Açar sözlər: mifoloji mətnlər, tədqiqat tarixi, toplu, oğuz, folklor, etnoqrafiya, tarix, fəlsəfə, mif, ritual, bədii şüur
80-ci illərdə A.Acalov[1]Azərbaycan türklərinin mifoloji mətnlərini toplayıb tərtib etmiş və 90-cı illərdə M.Məmmədov[2] Azərbaycan miflərinin mətnləri əsasında namizədlik dissertasiyası müdafiə et-mişdir. Y.M.Lotmanın məktəbini keçmiş A.Acalovun fəaliyyəti ilə mifoloji tədqiqatlar rus və Avropa standartlarına uyğunlaşdırılmışdır. Lakin o, bir sıra gərəkli işləri yerinə yetirməklə yanaşı məsələyə birtərəfli yanaşmış, Azərbaycan xalqının mifoloji düşüncəsinin Qafqaz və qədim Midiya (xüsusilə atəşpərəstliklə) ilə bağlanan cəhətlərinin üstündən sükutla keçmiş, bununla da türk faktorunun sonradan gətirilmə və orta əsrlərin başlanğıcında köklə bağlanan amillərin burada yaşayan əhaliyə keçməsi qənaəti alınmışdır.
A.Şükürov[3] 1995-2002-ci illərdə dünya xalqlarının mifologiyasına on cildlik əsər həsr etmişdir. S.Rzasoyun yazdığı kimi, «oncildlikdə əsas məqsədlərdən biri də Azərbaycan oxucusunu, belə demək mümkünsə, mifoloji cəhətdən maarifləndirməkdir. Bu mənada, hər cild zəngin biblioqrafik göstəricilərə malikdir»[4]. Onun fəlsəfə, kulturologiya, din, ateizm, sosial ekologiya və mifologiyaya aid elmi kitabları ona görə qiymətlidir ki, hər biri Azərbaycan xalqının qədim tarixi, adət-ənənələri, psixologiyası, incəsənəti, ədəbiyyatı ilə yoğrularaq meydana gətirilmişdir. Dünya xalqlarının mifoloji sistemləri sırasında Azərbaycan türklərinin ibtidai dünyagörüşünün özünəməxsusluğunu göstərməyə çalışan A.Şükürov «Dədə Qorqudun mifologiyası» monoqrafiyasında eposun mifoloji qatlarına nüfuz etmiş, ayrı-ayrı boyların süjet xəttindəki hadisələrdə və obrazlar silsiləsində mifoloji əlamətlərin düzgün şərhini vermişdir.
A.Nəbiyevin[5] araşdırmalarında Azərbaycan miflərinin iki istiqamətdən (oğuz və İran) gəldiyi irəli sürülmüşdür. O, «Sehirli sünbüllər» (mif mətnləri toplusu – 1990), «Nəğmələr. İnanclar. Alqışlar» (1986), «Mərasimlər. Adətlər. Alqışlar» (1993) toplularında mifin qaynaqlarını folklor materialları əsasında göstərmiş, monoqrafik tədqiqatlarında və dərsliklərində isə Azərbaycan mifologiyasının struktur sxemindən, ilkin qaynaqları və törəyiş modellərindən, qədim türk panteonunun Azərbaycanda davamından, kult və zoomorfik obrazlardan, mifologiyanın təsnifi məsələlərindən, Azərbaycan mifik təfəkküründə zoroastirizm və İslam amillərindən ətraflı bəhs etmişdir. A.Nəbiyev mifoloji düşüncənin spesifikliyini müəyyənləşdirərək yazır ki, «mif erkən etnosun dünya, insan və insanın dünya hadisələri barədəki bədii düşüncəsidir. Bu düşüncənin zaman hüdudu qeyri-müəyyəndir. Məkanı isə hər bir etnosun nisbi mənada dünya kimi qəbul etdiyi yaşayış məskəni, coğrafiyası, yaxud regionudur». Alimin bir neçə istiqamətdə (həm miflərin toplanması, nəşri və bərpası, sistemləşdirilib təsnif edilməsi və araşdırılması, mifologiyanın Azərbaycan folklorunun janrları sistemində yerinin müəyyənləşdirilməsi, həm də bu sahədə elmi kadrların yetişdirilməsi istiqamətində) apardığı səmərəli işin nəticəsində bir sıra qaranlıq problemlərə aydınlıq gətirilmişdir. Həqiqət bundan ibarətdir ki, azərbaycanlıların mifik düşüncəsini onların yaşadıqları ərazilərdən – Qafqaz və Şimali İran ərazisindən – ulu əcdadlarımızın tarixən məskunlaşdığı ərazilərdən ayırıb təkcə Xəzərin o biri sahilindən çox-çox uzaqlarda yaşamış türk etnoslarından tarixin müəyyən mərhələsində keçməsi şəklində məhdudlaşdırmaq elmilikdən uzaqdır. Miflərin yaranması və yayılması istiqamətlərini tarixi mənbələrə əsasən düzgün müəyyənləşdirən A.Nəbiyevin fikirlərində məhz yerli əlamətlər əsas götürülüb ümumtürk mifologiyası kontekstində müqayisəli təhlilə cəlb edilir.
