İkinci minilliyin sonunda Azərbaycan müstəqillik əldə etdi. Yeni əsrin ilk illərində respublikamızda dövlət quruculuğu işləri başa çatdı. Ölkəni ümummilli lider Heydər Əliyev durğunluqdan çıxartdı. Tarix boyu Qafqazın Rusiya, İran, Gürcüstan, Ermənistan arasında paylaşılan türk ərazilərinin daha xırda hissələrə parçalanmasının qarşısı alındı. Tale elə gətirdi ki, mənfur qonşularla üz-üzə dayanıb namusunu, arını, qeyrətini yelə verənlərin sonsuz böhtanlarına məruz qaldıq. Sovet imperiyasının başbilənləri erməni nökərləri ilə birləşib soydaşlarımıza Xocalı soyqırınını yaşatdılar. Hələ Göyçə, Zəngəzur, Təbriz, Dərbənd, Borçalı yaraları sağalmamış Azərbaycanın ürəyinə Qarabağ, Laçın, Şuşa, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam dağları çəkildi. Dünyamız erməni fitvalarına uyub ulu bir millətin əliyalın qocalarının, qadınlarının, uşaqlarının silahlara tuş gəlmələrinə, amansızcasına gülləbaran edilmələrinə, beyinlərinin çıxarılmasına, başlarının kəsilməsinə göz yumdu. Belə ağır şəraitə baxmayaraq yeni ölkə prezidenti İlham Əliyev bütün sahələrdə inkişafa nail oldu. Regionlar çiçəklənməyə başladı. Və yurdumuzun faciələri ilə yanaşı gözəl təbiətini, mədəniyyətini, tarixi ənənələrini dünyaya tanıtmaq üçün xarici ölkələrin turistlərini Azərbaycana cəlb etməyin hərtərəfli səmərə verəcəyini də ilk öncə cənab İlham Əliyev duydu, Azərbaycanda turizmin, mədəniyyətin inkişaf etdirilməsi haqqında fərman imzaladı. Bizim jurnalın əsas məqsədi məhz onun bu sahədəki siyasətinə dəstək olmaq, Qafqazın qədim türk yurdlarını gerçək şəkildə oxuculara çatdırmaqdır. Və mədəniyyəti turizmdən ayırmaq mümkün deyil. Çünki ölkəmizə gələn qonaqlar təbiət gözəllikləri ilə yanaşı burada yaşayan insanların mətbəx mədəniyyətindən tutmuş davranış qaydalarına, etik normalarınadək hər şeylə maraqlanırlar. Arzu edirik ki, yurdumuz əcnəbilərin yaddaşında təkcə coğrafi özəllikləri ilə deyil, həm də yerli sakinlərin intellektual səviyyəsi, qonaqpərvərliyi, xoş rəftarı və qurub-yaratdıqları ilə yadda qalsın.