Animatizm[1] – elə bir inama əsaslanır ki, insanın, xüsusilə ölünün ruhunun əbədilik mövcudluğu ön plana çəkilir və zənn edilir ki, cismən bədən fəaliyyətini dayandırsa da, ruh real dünyada yaşamaqda davam edir, təkcə məhsuldarlığını itirmiş olur. Totemistik və animistik görüşləri öz içərisində əritdiyi üçün ibtidai primitiv təsəvvürlərin bu forması əvvəlkilərlə müqayisədə daha universal sayılır. «Ruhun ölməzliyi», yaxud «ölümdən sonra həyat» ideyası ibtidai çağlarda meydana atılsa da, bu gün də bir sıra alimləri düşündürür. Bu məsələ barədə çoxsaylı mülahizələr irəli sürülür. Bir sıra nəzəriyyələr də yaranmışdır.
Azərbaycan-türk xalqını formalaşdıran bəzi etnik qrupların Tanrıçılığa və İslama qədərki dini dəfn adətlərində – o biri dünyada davam etdirilməsinə güclü inam var idi. «Kitabi-Dədə Qorqud»da (XI boyda) Qazan xanı əsir alıb quyuya salan türk tayfasının inamına görə, yeraltı aləmdə günlərini daha xoş keçirmələri üçün ölülər gerçək dünyanın nemətləri ilə təmin olunurdular. Xüsusi mərasimlərdə meyitlər basdırılan quyuların ağzına yeməklər qoyulurdu. Arxeoloji qazıntılar zamanı yurdumuzdakı saklara aid kurqanlardan (Şəkidəki Minbərək və Alazan kurqanlarından) totem dərisinə bükülü meyitin yanında içərisində bişmiş yeməklər dolu qablar, hətta səfərə göndərilənin xoşladığı əşyalar, bəzək şeyləri tapılmışdır. Bir gil kasada ov quşunun xırda sümükləri, samovarı xatırladan xüsusi məişət əşyası, daraq, əsa ağacı və xüsusi ağ çay daşından yonulmuş ox ucluqları göstərir ki, ulu əcdad öz soydaşının bədənini o biri dünyaya əliboş yola salmamış, bir neçə müddətlik azuqə ilə yanaşı, ov etməsi üçün hətta sursatla da təmin etmişdir.
[1]Animatizm – latın sözüdür, animatus – canlı deməkdir. Təbiətin bütöv halda və ayrı-ayrı qüvvələrinin, hadisələrinin şəxssiz (cisimsiz) canlan-dırılması başa düşülür.