İTİRİLMİŞ MƏDƏNİYYƏTLƏRİN SİRRİ, 2-ci yazı: Herakl – Hərkayl – Keroqlu -Koroğlu

Herodot skiflərdən öyrənir ki, Krımda, Qafqazda, Danay (Dünay) və İtil sahillərində məskunlaşan qədim, döyüşkən tayfalar məhz Koroğlunun (Heroqlı/Herakl) törəmələridir. Sonralar 12 qəhrəmanlığı ilə Yunanıstanda məşhurlaşan Herakl, demə, Qara dəniz sahillərində at oynadırmış. Herodot Krım skiflərindən eşidir ki, Keroklı boya-başa çatdığı diyarda öküzlə yer şumlayırmış. Bir gün o, toxumları səpib qurtarır, dincini almaq istəyir. Hava soyuq imiş, onu göy çəmənlikdə qəflətən yuxu tutur. Ayılanda baxır ki, atı və arabası yoxdur. Peşmançılıq çəkən Keroklı axtarışa başlayır. Xeyli gəzib-dolaşandan sonra qarşısına qəribə bir məxluq çıxır: onun bədəni beldən yuxarı gözəl qız, kəmər yerindən aşağı isə ilan idi. Təəccüblənərək soruşur:

-Sən kimsən?

İlan-qadın cavab verir:

-Mən Apa (Ana) ilahəyəm.

Keraklı xəbər alır:

-Ey Apa tanrı, sən mənim atımı görməmisən?

İlan-qadın deyir:

-Atın və araban məndədir. Onları ancaq bir şərtlə sənə qaytararam: bir müddət burada qalıb mənim ərim olmalısan.

Keroklı payi-piyada dünyanın o biri başında yerləşən vətəninə dönə bilməyəcəyini anlayır və Apa tanrının yanında qalmağa razılaşır. İlan-qadın atı və arabanı qaytarmağa tələsmir, ona görə ki, Keroklıya vurulmuşdu. Onlar o vaxta qədər birlikdə yaşayırlar ki, üç uşaqları dünyaya gəlir. Bundan sonra Apa atı və arabanı Keroklıya verib deyir:

-Səndən ayrılmaq istəməsəm də, yurdun üçün darıxdığını duyuram. Verdiyim sözün üstündə durub, atını, arabanı geri qaytarıram. Ancaq söylə görüm, oğlanların böyüyəndən sonra nə edim? Onları sənin yanına yollayım, yoxsa öz yanımda saxlayım?

Keroklı belə qərara gəlir: o, üstü qızıl kasalı kəmərini belindən açır, sonra yayını dartıb gərilmiş ipi necə bağladığını və oxu necə atdığını göstərir. Onları Apa tanrıya verib bildirir:

-Oğlanlarım böyüyüb kişiləşəndə qoy kəmərimi bellərinə bağlasınlar və yayımı çəkib sahmanlasınlar. Kəmərim onlardan hansının belinə gəlsə və kim yay-oxumu mənim kimi sahmanlayıb sərrast atsa, yanıma göndər. Yayımın gərilmiş ipini bağlamağı bacarmayanı və kəmər belinə gəlməyəni qov getsin.

İllər keçir. Keroklının oğlanları böyüyür.

Apa tanrı bir gün atalarının kəmərini və ox-yayını gətirib övladlarının qarşısına qoyur. Kəmər iki oğlunun belinə geniş olur. Onlar qızıl kasaların ağırlığını daşıya bilmirlər. Böyük və ortancıl qardaşların yayın gərilmiş ipini də çəkib bağlamağa gücləri çatmır. Apa tanrı hər ikisini ölkəsindən qovur. Keroklının kəməri üçüncü oğlun belinə gəlir və o, yayı atası kimi qaydasına salıb oxu sərrast atır.

Kiçik oğlun adı Skif idi. O, ölkədə Apa tanrının himayəsində qalır, atasının məsləhəti ilə dağ qızı və dəniz gözəli ilə evlənir. Skifdən yeni insan nəsli törəyir. Onlar Keroklının öküzlərlə yer şumladığı Tavr və Dneprətrafı çöllərdə, iki dərya (Qara dəniz və Xəzər) arasında məskunlaşırlar[1].

Herodota bəlli olur ki, Herakl mənşəcə yunan deyil. O, türkün bir qolunun ulu əcdadı Oğuz kimi üç oğlunun içərisindən ancaq ox-yayla bağlananı seçib yeni nəslin başında durmasına razılıq verir.

