ƏSLİ VƏ KƏRƏM (mətn-11)
Arxiv materialı əsasinda tərtib edəni R.Qafarlı
ƏVVƏLİ: Əsli və Kərəm (mətn-10)
Kənd camaatı onun başına yığılıb üzr istədilər. Aşıq olduğunu bilib hörmət elədilər. Kərəm keşişin yerini soruşanda dedilər:
– Dünən Hələb şəhərinə getdilər.
Kərəm və Sofu durmadan Hələbə doğru yol başlayıb bir çayxanaya girib Kərəm başlayır oxumağa:
Dübeyt
Gecə-gündüz dərd çəkirəm,
Cida düşüb yarım mənim,
Gözümdən qaş yaş tökürəm,
Artıb ahu-zarım mənim.
Yana çevrilməsin uğrun,
Eşq dələr aşıq bağrın,
Tənhalarda oğrun-oğrun,
Ağlamaqdır, karım mənim.
Sevdim bir qanlı zalımı,
Sanırdı qəddi-dalımı,
Bilsəniz ərzi-halımı,
Əsli sevən Kərəm mənəm.
Camaatın bu sözlərdən xoşu gəldi. Onlar Kərəmdən bir-iki qatar da söz oxumasını xahiş elədilər. Bir-iki nəfər adam Kərəmin və Sofunun üst-başına baxıb gülüşdülər. Bu, Kərəmə toxunmuşdu. Aldı görək bu adamlara nə deyir:
Dübeyt
Ay camaat, könül yarı
Hər zaman dilər, əylənər,
Qürbət elə düşən kimsə
Göz yaşın silər, əylənər.
Budur qürbət elin halı,
Gödək olar uzun dili,
Sevdiyi yarın xəyalı
Ağlına gələn əylənər.
Kərəm Əslisindən doymaz,
Könül hər yetənə uymaz,
Qəribi heç kəs saymaz,
Üçtünə gülər, əylənər.
Kərəmlə Sofu keşişi Hələbdə xeyli axtardılar. Keşişi xəbər verən olmadı. Bunlar da dayanmayıb Hələbdən çıxıb bir kəndə tərəf getdikdə yolda bir dəstə gül-çiçək dərən qızlara rast gəldilər. Onların içində Kərəm birisini Əsliyə oxşadıb alır görək bu qıza nə deyir:
Dübeyt
Ala gözlü, nazlı dilbər,
Gülünmü oldun, gülünmü oldün?
Əzəl mənim idin ənbər,
Elinmi oldun, elinmi oldun?
Pəncərəyə çəkdin pərdə,
Sən uğratdın məni dərdə,
Mən gedirəm sən bu yerdə,
Qalımmı oldun, qalımmı oldun?
Evimizin dalı iydə,
İydənin ətəyi yerdə,
Döşəməli eyvan evdə
Gəlinmi oldun, gəlinmi oldun?
Aynanı aldın dizinə,
Sürməni çəkdin gözünə,
Sən bəzək verdin özunə,
Xanımmı oldun, xanımmı oldun?
Gərdəndə tökdün telini,
İşlətdin fitnə, fe’lini.
Bükdün Kərəmin belini,
Qanımmı oldun, qanımmı oldun?
Kəndə çatdıqda orada keşişin çıxıb getdiyini söylədilər. Kərəm kənddən bir az gedəndən sonra Hələb dağına çatır. Hələb dağını görəndə İsfahan dağları yadına düşüb görək nə deyir:
Dübeyt
Qarşı yatan qarlı dağlar,
Yarəb, bizim dağlar ola?
Gözü yaşlı mənim anam,
Sinəsini dağlarmola?
Kə’bədən gələn hacılar,
Ürəyimdə var acılar,
Qardaşı ölən bacılar,
Başa qara bağlarmola?
Kərəm deyər qəmə batam,
Bir dərdimə yüz dərd qatam,
Ağ saqqallı yazıq atam,
Oğul deyib ağlarmola?
