İTİRİLMİŞ MƏDƏNİYYƏTLƏRİN SİRRİ, 7-ci yazı: “Savaşalım, dögüşəlim…”

Eposda Qanturalı öz obasının qızlarını bəyənmir, ona görə ki, nərmənfzikdirlər, at çapa, ov ovlaya, baş kəsə bilmirlər. Özünə arvad tapmaq məqsədilə başqa diyarlara üz tutur və ürəyi istədiyi yarla məhz ərbatların (amazonkaların) ilkin vətənində – Kiçik Asiyanın Trabzon əyalətində rastlaşır. Hökmdar qızı kimi təsvir edilən Selcan xatun Qanturalıya qoşulub gedəndən sonrakı hadisələrdən anlaşılır ki, onun üçün ata və kişi qohumları heç bir rola malik deyilmiş. Çünki ölkəsinin ərləri yeni evlənənlərin üstünə əlisilahlı gələndə gənc gəlin yatmış ərini oyatmadan ata minib süngüsünü əlinə alır. Adama qəribə gələn odur ki, Qanturalı yuxudan ayılandan sonra arvadının döyüşə hazır durduğunu görüb soruşur: «Görklüm, qanda gedirsən?» Selcan xatun cavab verir ki, düşmən gəlir, «savaşalım, dögüşəlim – ölənimiz ölsün, diri qalanımız odaya gəlsün!» Maraqlıdır ki, gələnlərin atasının adamları olmasına baxmayaraq, qız onlara düşmən gözüylə baxır. Nə səbəbə? Qızın təkbaşına bütün kişiləri məğlub etməsi, ərin öz arvadının döyüşkənliyindən ehtiyatlanması, onu öz həyatı bahasına almasına baxmayaraq öldürmək istəməsi təəccüblü deyilmi? Bizcə, bunlar çox əski çağlardan gələn mifoloji təsəvvürlərin sonrakı mərhələlərdə epik ənənəyə transformasiyasından irəli gəlir. Skif gəncinin ərbat qadınla ilk ünsiyyətə girməsi, onu ram etməsi haqqındakı mifin evolyusiyası, məişətlə əlaqələndirilməsinin nəticəsində savromat təbiətli qız saray xanımına çevrilmişdir. «Selcan» sözünün birinci komponentinin dağdan gələn coşqun su anlamını verməsi («sel») də göstərir ki, eposdakı bəzi epizodlar: Trabzon təkurunun qızı olması, üç vəhşi heyvanı öldürənə ərə verilməsi mətnə sonradan artırılmışdır. Epizodların daxilən bir-birinə uyğunlaşmaması belə bir qənaət irəli sürməyə imkan verir ki, bu işi boyları yazıya alan katiblər eləmişlər. Başqa sözlə, mifik görüşlərdən yoğrulan eposla oğuzların yaratdığı epik söyləmələri birləşdirmişlər. Diqqət yetirin, Qanturalı qızın el arasında özünü öyməsindən ehtiyatlanıb onu öldürmək niyyətini həyata keçirmək istəyəndə mərdcəsinə hərəkət edir. Onlar qarşı-qarşıya durub bir-birinə ox atmalı, bir növ duelləşməli idilər. Qanturalı «Qızların yolı əvvəldir, əvvəl sən at!» – deyir. «Qız bir oxla Qanturalıyı atdı şöylə kim, başında olan bit ayağına endi! İlərü gəlib Selcan xatun qucaqlayıb barışmışlar».

Qanturalı onu sınadığını bildirir. Türk-oğuz ərin «öz canımı qıyar, mən sənə qıymazdım» şərhinə qarşı Selcan xatun açıq-aydın «savromat»lığı xatırladan əlamətləri sadalayır:

Arqubeldə, Ala dağda ov ovlardım.

O yerlərdə sığın-keyik qovardım.

Yay dartanda bir oxla neyləyərdim?

Dəmir ucluqsuz oxla,

İgid, səni sınardım.

Mən səni öldürməyə,

İgidim, qıyardımmı?..

Birincisi, ona görə ki, Selcan xatun hökmdar qızı kimi təkbaşına atına minib Ala dağda, Arqubeldə gəzib dolaşa-bilməzdi.

İkincisi, ox atmaqda Qanturalıdan – oğuz igidindən üstün göstərilməzdi. Çünki oxu sürətli və düzgün atmaq üçün tarıma çəkilmiş yayı bərk dartmaq lazımdır, bundan ötrü fərasətlə yanaşı güc də tələb olunurdu. Oxu eposda təsvir olunan şəkildə qadının atmasından ötrü savromatlılar kimi uşaqlıqdan məşq keçməli, dağda-meşədə gün çürütməli idi.

Üçüncüsü, öz nəslinin adamlarını soyuqqanlıqla qılınclayan qız özgə elin oğluna qarşı ürəyiyumşaqlıq göstərməzdi.

Dördüncüsü, ərbatlar sakları ona görə içərilərinə buraxırlar ki, ilk əvvəl onlarda öz əlamətlərini tapır, sonra da sədaqət, vəfa görürlər. Qanturalı da ox atmaq növbəsindən imtina edib Selcan xatunu canından çox istədiyini bildirir.

Bir cavab yazın

Back to top