Mifin strukturu və poetikası

Milyon il əvvəllərdə, hələ mədəniyyətin və inkişafın gös­tə­ri­ciləri mövcud olmayan çağlarda insanların həyat, zaman və mə­kanla bağlı görüşlərinin əsasını təbiət obrazları təşkil etmiş, il­kin bədii yaradıcılıq formaları kimi mifologiya meydana gəl­miş və dünya barədə təsəvvürlərin qol-qanad açıb genişlən­mə­si­nə münbit şərait yaranmışdır. Bu mənada dinin, elmin, in­cə­sə­nə­tin, ədəbiyyatın və fəlsəfi düşüncənin tarixi köklərində duran mif­­lər ənənəviliyini, varisliyini bu gün də qoruyub saxlayır, duy­ğularımıza təsir edirək müxtəlif emosiyalar doğurur, rituallar va­sitəsi ilə bayram və şənlikləri, davranış və münasibətləri, adətləri nizamlayır, milli mentalitetimizi əks etdirən əxlaq nor­ma­larını müəyyənləşdirir. Gecə və Gündüz, Günəş və Ay, Göy və Yer, Su və Odun mifologiyada izləri – simvollaşmış obrazları bü­tün zamanlarda inkişafın özülündə durmuş, ən çətin anlarda in­sanın ümid, inam yeri, təsəllisi və yardımçısına çevrilmişdir.

Təsəvvürə gətirək ki, bir şəxs meşənin dərinliklərində azıb uzun müddət qalır, yaxud bir adaya düşüb tək-tənha yaşamağa məc­bur olur. Onun yanında müasir sivilizasiyanın əlamət-lərindən heç nə yoxdur. Paltarını da Adəm, Həvva kimi əncir yarpaqlarından dü­zəldib, ya da Robinzon Kruzonun yolu ilə gedib. Təbiətlə tək­bə­tək qalıb zaman hissini itirdikdə ona nə yardım edə bilər? İşıq­lı göy, qaranlıqda işaran ulduzlar, günəş və ay. Təbiət ha­di­sə­lərinin eyni qaydada təkrarlanması – gecənin gündüzlə əvəz­lən­məsi, fəsillərin dəyişməsi, ətrafdakı varlıqların yaranıb yoxa çıx­ması ilk baxışda onda elə təsəvvür oyadacaq ki, bütün bunlar han­sı­sa qüvvənin iradəsi ilə qanunauyğun şəkildə yerinə ye­ti­ri­lir, təbiətin özündə bir ritm, ahəng, canlılıq var. Və «mö­cü­zə­lər»in göydən, günəşdən, ulduzlardan asılılığını zənn edəcək. Çün­ki ən vahiməli çağlarında onların himayəsini, yaxınlığını du­yacaq. Dərd-sərini onlara danışacaq, ümidini onlara bağ­la­ya­caq. Göydəki işartılar və yerdəki ağaclar, heyvanlar və quşlar onun həmsöhbətinə çevriləcək. Əgər adada günəş, ay və ul­duz­lar yoxa çıxsa, o adamın bağrı çatlayar, elə bilər ki, dünyanın axı­rıdır. Qədimlərdə də belə olmuşdur. Zamanın və məkanın mü­əyyənləşməsində ulu əcdadın köməyinə çatan ilk vasitə göy­də­ki işartılar olmuş: gündüzlər ov ovlamış, qaranlıq düşəndə isə bir mağaraya çəkilib dincəlmişlər. Yazda əkmiş, payızda məhsul top­lamışlar. Vaxtın işıqlı hissəsində başları işə-gücə qarışmış, qa­ranlıqda isə imkan tapıb həyat, tale, dünya haqqında dü­şün­cə­lə­rə dalmışlar. Günün bir yarısı zəhmətlə, o biri yarısı götür-qoy et­məklə keçmişdir.

Hər bir normal adam işdən evə dönəndən sonra çox hal­lar­da televizora baxır, yaxud mətbuatla tanış olur ki, dünya barədə tə­zə informasiya toplasın. Kitab-yazı yaranmamışdan qabaq da in­sanlar gündüzlər qazandıqlarını, aldıqları təəssüratları gecələr ul­duzlarla bölüşürdülər. Çünki ulduzlu göy həmişə mövcud ol­muş­dur. Zülmət gecədə göyün dərinliklərində sayrışan ulduzlar hə­rəkətləri – yerlərini dəyişmələri, yaranıb itmələri, işıqlarının aza­lıb-çoxalmaları ilə sanki yerdəki həyatın təkrarını göstərmiş və in­sanların gələcək fəaliyyətini nizam-lamışlar. Platon təsadüfi de­məyib ki, «Əgər biz göyü, günəşi və ulduzları heç vaxt gör­mə­səydik, dünyanın təbiəti barədə bir söz də olsa, deyə bil­məz­dik. Elə ki, gecə ilə gündüzü, ayların bir-birini əvəz etməklə dövr­ləşməsini, günlərin bərabərliyini, günəşin eyni qaydada çı­xıb-batmasına baxdıq, gözlərimiz önündə saylar canlandı, za­man anlayışını dərk etdik və dünyanı öyrənməyə kökləndik».[1]

