İranlılara qarşı üsyanda fəal iştirak etdiyinə görə tarixin atası Herodot gənc yaşlarında doğma şəhəri Qalikarnasdan qovulur. O, bir müddət Samos adasında yaşayır. Azğın düşmənə qarşı içərisində püskürən qəzəbi söndürmək məqsədilə çox götür-qoy edir. Qılıncı ilə görə bilmədiyi işi qələmlə yerinə yetirmək qərarına gəlir. O, elə hadisələri yazı yaddaşına köçürmək istəyir ki, gələcək nəsillər farsların məğlubedilməzliyi barədəki əfsanələri puça çıxartsın, yunan-iran müharibəsində yaşanılan dəhşətlər və başqa xalqların iranlıları biabırçı şəkildə diz çökdürdüyü yaddaşlardan silinməsin. Herodot bir şərqli səyyahdan Qafqaz massagetlərinin qadın hökmdarı Tomirisin cahangir Kirə qalib gəlməsini, şahı açıq döyüşdə öldürməklə ürəyi soyumayıb, meyitin başını kəsərək içi qanla dolu tuluğa atmasını eşidir və prototürk tayfalarına qarşı onda sonsuz maraq oyanır. Yazmaq istədiyi “Tarix” kitabının materiallarını toplamaq üçün ilk öncə öz ölkəsini qarış-qarış gəzib-dolaşır. Döyüşlərin baş verdiyi yerləri gözləri ilə görür, müharibə iştirakçılarının söhbətlərini dinləyir. Yerli əhalidən saysız-hesabsız rəvayətlər toplayır. Ən çox eşitdiyi xəbər Heraklın oğlunun törəmələri – skiflərin iranlılara bir neçə dəfə divan tutması olur. Onda skiflərin ölkəsinə səyahətə çıxmaq həvəsi oyanır. Beləcə, dahi tarixçinin elmi yaradıcılığına güclü təsir göstərən ilk maraqlı gəzintisi qədim skif mədəniyyətinin bəzi izlərini itib-batmaqdan qoruyur. Herodot prototürklərin Azov dənizi, Krım, Qafqaz, Tanais (Dunay/Tanay), Don (Tan/Dan), İtil (Atil) çayları hövzəsindəki yurd yerlərində və Skif çarlığının paytaxtında böyük təntənə ilə qarşılanır. Bir neçə ayliq səyahəti zamanı sarmatların məskunlaşdığı ərazilərin sərhədlərinədək gedib çıxır, bilicilər, sərkərdələr, döyüşçülər (oxatanlarla, süvarilərlə), silah-sursat ustaları və digər sənət adamları ilə görüşür. O, vətənə zəngin tarixi materiallarla qayıdır. Herodotun sonralar prototürklərin qonaqpərvərliyindən, adət-ənənələrindən şövq və həvəslə yazması göstərir ki, rastlaşdığı insanların münasibətindən, davranışından razı qalmışdı. Öz ölkəsində vəhşi atlılar adı ilə tanınan etnosun özünəməxsus mədəniyyətinin şahidi olur. Skiflərin inandığı tanrını – Targi-Tayı Zevslə müqayisə edəndə birincinin göy üzü qədər möhtəşəmliyini dana bilmir, Prometeyin əsl vətənini tapır, həqiqi pərəstişkarları ilə şöhbətləşir.