Arxetiplər (ilk yaradılanlar) – universal mifoloji motiv və süjetlərin ilkin obrazları, isveçrəli psixoanalitik K.Q.Yunqun təliminə görə, kollektivin qeyri-şüuri əhatəsində öz-özünə doğulmuş, təkcə kortəbii yaranış formalarında (yuxu və b. ona oxşar formalarda) yaşamamış, həm də mif yaradıcılığına xidmət etmişdir.[1] Ona görə də dünyanın reallıqlarından çox, toplumun psixi xassəsini və halını əks etdirmişdir. Bu səbəbdən də ilkin çağlarda ikili xüsusiyyətin (animus-anima \kişi-qadın, insan-heyvan\ kentavrlar kimi) bir canda birləşməsinə – dualizmə inam yaranmışdır. Məsələn, «Munisnamə»də mifik dünya qatlarının keçidində duran mələk (başı öküz, bədəni qoyun) iki müxtəlif heyvanın orqanlarından yaranmışdı. «Avesta»da Xeyir və Şər allahlarını dünyaya gətirən zaman və tale allahı Zurvan isə təbi-ətən ikicinsli (kişi-qadın) idi. Xalq arasında bu gün də işlənən «Xeyirlə-şər əkizdir» məsəlini həmin təsəvvürün qalığı kimi də başa düşmək olar.
Yunq Karl QUSTAV (1875-1961), XX yüzilin ən böyük psixikoanalitik alimlərindən biridir. Ziqmund Freyddən sonra psixologiyanı müxtəlif elm sahələri ilə əlaqəli öyrənən və misilsiz kəşfləri ilə Avropanı, Amerikanı heyrətləndirən yüksək erudisiyalı şəxsiyyətdir. O, 1875-ci il iyulun 26-da İsveçrənin füsunkar Konstans gölünün sahilində, Turqau kantonunda (inzi-bati-ərazisində), Kessvildə islahatçı kilsə pastorunun ailəsində dünyaya gəlmişdir. Bazel şəhərində gimnaziya bitirib 1895-ci ilin aprelində oradakı universitetin tibb fakültəsinə daxil olur və təhsilini uğurla davam etdirir. Ali məktəbi başa vuranda onun «Fövqi-təbii (mistik) hadisələrin patologiyası və psixologiyası haqqında» dissertasiyası da müdafiəyə hazır idi. Yunq həmin vaxt 60 ilə qədər uzanacaq yaradıcılıq yolunun astanasında da-yanmışdı.
O, Sürixdə ruhi xəstələrə aid klinikada çalışarkən apardığı eksperimetlərin nəticələri ilə bağlı bir neçə məqalə nəşr etdirir, nəhayət, ağlın inkişafına maneçilik törədən səbəblərə həsr etdiyi yazısını (ilkin ağıldankəmlik haqqında) əsrin böyük alimi, psi-xosesk nəzəriyyəsi ilə az qala bütün dünyaya hay-küy salmış Ziqmund Freydə göndərir. Qərbin iki nəhəng elm xadimi – şöhrəti başından aşıb-daşan yaşlı professor və ilk araşdırmaları ilə ümid qığılcımları saçan gənc tədqiqatçı – 1907-ci ildə Venada görüşürlər.
Freydlə şəxsi tanışlıq böyük dostluğa çevrilir və beşillik (1907-1912) birgə əməkdaşlıq Yunqun inkişafına güclü təkan verir. O, Ziqmunddan psixoanaliz üzrə dərs alır, onun ardıcılı tək fəaliyyətə başlayır. Müəlliminin nəzəri təcrübəsindən faydalanıb öz nəticələrini irəli sürür. Freyd həm yaşca ondan böyük idi, həm də uzun həyat məktəbi keçib çoxlu təcrübə toplamışdı. Ona görə də elmdə Yunqun atası sayılırdı. Digər tərəfdən, Freydin irəli sürdüyü nəzəriyyəni Yunq həqiqi mənada başa düşüb müdafiə edən ilk tədqiqatçılardan biri idi. Məhz bu səbəbdən Freyd ona özünün mənəvi oğlu və varisi kimi baxırdı. V.V.Zelenski yazır ki, «simvolik «ata-oğul» bağlılığı dərin-ləşdikcə, bir tərəfdən inkişafa xidmət edib bəhrəsini verir, digər tərəfdən ortaya ayrılıq toxumları səpirdi»[2]. Onların baxış-larındakı fərqlər getdicgə artırdı. Çünki gördükləri işdə məqsəd eyniliyi olsa da, nəzəri aspektdə aralarında kəskin fikir müxalifliyi vardı. Bu üzdən dostluq və birgə əməkdaşlığın ömrü qısa çəkdi, lakin ilkin «ata-oğul» bağlılığının təsirindən nə Freyd, nə də Yunq uzun müddət uzaqlaşa bildi. Belə ki, hər ikisinin bir-biri ilə çoxillik yazışmaları böyük bir cilddə yerləşir. O məktublarda elmi həqiqət naminə narazılıq da, şikayət də, təsdiq də, inkar da, etiraz da, hörmət və ehtiram da nəzərə çarpır.
