Arxetiplər nəzəriyyəsi

Arxetiplər (ilk yaradılanlar) – universal mifoloji motiv və sü­jetlərin ilkin obrazları, isveçrəli psixoanalitik K.Q.Yunqun tə­li­minə görə, kollektivin qeyri-şüuri əhatəsində öz-özünə doğul­muş, təkcə kortəbii yaranış formalarında (yuxu və b. ona oxşar for­malarda) yaşamamış, həm də mif yaradıcılığına xidmət et­miş­dir.[1] Ona görə də dünyanın reallıqlarından çox, toplumun psi­xi xassəsini və halını əks etdirmişdir. Bu səbəbdən də ilkin çağ­larda ikili xüsusiyyətin (animus-anima \kişi-qadın, insan-heyvan\ kentavrlar kimi) bir canda birləşməsinə – dualizmə inam yaranmışdır. Məsələn, «Munisnamə»də mifik dünya qatlarının keçi­dində duran mələk (başı öküz, bədəni qoyun) iki müxtəlif hey­vanın orqanlarından yaranmışdı. «Avesta»da Xeyir və Şər allah­larını dünyaya gətirən zaman və tale allahı Zurvan isə təbi-ətən ikicinsli (kişi-qadın) idi. Xalq arasında bu gün də işlənən «Xeyirlə-şər əkizdir» məsəlini həmin təsəvvürün qalığı kimi də başa düşmək olar.

Yunq Karl QUSTAV (1875-1961), XX yüzilin ən böyük psixi­koanalitik alimlərindən biridir. Ziqmund Freyddən sonra psixo­logiyanı müxtəlif elm sahələri ilə əlaqəli öyrənən və mi­sil­siz kəşfləri ilə Avropanı, Amerikanı heyrətləndirən yüksək erudi­siyalı şəxsiyyətdir. O, 1875-ci il iyulun 26-da İsveçrənin fü­sunkar Konstans gölünün sahilində, Turqau kantonunda (inzi-bati-ərazisində), Kessvildə islahatçı kilsə pastorunun ailəsində dün­yaya gəlmişdir. Bazel şəhərində gimnaziya bitirib 1895-ci ilin aprelində oradakı universitetin tibb fakültəsinə daxil olur və təh­silini uğurla davam etdirir. Ali məktəbi başa vuranda onun «Fövqi-təbii (mistik) hadisələrin patologiyası və psixologiyası haq­qında» dissertasiyası da müdafiəyə hazır idi. Yunq həmin vaxt 60 ilə qədər uzanacaq yaradıcılıq yolunun astanasında da-yan­mışdı.

O, Sürixdə ruhi xəstələrə aid klinikada çalışarkən apardığı eks­perimetlərin nəticələri ilə bağlı bir neçə məqalə nəşr etdirir, nə­hayət, ağlın inkişafına maneçilik törədən səbəblərə həsr etdiyi ya­zısını (ilkin ağıldankəmlik haqqında) əsrin böyük alimi, psi-xosesk nəzəriyyəsi ilə az qala bütün dünyaya hay-küy salmış Ziqmund Freydə göndərir. Qərbin iki nəhəng elm xadimi – şöhrəti başından aşıb-daşan yaşlı professor və ilk araşdırmaları ilə ümid qığılcımları saçan gənc tədqiqatçı – 1907-ci ildə Venada gö­rüşürlər.

Freydlə şəxsi tanışlıq böyük dostluğa çevrilir və beşillik (1907-1912) birgə əməkdaşlıq Yunqun inkişafına güclü təkan verir. O, Ziqmunddan psixoanaliz üzrə dərs alır, onun ardıcılı tək fə­aliyyətə başlayır. Müəlliminin nəzəri təcrübəsindən faydalanıb öz nəticələrini irəli sürür. Freyd həm yaşca ondan böyük idi, həm də uzun həyat məktəbi keçib çoxlu təcrübə toplamışdı. Ona gö­rə də elmdə Yunqun atası sayılırdı. Digər tərəfdən, Freydin irəli sürdüyü nəzəriyyəni Yunq həqiqi mənada başa düşüb mü­da­fiə edən ilk tədqiqatçılardan biri idi. Məhz bu səbəbdən Freyd ona özünün mənəvi oğlu və varisi kimi baxırdı. V.V.Zelenski ya­zır ki, «simvolik «ata-oğul» bağlılığı dərin-ləşdikcə, bir tə­rəf­dən inkişafa xidmət edib bəhrəsini verir, digər tərəfdən ortaya ay­rılıq toxumları səpirdi»[2]. Onların baxış-larındakı fərqlər get­dic­gə artırdı. Çünki gördükləri işdə məqsəd eyniliyi olsa da, nə­zə­ri aspektdə aralarında kəskin fikir müxalifliyi vardı. Bu üzdən dost­luq və birgə əməkdaşlığın ömrü qısa çəkdi, lakin ilkin «ata-oğul» bağlılığının təsirindən nə Freyd, nə də Yunq uzun müddət uzaq­laşa bildi. Belə ki, hər ikisinin bir-biri ilə çoxillik ya­zış­ma­la­rı böyük bir cilddə yerləşir. O məktublarda elmi həqiqət na­mi­nə narazılıq da, şikayət də, təsdiq də, inkar da, etiraz da, hörmət və ehtiram da nəzərə çarpır.

Sonralar Yunq müəllimindən ayrılıb psixologiyada öz xü-susi sahəsini (analitik psixologiya) yaratdı, insan psixikasının tə­bi­əti barədə «freydizm»dən fərqlənən daha geniş və mənalı gö­rüş sistemi təklif etdi. Alimin tam olmayan 20 cildlik əsərləri al­man və ingilis dillərində işıq üzü gördü, ayrı-ayrı kitabları isə dün­yanın əksər dillərinə çevrildi.

