Azərbaycan-türk mifologiyasının tədqiqat tarixindən

Açar sözlər: Azərbaycan-türk mifologiyası, tədqiqat tarixi, tan­rı elmi, əsatir, əfsanə, mifik ob­raz, tanrılar və ruhlar, mif, ritual

Azərbaycanda miflərə marağın tarixi çox qədim olsa da, araşdırılmasına son dövrlərdə başlanılmışdır. «Avesta»da, M.Kalankatuklunun «Albaniya tarixi»ndə (IX-X əsr), müsəlman intibahının görkəmli nümayəndələri Xaqani Şirvani (1126-1199), Nizami Gəncəvi (1141-1209) və Ustad əl-Xosrovun (XII əsr) əsərlərində Azərbaycan və Şərq mifologiyasının ümu­mi mənzərəsinə rast gəlirik. Xalqımızın ilkin mifoloji dünyagörüşünün izləri «Kitabi-Dədə Qorqud» (VII əsrdə şifahi mətninin tam formalaşması və XI yüzillikdə ilk dəfə qələmə alınması ehtimal olunur; aşkarlanan iki əlyazma nüsxəsi XIV-XVI əsrlərə aiddir; boyların Drezden və Vatikan kitabxa­na­la­rın­da saxlanılır) yazılı abidəsində özünə daha geniş şəkildə yer tap­mışdır. Azərbaycan türklərinin dilində möhtəşəm poetik əsər­lər yazan Məhəmməd Füzuli (1494-1556) isə Şərqdə ilk dəfə «tan­rı elmi» adı ilə mifologiyanın geniş şərhini vermişdir.

Azərbaycanda dünya xalqlarının mifologiyasını öyrənməyin əsasını Mirzə Kazım bəy (1802-1870) qoymuşdur. O, «Firdövsinin əsərlərində fars əsatiri» məqaləsində[1] («Северное обоз­ре­ние» jurnalı, 1848) İran ərazisində yaşayan qədim xalqların, o cümlədən azərbaycanlıların əsatirlərinin əsas mənbələrini atəş­pərəstlik görüşləri ilə əlaqələndirərək göstər-mişdir ki, mif real, təbii və ictimai hadisələri insanın dərkindən başqa bir şey de­yil­dir. Alimin miflərin genezisi haqqında irəli sürdüyü fikirlər Qrimm qardaşlarının təlimi ilə üst-üstə düşsə də, xalq təfək­kü­rün­dən və kütlələrin geniş yaradıcılıq imkanlarından kənarda – ilahi qüvvə ilə əlaqələnən şəkildə deyil, daha inandırıcı və əsas­lıdır: «Əfsanəsi olmayan xalq, rəvayəti olmayan ölkə yoxdur. Kö­çərilərdə bu, nəsildən-nəslə şifahi şəkildə keçir. Yarımmə­dəni xalqlarda bu nümunələr onların etiqadlarının əsasını, yazılı ədə­biy­yatın, tarixin əsas məzmununu təşkil edir. Mədəni xalq­lar­da isə müqəddəs bir şey kimi onların təxəyyülü üçün zəngin qida mənbəyinə çevrilir»[2]. Mirzə Kazımbəy Şərq miflərini iki qrupa ayıraraq şərh edir: a) tanrılar və ruhlar haqqında olan mif­lər və b) xalis mifoloji qüvvələr.

O, belə bir qənaət irəli sürür ki, xalq mədəni həyata qədəm qoyanadək uzun yol keçsə də, keçmişini unutmamış, əski qəh­rə­man­lığını şifahi yaradıcılığında idealizə edərək müxtəlif mifik ob­razlar halına salmışdır: Pəhləvan, Qəhrəman, Bahadır, Mələk, Ruh və s. Alim bu gün də Azərbaycan və İranda geniş kütlə ara­sın­da yaddaşlarda yaşayan qədim Xeyir və Şər allahlarından – Hör­müz və Əhriməndən, onların yardımçılarından – Simurq və dev­dən bəhs açır. A.Şükürovun göstərdiyi kimi, Mirzə Kazım bəyin hələ indiyə qədər nəşr olunmayan «Mifoloji lüğət»i bu sa­hə­də dünyada ilk təcrübələrdən biri idi[3].

