Animizm – ilkin dini təsəvvürlərin əsasında duran elə bir inkişaf mərhələsidir ki, bütün varlıqlarda ruhun mövcudluğuna inanışa əsaslanır. Animizmin ilk elmi təhlilini verən E.Taylor təlim kimi götürəndə onun nəzəri əsasında iki ehkamın durduğunu vurğulayırdı: birincidə ruh varlığın məhvindən, daha doğrusu, daşıdığı cismin ölümündən sonra da maddi həyatda fəaliyyətini davam etdirir, ikincidə isə bədəndən ayrılıb gerçək dünyanı tərk edir və ilahi aləmin yüksəkliyinə qalxır. «İbtidai mədəniyyət» (1871) əsərinin müəllifinin gəldiyi qənaət bundan ibarətdir ki, «animizm bütün inkişafı ilə ruhların tanrılar tərəfindən idarəçiliyinə əsaslanan inancdır, təcrübəyə keçərək insanları gerçək ibadətə sövq edir»[2]. Animizmdə təbiət qüvvələri, bitkilər, bir çox cansız predmetlər, heyvanlar şüurlu başlanğıca malik hesab edilir və fövqəltəbii xüsusiyyətlərin icraçılarına çevrilir.
Totemizmdə də animizmin ünsürləri özünü göstərir. Fərq ondadır ki, totemizmdə bir qrup insanın təsəvvüründə yalnız totem seçilən heyvan, yaxud bitkinin qeyri-adi gücünün varlığına, şüurluluğuna, təbiətdəki bütün hadisələri idarə etməyə qadirliyinə inam olduğu halda, animizmdə həmin əlamətlər bütün maddi varlıqlara və təbiət hadisələrinə şamil edilir. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, animizm totemizmlə eyni zamanda, ya da ondan əvvəl meydana gəlmişdir. Lakin totemizmdəki ideya (insanın heyvandan və bitkidən doğulması) primitivdir və təsir dairəsi çox məhduddur. Totem öz «icmasından» kənarda «gücünü» və təsirini tamam itirib adiləşir. Animizmin isə sistemi ümumidir, əhatə dairəsi genişdir, ideyası daha əsaslı və asan dərkolunandır. Ona görə də təsirini geniş kütlələrə göstərməyə qadirdir. Təbiidir ki, bu iki təsəvvür formasının hansının daha ilkin meydana gəlməsinin prinsipal əhəmiyyəti yoxdur. Çünki hər ikisi sonrakı – nisbətən mürəkkəb təsəvvür sistemlərinin yaranmasında böyük rol oynamış, öz strukturları, obrazlar silsilələri ilə bəzən bütövlükdə onların tərkibinə daxil olmuşdur.
Animistik görüşlər Azərbaycanda hər sahədə özünə geniş yer almışdır. Folklorun epik, lirik ənənəsində, mərasimlərdə, oyun və tamaşalarda, canlı danışıqda, eləcə də mədəniyyətin bütün formalarına aid nümunələrdə cansız varlıqların şüurlu baş-lanğıca malikliyi ideyasına təsadüf edilir. Məsələn, əncir ağacını kəsəndə «Ruhu səni tutacaq» qənaətinə gəlirlər. Yerə qaynar su atanda «Torpağın ruhunu incitdin» deyirlər. Quşa daş atanda «Onun ruhundan qorx!..» xəbərdarlığını edirlər.
Ruhun (canın) başqa məkanda saxlanması ideyası da mövcuddur ki, Azərbaycan xalqının epik ənənəsində izlərini qoruyub saxlamışdır.
[1] Animizm – latın sözüdür, anima – ruh, can deməkdir. Ruhların mövcud-luğuna inam mənasında işlənir. Elmi termin kimi etnoqrafiyada ilk dəfə ingilis alimi G.B.Taylor (1871) tərəfindən işlənmişdir.
[2] Тайлор Э.Б. Первобытная культура: пер. с анг. Д.А.Коропчевского. – М.: Политиздат, 1989, с. 212.