Animizm mifoloji düşüncə səviyyəsi

Animizm – ilkin dini təsəvvürlərin əsasında duran elə bir in­kişaf mərhələsidir ki, bütün varlıqlarda ruhun mövcudluğuna inanışa əsaslanır. Animizmin ilk elmi təhlilini verən E.Taylor tə­lim kimi götürəndə onun nəzəri əsasında iki ehkamın durduğunu vur­ğulayırdı: birincidə ruh varlığın məhvindən, daha doğrusu, da­şıdığı cismin ölümündən sonra da maddi həyatda fəaliyyətini da­vam etdirir, ikincidə isə bədəndən ayrılıb gerçək dünyanı tərk edir və ilahi aləmin yüksəkliyinə qalxır. «İbtidai mədəniyyət» (1871) əsərinin müəllifinin gəldiyi qənaət bundan ibarətdir ki, «animizm bütün inkişafı ilə ruhların tanrılar tərəfindən ida­rə­çi­li­yi­nə əsaslanan inancdır, təcrübəyə keçərək insanları gerçək iba­də­tə sövq edir»[2]. Animizmdə təbiət qüvvələri, bitkilər, bir çox can­sız predmetlər, heyvanlar şüurlu başlanğıca malik hesab edi­lir və fövqəltəbii xüsusiyyətlərin icraçılarına çevrilir.

Totemizmdə də animizmin ünsürləri özünü göstərir. Fərq on­dadır ki, totemizmdə bir qrup insanın təsəvvüründə yalnız to­tem seçilən heyvan, yaxud bitkinin qeyri-adi gücünün varlığına, şü­urluluğuna, təbiətdəki bütün hadisələri idarə etməyə qadirli­yi­nə inam olduğu halda, animizmdə həmin əlamətlər bütün maddi var­lıqlara və təbiət hadisələrinə şamil edilir. Bəzi tədqiqatçılar be­lə hesab edirlər ki, animizm totemizmlə eyni zamanda, ya da on­dan əvvəl meydana gəlmişdir. Lakin totemizmdəki ideya (in­sa­nın heyvandan və bitkidən doğulması) primitivdir və təsir da­irə­si çox məhduddur. Totem öz «icmasından» kənarda «gücünü» və təsirini tamam itirib adiləşir. Animizmin isə sistemi ümumi­dir, əhatə dairəsi genişdir, ideyası daha əsaslı və asan dərkolu­nan­dır. Ona görə də təsirini geniş kütlələrə göstərməyə qadirdir. Tə­biidir ki, bu iki təsəvvür formasının hansının daha ilkin mey­da­na gəlməsinin prinsipal əhəmiyyəti yoxdur. Çünki hər ikisi son­rakı – nisbətən mürəkkəb təsəvvür sistemlərinin yaranma­sın­da böyük rol oynamış, öz strukturları, obrazlar silsilələri ilə bə­zən bütövlükdə onların tərkibinə daxil olmuşdur.

Animistik görüşlər Azərbaycanda hər sahədə özünə geniş yer almışdır. Folklorun epik, lirik ənənəsində, mərasimlərdə, oyun və tamaşalarda, canlı danışıqda, eləcə də mədəniyyətin bü­tün formalarına aid nümunələrdə cansız varlıqların şüurlu baş-lan­ğıca malikliyi ideyasına təsadüf edilir. Məsələn, əncir ağacını kə­səndə «Ruhu səni tutacaq» qənaətinə gəlirlər. Yerə qaynar su atan­da «Torpağın ruhunu incitdin» deyirlər. Quşa daş atanda «Onun ruhundan qorx!..» xəbərdarlığını edirlər.

Ruhun (canın) başqa məkanda saxlanması ideyası da möv­cud­dur ki, Azərbaycan xalqının epik ənənəsində izlərini qoruyub sax­lamışdır.


[1] Animizm – latın sözüdür, anima – ruh, can deməkdir. Ruhların mövcud-luğuna inam mənasında işlənir. Elmi termin kimi etnoqrafiyada ilk dəfə ingilis alimi G.B.Taylor (1871) tərəfindən işlənmişdir.

[2] Тайлор Э.Б. Первобытная культура: пер. с анг. Д.А.Коропчевского. – М.: Политиздат, 1989, с. 212.

Bir cavab yazın

Back to top