Mifoloji düşüncə öz strukturuna görə tarixi düşüncədən fərqlənir. Bəşəriyyətin bu iki şüur səviyyəsi məkana və zamana münasibətdə fərqli modellər təqdim edir. Mifoloji şüur insan düşüncəsinin ilkin pilləsi kimi məkan və zamanın özünəməxsus qavramına malikdir. Mifoloji dünya modelində zaman qapalı, təkrarlanan, ritmikdir. Zamanın qapalı-ritmik strukturu məkanın da eyni ölçülər əsasında qurulmasını təşkil etmişdir. Bu cəhət-dən mifoloji məkan-zaman kontinuumuna malik mifoloji dünya modeli ilə tarixi dünya modeli arasında kəskin fərqlər vardır. Tarixi şüurda zaman və məkan düzxətlidir, başlanğıcına və sonuna malikdir.
Mifoloji dünya modeli tarixi dünya modelinin əsasını təşkil etdiyi kimi, onun strukturunda özünəməxsus şəkildə yaşa-maqda davam edir. Bu cəhətdən, Azərbaycan folklorunun, bütövlükdə milli mədəniyyətin doğru-düzgün öyrənilməsi və dərk olunması mifoloji düşüncənin strukturunu öyrənməyi tələb edir.
Kosmoqonik-əsatiri düşüncənin daha bir əsas özünəməx-susluğu onda ifadə olunur ki, burada varlıq ünsürünün təşəkkül tarixi onun struktur mahiyyətini təşkil edir. Başqa sözlə, əşyanın necə əmələ gəlməsi onun mahiyyətcə nə olmasını müəyyən edir. Buna görə də mifoloji düşüncənin struktur mexanizmlərinin öyrənilməsi ilk öncə onun genetik strukturunun tədqiq olunması ilə mümkün olur. Mifi, mifologiyanı, onun təşəkkül yollarını, genetik strukturunu aydınlaşdırmadan doğru-düzgün dərk etmək mümkün deyildir.
Mifoloji düşüncə öz inkişafında müxtəlif mərhələlərdən keçmişdir. Bu gün bəzən tədqiqatçılar həmin düşüncənin inkişaf tarixini əks etdirən mərhələləri biri-biri ilə qarışdırırlar. Belə yanaşma təsadüfi deyildir və konkret səbəblərdən törəyir.
Hər bir mifoloji düşüncə sistemi öyrənilərkən onun strukturu ilk növbədə genetik inkişaf kontekstində dəyərləndirilməlidir. Burada iki məsələ nəzərə alınmalıdır:
1. Mifoloji düşüncənin inkişaf mərhələləri;
2. Mifoloji düşüncənin struktur səviyyələri.
Mifoloji düşüncə müxtəlif inkişaf mərhələlərindən (totemizm, antropomorfizm və s.) keçmişdir. Hər bir mərhələ öz dövrünü başa vurduqdan sonra mifoloji düşüncə sisteminin strukturunda (tərkibində) müəyyən bir səviyyəyə çevrilmişdir. Örnək üçün deyək ki, totemizm insan-təbiət (heyvan, bitki) münasibətlərinin qohumçuluğa əsaslanan modeli kimi mifologiyanın inkişafında xüsusi mərhələdir. Lakin mifologiya yalnız bu mərhələdən ibarət deyildir. O, öz inkişafında totemizm mərhələ-sini adladıqdan sonra totemizmə xas düşüncə modeli mifoloji düşüncənin strukturunda onun müəyyən səviyyəsi olaraq qal-maqda davam edir. Bu, totemizmə münasibətdə olduğu kimi, antropomorfizmə, magizmə və s. münasibətdə də eynidir. Odur ki, mifoloji düşüncə öyrənilərkən onun inkişafında mərhələ və struktur səviyyələrinin münasibətləri mühüm cəhət kimi nəzərə alınmalıdır.