Bütün bunlar onu göstərir ki, qədimlərdə elm, incəsənət və din eyni idi. Onların vahid kökü var ki, bunu müasir elm mif, ya­xud mifologiya adlandırır. Dünyanın ilk fəlsəfi görüşü sayılan mi­fologiya elə bir müdriklik zirvəsidir ki, öz əhəmiyyətini heç vaxt itirməyəcək. Çünki mifologiyanın tipik obrazları insanı za­ma­nın elə dərin qatlarına aparır ki, orada bütün maddi və mənəvi ya­ranışların rüşeymlərini tapmaq mümkündür.

Ulu əcdadın düşüncəsində dünyanı əks etdirən mifologiya, təbiidir ki, bünövrəsi şumerlər (bəzi ehtimallara görə şumerlər türk­lərin ulu babalarıdır, yəni bizim də) tərəfindən qoyulan ilkin biliklər toplusu, təbiətin qanun şəklində təkrarlanan hadisələ-rinin açarı astrologiyanın da içərisində əridilmiş və bir çox təd-qi­qatçıların fikrincə, məhz elm astrologiyadan yaranmışdır. K.E.Sialkovski yazırdı ki, «Peruna[2] da inanmaq gərəklidir. Çün­ki dünyanın ümumi mənzərəsini yaradanda ondan da istifadə olu­na­caq».[3] Bu mənada bu gün primitiv, sadə, əhəmiyyətsiz gö­rü­nən hər bir mif diqqət mərkəzində durmalıdır. O hansısa gizli bir varlığın, hadisənin açarıdır, – desək yanılmarıq.

Miflərin bünövrəsi lap baaşlanğıcda şüurun oyanması ilə qo­yulduğu üçün ümumbəşəri hadisə sayılır. O səbəbdən də dünya xalqlarının mifoloji sistemlərində oxşar, hətta eyni cə-hətlərə təsadüf edilməsi təəccüb doğurmamalıdır. Lakin onları bir-birindən ayıran xususiyyətlər də az deyil. Başqa sözlə, bəşər öv­ladının mifik zamanda yaddaşına həkk olunan simvollaş­dırıl­mış obrazlar hər bir xalqın mədəniyyətində özünəməxsus şəkil­də iz buraxmışdır. Hər bir xalq ilkin mifik görüşlərə öz möhürünü vur­muşdur. Doğrudur, mifoloji sistemləri bir-birindən təcrid edil­miş halda öyrənmək mümkün deyil. Ancaq Azərbaycan türk­lərinin mifologiyasını Mesopatomiyada, Misirdə, Altayda, Ural boyunda axtarmaq, yaxud oralarda tapılanları ulularımızın adı­na bağlamaq kökümüzü Qafqazdan ayırmaq, uzaqlaşdırmaq de­məkdir. Atalarımız bu yerlərdə dünya yaranandan son çağ­la­ra­dək elə möhtəşəm izlər buraxmışlar ki, onları görməmək, ar­xe­oloji qazıntılarla üzə çıxardıb təsdiqləməmək, asan yol tutub baş­qa torpaqlardakı abidələrə «tamah salmaq» heç kəsə baş uca­lı­ğı gətirmir, bununla yarım addım da irəli getmirik. Əksinə, bö­yük təcürbəyə malik dünya mifoloqlarını kökümüzün dərinliyinə inan­dırmaq əvəzinə, üstümüzə güldürürük.


[1] Платон. Соч.: В 3 т. М., 1972, Т., 3. Ч. 2., c. 87.

[2] Perun – rusların şimşək və müharibə tanrısıdır. Hindlilərin İndrasını xatır-ladır. Mifik təsəvvürə görə, şimşəyin çaxması ilə göydə şərlə xeyir arasında müharibə başlayır, belə zənn edirlər ki, bu zaman yerin hansı hissəsindəsə iki xalq bir-biri ilə vuruşur. Perun (İndra) davaları idarə edir, bəzən sərkərdə kimi təsvir edilir.

[3] Разум сердца: Мир нравственности в высказываниях и афоризмах / Сост.: В. Н. Назаров, Г. П. Сидоров.— М.: Политиздат, 1989, с. 192.

Bir cavab yazın

Back to top