Yeri gəlmişkən qeyd edək ki, «Munisnamə»də[2] Qaf dağı haqqında yazılanlar atəşpərəstlərin Alburuz Dünya Dağına aid təsəvvürlərini tamamlayır. Kainatın başlanğıcı, çoxsaylı başqa dünyalara gedən yollar da Qaf dağında göstərilir. Yer üzünün bütün torpaqları ora bağlanır. Kainatın düz ortasında yerləşdiyi üçün dünya onun zirvəsindən noxud boyda görünür. Qaf mavi zümrüddən yaradılmışdır. Əl-Ustad yazır: «Əsatir qoruyucularının bəziləri söyləyirlər ki, Qaf ancaq xrizolitdən (qızılaçalar yaşılımtıl-sarı rəngli qiymətli daş) ibarətdir və dünya üzərindəki göy ona görə mavidir ki, onda xrizolit-dağ əks olunur». Dünyanın bütün damarları Qaf dağının hamisi – qoruyucusu Hərkayılın əlində cəmləşirdi. Dünyada elə bir şəhər, kənd, vilayət, ölkə, guşə yox idi ki, yeraltı damarları ilə Qaf dağlarına bağlanmasın. Allahın hansı ölkəyə qəzəbi tutsa, Hərkayıl onun su damarlarını kəsirdi, nəmliyin qarşısı alınırdı, orada quraqlıq və fəlakət baş alıb gedirdi; bütün bulaqlar, arxlar, çaylar quruyur, bitkilər, otlar susuzluqdan məhv olurdu. Zəlzələnin də baş verməsinə səbəb tanrının insanlara qəzəbidir. Hərkayıl ulu Allahdan əmr alan kimi, adamları qorxutmaq məqsədilə o diyarın Qafdakı damarlarını bərk-bərk silkələyir, nəticədə yerin altı üstünə çevrilir, ya da yer yarılıb bütün canlıları udur. Hərkayıl deyirdi: «Tanrının buyruğu olsa, Qaf dağından keçən bütün damarlara küy vuraram, dünya cəhənnəm tək canlıların başına daralar. Lakin Yaradanın qayğısı ilə çoxlarının qulluğunda dururam, böyük günah işlədənlərin isə yaşadıqları ərazilərin damarlarını burub onları min cür əziyyətə düçar edirəm». Dünyanı idarə edən Qaf dağı nəhəng öküzün 2 buynuzunun arasında yerləşir. Bu öküzün böyüklüyü 1000 illik yol məsafəsinə bərabərdir.

Qaf dağının qoruyucusu Hərkayıl yunanlara skiflərdən keçən mifik mədəni qəhrəman Heraklı xatırladır. Koroğlu-Herakl bağlılığı hələ XIX yüzillikdə Avropa alimlərinin diqqətini özünə cəlb etmişdir. F.Cəlilov isə keçən əsrin 80-ci illərində Herodota istinadən belə bir fikir irəli sürmüşdü ki, bu obrazın mənşəyi prototürk tayfalarına bağlanır. O, müqayisə üçün türk eposlarının özəyində duran «Qoroğlu/Koroğlu» mifinin tarixi köklərinə baş vuraraq yazırdı ki, «Koroğlu adının qədim anlamı, semantikası ilə gerçəkləşən qəhrəmanlıq səfərləri yunan və italyan mifologiyasında dəyişmədiyi kimi, adın özü də tərcümə olunmadan saxlanmışdır:

Kor-oğlu – azər;

Qor-oğlu – türkmən;

Her-akle(s) – yunan;

Xer–okle – etrusk;

Her-(o)kul(s) –latın.

Beləliklə, saqat soykökü rəvayətinin yunanlı informatoruna görə, Herakl saqatların ulu babası olan Skifin atasıdır. Herakl isə yunan mifologiyasında Olimpin baş tanrısı Zevsin dünya gözəli Amenadan doğulan oğludur».

Bizə elə gəlir ki, «Munisnamə»də «Hərkayl/Qerkayl» kimi xatırlanan demiurq daha dərin qatlardan gəlir və «Avesta»dakı «Hara-Bərazayt»ın, yunan-sarmat-skiflərdəki «Herakl»ın, türk-azərbaycanlılardakı «Qoroğlu/Koroğlu»nun kökünün başlanğıcında dayanır. Çünki sadalananların hamısı dağla bağlanır, işıq qaranlığı, göy yeri mənalandırır.


[1] Mifik əhvalatlar prototürk tayfalarının kök saldığı ərazilərdə yaşayan müasir türk xalqlarının (Krım tatarlarının) gen yaddaşında müxtəlif variantlarda bu gün də yaşamaqdadır.

[2]

Bir cavab yazın

Back to top