Otən ilə “əlvida” deyək, yeni ilə salamlar olsun. 2007-ci ili – XXI ərin bir ilini də başa vurduq. Yeni ilin ilk günlərində qış sərt üzünü göstərdi. Yurdumuz hədsiz qar örtüyünə büründü. Bakının təbiətində son otuz ildə ən soyuq və şaxtalı hava şərati ilə rastlaşdıq. Ağappaq qar bir həftə yollardan, binaların, ağacların üstündən əskilmədi. Bütün bunlar «Qafqaz»ın səyahətlərinə əngəl yaratsa da, yolumuza davam etdik, gəzdik, gördük. İndi də jurnal vasitəsi ilə təəssüratlarımızı sizinlə bölüşürük.
Hər şeyin başlanğıcı və sonu var. Nəyinsə bitdiyi yerden yenisi baş qaldırıb həyata vəsiqə alır.
Ağrı-acılar, yanğılar zamanla unudulsa da, onların izəri, közləri qalır və ruhun dərinliklərində həmişə sızıltısı, sancısı yatır. Doğrudur, qoca Zaman sağaldandır, loğmanların loğmanıdır.
Bir haqiqət də var: sınıb çiliklənən güzgünü yapışdırmaqla bütövləşdirmək mümkündür, lakin o əvvəlki tək varlıqları əhatəli əks etdirə bilmir. Yaraları məlhəmsiz sağalan insanlar da belədir, tazədən ayaq üstə dursalar da, çatlı ayna kimi içərilərindəki boşluğu doldurmaqda acizdirlər. O ki, qaldı ulu bir xalqı günahsız yerə diz çökdürəsən, arxadan bağrını xancərləyəsan, onda zamanın da işi zorlaşır, loğmanlığı uzun müddət yardım etmir.
Son yüz ildə Azərbaycanı dəfələrlə əzmaya çalışıblar, iki tərəfdən məngənənin ağzı tək araya alıb sıxıblar, mənliyini, dilini, tarixini əlindən alıblar. Axırıncı dəhşətli zərbələr – Bakı va Xocalı qırğını daha ölümcül olub… Azərbaycan türkünün yaddaşını dondurub özünü, kökünü unutdurublar. Onu unutqanlıq xəstəliyinə yoluxdurublar, manqurdlaşdırıblar. Allahdan əlac gəlib mənliyini təzədən tanımağa başlayanda isə Odlar ölkəsini qan dənizində boğmaqla sivil dünyadan ayırmağa can atıblar. Yurd yerləri zorla boşaldılıb. Türkün əzəli torpaqları əsir alınıb. Azərbayan parçalana-parçalana kiçilib. Hamımızın bir məlhəmi qalıb. Vatənin olan-qalanını göz bəbəyi tək qorumalı, dədə-baba ocaqlarının qədr-qiymətini bilməliyik. Bu istəklə «Qafqaz» jurnalını yaşatmaq, şəhər və kəndlərimizə səfərlərimizin səmərəsini artırmaq istəyirik. «Köçəri», «gəlmə» damğalarını üstümüzdən götürməyin ən yaxşı yolu fakt və dəlillərin dili ilə danışmaqdır. Əcdadlarımızın qədim çağlara aid izlərini üzə çıxarıb dünyaya göstərməliyik. Bu xoş məramımızın elliklə dəstaklənəcəyinə böyük ümidlər bəsləyirik.
«Çox gəzən, çox bilər» deyib atalarımız. Jurnalımızın yardımı ilə Azarbaycanın və dünyanın möcüzəli, füsunkar yerlərini görüb Yer kürəsini daha yaxşı tanıdıqca, həyat eşqiniz coşacaq, qarşıda səfərlərinizin sayını artırmaq barədə düşünəcək, qurub-yaratmaq, ölkəmizdəki inkişafa öz töhfələrinizi vermək istəyəcəksiniz.
«Qafqaz»ın yeni marşrutunun ilk dayanacağında ölkə Prezidentinin Azarbaycanın düşmənlərinə qətiyyətli cavabı – “Vaxt bizə işləyir” mesajında birlik simfoniyamızın akordları səslənir. Yurdumuzun uğurları, mədəniyyətimizin nailiyyətləri Səudiyyə Ərəbistanı Krallığında nümayiş etdirilir. Haqqa tapınmanın, müqəddəsliyin ən ülvi ocağına – Kəbəyə baxdıqca, içinizdən öz daxili aləminiz qarşısında hesabat vermək keçəcək. Eləcə də «Qar nağıl»ını dinləməyi unutmayın. Şəkidə keçirilmiş atüstü Çövkan yarışı ilə tanış olun. Türkiyənin Kocaelindəki simpoziumda xalq çalğı alətlərinin özəlliklərini, qədim Qars vilayətinin dünəni və bu gününü, Güney Azarbaycanın Qəzvin şəhərinin tarixi olaylarını, əski Şumer-Azarbaycan mədəni-tarixi əlaqələrini, aşıq sənətinin sirli məqamlarını öyrənmək imkanınız var. Füsunkar meşələrimizin heyranedici mənzərələrinə tamaşa etməklə yanaşı onların qorunması, fərqli cəhətləri, heyvanlar aləmi barədə də maraqlı məlumatlar alacaqsınız. Nəhayət, dünyanın bəzi sirli tərəflərinə aydınlıq gətiriləcək.
Yaradıcı kollektivə və əziz oxuculara minnatdarlıq hissi ilə
Baş redaktor: Ramazan Qafarlı