İTİRİLMİŞ MƏDƏNİYYƏTLƏRİN SİRRİ, 9-cu yazı: Ariant – Ər ANA

Herodot Skifiyaya səyahətinin nəticəsi olaraq bütün əsrlərdə öz dəyərini qoruyub-saxlayan qlobal tədqiqat əsərini «Muzalar, yaxud doqquz kitabdan ibarət Tarix»i meydana gətirir.

Herodotdan əvvəl də tarixdə baş verən bir çox epizodları qələmə almışdılar. Hətta onun dayısı Paniasid «Yunan xalqının tarixi»ni yaratmağa başlamışdı. Lakin Herodot elə nəhəng kitab meydana gətirdi ki, bütün parametrləri ilə – həm tarixi-etnoqrafik, həm coğrafi, həm də ədəbi-fəlsəfi yönünə görə seçilib özündən əvvəl yarananlardan yüksəkdə dururdu. Bu mənada qədim Roma mütəfəkkiri və natiqi Mark Tuliy Siseron ilk olaraq Herodotu «Tarixin atası» adlandırıb. Bu şərəfli ad həmişəlik dahi yunan alimində qalır.

Bu gün qədim dünya tarixini araşdıran hər bir tarixçinin ilk müraciət etdiyi əsas mənbə Herodotun «Tarix»idir. Orada ulu əcdadlarımız prototürklər, xüsusilə skiflər və sarmatlar haqqında geniş məlumat var. Təsadüfi deyil ki, Herodot mərdliyinə heyran qaldığı skif döyüşçülərinin sonsuz gücünün mənbəyini tapmaq istəmişdir. Bu səbəbdən də onların mənşəyi, etnik tərkibi, milli keyfiyyətləri barədə əiraflı danışmışdır. Bir cəhət heyrət doğurandır ki, Herodot prototürklərin diyarına səyahət zamanı onların dilindən eşitdiyi toponimləri, tanrı və şəxs adlarını yunanlaşmış şəkildə də olsa yazı yaddaşına köçürmüşdür. Onların açarını tapdıqca skif və sarmatların prototürk tayfaları olduğunu dananlara – onları iranlılaşdıranlara tutarlı cavab vermək mümkün olur.

Bir vaxtlar Krım, Dunay, Don və Volqa (İtil) çaylarını ələ geçirmiş Rusiya bura ərazilərdəki abidələri məhz rus xalqının, slavyanların qədimliyini əsaslandıran dəlillər kimi göstərməyə çalışıb. Bu meyl indi də davam etməkdədir. Lakin tarixi təhrif edənlərin araşdırmalarının ömrü çox uzun çəkmir. İndi bütün dünya inkara çalışsa da, prototürk tayfalarının – skiflərin, sarmatların, massagetlərin etnogenezisini ziddiyyətlərin içində itirməyə təşəbbüs edilsə də, bir həqiqəti danmaqda aciz qalırlar.

Herodot maraqlı bir skif ritualından bəhs açaraq göstərirdi ki, «hər bir hökmdar ildə bir dəfə öz əyalətində xüsusi şərab qabı hazırladırdı. Həmin qabdan ancaq düşmən öldürənlər çaxır içə bilərdilər. Kimlər ki, düşmən öldürməyə imkan tapmamışdılar, onların həmin qabdan çaxır içməyə haqları çatmırdı, bir kənarda boyunlarını büküb dayanırdılar. Skiflər üçün bundan təhqiramiz heç nə yox idi». Həmin adət «Kitabi-Dədə Qorqud» eposundakı oğuz bəylərinin Bayandır xan və Qazan Bəyin məclislərinə toplaşmaları epizodlarında öz əksini tapmışdır.