Sən demə, keşiş Kərəmə azdırma verib yenidən Hələbə qayıdıb. Hələbdə bir ev tutub qızını da ev sahibi – erməninin oğluna nişanlayıb. Əsli isə ata-anasının bu haqsızlığına qarşı nifrin edib için-için ağlayırdı. Qızlar başına yığılıb onun dərdini soruşdular. Görək Əsli onlara dərdini necə deyir:
Yanıq Kərəmi
Qızlar gedin xan Kərəmi gətirin,
Bir boyuna baxıb seyran eylərəm,
Eşqin piyalasın doldurub verin,
Saqinin əlindən dövran eylərəm.
Gələnə, gedənə eylərəm nəzər,
Hanı bu dünyada mən tək mahmənzər,
Hər kim versə xan Kərəmdən bir xəbər,
Xan babai yerinə bir xan eylərəm.
Yolunda qoymuşam bu canı, səri,
Əsliyəm dərdindən oldum sərsəri,
Kərəm dədəm qoyub girsə içəri,
Ağ üzdən bir busə in’am eylərəm.
Əslinin halına qızlar da yandılar. Anasını çağırıb məsələni ona söylədilər. Anası mat-məəttəl qalıb o da ağladı dedi:
– Mənim əlimdən nə gələr? İş keşişdədir. O da tərsin, müxənnəsin biridir. Bircə çarəmiz var ki, Kərəmin gəlməyini gözləyək. Gələn kimi paşaya xəbər verək.
Sonra da qızını məzəmmətlədi ki, niyə indiyə kimi bu dərdini mənə açmayıbsan ki, birlikdə bir çarə eyləyək.
Əsli anasının bu sözünə aldı görək necə cavab verir:
Qafiyə
Aman ana, gəl eyləmə məzəmmət,
Bülbülüm var, gülşənim var, gülüm var.
Qəhbə fələk verib dərdin bolundan,
Göydən yerə olub yaman zülüm var.
Ağ üstündən bağlamışam qaramı,
Təbib sənsən gəl tez bağla yaramı,
Gözü yaşlı qoyub gəldim Kərəmi,
Yar yanında kasad olan dilim var.
Əsliyəm, əməyim getdi badlara,
Alışdım, tutuşdum, yandım odlara,
Qorxum ondur Məlik versin yadlara,
Sevgilimdən ayrı düşən əlim var.
Kərəm ilə Sofu keşişin kələyini öyrənib Hələb şəhərinə qayıtdılar. Burada Kərəm bir qəhvəxanaya düşdü.
Kərəm qəhvəxanada oturanların xahişi ilə bir neçə kəlmə söz oxudu. Çox bəyəndilər. Əhsən dedilər. Təsadüfən paşanın vəziri də orada idi. Onun xahişinə görə, Kərəm «Könül» adlı bu qoşmanı oxudu.
Qafiyə
Bir məhəlləsində yeddilər, beşlər,
Bir məhəlləsində bəzirgan işlər,
Bir məhəlləsində doqquz dərvişlər,
Bir məhəlləsində piran əlyləşmiş.
Bir məhəlləsində canan can eylər,
Bir məhəlləsində gül fəğan eylər,
Bir məhəlləsində bülbül qan eylər,
Bir məhəlləsində gülşən əyləşmiş.
Bir məhəlləsində camalın görəm,
Bir məhəlləsində güllərin dərəm.
Bir məhəlləsində biçarə Kərəm,
Bir məhəlləsində canan əyləşmiş.
Dinləyənlərin içində olan bəy Kərəmin oxumasını xoşlayıb ona afərin deyib haradan gəlib, haraya getdiyini soruşdu.
Kərəm keşişin qızı Əslinin dalınca dərbədər olduğunu söyləyərək bir ah çəkdi. Ah çəkəndə bəy bunun haqq aşığı olduğunu bilincə dedi:
-Qəm etmə, mən o qızı sənə alaram!
