“Əsli və Kərəm” dastanının Şəki variantı (Mətn) – 008

ƏSLİ VƏ KƏRƏM (mətn-08)

Arxiv materialı əsasinda tərtib edəni R.Qafarlı

ƏVVƏLİ: Əsli və Kərəm (mətn-07)

Əsli qızlardan ayrılıb Kərəmin yanına gəlmək istəyəndə bibisi cəld onu saxlayıb qolundan çəkə-çəkə keşişin yanına apardı.

Keşiş Kərəmin gəldiyini bilən kimi baş götürüb Ərzrumdan da qaçdı.

Kərəm qəhvəçi dükanına qayıdıb yarının qaçırılmasını belə bəyan etdi:

Qafiyə

Əslim getdi, yaylalarda dayandı,

Mənim burda qalışıma nə deyim?

Tuti dilli cananın əlindən

Saralıban soluşuma nə deyim?

Gahdan-gahdan qələm alıb dəstinə,

Dərdim yazım düşmanıma, dostuma,

Xəstə düşdüm, Əsli gəlməz üstümə,

Qürbət eldə ölüşümə nə deyim?

Məcnun Leyli üçün çox çəkdi cəfa,

Qərib Şahsənəmlə sürmədi səfa,

Mən vəfalı çıxdım, yarım bivəfa,

Verişimə, alışıma nə deyim?

Mən Kərəməm, kərəmliyim bildirdim,

Dost aldadıb, düşmənimi güldürdüm.

Uzun boylu xan Əslimi aldırdım,

Arsız-arsız gülüşümə nə deyim.

Qəhvəxanada olan bir-iki nəfər də bunlara qoşulub keşişin dalınca yola düşdülər.

Kərəm və Sofu bir xeyli yorğun-arğın yol getdilər. Onları istəyənlər vasitəsi ilə keşişin getdiyi mənzili öyrəndilər. Kərəm yanlarınca gələnləri «Sağ ol, var ol!» – deyib geri göndədi. Özü Sofü ilə yoluna davam etdi. Bir qədər getmişdilər ki, bunların qabağına üç yol çıxdı. Üç yolun ayrıncına çatanda Kərəm götürdü görək nə dedi:

Kərəmi şikəstə

Ərzrumdan çıxdım yolum üç oldu,

Mən bu yolun hankısı ilə gedəyim?

Çağıraraq gecə-gündüz ya mədəd,

Mən bu yolun hankısı ilə gedəyim?

Aşdım uca-uca dağlar üzündən,

Keçdim yarım yollarından, izindən.

Yenə qanlı yaşlar axır gözümdən,

Mən bu yolun hankısı ilə gedəyim?

İlin baharında atlar çıxar arpaya,

Xoş igidlər geyiniblər qılxayə.

Bilmirəm şərqə getdi, bilmirəm qərbiyə,

Mən bu yolun hankısı ilə gedəyim?

Sofu qardaş, necə olar halımız,

İsfahandı vətənimiz, elimiz.

Bülbül uçdu, məhzun qaldı gülümüz,

Mən bu yolun hankısı ilə gedəyim?

Kərəm deyər, bir qılmadım halına,

Əslim getdi vətəninə, elinə,

Yandırdı könlümü kafir oduna,

Mən bu yolun hankısı ilə gedəyim?

Buradan keçib bir qəbirstanlığa çatdılar. Kərəm qəbiristanlıqda bir qəbir üstə ağlayan qızı görüb aldı görək nə deyir:

Kərəm

Qaşların yaramı, gözlərin yaşı,

Ahu gözlüm, nə gəzirsən məzarı?

Aşığı bənd eylər zülfünün tağı,

Ahu gözlüm, nə gəzirsən məzarı?

Qız

Aşıq, xəbər alma mənim halımı,

Yar eşqindən mən gəzirəm məzarı.

Fələk soldurubdur yaşıl, alımı,

Yar eşqindən mən gəzirəm məzarı.

Kərəm

Qaralar geymisən, yaslıdır başın,

Qüdrətdən çəkilib qaradır qaşın,

Ölən atandırmı, yoxsa qardaşın?

Ahu gözlüm,  nə gəzirsən məzarı?

Qız

Qaralar geymişəm yaslıdır başım,

Qüdrətdən çəkilib qaradır qaşım,

Ölən nə atamdır, nə də qardaşım,

Yar eşqindən mən gəzirəm məzarı.