Sonralar Yunq müəllimindən ayrılıb psixologiyada öz xü-susi sahəsini (analitik psixologiya) yaratdı, insan psixikasının təbiəti barədə «freydizm»dən fərqlənən daha geniş və mənalı görüş sistemi təklif etdi. Alimin tam olmayan 20 cildlik əsərləri alman və ingilis dillərində işıq üzü gördü, ayrı-ayrı kitabları isə dünyanın əksər dillərinə çevrildi.
K.Yunq psixi hadisələrin başvermə səbəbləri ilə əlaqədar bir neçə yeni nəzəriyyə irəli sürdü. Onun psixikanın dinamikası və strukturu – şüurlu və kortəbii yaranan tiplər haqqında təlimi elmdə inqilab sayılır. Eləcə də öz başlanğıcını qeyri-şüuri psixikanın dərin qatlarından alan universal obrazların (miflərin) bütün detallarınacan təsviri ilkin mədəniyyətlərə aid gizli sirlərinin açarı rolunu oynayır.
Alim əsərlərinin altıncı cildini – «Psixoloji tiplər»i Freydlə əlaqəni tam kəsəndən sonra yazıb. Həmin illər onun həyatının elə bir dövrü idi ki, elmdə özünü təsdiqləməyə çalışırdı, araşdırıcılığın tamamilə fərqli üsullarını tapmışdı. Ona görə də Psixikoanalitik assosiasiyasından üzülüşmüş və Sürix Universitetindəki kafedra müdirliyindən belə əl çəkmişdi. O, 1913 və 1918 illərdə yorucu tənhalıq içərisində çətin günlər yaşamaqla düşüncələrini əsaslandıran dəlillər arayır. Yunq özü həmin çağları «daxili inamsızlıq zamanı», «ömrün ortasında böhran» adlandırmasına baxmayaraq, məhsuldar işləmiş və ən uğurlu əsərini meydana çıxarmışdır. Sonralar məşhur «Xatirələr. Yuxular. Düşüncələr» adlı avtobioqrafik kitabında həmin illəri yada salaraq yazırdı: «Bu iş («Psixoloji tiplər»i nəzərdə tutur) ilk olaraq elə bir daxili təlabatdan yaranmışdır ki, mənim düşündüklərim Freydin və Adlerin görüşlərindən fərqlənirdi. Çalışmışam ki, tiplər probleminə aid qarşıma çıxan suallara cavab verim».[3]
Yunq Freydlə bir yerdə çalışmağa başladığı ilk vaxtdan görmüşdü ki, fikirləri müəlliminin qənaətləri ilə üst-üstə düşmür. Bir sıra əsas məsələdə Freydin düz istiqamət götürmədiyini də anlayırdı. Öz düşüncə və qənaətlərinə geniş meydan açmaq və qaldırdığı problemlərə tam aydınlıq gətirmək üçün Freydin təsirindən uzaqlaşmaq lazım idi. Ona görə də tutduğu mövqeyi və o günədək qazandıqlarını atıb başqa şəhərə köçmüş və yeni həyata başlamışdı. Əlbəttə, böyük ustaddan və əsl dostdan üz döndərmək o qədər də asan məsələ deyildi. Lakin Yunq ideyalarını həyata keçirmək naminə buna məcbur idi.
Bəs Freydlə Yunq arasında fikir ayrılığı əsasən nələrdə özünü göstərirdi?..
«Psixoloji tiplər» kitabı ilk dəfə 1921-ci ildə Sürixdə nəşr olunmuş, qısa zamanda ingilis, fransız, italyan, yunan, ispan, portuqal, çex, polyak, holland, isveç, latış, eston, ukrayna, ru-mın, macar, belarus, bolqar, yapon və rus dillərinə çevrilmiş, İsveçrədən başlayan səyahətin bir istiqaməti Yaponiya, digəri isə Argentinayadək uzanmışdır. Başqa ölkələrdə psixologiya, mədəniyyət tarixi, fəlsəfə, ədəbiyyatşünaslıq və mifologiya Yunqun təlimi əsasında tədris və tədqiq edildiyi halda, təəssüflər olsun ki, Azərbaycanda onun çoxsahəli araşdırmaları barədə təsəvvürə malik az adam tapılar, kitabları da dilimizdə işıq üzü görməyib.
Yunqun təliminin ümumi predmet sahəsinə «öz psixologiyası»ndan başqa psixiatriya, psixoterapiya, fəlsəfə, antropologiya, mədəniyyət tarixi, sosialogiya, incəsənət, estetika, folklorşünaslıq, teologiya və din darixi daxil idi. Alimin həyat və fəaliyyəti barədə oçerk yazanların fikrinə görə, alimin humanitar elmlər üzrə qazandığı biliklərin dairəsi o qədər genişdir ki, hamısını sadalamaq mümkün deyil. Ona görə də müasir insanın mənəvi həyatına verdiyi töhfənin əsl dəyərini vermək olduqca çətindir.
Yunq məsləhət işlərində əski mədəniyyətlərə və astrologiyaya üz tuturdu. Onun mif və simvollar üzərində apardığı araşdırmalar müasir mifoloqları və xüsusilə astroloqları təsir dairəsinə alması təsadüfi deyil. Yunq simvolların təsfirini, izahını qədim insanların onlara yanaşma üsulu ilə aparırdı, başqa sözlə, ilkin yaranmış obrazların məna tutumunu müasirlərinə bu obrazların «öz dili ilə» anlatmağa çalışırdı, eləcə də müasir elmi üsullarla, əsaslandırılmış dəlillərlə təqdim edirdi.