Qədimlərdə skiflər tanrılarının şərəfinə nəhəng bir abidə ucaltmışdılar. Onların müqəddəs sanıb inam yerinə çevirdikləri bu abidə bir mis qabdan ibarət idi. Tutumu çaxır hazırlanan küplərdən altı dəfə çox idi. Divarlarının qalınlığı isə altı barmaq idi. İçərisinə altı yüz amfor (yunanların qədim həcm ölçüsüdür. Bir amfor 40 litrdir. 600 amfor iyirmi dörd min litrdir) məhlulu asanlıqla yerləşdirmək olardı. Herodota yerli əhalinin dilindən alınmış belə bir məlumat çatdırılmışdı ki, qabı skiflər tanrılarının şərəfinə ox ucluqlarından qayırmışdılar. «Tarix» kitabında yazılır ki, «Ariant (ola bilsin ki, skiflərdə bu ad Ər Ana şəklində idi, yəni kişilərin başçısı, baş ər anlamında) adlı skif çarlarından biri soydaşlarının sayını öyrənmək arzusuna düşür. O, bütün skiflərə əmr edir ki, hər kəs bir ox ucluğu gətirməlidir, onun əmrini yerinə yetirməyəni ölüm gözləyirdi. Onda skiflər o qədər çox ox ucluqları gətirirlər ki, çar onlardan özünə abidə ucaltmaq istəyir: tapşırır ki, ucluqlardan həmin mis qabı düzəltsinlər».

Dunay çayı ətrafında, Azov, Qara dəniz, Xəzər sahillərində, Qafqaz dağlarının ətəklərində, İtil (Volqa) boyunda, eləcə də Kiçik Asiyada məskunlaşan prototürk tayfalarının – skiflərin Tanrının şərəfinə ucaltdıqları abidə – nəhəng mis qab mifik dünya modelini xatırladır və türkün bir qanadının – oğuzların gen yaddaşında eposlaşmış «ulu əcdad Oğuzun türk nəsillərini meydana gətirməsi» motivində izlərini qoruyub-saxlayan mifik dünya modelinin «türk-oğuz tipi»nin onun əsasında qurulduğu şübhə doğurmur. Oğuzların ibtidai təsəvvürlərində olduğu şəkildə burada da bütün varlıqlar (gün, ay, ulduz üçlüyü kosmosu; göy, dağ, dəniz üçlüyü isə Yer planetini göstərməklə) və sak//skif tayfaları (ox ucluqları şəklində) altı rəqəminin daşıdığı funksiya ilə (dünyanın əsas atributlarının cəmi) formalaşır. Oğuzların altı oğulla bünövrəsi qoyulan nəsilləri iyirmi dördlə yekunlaşıb ox-yayla rəmzləşdiyi kimi, saklarda da əhalinin sayına bərabər tutulan mis ox ucluqları birləşəndə alınan dünya modelinin – mis qabın ölçüləri altılarla başlayır, altı ilə yüzləşir və iyirmi dördlə minləşib bütün sak tayfalarını əks etdirir. Başqa sözlə, Dünya – qab analoji hal olaraq oğuzlardakı türk birliyinin əsas simvolunun – yay-oxun bir detalından (ox ucluğundan) hazırlanır. Xatırlamaq lazımdır ki, oğuzların mifik təfəkküründə türklər iki qanada bölünür: bozoxlar//pozuxlar və üçoxlar. Bu da təsadüfi deyil ki, Qafqaz və İran türklərinin (azərbaycanlıların ulu babalarının) etnik tərkibində oxla əlaqələnən tayfalar üstünlük təşkil edir.

