Açar sözlər: Azərbaycan-türk mifologiyası, tədqiqat tarixi, tanrı elmi, əsatir, əfsanə, mifik obraz, tanrılar və ruhlar, mif, ritual
Azərbaycanda miflərə marağın tarixi çox qədim olsa da, araşdırılmasına son dövrlərdə başlanılmışdır. «Avesta»da, M.Kalankatuklunun «Albaniya tarixi»ndə (IX-X əsr), müsəlman intibahının görkəmli nümayəndələri Xaqani Şirvani (1126-1199), Nizami Gəncəvi (1141-1209) və Ustad əl-Xosrovun (XII əsr) əsərlərində Azərbaycan və Şərq mifologiyasının ümumi mənzərəsinə rast gəlirik. Xalqımızın ilkin mifoloji dünyagörüşünün izləri «Kitabi-Dədə Qorqud» (VII əsrdə şifahi mətninin tam formalaşması və XI yüzillikdə ilk dəfə qələmə alınması ehtimal olunur; aşkarlanan iki əlyazma nüsxəsi XIV-XVI əsrlərə aiddir; boyların Drezden və Vatikan kitabxanalarında saxlanılır) yazılı abidəsində özünə daha geniş şəkildə yer tapmışdır. Azərbaycan türklərinin dilində möhtəşəm poetik əsərlər yazan Məhəmməd Füzuli (1494-1556) isə Şərqdə ilk dəfə «tanrı elmi» adı ilə mifologiyanın geniş şərhini vermişdir.
Azərbaycanda dünya xalqlarının mifologiyasını öyrənməyin əsasını Mirzə Kazım bəy (1802-1870) qoymuşdur. O, «Firdövsinin əsərlərində fars əsatiri» məqaləsində[1] («Северное обозрение» jurnalı, 1848) İran ərazisində yaşayan qədim xalqların, o cümlədən azərbaycanlıların əsatirlərinin əsas mənbələrini atəşpərəstlik görüşləri ilə əlaqələndirərək göstər-mişdir ki, mif real, təbii və ictimai hadisələri insanın dərkindən başqa bir şey deyildir. Alimin miflərin genezisi haqqında irəli sürdüyü fikirlər Qrimm qardaşlarının təlimi ilə üst-üstə düşsə də, xalq təfəkküründən və kütlələrin geniş yaradıcılıq imkanlarından kənarda – ilahi qüvvə ilə əlaqələnən şəkildə deyil, daha inandırıcı və əsaslıdır: «Əfsanəsi olmayan xalq, rəvayəti olmayan ölkə yoxdur. Köçərilərdə bu, nəsildən-nəslə şifahi şəkildə keçir. Yarımmədəni xalqlarda bu nümunələr onların etiqadlarının əsasını, yazılı ədəbiyyatın, tarixin əsas məzmununu təşkil edir. Mədəni xalqlarda isə müqəddəs bir şey kimi onların təxəyyülü üçün zəngin qida mənbəyinə çevrilir»[2]. Mirzə Kazımbəy Şərq miflərini iki qrupa ayıraraq şərh edir: a) tanrılar və ruhlar haqqında olan miflər və b) xalis mifoloji qüvvələr.
O, belə bir qənaət irəli sürür ki, xalq mədəni həyata qədəm qoyanadək uzun yol keçsə də, keçmişini unutmamış, əski qəhrəmanlığını şifahi yaradıcılığında idealizə edərək müxtəlif mifik obrazlar halına salmışdır: Pəhləvan, Qəhrəman, Bahadır, Mələk, Ruh və s. Alim bu gün də Azərbaycan və İranda geniş kütlə arasında yaddaşlarda yaşayan qədim Xeyir və Şər allahlarından – Hörmüz və Əhriməndən, onların yardımçılarından – Simurq və devdən bəhs açır. A.Şükürovun göstərdiyi kimi, Mirzə Kazım bəyin hələ indiyə qədər nəşr olunmayan «Mifoloji lüğət»i bu sahədə dünyada ilk təcrübələrdən biri idi[3].
