Totemizm mifoloji düşüncə səviyyəsi

Totemizm[1] – ayrı-ayrı insan dəstələrinin elə bir inanc for­ma­sındır ki, icma üzvlərinin hər hansı bir heyvan, yaxud bitki ilə qo­humluğunun olmasına əsaslanır. Totem icmanın hər bir üz­vü­nün həyatında mühüm rol oynayır, adət-ənənələri, qanun-qay­da­la­rı tənzimləyir, bütöv icmada stabilliyin qarantına çevrilir. Hey­van və bitkilər-dən törədiklərini zənn edən insanlar, ilk növbədə, öz­lərində totem seçdikləri varlığın əlamətlərini görür, ümumi əc­dadlarını yarıminsan-yarımheyvan, yaxud yarıminsan-ya­rım­bit­ki şəklində təsəvvürə gətirirlər. Çox hallarda tayfa totemin adı­nı daşıyır. Məsələn, Azərbaycanda XV-XVI yüzilliklərdə qüv­vətli müstəqil dövlətlər yaradan iki məşhur tayfadan birinin adı Qaraqoyunlu, digərininki isə Ağqoyunludur, onlar öz bay­raq­larının üstündə çox dərin qatlardan gələn totem inamına əsas­la­nıb müvafiq qara və ağ qoyunun şəklini əks etdirmişdilər.

Totemizmə xas əsas cəhətlərdən biri tabu[2] praktikasıdır. Ta­bu – insanın bəzi davranışlarına xüsusi qadağa qoyulmasına de­yilir. Bütün icma üzvləri üçün məcburi sayılan yasaqların bə­zən həddi və ölçüləri müəyyənləşdirilir. Belə ki, yaş dövrləri ilə bağ­lı (məsələn, on beş yaşına çatmamış yeniyetmələr ova çıxa bil­məzdilər), sosial zəmində (icma başçısından, yaxud ki­şi­lər­dən, ya da qadınlardan başqa heç kəsin totemə əl vurmağa ix­ti­ya­rı yox idi), mövsümlə bağlı (yazda çiçəkləyən ağacı kəsmək ol­maz) və s. yasaqlar tətbiq edilirdi. Totemizm dini görüşlərin ərə­fəsi sayılır, Azərbaycan xalqının inanclarında qurda, marala, inə­yə, ağ quşa, ilana, aslana, qaba ağaca totem kimi yanaşıldığı mü­şahidə olunur. (Bu barədə növbəti fəsildə geniş bəhs açı­la­caq).


[1] Totemizm – «totem» sözündən yaranmışdır. Bu söz alqonkin mənşəli ocibve hindu tayfasının dilindən götürülmüşdür, hərfi mənası «onun nəsli» de­məkdir, yəni qurd totem hesab edilirdisə, «qurd totemi» deyəndə «qurdun nəsli» başa düşülürdü. «Totem» ilk dəfə elmi ədəbiyyata XVIII əsrdə (1791) C.Lonq tərəfindən gətirilmişdir və C.Frezerin «Totemizm» (1887) məqaləsi ilə dünya xalqlarının mifologiyasına tətbiq edilmiş, beynəlxalq termin statusu qa­zanmışdır.

[2] Tabu – mənası çətin anlaşılan polineziya sözüdür. Z.Freyd «müqəddəs həyəcan» şəklində şərh edir. Azərbaycanlılar tabuya «yasaq» deyirlər.

Bir cavab yazın

Back to top