Skiflərin inancına görə, qab dünyanın özüdür. Bu səbəbdən də qədim yas adətlərində ölənləri küpşəkilli gil qabda basdırırdılar. Şəkidə aparılan arxeoloji qazıntılarda belə bir qab aşkar edilmişdir. B. e. ə. II – I minilliklərə aid həmin iri küpün ağzı işıqlı dünyaya açılırdı. Skiflər elə zənn edirdilər ki, ölü ağzınadək yerə basdırılan qabda o biri dünyanın şər qüvvələrindən qoruna biləcək. Sonralar Göy türklərdə və oğuzlarda qabşəkilli mifik dünya modeli üstü dairəvi göy təbəqəsinə oxşar yurdla (çadır ev) əvəzlənmişdir. Müqayisələr şübhə doğurduğu halda bir neçə suala cavab tapmaq lazım gəlir: nə üçün mis qabla modelləşən dünyanın bütün parametrləri altıdır? Və nə səbəbə xırda ox ucluqlarından düzəldiyi irəli sürülür? Çünki onun hazırlanmasında hər bir prototürk ərindən pay düşməsi əsas şərtdir. Söyləmədə məqsəd skiflərin sayını müəyyənləşdirməkdir. Deməli, xırda mis ox ucluqları qab şəklində bütövləşməklə qədim türklərin vahidliyini simvollaşdırmış və saylarının dünyanın böyüklüyü qədər çox olduğunu göstərmişdir. Bu fakt bir daha sübut edir ki, oğuzların eposlaşmış ilkin yazılı qaynaqlarının XIV yüzilliyə təsadüf etməsinə baxmayaraq, türk-oğuz mifik dünya modeli öz dərin qatlardakı kökləri ilə skiflərin, hunların ən ibtidai təsəvvürlərində özünə yer almışdır, daha doğrusu, dünyanın mifoloji türk modelinin əsas strukturları Yer kürəsinin böyük ərazisində – Şərqdə və Qərbdə məskunlaşan sak, massaget, skif, hun, oğuz və başqa tayfalar tərəfindən qurulmuşdur.

Heredot skiflərin köç mifi haqqında məlumat verərək bildirirdi ki, yurdlarını tərk etmələrinin səbəbi düşmənlərin azğın hərəkətləri ilə onları həm içəridən, həm də bayırdan təngə gətirməsi olmuşdur və şərin artıb-çoxalmasını düşüncələrində ilanlarla rəmzləşdirməklə mif sistemi yaratmışdılar. Elə hesab edirdilər ki, «təkcə onların öz torpaqları çoxsaylı ilanlar meydana gətirmirdi, həm də daha artıq dərəcədə səhralardan ölkənin içərilərinə doğru soxulan ilanlar var idi». Təsadüfi deyil ki, Herodotda skif tayfalarından biri – nərvlər ilan təbiətli yadların basqınlarından yurdlarını dəyişdirmiş və budinlərə sığınmışdılar. Beləliklə, ilan – prototürklərin (o cümlədən azərbaycanlıların ulu əcdadlarının), onların mifoloji görüşlərində şərin başlanğıcı kimi təcəssüm olunurdu. Yunan tarixçisinin məlumatında isə skif tayfalarından birini öz doğma yurdlarından köçməyə vadar edən düşmən xislətli gəlmələr zəhərli ilanlar sayılırdı.

Skif adət-ənənələri ilə yaşayan nəvr tayfasında qam-şamanlar da meydana gəlmişdi, lakin onlar hələ qurd toteminə olan inamlarını qoruyub – saxlamışdılar. Herodot qamları «cadugər» (koldun) adlandıraraq yazırdı: «Skiflər və onların arasında yaşayan ellinlilər qətiyyətlə təsdiqləyirdilər ki, bir nərv hər il bir neçə gün dalbadal qurd cildinə girir, sonra yenə insana çevrilirdilər. Burada qurd nəvrlərin totemidir, onlar onunla özlərinin qohumluğuna inanırdılar. Qulyabanı kimi başqa şəklə düşmələri barədəki məlumata gəlincə, bu, xüsusi kult mərasiminə işarədir, iştirakçılar qurd dərisinə bürünüb maskalarda gəzirdilər. Azərbaycan xalqının mifoloji təsəvvürlərində bu gün də qorunub – saxlanan bəzi motivlərdə ana-qadın çimdiyi zaman təsadüfən qayınatası gəlib gəlininin çılpaq bədənini görür. Qadını bu acınacaqlı vəziyyətdən göydən üstünə düşən qurd dərisi çıxardır. Bundan sonra o, hər gün gecələr ay çıxanda cildini dəyişib qurda çevrilir, gün doğanda isə təzədən insanlaşır. Qurdlaşanda hətta öz südəmər körpələrinin barmaqlarının qanını sorur. Bu mifdə Herodotun nişan verdiyi kult ritualının ruhunu görmək mümkündür.

Bir cavab yazın

Back to top