Herkayıl-Koroğlu mifinin mayasında duran motivlər çox qədim zamanlardan Qərb dünyasının diqqətini özünə cəlb etmişdir. Belə ki, Bizans tarixçisi Prisk Atillanın sehrli qılıncından bəhs açaraq bildirmişdi: «Təbiidir, Atilla elə zənn etməli idi ki, onu böyük uğurlu tale gözləyir. Mars qılıncı tapılanda o, buna daha çox inanmağa başlayır. Mars qılıncını skif çarları həmişə öz yanlarında saxlayırdılar. Prisk qılıncın necə meydana gəlməsini də Qafqaz və Kiçik Asiya əhalisinin əfsanələrinə əsasən açıqlayır. Bir naxırçı görür ki, ilxısındakı düyə axsayır. Heyvanın qıçında elə böyük yara əmələ gəlib ki, səbəbini aydınlaşdırmaq çətindir. Naxırçı narahatlıq keçirərək qanlı izə düşür və yerə basdırılmış qılıncla rastlaşır. Demə, düyə qılıncın şiş ucunu basıbmış. Naxırçı yeri qazıb qılıncı çıxardır və Atillaya hədiyyə aparır. Prisk yazır ki, «O, qılıncı böyük sevinclə qarşılayır və özünü elə sadəlövh göstərir ki, guya dünyanın hakimi seçilmişdir, çünki qılınc Marsdan (müqayisə et: «Koroğlu» eposundakı Misri qılınc ildırım daşından düzəldilir. Mahiyyət etibarilə epizodların oxşarlığı və qılıncların adlarındakı səsləşmə təsadüfi deyil) idi. Bu onun müharibələrdə üstünlük qazanacağından xəbər verirdi». Bu fakt göstərir ki, Koroğlunun Misri qılıncı haqqındakı mifik təsəvvürlər Qafqazda yaşayan prototürklərə bəlli idi. Məhz Atillanın tarixi qəhrəmanlığı çağlarında yerə basdırılmış sakral silahı İldırım (Mars) qılıncına çevirmişdilər. Lakin Koroğlunun Herkayıl, Targi-Tay, Herakl və Atilla ilə bağlanan kökləri çox dərin qatlarda yerləşsə də, mif motivinin eposlaşması son orta əsrlər dövrünə düşür. B.A.Karrıyevin sözləri ilə desək, «Koroğlu»nun Azərbaycanda doğulan tarixi nüvəsi mövcud epik folklor ənənələri əsasında qurulmuşdur. Eposlaşanda mif yaradıcılığı elementlərindən uzaqlaşdırılmış, gerçək törən quruluşu və normal təsəvvürlər əks etdirilmişdir». Lakin epik ənənədə Koroğlu xəttinin bir çox xalqlar arasında geniş yayılması Azərbaycan mifik təfəkkürünün təsiri kimi qiymətləndirilməlidir. Beləliklə, mifik Dünya Dağı Elbrusun qoynundakı qoşa bulaqdan dirilik suyunu içən Koroğlu–Hərkayıl sonralar işığın, odun da qoruyucusu olmuşdur.
C.Frezer 1923-cü ildə Londonda çap etdirdiyi «İncildə folklor» əsərində xristianlığaqədərki adət-ənənələrdən danışanda «ikinci doğuş» məsələsinə toxunur və xalqımız arasında çox əski çağlarda mövcud olan bir ritualın təsvirini verərək bildirir ki, «Qafqaz türklərində oğulluğa götürmə adi hadisə idi, mərasim ondan ibarət idi ki, oğulluğa götürülən gənc yeni ananın köynəyindən keçirilir, ona görə də türkcə «adamı köynəyindən keçir» anlayışı «oğulluğa götür» mənasını verir». Məgər bu, «Koroğlu» eposundakı Nigarın Eyvazı oğulluğa götürməsinin analoqu deyilmi?