Kərəmə təsəlli verdi və bir qarını Əslinin yanına göndərib qızın da Kərəmə aşiq olduğunu öyrəndi. Beləliklə, Kərəmlə Əslinin görüşməsini bağların arasında tə’yin etdirdi. Şərt qoyulmuş vaxtda bəy Kərəmi alıb həmin yerə getdilər. Qızlar olan yerə çatdıqda bəy Kərəmi bir tərəfdə saxlayıb özü gedib Əslinin rə’yini soruşdu. Əsli Kərəm sözünü eşitcək ağlamağa başladı. Bəy qəti elədi ki, doğrudan da Əsli Kərəm kimi eşq atəşinə tutulmuşdur. Odur ki, Kərəmi onun yanına aparmaq üçün qayıtdı. Gəldi gördü ki, Kərəm yatmışdır.
Götürür bəy görək Kərəmi necə oyadır.
Dübeyt
Uca-uca dağlar aşan,
Oyan Kərəm, Əsli gəldi!
Eşq ücündan dərdə düşən,
Oyan Kərəm, Əsli gəldi!
Əsli dözməyib Kərəmin yanına gəlir və qollarını onun boynuna sarıyıb oturur.
Kərəm oyanıb Əslini öz yanında görüncə alır:
Qafiyə
Yenə gördüm Əsli xanın üzünü,
Köhnə dərdin təzələndi yarası,
Nələr çəkdim sevdiyimin əlindən,
Bilməm nədir möhnətimin çarası.
Katan köünək geyib lalədən nazik,
Qonça qövr eyləyir bülbülə yazıq,
Dərdi-qəm çəkirəm üzüyəm-üzük.
Qıyma mənə ay ciyərim parazı.
Kərəməm qürbətə düşübdür yönüm,
Bağları, dağları bürüyüb ünüm,
Könül ki, dönməyir, mən necə dönüm,
Bəndə qalıb daşlarının qarası.
Əslinin başındakı qızlar Kərəmdən təvəqqe etdilər ki, bizə də bir gözəlləmə deginən.
Kərəm razı olub götürdü:
Dübeyt
Bu qarşıda duran qızlar,
Altı qızlar, altı qızlar.
Qoyubsuz ciyərimə közlər,
Altı qızlar, altı qızlar.
Altı qızın biri Ayşə,
Bəyləri var qoşa-qoşa,
Mail oldum bilal qaşa,
Altı qızlar, altı qızlar.
Altı qızın biri İnci,
Odur gözəllərin gənci,
Boynunda var nar turuncu,
Altı qızlar, altı qızlar.
Altı qızın biri Mələk,
Dünya dönüb çərxi-fələk,
Mən bir diləmişəm dilək,
Altı qızlar, altı qızlar.
Altı qızın biri Məryəm,
Getdi gözlərimi sörüyən,
Mən olmuşam sizə heyran,
Altı qızlar, altı qızlar.
Altı qızın biri Tuti,
Odur gözəllərin qəti,
Kərəm çəkibdir xiffəti,
Altı qızlar, altı qızlar.
Bu halda paşa gəlib çıxdı. Qızları Kərəmin yanından qovdu, sonra Kərəmdən hal-əhval soruşdu. Aldı görək Kərəm paşaya nə deyir:
Dübeyt
Xan Əslim bağça içində,
Gəzir sallana-sallana,
Boylanıb ala gözəlirin,
Süzür sallana-sallana.
Qaşları bənzər kamana,
Aşiqi eylər divanə,
Zülflərini dal gərdənə,
Düzür sallana-sallana.
Kərəmdir oduna yanan,
Olubdur dillərdə dastan,
Dostunun qətlinə fərman,
Yazır sallana-sallana.
Dedi:
– Mən sənin atana qabaqlar çox qulluq etmişdim. İndi Hələbə köçüb gəlmişəm. Sən heç fikir eləmə. Mən hər cürə olur-olsun qızı sənə alıb verəcəyəm.
