Bəxtiyar Vahabzadənin son günləri və son şeirləri . Birinci yazı

Hər cür bəxtiyarlığa layiq olan ulu bir xalq Bəxtiyarını itirdi. Azərbaycanlıların, dünya türklərinin bəxtiyarlığını hamıdan çox o istəyirdi. Ömrünü şam kimi əridirdi, Nazim Hikmətin “Sən yanmasan, mən yanmasam, o yanmasa, Necə çıxar qaranlıqlar aydınlığa?” çağırışına qoşulub insanları el yolunda oda, alova atılmağa səsləyirdi. “Yaşamaq yanmaqdır, yanasan gərək” – deyirdi. Onun əsas missiyası sözün qüdrətini, gücünü insanlara çatdırmaq idi. Yorulmadan yazıb-yaradırdı. Türkün dilinə, tarixinə qəsd edənlərlə açıq döyüşməkdən çəkinmirdi. Hələ 2001-ci ilin sentyabrında “Tanrı türkü qorusun” alqışından, duasından təşvişə düşənlərə üzünü tutub deyirdi:

Tarixlə bir yaşdadır

Bizim tarix yaşımız.

Nədən səni qorxudur

«Tanrı türkü qorusun» –

Duamız, alqışımız?

B.Vahabzadə türklüyünü dananlarla heç vaxt barışmayıb. “Özümüzü kəsən qılınclar”ın kəsərini həqiqəti açıqlamaqla azaltmaq istəyib. Elələrinin kökünə, soyuna şübhə ilə baxıb:

Mən anlaya bilmirəm,

Türk oğlusansa özün,

Türkün qorunmasından

Niyə hürküyə düşdün?

«Tanrı türkü qorusun»

Atılan daşmı sənə?

Bizim bu alqışımız

Söylə, qarğışmı sənə?

Həmişə türklüyündən fəxrlə danışan üsyankar söz ustadı ömrünün son üç ilini əsərlərinin sistemli şəkildə, külliyyat halında nəşrinə çalışıb. Bu işdə məni özünə yardımçı seçməsi ilə həyatımın ən şərəfli anlarını yaşadım onunla. Və mən də Bəxtiyarsız qaldım… Narahatlığını içimə çəkdim, dürüstlüyünü, vətənsevərliyini miras götürdüm.

B.Vahabzadəsiz yazıb-yaratmaq, zamanla ayaqlaşmaq çətin olsa da, tövsiyələri qulaqlarımda sırğalandığından qələmimi işləmək üçün azacıq güc tapdım. Hər səhər zəng edirdi, gecələr əlyazmalarının arasından tapdığı şeirinin cildlərə salınmasını istəyirdi. Ya da bildirirdi ki, “Yeni yazılarım var, gəl götür”. Deyirdim: “Bir azdan yanınızdayam”. İşlərim başımdan aşsa da, onun “Mümkünsə, saat ikidən sonar gəl, bir yerdə nahar edərik. Təkbaşına adamın iştahı olmur” – təklifindən boyun qaçırmağa cəsarətim çatmırdı. Beləcə istəyirdi ki, günortalar onunla nahar edim.

Əslində yaşantılarını bölüşməyə məsləkdaş arayırdı. Hər adamla qaynayıb qarışmazdı. Xududan, Şahmardan… sonra təkliyə alışmaq çətin idi. Ətrafında ürək qızdırdığı dostlar çox az idi. Şirməmməd müəllimi, İkramı da hər an yanında görmək istəyirdi.

Son zamanlar iki məsələyə sevinmişdi. Türkiyənin Elağız şəhərində adına küçə vermişdilər. “Hələ unudulmamışam, – deyirdi, – ömrümü faydasız keçirməmişəm.” “Özümüzü kəsən qılınc” dramının Ankara və İstanbul teatrlarında tamaşaya qoyulmasını arzulayırdı. Qardaş ölkənin Bakı Böyük elçisi Hülusi Kılınca məktubla müraciət etmişdi. Türkiyənin mədəniyyət bakanlığından xoş xəbəri yenicə almışdıq: tamaşa baş tutacaqdı. “Birlikdə gedib baxarıq!” – deyə sevincini gizlətməmişdi şair. Bir də həyatının son günlərində iki əsərinin Akademik Z.Əliyevanın itkisindən təsirlənərək yazdığı “Mərsiyə-rekviyem” və Türkiyədə Süleyman Dəmirələ həsr etdiyi “Süleyman” şeirlərinin külliyata salınmasını istəyirdi. Birincini Moskvada, 1985-ci il aprelin 15-də Zərifə xanım dünyasını dəyişən gün yazıb əlyazmasını ulu öndər Heydər Əliyevə vermişdi.