Folklor, etnoqrafiya, tarix, fəlsəfə və filologiyanın müxtəlif problemlərini araşdıran bir sıra tədqiqatçılar (P.Əfəndiyev, V.Vəliyev, T.Hacıyev, N.Cəfərov, İ.Abbasov, B.Abdullayev, Q.Qeybullayev, K.Vəliyev, V.Həbiboğlu[6] və b.) həm də mifo-logiyaya maraq göstərmiş və gərəkli fikirlər irəli sürmüşlər. Dilçi-alim K.Vəliyevin məqalə və kitablarında həmçinin türk mifoloji düşüncəsinin əsas istiqamətləri araşdırılır. Alim mifoloji obrazları «elin yaddaşı və dilin yaddaşı» kimi xarakterizə edərək yazılı eposlarda üzə çıxardır və ilk olaraq ümumtürk mifologiyasının bəzi mətnlərini Azərbaycan oxucusuna çatdırır. K.Vəliyev (K.V.Nərimanoğlu) Azərbaycanda formalaşıb əksər Şərq ölkələrinə yayılan qəhrəmanlıq eposunun baş obrazının mifoloji kökü haqqında doğru olaraq belə bir fikir irəli sürür ki, «Koroğlu sadəcə qəhrəman deyil, genezis etibarilə mədəni qəhrəman – demiurq obrazının epik transformasiyasıdır. Mədəni qəhrəman obrazı isə bir neçə epistasda çıxış edir: ilkin yaradıcı, tanrı demiurq, trikster və s. Onun dönərgəlik (başqa bir insana, quşa, bitkiyə, eləcə də öz düşməninə – antoqonistə) çevrilmə qabiliyyəti var». Koroğlunun mifik mədəni qəhrəman olması V.M.Jirmunski, X.T.Zarifov və B.A.Karrıyevin, eləcə də E.Meletinski və S.A.Tokarevin redaktəsi ilə çap olunan «Mifoloqiçeskiy slovar» və «Mifı narodov mira» ensiklopediyalarının müəlliflərinin (V.N.Basilov) də diqqətindən yayınmamışdır. V.Həbiboğlu türk xalqlarının ilkin dünyagörüşünə həsr etdiyi monoqrafiya və məqalələrində mifoloji model və sistemlərə üz tutur, təbiətə tapınma, totemizmlə bağlı fikirlər irəli sürür. Ə.Saləddinin elmi fəaliyyətinin bir istiqaməti də klassik poeziyaya mifoloji düşüncənin təsiridir. O, Nizaminin yaradıcılığında türk xalqlarının mifologiyasını izləmişdir. E.Əlibəyzadənin təhlilində isə «Bilqamış» eposunda və «Avesta»dakı mifoloji süjet və obrazların Azərbaycan folkloru və yazılı ədəbiyyatındakı izləri göstərilmiş, əcdadlarımızın mifoloji düşüncəsi qədim Şumer mədəniyyəti ilə müqayisədə təqdim olunmuşdur. B.Abdullayev mərasimləri və Y.V.Çəmənzəminlinin folklorşünaslıq fəaliyyətini araşdırarkən Azərbaycan mifologiyasının yazqabağı rituallarla, atəşpərəstlik etiqadı və islam dini ilə əlaqəsi məsələsinə toxunmuşdur. B.Şərifzadə «Avesta»nı türk dilində yazılan ilkin ədəbi abidələrdən biri olduğu qənaətini irəli sürərək bildirmişdir ki, «Avesta»nın mifologiyası daha çox Azərbaycan türkərinin mifologiyasıdır».
