Maraqlıdır ki, bir çox sufilər təsəvvüfü – mütləq azadlıq, xeyirxahlıq, qəlb genişliyi və özünə qarşı zülm etməmək kimi başa düşmüşlər. Rüvaym (915-ci ildə ölmüşdür) üzünü gənc İbn Hafifə tutub deyirdi ki, «Sufizm – ürəyi həqiqət naminə qurban verməkdir, onun haqqındakı boş söhbətlərə həsr etmək deyil».
Deməli, sözün dəyəri xeyirxah əmələ çevrilən anda üzə çıxır və insan ancaq düz işləri ilə Allaha qovuşa bilir.
Bu mənada böyük Azərbaycan şairi Xaqani sufiliyi paklıq adlandırırdı:
«Mən safam, çünki sufilərin saflığına xidmət edirəm».
Xaqaniyə görə,
Sufilər Xızr kimi kuvşinlərində dirilik suyu gəzdirirlər,
Onların əsaları Musa peyğəmbərin əsası qədər möcüzəlidir.
Mövlanə Cəlaləddin Rumi isə «sufizm nədir?» sualına cavab axtararkən bildirir ki,
«Təsəvvüf batmanla kədər, qəm gələndə ürəkdə sevinc tap-maqdır».
Göründüyü kimi, K.Yunq da arxetipin – kənar enerji və qüvvənin mənbəyi haqqında təxminən həmin qənaətlərə gəl-mişdir.
Alim mədəniyyət obrazlarının təkrarlanmasının səbəbini bütün insan ruhlarında mövcud dünyanın eyni şəkildə əks olunması ilə şərtləndirirdi. O, E.Teylorun «obrazların öz-özünə doğması» ideyasını eksperimet və dəlillərlə sübuta yetirməyə çalışaraq XX yüzilin əksər alimlərinin razılaşdıqları arxetiplər nəzəriyyəsini irəli sürürdü. Alim «arxetip nədir?» sualına cavab verərək yazırdı: «Bu, həmin yaradıcılıq növüdür ki, bir-birinə oxşar mifoloji təsəvvürləri təkrar istehsal etməyə həmişə hazırdır. Bizə elə gəlir ki, arxetiplər yalnız hər zaman təkraralanan tipik təcrübə deyil, həm də emprik şəkildə həmin təcrübəni təkrarlayan güc, yaxud ənənədir. Hər dəfə yuxuda, fantaziyada, xəyalda, ya da həyatda yeni arxetip meydana gələndə, özü ilə hansısa xüsusi «təsir» vasitəsi gətirir, yaxud naməlum qüvvənin köməyi ilə insanları valehetməyə, tilsimləməyə başlayır, hansısa əməlin yerinə yetirilməsinə geniş yol açır».[1]
Arxetip – obrazın və onun daşıdığı mənanın başlanğıcdakı vəhdətidir, hər ikisinə aid «xüsusi enerji»dir. O hansısa əbədi həqiqət kimi də müəyyənləşə bilər. Lakin onun kokret obrazlaşmış və simvollaşmış məğzi xarici mühitin – tarixi şəraitin təsiri ilə dəyişir, ona görə də nə olduğunu anlamaq bizim üçün çətinləşir. K.Yunq arxetiplə bağlı fikirlərini məhlulun içərisindəki şəbəkənin krstallaşması ilə müqayisədə çatdırmağa təşəbbüs edir. Belə ki, məhlul isinməklə, yaxud müəyyən vaxt keçəndən sonra bərkiyir, dəmir şəbəkəni içinə alıb kristallaşır. «Kristal şəbəkə hər hansı bir kristala məxsus konkret formanı deyil, streometrik strukturu müəyyənləşdirir. Kiçik, yaxud böyük ola bilir. Ölçü həddinin sonsuz sayda mövcudluğundan formanın da müxtəlifliyinin sayı-hesabı yoxdur, eləcə də bir neçə bərk maddədən – kristaldan əmələ gəlir. Bu prosesdə həmişə eyni qalan yeganə cəhət tərkib hissəsindəki həndəsi tənasüblükdür. Bunu arxetipə də şamil etmək olar. Əsas etibarilə, o, adlandırıla və dəyişməz məna özəyinə malik ola bilər – lakin heç vaxt konkret görünüş, hadisə deyil, hər zaman ancaq nöqteyi-nəzər kimi meydana çıxır.»[2] Yəni arxetip həmişə ideyadır, maddilikdən məhrumdur. Məsələn, ağzından od püskürən çoxbaşlı əjdaha, dəyirman daşını ayaqlarına keçirib sürətlə qaçan div obrazları hər zaman təsəvvürə gətirilir, lakin heç vaxt gözə görünmür, yəni maddi substansiyaya çevrilmir, ideya olaraq qalır.
Xüsusi vurğulamaq lazımdır ki, miflərdə deyildiyi kimi, ruh, ağıl, şüur, emosiyalar (bütün müxtəliflikləri ilə birlikdə) Yaradıcı tərəfindən bir anın içində, bir göz qırpımında insana bəxş edilməklə o, canlılar arasında fərqləndirilməmişdir. Şüurun in-kişafına təkan verən qüvvənin əsasında elə fantastik, təbii və tarixi-mədəni obrazlar – miflər durur ki, bu gün həm abstraklığı, sakrallığı, həm primitivliyi, sadəliyi, həm də yerə, torpağa, yaşadığımız dünyaya, həyata bağlılığı, eləcə də duyğularımıza təsiri, düşündürücülüyü və universallığı ilə diqqəti cəlb edir.
[1] Юнг К.Г. Челевек и его символы. СПб, 1996, с. 125.
[2] Юнг К.Г. Челевек и его символы. СПб, 1996, с. 125.