Heydər Əliyev o çağlarda özünə və Azərbaycana qarşı çevrilən güclü qaraguruha qarşı mübarizə aparırdı. Həmin hüznlü vaxtlarda – dost, ağsaqqal təsəllisinə ehtiyac duyduğu anlarda Bəxtiyar Vahabzadə də sarsılmış halda yanında dayanmış, duyğularını “Mərsiyə – rekviyem” adlı əsərdə göz yaşları ilə süzülüb gələn misralara çevrilmişdi. Şair deyirdi:

«Gəlmişəm!» – səsləndi ölüm bir anda,

Gözəl bir insana necə qıydı o?

Sən bir ağrıya bax!

Böyük bir xalqa

Arxa olan kəsin arxasıydı o.

“Mərsiyə-rekviyem” şeirini tapıb külliyatının 9-cu cildinə saldığımı bildirəndə sevinmişdi. İkinci şeiri isə Süleyman Dəmirəlin özündən alacağıma söz vermişəm. İstəməyənlər, türk dünyasındakı şöhrətinə paxıllıqla yanaşanlar B.Vahabzadəni hörmətdən salmaq üçün dəridən-qabıqdan çıxır, qəzetlərdə böhtanlı yazılar dərc etdirir, qərəzli şaiyələr yayırdılar. Təəssüflənirdi. Belələrinə baş qoşmasa da, raslaşdığı pisliklər içərisini didib-parçalayırdı. Özü hamının uğurunu böyük fərəhlə qarşılayırdı.

Tərifdən xoşu gəlmirdi. Tez-tez ötənləri xatırlayırdı. Mehdi Hüseyndən danışanda isə kövrəlirdi. Deyirdi: “Bir hərəkətimi özümə hələ də bağışlaya bilmirəm. Müharibə yenicə qurtarmışdı. Universitetdə tələbəydim.

Qışda uzun əsgər şinelində gəzirdim. Mehdi müəllim İsmayıl Şıxlıya deyir ki, axşam Bəxtiyarla bizə gəl. Hərdən evinə çağırardı, yediribiçirdərdi, söhbətləşərdik. Bu dəfə o, İsmayılı yola salıb məni stolun arxasında təzədən əyləşdirdi. Dedi ki, “Süfrəni qaldır, orada sənə çatası əmanət var”. Mən baxdım ki, Mehdi müəllim süfrənin altında pul qoyub. Tutulduğumu görüb sözünə davam etdi: “Özünə palto alarsan.

Əsgər şinelini həmişəlik əynindən çıxart”. Başımı buladım, ayağa durub getmək istədim. Mehdi müəllim qolumdan tutub saxladı: “Oğul, – dedi, – mən çoxlu qonarar alıram. Sən gəl bu pulu götür, mənim ürəyimi qırma. Səni o şineldə görəndə pis oluram”. Dedim: “Sizə minnətdaram, amma mən o pulu ala bilmərəm”. Tələsik otaqdan çıxıb getdim. Onun məni səsləməsinə əhəmiyyət vermədim. Eh, gərək onun könlünü qırmayaydım…” Heç nədə gözü yox idi.Yeganə istəyi əsərlərini külliyyat halına salıb çap etdirmək idi. Bu, böyük vəsait tələb edirdi. O zamanlar gözəl ziyalımız Cavanşir Feyziyevlə birlikdə “Qafqaz” jurnalını nəşr edirdik.

B.Vahabzadə dərgimizin redaksiya şurasının sədri idi. Hər buraxılışı diqqətlə izləyir və xeyirxah iş gördüyümüzü alqışlayırdı, redaksiyaya məktub da yazmışdı: “Mən “Qafqaz” jurnalını oxuyanda qürurlanıram. İtirilən, unudulan keçmişimizə ayna tutulduğunu görürəm. Jurnaldakı şəkillərə baxanda və yazıları oxuyanda insan həqiqi mənada xalqımızın keçmişi ilə qürur duyur və istəyir ki, dədə-babalarının dünyanı heyrətə gətirən işlərini davam etdirsin. Azərbaycanın hər qarışının göz oxşadığını, bütün bölgələrdə yaşayan insanların fədakar, qurub-yaradan, süfrəsi açıq, xeyirxah olduqlarını jurnal vasitəsi ilə öyrəndikcə hər bir oxucuda iftixar hissi oyanacaq. “Qafqaz” jurnalı hamımızı silkələyib ayıldır, sanki “Baxın, – deyir, – biz bu ulu və haqqa tapınan millətin övladlarıyıq”.

Rəhmətlik Heydər Əliyev belə məsələlərin qədr-qiymətini yaxşı bilirdi, mədəniyyətimizin və tariximizin təbliğinə onun qədər can yandıran olmayıb. “Qafqaz” jurnalı onun da arzu və istəklərini gerçəkləşdirir”.

(Ardı var)

Zaman.- 2009,- 19-21 fevral.- S. 8.

Bir cavab yazın

Back to top