Avropada və Rusiyada etnoqrafik-folklor materiallarına küt­ləvi maraq oyanan ərəfədə (XIX əsrin II yarısından XX yüzil­liyin əvvəllərinədək) Azərbaycanda da xeyli iş görülmüş, rus alimlərinin və yerli ziyalıların (S.Penn, S.Zelinski, D.Yerisev, P.Uslər, K.Nikitin, A.İoakimov, Q.Bağırov, M.Qəmərli, E.Sul­tanov, F.Köçərli, T.Bayraməlibəyov, R.Əfəndiyev, Ə.Abid, Y.V.Çəmənzəminli, S.Mümtaz, A.Baqri, və b.) təşəb­bü­­sü ilə toplanıb nəşr olunan folklor nümunələrinin içərisində mif mətnlərinə də təsadüf olunmuşdur. «Полярная звезда» (1825), «Тифлисские ведомости» (1830), «Сведения о Кав­каз­ских горцах» (1968), СМОМПК (Сборник материалов для опи­са­ни­я местностей и племен Кавказа –1881-ci ildən başlayaraq 1924-cü ilədək 46 buraxılışı nəşr olunmuşdur), «Сборник све­де­ний о кавказе» (1871) məcmuələrində, « Кав­каз» (1851-1859) və «Kaспи» (1895) kimi rusdilli mətbuat səhifələrinə, dərslik və xü­susi toplulara, yeri gələndə, mif mətnləri ilə yanaşı onların xü­su­siyyətləri barədə də ötəri qeydlər salınırdı.

XX yüzilliyin əvvəllərində mif, ritual və nağılların tədqiqi sa­həsində Y.V.Çəmənzəminli böyük işlər görmüşdür. O, bir tərəf­dən mif mətnləri əsasında özünün bədii əsərlərini («Qızlar bulağı»), digər tərəfdən dünya elmində bu sahədə aparılan araşdırmalarla Azərbaycan ictimaiyyətini tanış edən elmi mə-qalələr yazmış, eləcə də əski görüşlərə söykənən folklor nü­mu­nə­lərinin tarixi köklərini müəyyənləşdirməyə çalışmışdır. Onun «Azərbaycan nağıllarının əhval-ruhiyyəsi» (1926), «Azərbay­can­da Zərdüşti adətləri» (1927), «Xalq ədəbiyyatında bəşəri tə­ma­yüllər» (1928) və b. məqalələrində ilk dəfə olaraq bir sıra ri­tu­alların və folklor janrlarının genezisi, mifoloji görüşlərlə əla­qə­si, sakral rəqəmlərin mahiyyəti, işlək dairəsi, qədim mi­di­ya­lı­la­rın mifoloji görüşlərinin bəzi məqamları müqayisəli şəkildə təh­lil edilmişdir. Y.V.Çəmənzəminli Avropada yaranan mif nə­zə­riyyələrinin müddəalarını açıqlayarkən, Qrimm qardaşlarının ari tayfalarını «mədəni», qeyrilərini «qeyri-mədəni» adlan­dırma­sına, miflərin arilərdən başqa qövmlərə hazır şəkildə ötürülməsi ide­yasına tənqidi münasibət bəsləyərək yazmışdır: «Nağıl və əf­sa­nə kimi mürəkkəb mövzulu əsatirlərin bir-birinə bənzəməsi ari nə­zəriy­yəsi (Alim «Mifoloji məktəb» nəzəriyyəsini nəzərdə tu­tur­du) ilə izah olunmaz. Tarixdən əvvəl bir-birindən ayrılmış xalqlar bu mövzuları bütün təfsilatı ilə saxlaya bilməzdi. Sonra müəy­yən və bir-birinə bənzər mövzuların yalnız ari irqinə mən­sub qohumlarda deyil, başqa irqlərə məxsus olanlarda da gör­mək olar»[4].

Azərbaycanda mifoloji görüşlərin mövcudluğu haqqında V.Xu­luflu, B.Çobanzadə, H.Əlizadə, Ə.Axundov, H.Araslı, Ə.Də­mirçizadə, N.Seyidov və M.H.Təhmasib[5] də maraqlı mü­la­hizələr irəli sürmüşlər. Lakin Mirzə Kazımbəylə yandırılan «mi­foloji məşəl» Y.V.Çəmənzəminli və başqaları tərəfindən çox ağır şəraitlərdə qorunub saxlansa da, repressiya illərində (1937-1940) tamam söndürülmüş, xalqın əski görüşlərindən danışan-la­ra «pantürkist», «panislamist» damğası vurulub həbsxanalara sa­lınmış, Azərbaycan mifologiyasının öyrənilməsinə qoyulan «mədəni yasağ»ın nəticələrindən doğan qorxu xofu isə uzun müd­dət ürəklərdən getməmişdir.

