Bəxtiyar Vahabzadənin son günləri və son şeirləri. Üçüncü yazı

Şair 2005-ci ilin avqust-sentyabr aylarında “Ölümlə üz-üzə” şeirini qələmə almışdı.

Bu hələ onda onun həyatla vidalaşmağa hazırlaşdığından xəbər verirdi.

Evin hər küncündən bir kabus kimi

Mənə göz bərəldir ölüm hər gecə.

Hər an gözləyirəm son nəfəsimi,

Mənə “gəldim” deyir ölüm gizlicə.

O çağlarda bir neçə dəfə yanımda yaşamaq istəmədiyini dilinə gətirmişdi. Onun yazıb-yaratmaq həvəsi də sönmüşdü.

Ölüm vahiməsi artır günbəgün.

Yanıma gələnlər, təsəlli üçün

Hər gün daha şirin söz axtarırlar.

Mənsə candan bezar, cahandan bezar!

Onlara həsədlə baxıram hərdən

Xoşum gəlməsə də təsəllilərdən,

Qəlbimdə hamıdan umduğum odur.

Təsəlli – həyata ümid yoludur,

Ümidlə yaşadım həmişə mən də.

Duyurdum ki, qələmi əlindən düşən andan şair ölümlə çarpışır. Gücünü itirdikcə deyir ki:

İstək çox, arzu çox, ürək gen, vaxt dar.

Hələ gileyliyəm özüm özümdən.

İnsandan ağırdır onun istəyi,

Həmişə təşnədir insan ürəyi.

Külliyyatının nəşri məsələsi ortaya çıxanda B.Vahabzadə yenidən qələmini əlinə aldı və iki ildən artıq yaşamağa özündə güc tapdı, yazıb-yaratdı da…

Şairin ölümündən bir neçə gün qabaq dediyinə görə, son şeiri “Çətin addım”dır. 2008-ci ilin aprel ayında qələmə alınıb (Əslində sonrakı 10 ay ərzində də bir neçə kiçik şeir yazıb). Ömrü boyu vətən sevgisi ilə ürəyi döyünən B.Vahabzadə məhəbbət mövzusuna həsr etdiyi son misraları ilə yaradıcılığına nöqtə qoyub. Əslində onun üçün həyatının ən çətin addımı məhz yaradıcılığına nöqtə qoyması idi. Bu şeirdən sonra şair ötənləri saf-çürük etməklə məşğul olub. Bəli, haqqa əyilərək 84 illik yaşantısını – şirin nağılı bitirir. Sevgilisindən əfv diləyərək onu elə unutmasını istəyir ki, unudulduğunu onun gözlərindən oxuya və onun rahat olduğunu görə bilsin. Bu müdrik insana ahıl yaşında da üzüntülər çəkdirən sevgili kimdir? Bu sevgili onun Vətəni və xalqıdır. O, ancaq əbədiyyətə qovuşmaq üçün Vətənindən ayrılarkən haqqa əyilər, bir gilə istəyinin ürəyində qalmaması ilə barışardı. Və anlayırdı yaxınlarda bu çətin addımı atmaq məcburiyyətindədir:

Qəlbimi gəmirən tərəddüdləri

Sənə birər-birər açandan bəri

Hər gün öz-özümü danlayıram mən.

Amma çox şadam ki, qurtara bildim,

Nəhayət, çəkdiyim üzüntülərdən…

Gerçəyə əyildim, haqqa əyildim.

Bir yolluq qurtarsın o şirin nağıl.

Yaşasın hissimin od-alovunu

   Söndürən ağıl!

Əfv eylə, ey gülüm, məni əfv elə,

Qalmasın istəyim daha bir gilə.

Sən elə unut ki, unutduğunu

Sənin gözlərindən oxuya bilim…

Rahat olduğunu mən duya bilim.

Keçdi bir zaman, sordum özümdən:

Verdiyin o hökmə inandınmı sən?

Xəbərin oldumu öz ürəyindən?

Ey könül, inandım, ya inanmadım,

Hökmən atılmalı bu çətin addım!

Qəribədir, 2008-ci ilin 20 iyulunda B.Vahabzadə yenə naməlum sevgilini xatırlayır, onun özü ilə vuruşduğunu, tərəddüdlərinin arxada qaldığını, qəlbinin ağlı, kamalı ilə barışdığını və sabahını şairdən soruşduğunu bildirir. Bu, ancaq onun xalqı ola bilərdi.

