Adama qəribə gəlir: görəsən, ulularımız nə səbəbə atlarını müqəddəs dağın adı ilə çağırırmışlar? Bunu at kultu kimi yozmağa heç bir əsas yoxdur. Əslində «Qazlıq atım» kəlmələrindəki ilk söz dağ anlamında deyil, əski mənasında işlənir, yəni oğuzun atı // oğuz atı. Tayfaya, elə məxsusluğuna görə at növlərinin fərqləndirilməsinə tarixdə çox təsadüf edilir, məsələn: ərəb atı, misir atı, rum atı, Qarabağ atı. Deməli, eposda «Qazlıq at» deyəndə, «Qafqaz atı», yaxud «Qazlıq» adlı at fikri çatdırılmır, çünki oğuzların atından, türkə məxsus atdan söz salınır. «Qaz» komponentinə artırılan «lıq» isə hər iki halda məkan anlamındadır: birinci «Qazlıq» (dağ) – Oğuz yurdu, ikinci «Qazlıq» (at) Oğuz yurduna məxsus at deməkdir.
Bibliyada, Quranda, ərəb və fars mənbələrində Qafqaz sözünün ikinci hissəsi «qaz» atılır və Kaf // Qaf dağı şəklində xatırlanır. Mifik əhvalatlarda hətta dünyanı su basandan sonra Nuhun gəmisinin quru sahəyə çatdığı yer də Qaf adlanır. Azərbaycanda yaşayan oğuzlar isə sözün əvvəlini ixtisara salıb həmin dağa «Qaz» // «lıq» deyə müraciət etmişlər.
Bizə elə gəlir ki, lap əski çağlarda işquzlar // iç oğuzlar Qafqazda məskunlaşdıqlarından ora ulu ataları Oğuzun adını qoymuşlar, tələffüzdə «quz» sonralar «qaz» formasına düşmüşdür. Türk olmayan tayfalar isə həmin kəlməni təhrif edərək «Qaf» şəklinə salmışlar. Yəhudi və ərəblərin müqəddəs kitablarına ikincilərdən keçmişdir. Şərqə hücumları zamanı qədim romalılar yerli sakinlərdən hər iki deyilişi eşitmiş və birləşdirib «Qafqaz» şəklinə salaraq işlətmişlər.
«Dədə Qorqud» eposunun əsas obrazlarından birinin adında da ilkin təsəvvürlərə söykənən hissəcik iştirak edir. «Qazan» şəxs adı həm oğuznamələrdə, həm də tarixdə geniş işlənir, tamamilə türk mənşəli söz olması heç kəsdə şübhə doğurmur. Elə isə sual doğur: hansı məna yükünü daşıyır? Bizcə, bu sözün birinci hissəsi məhz «Qazlıq»da olduğu kimi «qaz // quz // oğuz» deməkdir. «Qazan» bütövlükdə isə «Oğuz xan»ın təhrif olunmuş formasıdır. Eposun XI boyunda əsir alınan Qazanın düşmənin «Qopuz çalıb, bizi öy!» təklifinə verdiyi nəzmlə uzun-uzadı cavabını diqqətlə nəzərdən keçirdikdə fikrimiz təsdiqlənir. Belə ki, Qazan orada elə məsələlərdən danışır ki, əvvəlki boylarda və ümumiyyətlə, eposdan oxuculara tanış olan mühitdə onların baş verməsi mümkün deyil. Qeyri-adi mifik qüvvə ilə (əjdaha) vuruşur, şəhərlər, qalalar istila edir, Hindistandan Sürməliyə, Harun elinədək at çapıb qoşun yeridir və sanki Qazan özünü Oğuz xanın yerində hiss edir, onun kimi davranır. Burada əjdahadan qorxmamasını, ona qalib gəlməsini söyləməklə Oğuzun kıatı öldürməsi arasında səşləşmə, yaxınlıq var:
Yeddi başlı əjdahaya rast gəlib yetişdim.
Heybətindən, qorxusundan bu sol gözüm yaşardı
«Hey gözüm, bir ilanda nə var belə, qorxdum!»-dedim,
Mən onda da «Ərəm, bəyəm» deyə öyünmədim.
Sonra Qazan Əmman sahilindəki kafir şəhərinə gedir, orada:
«Tanrı mənəm!» deyirlər su dibində azqınlar.
Düzü qoyub, tərsini söyləyir qız–gəlinlər.
Bununla sanki Oğuz xanın Qıl Baraklarla döyüşünü yada salınır.
…Ağca qala Sürməlidə at oynatdım,
Atla Harun elinə çapdım, çatdım.
Bəlkə də, bu misralarda Oğuzun Şamdan, Dəməşqdən keçib Firəngistana yürüş etməsinə işarə olunur.
Belə çıxır ki, eposun ilkin variantlarında Qazanla Oğuzxan eyni obraz funksiyasını daşımışdır…
* * *
Bütün bu təsəvvürlərin ümumiləşməsindən mifologiya (mifoloji dünya modelləri, strukturlar) və rituallar formalaş-mışdır. Deyilənlərdən belə bir qənaət çıxır ki, mifoloji sistemlər ulu əcdadın dünyagörüşünün ibtidai formalarının əsasında qurulmuşdur. Çünki hələ mədəniyyətin və inkişafın göstəriciləri mövcud olmayan çağlarda insanların həyat, zaman və məkanla bağlı görüşlərinin özülünü təbiət obrazları təşkil edirdi. Hər şey təbiətin hadisələri, qüvvələri və varlıqları ilə tənzimlənirdi. Dünyanın bütün ölçülərinin parametrlərini ancaq gözlə görülən və asanlıqla duyulan təbii yaranışlar təşkil edirdi. Sonra insan özünü təbiətə qarşı qoydu, ona təsir etməyin yollarını aradı. İlkin təfəkkür tərzi və yaradıcılıq formalarının rüşeymləri kimi mifologiyanı meydana gətirdi. Primitiv baxışların sistemləşməsi, ümumiləşməsi mifologiyanın model və strukturlarını formalaşdırdı. Dünya barədə dini təsəvvürlərin qol-qanad açıb genişlənməsinə münbit şərait yarandı.
[1] Короглы Х. Огузский героический эпос. – М., Наука, 1976, 239 с. 8.
[2] Kitabi-Dədə Qorqud. F.Zeynalov və S.Əlizadənin nəşri – B., Elm, 1988, s. 104.
[3] Yenə orada, s. 9.
[4] Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək). Birinci cild. Z.M.Bünyadovun və Y.B. Yusifovun redaktəsi ilə. – B., Azərbaycan Dövlət Nəşriyyatı, 1994, 680 s. 118.
[5] Дюма А.. Кавказ. Перевод с французского. – Тбилиси, Мерани, 1988, с. 18.
[6] Kitabi-Dədə Qorqud. F.Zeynalov və S.Əlizadənin nəşri – B., Elm, 1988, s. 249.
[7] Kitabi-Dədə Qorqud. F.Zeynalov və S.Əlizadənin nəşri – B., Elm, 1988, s. 38.