Avropada və Rusiyada etnoqrafik-folklor materiallarına kütləvi maraq oyanan ərəfədə (XIX əsrin II yarısından XX yüzilliyin əvvəllərinədək) Azərbaycanda da xeyli iş görülmüş, rus alimlərinin və yerli ziyalıların (S.Penn, S.Zelinski, D.Yerisev, P.Uslər, K.Nikitin, A.İoakimov, Q.Bağırov, M.Qəmərli, E.Sultanov, F.Köçərli, T.Bayraməlibəyov, R.Əfəndiyev, Ə.Abid, Y.V.Çəmənzəminli, S.Mümtaz, A.Baqri, və b.) təşəbbüsü ilə toplanıb nəşr olunan folklor nümunələrinin içərisində mif mətnlərinə də təsadüf olunmuşdur. «Полярная звезда» (1825), «Тифлисские ведомости» (1830), «Сведения о Кавказских горцах» (1968), СМОМПК (Сборник материалов для описания местностей и племен Кавказа –1881-ci ildən başlayaraq 1924-cü ilədək 46 buraxılışı nəşr olunmuşdur), «Сборник сведений о кавказе» (1871) məcmuələrində, « Кавказ» (1851-1859) və «Kaспи» (1895) kimi rusdilli mətbuat səhifələrinə, dərslik və xüsusi toplulara, yeri gələndə, mif mətnləri ilə yanaşı onların xüsusiyyətləri barədə də ötəri qeydlər salınırdı.
XX yüzilliyin əvvəllərində mif, ritual və nağılların tədqiqi sahəsində Y.V.Çəmənzəminli böyük işlər görmüşdür. O, bir tərəfdən mif mətnləri əsasında özünün bədii əsərlərini («Qızlar bulağı»), digər tərəfdən dünya elmində bu sahədə aparılan araşdırmalarla Azərbaycan ictimaiyyətini tanış edən elmi mə-qalələr yazmış, eləcə də əski görüşlərə söykənən folklor nümunələrinin tarixi köklərini müəyyənləşdirməyə çalışmışdır. Onun «Azərbaycan nağıllarının əhval-ruhiyyəsi» (1926), «Azərbaycanda Zərdüşti adətləri» (1927), «Xalq ədəbiyyatında bəşəri təmayüllər» (1928) və b. məqalələrində ilk dəfə olaraq bir sıra ritualların və folklor janrlarının genezisi, mifoloji görüşlərlə əlaqəsi, sakral rəqəmlərin mahiyyəti, işlək dairəsi, qədim midiyalıların mifoloji görüşlərinin bəzi məqamları müqayisəli şəkildə təhlil edilmişdir. Y.V.Çəmənzəminli Avropada yaranan mif nəzəriyyələrinin müddəalarını açıqlayarkən, Qrimm qardaşlarının ari tayfalarını «mədəni», qeyrilərini «qeyri-mədəni» adlandırmasına, miflərin arilərdən başqa qövmlərə hazır şəkildə ötürülməsi ideyasına tənqidi münasibət bəsləyərək yazmışdır: «Nağıl və əfsanə kimi mürəkkəb mövzulu əsatirlərin bir-birinə bənzəməsi ari nəzəriyyəsi (Alim «Mifoloji məktəb» nəzəriyyəsini nəzərdə tuturdu) ilə izah olunmaz. Tarixdən əvvəl bir-birindən ayrılmış xalqlar bu mövzuları bütün təfsilatı ilə saxlaya bilməzdi. Sonra müəyyən və bir-birinə bənzər mövzuların yalnız ari irqinə mənsub qohumlarda deyil, başqa irqlərə məxsus olanlarda da görmək olar»[4].
Azərbaycanda mifoloji görüşlərin mövcudluğu haqqında V.Xuluflu, B.Çobanzadə, H.Əlizadə, Ə.Axundov, H.Araslı, Ə.Dəmirçizadə, N.Seyidov və M.H.Təhmasib[5] də maraqlı mülahizələr irəli sürmüşlər. Lakin Mirzə Kazımbəylə yandırılan «mifoloji məşəl» Y.V.Çəmənzəminli və başqaları tərəfindən çox ağır şəraitlərdə qorunub saxlansa da, repressiya illərində (1937-1940) tamam söndürülmüş, xalqın əski görüşlərindən danışan-lara «pantürkist», «panislamist» damğası vurulub həbsxanalara salınmış, Azərbaycan mifologiyasının öyrənilməsinə qoyulan «mədəni yasağ»ın nəticələrindən doğan qorxu xofu isə uzun müddət ürəklərdən getməmişdir.