Paşa yubanmadan qızın dalınca adam göndərir ki, onu qaytarsınlar. Adamlar qayıdıb qızın kəbinini kəsmək üçün kilsəyə aparıldığını söylədilər. Paşa əmr verdi ki, gedib qızı kilsədən zor ilə alıb gətirsinlər. Paşanın adamları bir qədər çəkmədən Əslini götürüb gəldilər. Keşiş də qızın dalınca bir əl bir təpə paşanın yanına gəldi. Qızını köçürmək üçün ondan vaxt istədi. Və toy edib qızını Kərəmə köçürəndə ona tilsimli paltar geyindirdi. Qızına tapşırdı ki, düymələrini Kərəm açsın.
Toy başlandı. Hamı Kərəmi ovudur, onun könlünü almağa çalışırdı. Kərəmin isə hələ qaş-qabağı yer ilə gedirdi. Toy gecəsi o, başına yığılanlara bu sözləri oxudu:
Kərəmi şikəstə
Bu dünyada üç nəstədən qorxuram:
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm,
Heç birindən dərdli könül şən deyil:
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm.
Çox-çox Süleymanı taxtdan endirdi,
Çoxlarının dönəlgəsin döndərdi.
Neçələrin gəlməz yola göndərdi:
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm.
Neçələrin dalısına top atdı,
Neçənin aşına zəhrimar qatdı,
Neçələrin cavan ikən qocaltdı:
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm.
Gələ-gələ gəldir bu Qaradaşa,
Yazılanlar gəldi bu qərib başa,
Həsrət qoydu məni qohum-qardaşa:
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm.
Kərəm deyər qondu köçüm köçülməz,
Əcəl camı çox acıdır içilməz,
Üç dərdim var bir-birindən seçilməz:
Bir ayrılıq, bir yoxsulluq, bir ölüm.
Gəlin gələn gecəsi Kərəm Əslinin gəlişinə görək nə deyir:
Dübeyt
Əsli xan başdan-ayağa,
Al-qırmızı geyinmişdir.
Verrəm fəqirlərə sadağa,
Al-qırmızı geyinmişdir.
Atalıdır, analıdır,
Ördəklidir, sonalıdır,
Barmaqları xınalıdır,
Al-qırmızı geyinmişdir.
Doldur ver badə içməyə,
Gəl boynuma sarışmağa,
Vaxt gəldi gülüşməyə,
Al-qırmızı geyinmişdir.
Yaşa, sevdiyim, yaşa,
Yazılanlar gəlir başa.
Xalların var qoşa-qoşa,
Al-qırmızı geyinmişdir.
Kərəm dədə gəldi sizə,
Qədəm basdı elinizə,
Əsli xanım gəldi bizə,
Al-qırmızı geyinmişdir.
Əslini Allah-allahla içəri gətirdilər. Aşiqlə məşuqu tək qoydular.
Əsli ilə Kərəm qucaqlaşıb öpüşdülər. Sonra Əsli təklif elədi ki, düymələrini açsın. Aldı Kərəm görək nə deyir:
Kərəmi şikəstə
İsfahandır vətənimiz, elimiz,
Çöz Əslim, çöz köksün düyməsin,
Ördək uçdu, viran qaldı gölümüz.
Çöz Əslim, çöz köksün düyməsin.
Səni mənə verdi yaradan xuda,
Ayrıldım elimdən, olmuşam cida,
Bir canım var, yolunda olsun fəda,
Çöz Əslim, çöz köksün düyməsin.
Bizim eldən sorub bura gətirdim,
Ərzrumda xəstələnib yatırdım,
Axır burada muradıma yetirdim,
Çöz Əslim, çöz köksün düyməsin.
Gəl ikimiz bir döşəyə girək biz,
Namərd deyilik muradımıza irək biz,
Hal-ahvalı bir-birimizdən soraq biz,
Çöz Əslim, çöz köksün düyməsin.