Azərbaycan elminə son onilliklərdə qədəm basan yeni nəsil alimlərinin bir qrupu – R.Bədəlov, S.Rzasoy, A.Xəlilov, C.Bəydili, Rüstəm Kamal, E.Əzizov, N.Mehdi, Ramil Əliyev, Razim Əliyev, M.Məmmədov, Şakir Albalıyev, E.Ağayev, Nail Qurbanov, S.Qarayev, H.Quliyev[7] və b. əsas tədqiq obyekti Azərbaycan və ümumtürk mifoloji düşüncəsinin məhsullarıdır. R.Bədəlov oğuznamələrin materialları əsasında mifologiyanın fəlsəfəsi, Rüstəm Kamal, Cəlal Bəydili (Məmmədov) «Dədə Qorqud»un semantikası və mifologiyası, S.Rzasoy Nizami yaradıcılığında mifik dünya modeli, Oğuz mifologiyası, Ramil Əliyev nağıllarda mifoloji obrazlar, bədii şüurun formalaşmasına mifin təsiri, türk mifoloji düşüncəsi və onun epik transformasiyaları, Razim Əliyev Qobustan qaya rəsmləri və qədim memarlıq komplekslərində mifoloji kodların açılması kimi problemlərin həllinə dissertasiya və monoq-rafiyalar həsr etmişlər. Beləliklə, Azərbaycan xalqının tarixi köklərinə aydınlıq gətirən bir sıra əlamətlər tarixçilər və folklorşünaslar tərəfindən araşdırılsa da, mifoloji görüşlər kom-pleks şəkildə – etnomədəni dəlil kimi sistemli şəkildə tədqiqat obyektinə çevrilməmiş, genezisi ilə bağlı məsələlər əksər hallarda açıq qalmış, ya da mübahisəli qənaətlərlə əks olunmuşdur.
F.e.d., prof. Ramil Əliyevin yaradıcılığı Azərbaycan mifologiya elminin özünəməxsus səhifəsini təşkil edir. Onun mifologiyaya yanaşması orijinallığı və epik mətnlərə münasibətdə xüsusi həssaslığı ilə seçilir. Ramil Əliyevin yaradıcılığını müntəzəm şəkildə izləyən və vaxtaşırı elmi dəyərləndirmə müstəvisinə gətirən S.Rzasoy yazır ki, türk folkloru məzmun və kəmiyyət baxımından çox nəhəng hadisədir. Onu bütövlükdə əhatə etmək, əslində, mümkünsüz işdir. Bu halda tədqiqatçıdan ümumtürk folklorunun daha çox konkret milli layına isnad etmək tələb olunur. Türk mədəniyyətinin istənilən milli tipi onun arxitektonik strukturlarının – türk mifologiyasının bərpası üçün zəngin və əvəzsiz material verir. Bunun biz sayılıb-seçilən Azərbaycan folklorşünası, prof. R.Əliyevin «Mif və folklor: genezisi və poetikası» monoqrafiyasının[8] nümunəsində bir daha şahidi oluruq. R.M.Əliyev mif və folklor məsələləri ilə ardıcıl şəkildə məşğul olur. İndiyədək dörd kitabı çap olunmuşdur. Həmin kitablardan ikisi («Azərbaycan nağıllarında mifik görüşlər» və «Mifoloji şüurun bədii spesifikası») və çoxsaylı elmi məqalələri birbaşa mif və folklor problemlərinə həsr olunmuşdur. Tədqiqatlarında faktoloji zənginlik nümayiş etdirən araşdırıcı Azərbaycan folklorşünasları arasında daha çox diqqəti folklorşünaslığın fundamental məsələlərinə yönəltməsi ilə məşhurdur. Bu baxımdan, onun sözügedən monoqrafiyası da Azərbaycan folklorşünaslıq elminin aktual probleminə həsr olunmuşdur. «Mif və folklor» problemi hər hansı tədqiqatçıya öz həlli, ona yanaşma tərzi, mövzunu predmetləşdirmə müstəviləri və s. baxımından, əslində, geniş yanaşma bucaqları təqdim edir. Bu halda bütün baxış müstəvilərini əhatə etməyə cəhd istənilən tədqiqatı konkretilikdən yayındırmış olur. Bu mənada, R.M.Əliyevin «Mif və folklor: genezisi və poetikası» monoqrafiyası predmetinin konkretliyi, problemin dəqiq və aydın sərhədlər kontekstində götürülməsi ilə xüsusi seçilir[9].