Keçən əsrin 60-cı illərinədək Azərbaycanda mifologiya, əski rituallar və inanclara tarix, ədəbiyyat və mədəniyyət tari-xin­dən bəhs açan dərsliklərdə ötəri yanaşılmış, ən yaxşı halda bəzi folklor toplularına bir-iki nümunə salınmışdır. M.Seyido­vun çap olunan məqalələri və «Azərbaycan mifik görüşlərinin qay­naq­ları» (1983) adlı monoqrafiyası ilə bu sahəyə yenidən böyük maraq oyanmışdır. Onun tədqiqatlarında[6] Azərbaycan türk­lərinin bəzi mifoloji obrazlarının (Oğuz, öləng, qam, Xızır, Kosa, keçi, varsaq, Qorqud və s.) mədəniyyət tarixində yeri və rolu öyrənilmiş, daha çox söz və ifadələrin miflər vasitəsi ilə eti­mo­loji aspekеdə izahına yer ayrılmışdır. M.Seyidov mifolo­gi­ya­nın müxtəlif problemlərinə aid zəngin yaradıcılığı və elmi-pe­da­qo­ji fəaliyyəti ilə məktəb yaradan alimlərdən biridir. O, onlarla iste­dadlı gənci bu sahənin araşdırılmasına istiqamətlən­dir­miş­dir. Tədqiqatçılar (A.Acalov, A.Şükürov) onun fəaliyyətini iki dövrə ayı­raraq göstərirlər ki, birinci dövr (1950-60-cı illər) konkret mə­sələlərə həsr olunan məqalələrlə təmsil olunur. Müəllif bu dövrdə öz axtarışlarını birbaşa mifoloji sistemin bütövlükdə təs­vi­ri və bərpasına yönəltmiş, mifologiyaya ədəbiyyat tarixinin müx­­təlif problemləri ilə əlaqədar müraciət etmişdir. İkinci dövrə (1970-80-cı illər) aid əsərlərində isə M.Seyidov mifologiya prob­­lemlərini daha geniş kontekstdə sistemli olaraq araş­dırmış­dır. Onun son illərdə meydana çıxan monoqrafik tədqiqatları nəin­ki Azərbaycanda, ümumiyyətlə, bütün türk dünyasında mü­hüm hadisə kimi qiymətləndirilməlidir.

Azərbaycanda mifik təfəkkürün qaynaqları aşkarlanandan sonra etnoqrafiya və folklorun ayrı-ayrı məsələləri ilə bağlı aparı­lan araşdırmalarda mifoloji görüşlərin epos («Kitabi-Dədə Qorqud», «Koroğlu»), yazqabağı rituallar, klassik yazılı ədə-biyyat, qədim memarlıq kompleksləri və digər mədəni-tarixi abidələrlə əlaqəsi diqqət mərkəzinə çəkilmişdir.


[1] Казымбек М. Мифология персов по Фирдоуси / Изб. произведения. – Б., Элм, 1985, с. 306-318.

[2] Yenə orada, s. 306.

[3] Казымбек М. Мифология персов по Фирдоуси / Изб. произведения. – Б., Элм, 1985, s. 46.

[4] Çəmənzəminli Y.V. Əsərləri. Üç cilddə. III cild. – B., Elm, 1977, s. 66.

[5] Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). – B., Elm, 1972, s. 114.

[6] Bax: Seyidov M. Azərbaycan xalqının soy-kökünü düşünərkən. – B., Yazıçı, 1989; Qızıl döyüşçünün taleyi . – B., Gənclik, 1984; Qam-şaman və onun qaynaqlarına ümumi baxış. – B., Gənclik, 1994; Yaz bayramı – B., Gənclik, 1990; Azərbaycan mifik görüşlərinin qaynaqları. – B., Yazıçı, 1983.

Bir cavab yazın

Back to top