapşırığı ilə bütün dövlət işlərindən uzaqlaşdırılmışdı. İnterprtlərin başlıca vəzifəsi gələcəkdə baş verəcək təhlükələri və respublikanın həyatındakı mühüm hadisələri özündə daşıyan müqəddəs kitablardakı müəmmaları açıqlamaqdan ibarət idi.