Prof. Ramil Əilyevin Azərbaycan folklorşünaslığında tematikası baxımından analoqu olmayan “Riyazi mifologiya” adlı tədqiqatı fenomenal hadisədir[10]. Bu əsəri “Azərbaycan folklorşünaslığında yeni səhifə” olaraq qiymətləndirən S.Rzasoyun yazdığı kimi, Ramil Əliyevin «Riyazi mifologiya» əsəri, sözün gerçək anlamında, Azərbaycan folklorşünaslığında tayı-bərabəri – janr-tematik ekvivalenti olmayan bir araşdırmadır. Əsərin dəyəri onun ilk növbədə Azərbaycan folklorşünaslığının mövcud olduğu dövrdən bu günə kimi «riyazi folklorşünaslıq» adına aparılmış bütün təcrübələrini nəzərə almaqla milli folklorşünaslıq və mifologiyada yeni bir sahənin – riyazi mifologiyanın əsaslarını qoyması ilə müəyyənləşir. R.Əliyev bu monoqrafiya ilə riyazi mifologiyanın nəzəri-metodoloji əsaslarını və praktiki-təcrübi bazasını yaratmışdır. Əsərdə folklorşünaslığımızda ilk dəfə olaraq mifoloji informasiyanın riyazi-funksional modelləşdirilmə təcrübəsi həyata keçirilmişdir. Tədqiqatın birinci fəslindən də göründüyü kimi, Azərbaycan folklorşünasları zaman-zaman folklor mətnlərində mövcud olan «riyazi münasibətləri» təsvir və təhlil etməyə, mətnin formal-poetik strukturunu, yaxud mətndə daşınan məlumatların strukturunu bu və ya digər şəkildə modelləşdirməyə çalışmışlar. Bu təcrübələrin, demək olar ki, hamısı R.Əliyev tərəfindən nəzərdən keçirilmişdir. Lakin burada diqqət çəkən ən mühüm məqam ondan ibarətdir ki, müəllif bu «riyazi folklorşünaslıq» təcrübələrinin, demək olar ki, hamısını monoqrafiyanın birinci fəslində riyazi-funksional analiz müstəvisinə gətirməklə, əslində, özünəqədərki təcrübəni həm «riyazi mifologiyanın» tarixi kimi təqdim etməyə nail olmuş, həm də bu tədqiqatları, bir növ, tamamlamışdır. Sonuncu cəhət monoqrafiyanın probleminin həlli baxımından xüsusi əhəmiyyət daşıyır.
Alimin mifologiyaya həsr olunmuş növbəti kitabında onun görüşləri sistemləşdirilmişdir.[11]
Azərbaycan folklorşünaslığında folklor mətnlərinə struktur-semiotik metodu “öz modifikasiyasında” (K.V.Nə-rimanoğlu) ilk dəfə tətbiq etməklə struktur mifologiya və struktur ritualistikanın əsaslarını qoymuş Seyfəddin Rzasoy qədim türk yurdu Biləsuvarın Bəydili kəndində sadəliyi qədər həqiqətpərəst, ədalətli olan, ulu əcdadlarının ən yaxşı keyfiy-yətlərini ruhunda yaşadan, saflığı, təmizliyi ilə cənub bölgəsində ad-san qazanan ziyalı ailəsində (atası Gülverdi kişi əmək fəaliy-yətinə keçən əsrin 50-ci illərində müəllim kimi başlamışdı, ca-van yaşlarında dünyasını dəyişmiş anası Bibixanım ana isə evdar qadın idi) dünyaya göz açıb mənəvi qidasını ana laylasından, ata nəsihətindən, xalq adət-ənənlərindən, nağıllardan, dastanlardan, müqəddəs sözün müdrikliyindən almışdı. Yurdun füsunkar təbiətinin əsrarəngiz gözəlliyi, el oyun-tamaşalarının, mərasimlərin şirinliyi, duzluluğu, uşaqlıq və yeniyetməlik çağını keçirdiyi ocağın istiliyi, ömürdən qopan illərin müxtəlifliyi, fəsillərin