Kərəm

Nə müddətdir sən buraya gələli,

Ağlayıban çeşmim yaşın siləli,

Neçə ildir sənin yarın öləli

Ahu gözlüm,  nə gəzirsən məzarı?

Qız

Bir müddətdir mən buraya gələli,

Ağlayıban göz yaşın siləli,

Yeddi ildir mənim yarım öləli,

Yar eşqindən mən gəzirəm məzarı.

Kərəm

Duman gəlib dağlarını bürümüş,

Fərman gəlib ağır ellər yerimiş.

Yeddi il oldusa indi çürümüş,

Ahu gözlüm,  nə gəzirsən məzarı?

Qız

Fərman gəlsə, ağır ellər yeriməz,

Duman gəlsə, dağlarımı bürüməz,

Amanatdır, yeddi ildə çürüməz,

Yar eşqindən mən gəzirəm məzarı.

Kərəm

Kəm baxdın üzümə qanlı haramı,

Ürəyimə qoydun dərdi, vərəmi,

Xan Əslidən betər etdin Kərəmi,

Ahu gözlüm,  nə gəzirsən məzarı?

Qız

Gəl, yetər ağlatma bu Sərvinazı,

Vurdun ürəyimə atəşi, gözü,

Açım məzarını görünsün üzü,

Yar eşqindən mən gəzirəm məzarı.

Bunlar buradan gedib bir varanə kəndə çatdılar.  Görək Kərəm xarabalığa nə deyir:

Sallama Kərəmi

Səyyah olub, çölləri gəzirəm,

Rast gəldim bir virana daşına.

Dedim: – Virana, nə zaman olubsan viran,

Nə gələcək, nə gəlibdir başına.

Virana:

Şəzrət Nuh zamanından yatıram,

Əmr haqdan belə gəldi başıma.

Başıma gələni söyləyim sənə,

Hələ heç kim oturmayıb qarşıma.

Kərəm:

Aşıqlar dərdindən bilərmisən,

Diyar-diyar olanı görərmisən.

Nə zamandan sən belə varmısan,

Fələk nə gətirib sənin başına.

Virana:

Nuh peyğəmbər zamanında durdum,

Əmir haqdan gəldi, yatdım igidim,

Neçə illər mən burada çürüdüm,

Fələk acı qatdı dadlı aşıma.

Kərəm:

Kim eşidər sənin ahü-zarını,

Tərk edibsən olan-qalan varını,

Neçin sənin fələk qırıb tacını

Ağıl irməz ol xudanın işinə.

Virana:

Üç yüz altmış çeşmlərim axardı,

Gözəllərim seyrangaha çıxardı,

Hər xanəmə üç yüzdən yetərdi,

Baxmamışam xan yerində daşıma.

Viranı keçəndən sonra Kərəm Soyu mlə bərabər bir dağlığa gedərək bir çəməngaha çıxdılar.

Burada dincəlmək üçün oturanda Kərəm qayalara belə deyir:

Qafiyə

Dinlə, sənə deyim, a sarı qaya,

Mənim Əslim buralardan keçdimi?

Mübarək camalın bənzəyir aya

Mənim yarım buralardan keçdimi?

Qaya

Gəl sənə söyləyim ay aşıq piri,

Sənin Əslin buradan gəlib də getdi.

Bilmədim başıma mən gələni

Ayağını üzümə vurub da getdi.

Kərəm qayadan üz döndərib meşəyə söz deməyə başladı:

Dur, səndən sorayım, ay qara meşə,

Siz ey tarlalarda verən baş-başa,

Ey bulaq, ey dağ-daş, nərgiz, bənövşə

Mənim Əslim buralardan keçdimi?

Meşə

Heç dayanmaz budağımda budama,

Görməmişəm, nə deyir sən didəmə,

Mən baxmaram nə gələn, nə gedənə,

Əsli məndən bir dal kəsib də getdi.

Kərəm çaya doğru sözə başladı:

Abı-həyat kimi daim axarsan,

Xalqın cəmalına nəzər edərsən,

Dolana-dolana axıb gedərsən,

Mənim Əslim buralardan keçdimi?

Çay:

Kərəm, çəkməsən onların yasını,

Ah-fəryad silməz könül pasını,

Fələk öldürsün atasilə anasını,

Üstümdən at minib keçib də getdi.