Sənə qurban dedim bu şirin canı,
Alayım canına gələn qadanı,
Neçin ağladırsan Kərəm dədəni,
Çöz Əslim, çöz köksün düyməsin.
Belə dedikdə Əslinin döşündəki düymələr açıldı, amma iki düyməsi açılmadı. Kərəm nə qədər çalışdısa, onları aça bilmədi. Beləlilə səhər açıldı. Kərəm canından bezar olub bir ah çəkdi. Ağzından alov çıxıb Kərəmi başdan-ayağa bürüdü. Əsli bu halı görcək başladı haray salıb ağlamağa.
Əslinin ağlamasını görüb Kərəm yana-yana deyir:
Dübeyt
Gəl Əslim bu qədər ağlama,
Yanaram, Əslim, yanaram.
Həsrət ciyərimi dağlama,
Yanaram, Əslim, yanaram.
Bir atəşdi düşdü üzümə,
Eşq odudur doldu gözümə;
Öləndə gəl məzarıma,
Yanaram, Əslim, yanaram.
Kərəm söylənir adım,
Ərşə çıxdı fəryadım,
Əlimdən getdi muradım,
Yanaram, Əslim, yanaram.
Söz qutarandan sonra alov bərkiyib Kərəmi küllüküf eylədi. Paşa Kərəmin sehr ilə ölməsini eşidib keşişin dalınca adam saldı ki, onu tutub öldürsünlər.
Görək Əsli «Kərəmi şikəstə» ilə haraya gələn qızlara nə deyir:
Kərəmi şikəstə
Gəlin qızlar, görün müşkül halımı,
Yandı Kərəm, məni saldı bu dərdə.
Əydi qamətimi, bükdü belimi
Yandı Kərəm, məni saldı bu dərdə.
Bizə haqdan belə zülm olurmu,
Heç köqlümüz bir açılıb gülürmü,
Mənşərdə görüşmək qismət olurmu,
Yandı Kərəm, məni saldı bu dərdə.
Sağlığında heç çəkmədim nazını,
Dinləmədim şirin-şirin sözünü,
Açım məzarını, görüm üzünü,
Yandı Kərəm, məni saldı bu dərdə.
Xan Əsliyəm mən bu yolda gəzərəm,
Bir dərdimi min dəftərə yazaram,
Kərəm kimi bu canımdan bizaram,
Yandı Kərəm, məni saldı bu dərdə.
Anası qızının ah-fəğan etməsini görüb onu ovundurmaq istədikdə, Əsli nifrətlə ona belə deyir:
Kərəmi-şikəstə
Necə dözüm indi mən bu həsrətə,
Ana, «Kərəm yandı!» – deyib ağlaram!
Sevdiyim saldı məni bu dərdə,
Ana, «Kərəm yandı!» – deyib ağlaram!
Leyli üçün Məcnun dağlara düşdü,
Şirin üçün Fərhad qayalar deşdi,
Bu ayrılıq bizə mövladan keçdi,
Ana, «Kərəm yandı!» – deyib ağlaram!
Keşiş babam bu işə səbəb oldu,
Kərəmin atəşin üzümə saldı,
Bu ayrılıq bizə mövladan gəldi,
Ana, «Kərəm yandı!» – deyib ağlaram!
Mən Əsliyəm görmüş idim duşumu,
Axıtdım gözümdən qanlı yaşımı,
Yolumda çəkdirdi otuz iki dişini,
Ana, «Kərəm yandı!» – deyib ağlaram!
Əsli sözünü qurtarıb saçı ilə Kərəmin külünü bir yerə yığmaq istədikdə, kül alovlanıb Əslini də yandırdı.
Paşa bu faciəni görcək keşiş ilə qarısını əziyyətlə öldürüb onların varidatını Sofuya bağışladı və evləndirib həmin şəhərdə bərqərar eylədi.
SON