Gah güləş, gah da ki pərişan gülüm,

Özü özü ilə vuruşan gülüm.

Uzun tərəddüdlər qaldı arxada

Qəlbi kamalıyla barışan gülüm,

Sabahını məndən soruşan gülüm.

Şair ömrünün son aylarında qələmə aldığı “Tapınmaq” (avqust, 2008) şeirində “gülüm” deyə müraciət etdiyi həmin sevgilisinin ruhani kamilliyinə tapındığını etiraf edir:

Yaman nigaranam mən səndən yana,

Hələlik sevgini qoyaq bir yana.

Çox sınmışam, ay gülüm,

Ancaq səndə gördüyüm ruhani kamilliyə

Tapınmışam, ay gülüm.

Çətin addımı atandan sonra şairin etirafları başlayır. “Demə, könlümdəymiş” (avqust, 2008) şeirində doğruya çatıb Allahdan əfv diləyir, könül həmdəminin yerini arayır:

Budaqdan budağa qonub mən yazıq

Bir həmdəm axtardım özümə, yarəb.

Gecikmiş olsam da, mən indi artıq

Çatmışam doğruma, düzümə, yarəb.

İndi Allahımdan əfv diləyirəm,

Qibləmi sözlərə çevirir qələm.

Arzuma, eşqimə Allahdan kərəm!

Demə könlümdəymiş könül həmdəmim.

O, həm sevincimdir, həm də dərd-qəmim.

Könül həmdəminin səsini telefonda eşidib təsirlənir, onsuz boşalan dünyadan ayrılıb göylərə uçmağa çalışır:

Səsini eşitdim telefonda mən,

Dünya mənim üçün cənnətə döndü.

Səsinin sövdalı titrəyişindən

Otaq da yaşıla, ala büründü.

Sənsiz mənim üçün bomboşdu dünyam,

Səninlə göylərə uçuşdu dünyam.

Sənsiz başdan-başa yoxuşdu dünyam,

Səninlə ən gözəl, ən xoşdu dünyam.

Sənsiz daş-kəsəkli yoldu bu dünya,

Sənin gəlişinlə doldu bu dünya.

Səninlə özünü buldu bu dünya,

Sənsiz bir andaca boşaldı dünya!

Sən gəldin, yaz gəldi, yaşıldı dünya.

 (“Səsini eşitdim”, iyul, 2008)

Şəkidə qələmə aldığı dörd misralıq şeirindən (İyul 2008) hiss olunur ki, o, olaylardan baş çıxarmağa can atır, ağlının qüdrətilə dolaşıq məsələləri çözə bilməyəndə fəhminə, hissinə arxalanır. Çünki xalqın iki əkiz qardaş kimi təqdim etdiyi xeyir də, şər də haqdan gəlirdi. Bu, mübariz insanın zaman qarşısında təslimçiliyi deyil, taleyin hökmü ilə barışmasıdır:

Taleyin hökmüdür xeyir də, şər də,

Onu da, bunu da haqdan sanmışam.

Ağlımın qüdrəti çatmayan yerdən

Fəhmimə, hissimə arxalanmışam.

“Əyribel suallar”ına (21 iyul, 2008) cavab axtaran B.Vahab-zadə yenə ilahidən güc alıb gözə görünməzləri görür. Bəlkə də, onun tez-tez kövrəlməsinin səbəbi soydaşlarını qeyri-adiliklərlə, zülm, məşəqqətlərlə, ehtiyac və yalanlarla baş-başa qoyub əbədiyyət yoluna qədəm basacağı anın yaxınlaşdığını duyması idi. Vətəninin parçalanması, soyulub talanması ilə də barışa bilmirdi.

İçimdə baş qaldıran

Əyribel suallarım

Bir-bir dönür nidaya,

Şükür olsun xudaya.

İçimdə çarpazlaşan

Toqquşmalardan bəri

Fəhmimin gözlərilə

Anlayıram, görürəm

Gözə görünməzləri.

Ruhun şad olsun, Ustad!

Zaman.- 2009.- 24-25 fevral.- S. 9.

SON

Bir cavab yazın

Back to top