Mifoloji düşüncə haqqında universal xarakterli bilgilərə görə, ulu əcdad, ilk növbədə, yaşayış tərzi ilə təbiət hadisələri və heyvanlar aləmi arasında oxşarlıq görmüş (qidalanmada, do-ğumda, hərəkət və davranışda, eləcə də digər zahiri əlamətlərdə), həmin aləmlərlə özü arasındakı qeyri-adi əlaqəyə təsir göstərməyə çalışmış, bununla da nəhəng vəhşi canlılar tərəfindən gözlənilən təhlükələrə qarşı nikbinliklərini qoruya bilmişdir. Onların yaşamaq uğrunda mübarizəsindən və topladıqları təcrübədən doğan inanışlar «sınaqlardan çıxarılaraq» yaddaşlarında möhkəmləndikcə təsəvvürlərə çevrilmişdir. Ulu əcdad dünyaya həmin təsəvvürlərin baxış bucağından, yaxud pəncərəsindən baxmışdır və onlar sistemləşdirildikcə totemizm, animizm, animatizm, magiya və kult münasibətləri şəklini almışdır. Təbiət varlıqlarının fetişləşdirilməsi isə müxtəlif ayin və mərasimlərin keçirilməsinə meydan açmışdır. Ovçuluq, maldarlıq və əkinçilikdə qazanılan uğurların da səbəbini həmin təsəvvürlərin doğurduğu qeyri-adi məxluqlarla əlaqələndirmişlər. Mifoloji anlayışlar da bu təsəvvürlərin içərisindən keçərək öz model və strukturlarını qurmuşdur və yuxular ibtidai görüşlərə təkan verən əsas vasitələrdən biri olmuşdur.
Psixoanalizin banisi Z.Freyd yuxular haqqında böyük təd-qiqat əsərinin müəllifi kimi qorxunun, əqli çatışmazlığın yuxu prosesində qəribə obrazlar yaratdığını dəfələrlə müşahidə etmiş və qədim mədəniyyətlərin materialları əsasında yuxuların kortəbii formada meydana gətirdiyi qeyri-adi təsvirlərinin ibtidai çağların insanlarının mifik düşüncəsinə təsirini xüsusi vurğulamışdır. Ulu əcdada elə gəlirmiş ki, onun şüurlu istəkləri yalnız yuxularda gerçəkləşir və yuxuların yaşantılarla əlaqələnən hər hansı bir kiçik detalı «kortəbii sahənin» nəhəng köməkçilərinin (mifoloji təsəvvürlərin) izlərini tapmağa yardım göstərirdi. Yuxuların və miflərin insan psixikasındakı əsas əlaməti sayılan «kortəbii şüur – azşüurluluğu öz əhatəsində yerləşdirən böyük dairədir; hər bir yetkin şüurluluğun ilkin körtəbiilik mərhələsi vardır, lakin kortəbii şüurluluq həmişəlik başlanğıc mərhələdə qalsa da, tam qiyməti ilə psixi fəaliyyət kimi özünü göstərmişdir»[1]. Eləcə də bəzi əlamətlərini şüurun inkişafının yüksək pilləsində də göstərmişdir. Z.Freyd bu qənaətə gəlir ki, «Yuxu – kortəbii şüurun yaranışlarından biridir»[2]. Mifoloji sistemləri meydana gətirən əsas səbəb insanın təbiətdən tam asılılığı olsa da, kortəbii şüurda yuxuların təqlidi (imitasiyası) ilə yaranan arxetiplər müxtəlif inanc formalarının təsirinə məruz qalaraq çoxalmış, əhatə dairəsi genişlənmiş və ictimailəşməyə – toplu-mun, icmanın bütün üzvlərinin davranışlarını tənzimləməyə başlamışdır.
Beləliklə, insanların ilkin təsəvvürləri inkişafın aşağı pilləsində bir neçə mərhələdə və başqa-başqa formalarda təzahür etmişdir:
1. Totemizm mifoloji düşüncə səviyyəsi.
2. Animizm[3] mifoloji düşüncə səviyyəsi.
3. Animatizm mifoloji düşüncə səviyyəsi.
4. Antropomorfizm mifoloji düşüncə səviyyəsi.
5. Magik mifoloji düşüncə səviyyəsi.
6. Fetişist və kultçuluq mifoloji düşüncə səviyyələri.
[1] Фрейд З. Толкование сновидений / Пер. с нем. – Мн.: ООО «Попурри», 2000, с. 534.
[2] Yenə orada, s. 530.
[3] Animizm – latın sözüdür, anima – ruh, can deməkdir. Ruhların mövcud-luğuna inam mənasında işlənir. Elmi termin kimi etnoqrafiyada ilk dəfə ingilis alimi G.B.Taylor (1871) tərəfindən işlənmişdir.