K.Yunq psixi hadisələrin başvermə səbəbləri ilə əlaqədar bir neçə yeni nəzəriyyə irəli sürdü. Onun psixikanın dinamikası və strukturu – şüurlu və kortəbii yaranan tiplər haqqında təlimi elmdə inqilab sayılır. Eləcə də öz başlanğıcını qeyri-şüuri psixi­ka­nın dərin qatlarından alan universal obrazların (miflərin) bü­tün detallarınacan təsviri ilkin mədəniyyətlərə aid gizli sirlərinin aç­arı rolunu oynayır.

Alim əsərlərinin altıncı cildini – «Psixoloji tiplər»i Freydlə əla­qəni tam kəsəndən sonra yazıb. Həmin illər onun həyatının elə bir dövrü idi ki, elmdə özünü təsdiqləməyə çalışırdı, araş­dı­rı­cı­lığın tamamilə fərqli üsullarını tapmışdı. Ona görə də Psixi­ko­ana­litik assosiasiyasından üzülüşmüş və Sürix Universitetindəki ka­fedra müdirliyindən belə əl çəkmişdi. O, 1913 və 1918 illərdə yo­rucu tənhalıq içərisində çətin günlər yaşamaqla düşüncələrini əsas­landıran dəlillər arayır. Yunq özü həmin çağları «daxili inam­sızlıq zamanı», «ömrün ortasında böhran» adlandırmasına bax­mayaraq, məhsuldar işləmiş və ən uğurlu əsərini meydana çı­xar­mışdır. Sonralar məşhur «Xatirələr. Yuxular. Düşüncələr» ad­lı avtobioqrafik kitabında həmin illəri yada salaraq yazırdı: «Bu iş («Psixoloji tiplər»i nəzərdə tutur) ilk olaraq elə bir daxili tə­labatdan yaranmışdır ki, mənim düşündüklərim Freydin və Ad­lerin görüşlərindən fərqlənirdi. Çalışmışam ki, tiplər prob­le­mi­nə aid qarşıma çıxan suallara cavab verim».[3]

Yunq Freydlə bir yerdə çalışmağa başladığı ilk vaxtdan gör­müşdü ki, fikirləri müəlliminin qənaətləri ilə üst-üstə düş­mür. Bir sıra əsas məsələdə Freydin düz istiqamət götürmədi­yini də anlayırdı. Öz düşüncə və qənaətlərinə geniş meydan açmaq və qaldırdığı problemlərə tam aydınlıq gətirmək üçün Freydin tə­sirindən uzaqlaşmaq lazım idi. Ona görə də tutduğu mövqeyi və o günədək qazandıqlarını atıb başqa şəhərə köçmüş və yeni hə­yata başlamışdı. Əlbəttə, böyük ustaddan və əsl dostdan üz dön­dərmək o qədər də asan məsələ deyildi. Lakin Yunq ide­ya­la­rı­nı həyata keçirmək naminə buna məcbur idi.

Bəs Freydlə Yunq arasında fikir ayrılığı əsasən nələrdə özünü göstərirdi?..

«Psixoloji tiplər» kitabı ilk dəfə 1921-ci ildə Sürixdə nəşr olun­muş, qısa zamanda ingilis, fransız, italyan, yunan, ispan, por­tuqal, çex, polyak, holland, isveç, latış, eston, ukrayna, ru-mın, macar, belarus, bolqar, yapon və rus dillərinə çevrilmiş, İsveçrədən başlayan səyahətin bir istiqaməti Yaponiya, digəri isə Argentinayadək uzanmışdır. Başqa ölkələrdə psixologiya, mə­­dəniyyət tarixi, fəlsəfə, ədəbiyyatşünaslıq və mifologiya Yun­qun təlimi əsasında tədris və tədqiq edildiyi halda, təəssüflər olsun ki, Azərbaycanda onun çoxsahəli araşdırmaları barədə təsəv­vürə malik az adam tapılar, kitabları da dilimizdə işıq üzü gör­məyib.

Yunqun təliminin ümumi predmet sahəsinə «öz psi­xo­lo­gi­ya­sı»ndan başqa psixiatriya, psixoterapiya, fəlsəfə, antropolo­gi­ya, mədəniyyət tarixi, sosialogiya, incəsənət, estetika, folklor­şü­naslıq, teologiya və din darixi daxil idi. Alimin həyat və fə­aliy­yəti barədə oçerk yazanların fikrinə görə, alimin humanitar elmlər üzrə qazandığı biliklərin dairəsi o qədər genişdir ki, ha­mı­sını sadalamaq mümkün deyil. Ona görə də müasir insanın mə­nəvi həyatına verdiyi töhfənin əsl dəyərini vermək olduqca çətindir.

Yunq məsləhət işlərində əski mədəniyyətlərə və as­tro­lo­gi­ya­ya üz tuturdu. Onun mif və simvollar üzərində apardığı araş­dır­malar müasir mifoloqları və xüsusilə astroloqları təsir dairə­si­nə alması təsadüfi deyil. Yunq simvolların təsfirini, izahını qədim in­sanların onlara yanaşma üsulu ilə aparırdı, başqa sözlə, ilkin ya­ranmış obrazların məna tutumunu müasirlərinə bu obrazların «öz dili ilə» anlatmağa çalışırdı, eləcə də müasir elmi üsullarla, əsas­landırılmış dəlillərlə təqdim edirdi.

Bir cavab yazın

Back to top