Keçən əsrin 60-cı illərinədək Azərbaycanda mifologiya, əski rituallar və inanclara tarix, ədəbiyyat və mədəniyyət tari-xindən bəhs açan dərsliklərdə ötəri yanaşılmış, ən yaxşı halda bəzi folklor toplularına bir-iki nümunə salınmışdır. M.Seyidovun çap olunan məqalələri və «Azərbaycan mifik görüşlərinin qaynaqları» (1983) adlı monoqrafiyası ilə bu sahəyə yenidən böyük maraq oyanmışdır. Onun tədqiqatlarında[6] Azərbaycan türklərinin bəzi mifoloji obrazlarının (Oğuz, öləng, qam, Xızır, Kosa, keçi, varsaq, Qorqud və s.) mədəniyyət tarixində yeri və rolu öyrənilmiş, daha çox söz və ifadələrin miflər vasitəsi ilə etimoloji aspekеdə izahına yer ayrılmışdır. M.Seyidov mifologiyanın müxtəlif problemlərinə aid zəngin yaradıcılığı və elmi-pedaqoji fəaliyyəti ilə məktəb yaradan alimlərdən biridir. O, onlarla istedadlı gənci bu sahənin araşdırılmasına istiqamətləndirmişdir. Tədqiqatçılar (A.Acalov, A.Şükürov) onun fəaliyyətini iki dövrə ayıraraq göstərirlər ki, birinci dövr (1950-60-cı illər) konkret məsələlərə həsr olunan məqalələrlə təmsil olunur. Müəllif bu dövrdə öz axtarışlarını birbaşa mifoloji sistemin bütövlükdə təsviri və bərpasına yönəltmiş, mifologiyaya ədəbiyyat tarixinin müxtəlif problemləri ilə əlaqədar müraciət etmişdir. İkinci dövrə (1970-80-cı illər) aid əsərlərində isə M.Seyidov mifologiya problemlərini daha geniş kontekstdə sistemli olaraq araşdırmışdır. Onun son illərdə meydana çıxan monoqrafik tədqiqatları nəinki Azərbaycanda, ümumiyyətlə, bütün türk dünyasında mühüm hadisə kimi qiymətləndirilməlidir.
Azərbaycanda mifik təfəkkürün qaynaqları aşkarlanandan sonra etnoqrafiya və folklorun ayrı-ayrı məsələləri ilə bağlı aparılan araşdırmalarda mifoloji görüşlərin epos («Kitabi-Dədə Qorqud», «Koroğlu»), yazqabağı rituallar, klassik yazılı ədə-biyyat, qədim memarlıq kompleksləri və digər mədəni-tarixi abidələrlə əlaqəsi diqqət mərkəzinə çəkilmişdir.
[1] Казымбек М. Мифология персов по Фирдоуси / Изб. произведения. – Б., Элм, 1985, с. 306-318.
[2] Yenə orada, s. 306.
[3] Казымбек М. Мифология персов по Фирдоуси / Изб. произведения. – Б., Элм, 1985, s. 46.
[4] Çəmənzəminli Y.V. Əsərləri. Üç cilddə. III cild. – B., Elm, 1977, s. 66.
[5] Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). – B., Elm, 1972, s. 114.
[6] Bax: Seyidov M. Azərbaycan xalqının soy-kökünü düşünərkən. – B., Yazıçı, 1989; Qızıl döyüşçünün taleyi . – B., Gənclik, 1984; Qam-şaman və onun qaynaqlarına ümumi baxış. – B., Gənclik, 1994; Yaz bayramı – B., Gənclik, 1990; Azərbaycan mifik görüşlərinin qaynaqları. – B., Yazıçı, 1983.