Kərəmlə Sofu atlarına minib bir şəhərə doğru getdilər. Şəhərə çatıb yenə də bir qəhvəçiyə qonaq düşdülər. Orada gecələyib səhəri şəhərdən çıxdılar. Yolda üç-dörd nəfərə rast gələrək Kərəm keşişin sorağını xəbər aldı:

Qafiyə

Ay ağalar, bu dərd məni öldürər,

Bülbülün köksünün dağı nədəndir?

Daha gəlmir Ərdəbildən xoş səda,

Gülün həmnişini-zağ nədəndir?

Hamı gözəllərdən xan Əslim eydi,

Əslim seyrə çıxıb qırmızı geydi,

Bu necə məzəydi, bu necə meydi,

Məni məst eyləmir sağı nədəndir?

Dərin-dərin dəryalara dalmışam,

Şirin canım eşq oduna salmışam.

Əsli camalına həsrət qalmışam,

Qırmızısı güldür, ağı nədəndir?

Dəhani qönçədir, yanağı lalə,

Salıb mən yazığı yüz qeylü-qala,

Al yaşıl geyinib o qəddi-dala,

Çarpaz yaxasının bağı nədəndir?

Keçdi cavan ömrüm yenə çöllərdə,

Dürlü sözüm dastan oldu dillərdə,

Qohumsuz-qardaşsız qürbət ellərdə,

Kərəm oldu göz dustağı nədəndir?

Kərəm keşiş getdiyi tərəfi öyrənib özbəyə doğru getdilər. Özbəyə çatdıqda Kərəm bir dəstə qızın içində bir qızı Əsliyə oxşadıb  deyir:

Qafiyə

Cilvələnib çeşmə durursan,

Ay qız, mənim xan Əslimə bənzərsən,

Qəmzə oxun bu sinəmə vurursan,

Ay qız, mənim xan Əslimə bənzərsən.

Həmin qız hirslənib götürür görək Kərəmə nə deyəcək:

Dolandın dağları, buraya gəldin,

Var get, Kərəm, sənin yarın deyiləm.

İtirdin ağlını, divanə oldun,

Var get, Kərəm, sənin yarın deyiləm

Kərəm:

Xan Əslimin yanağında xalı var,

Danışanda şirin-şirin dili var,

Gümüş kəmər qucan incə beli var,

Ay qız, mənim xan Əslimə bənzərsən

Qız

Dinc dur, aşıq, səni çəkərlər dara,

Ciyərimdə  açdın dərmansız yara,

Əsli deyiləm, var get özgə diyara,

Var get, Kərəm, sənin yarın deyiləm.

Kərəm:

Dost müsahib bir gələn yox yanıma,

Müxənnəslər susayıblar qanıma,

Süzgün baxdın, bir ox saldın canıma,

Ay qız, mənim xan Əslimə bənzərsən.

Ay qız, gəl ağlatma sən məni, güldür,

Amandır, rübəndi üzündən qaldır,

İstər azad eylə, istərsə də öldür,

Ay qız, mənim xan Əslimə bənzərsən.

Kərəm deyər, eşqin oduna yandım,

Dost yanında köks ötürdüm, utandım,

Bağışla ki, səni xan Əslim sandım,

Ay qız, mənim xan Əslimə bənzərsən.

Kərəm sözünü qurtarıb bunlardan «Buradan bir keşiş keçdimi?» deyə soruşdu.

Dedilər:

– Bəli, Almalıya tərəf keçdi.

Kərəmlə Sofu buradan tərpəndilər Almalıya. Yolda qızlara rast gəlib soruşur:

Dübeyt

Ay ağalar, Almalı bəyləri,

Alalı-alalı olmuş gəlir.

Qızları, gəlinləri,

Əl-ələ vermiş gəlir.

Geyinib al başdan-ayağa,

Sailə verərlər sadağa,

Kimi bəydi, kimi ağa,

Gülə-gülə danışıb gəlir.

Səhər-səhər çıxıb yola,

Bəzəniblər ipək şala.

Qurban olum o şux telə,

Durna təki uymuş gəlir.

Qolların şahın qyulur,

Hər tərəfə nazla yayılır,

Qocası, körpəsi sayılır,

Tozlu yola düşmüş gəlir.

Uğradım yarın oduna,

Kim çatar fəryadıma.

Almalının yoluna,

Dərli Kərəm uçmuş gəlir.

ARDI: Əsli və Kərəm (mətn-09)

Bir cavab yazın

Back to top