mülayımliyi və sərtliyi də S.Rzasoyun xarakterinin formalaşmasında az rol oynamamışdı. Doğmalarının hədsiz qayğısı, valideynlərinin orta məktəbdə seçilib-sayılan övladını ali təhsilli görmək arzusu gənc Seyfəddinin özünün bədii ədəbiyyata, söz sənətinə vurğunluğu, dünyanın sirlərini öyrənmək marağı ilə üst-üstə düşdüyündən tale onu qocaman təhsil ocağına – Pedaqoji İnstitutun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fükültəsinə gətirib çıxartmışdı. O zamandan ədəbi-nəzəri fikirlərin burulğanına düşüb ədəbiyyatın gizli kodlarının açarını axtarıb tapmağı həyat amalına çevirmişdi. Və Bakı ilə doğmalaşmışdı. O, keçilməz yollarla addımlamağa, indiyədək heç kimin toxunmadığı məsələlərə aydınlıq gətirməyə meyl göstərmişdi. Çətinliyinə baxmayaraq, ilk ciddi tədqiqatında Azərbaycan elmi-nəzəri fikrinə yad olan mövzunu – dahi Nizaminin yaradıcılığında Dünya Modeli problemini işləməklə Nizamişünaslığa elə tövhə, elə təzə-təravət gətirmişdi ki, alimin fundamental araşdırması elmi əhəmiyyətini və sanbalını həmişə qoruyub saxlayacaq, müasir tədqiqatların meydanını daha da genişləndirəcək, elmi düşüncədə yeni cığırların açılmasına düzgün istiqamət verəcək.
Yaxşı yadımdadır, alimin Nizami poeziyasının təhlilinə həsr olunan namizədlik dissertasiyası işlədiyim kafedraya gön-dərilmişdi. Məhz müzakirə zamanı Dünya Modelinin nə demək olduğunu anlamayan bir çox tədqiqatçılar müəllifi qərəzli şə-kildə tənqidə keçmişdilər. Ağır zəhmət bahasına əmələ gələn əsər müəllifdən ötrü övlad kimidir. S.Rzasoy təslim bayrağı qaldıran alimlərdən olmadığını ilk dəfə onda nümayış etdirib demişdi ki, qanmazı qandırmaq mümkündür, amma alim adı daşıyan savadsızlara elmin yeniliklərini başa salmaq çox çətindir…
Onda onun sərt cavabını kobudluq kimi qiymətləndirib, dissertasiyasına müsbət rəy verməklə bəziləri səviyyəsizliklərini ört-basdır etmişdilər. Bəli, S.Rzasoy Azərbaycan ədəbiyyatşünaslığını “Dünya modeli” kimi onlarla yeni mühüm terminlə zənginləşdirmişdi. Əslində, alim Nizami yaradıcılığı əsasında şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini yaratmağı bacarmışdı. Dünya Modeli deyəndə yazılı abidələr (bədii mətnlər), tarixi sənədlər, arxeoloji tapıntılar, maddi dəlillər əsasında aid olduğu çağın insanlarının dünya görüşlərindən tutmuş, cəmiyyətdə tutduqları mövqeyə qədər bütün məsələlərin aşkarlanması və rekonstruksiya edilməsi deməkdir. S.Rzasoy sübut edirdi ki, Nizami kimi söz ustalarının əsərləri ensiklopedik məlumatların daşıyıcısıdır. Ailə münasibətləri: ər-arvad, ata-oğul, bacı-qardaş, ana-qız, ağa-nökər, ev sahibi-qonaq; dövlət, hökmdar və xalq əlaqələri (şah-əkinçi, qoca-cavan, çoban-padşah, şah-cariyə, şah-hərəmlər, şah-vəzir, şah-dustaqlar), dövrün peşələri, usta, müəllim, şagird, məktəb, təhsil, tərbiyə və b. məsələlər Nizaminin poeziyasında zərgər dəqiqliyi ilə verilmişdir. Ayrı-ayrı insan təbəqələrinin əqidə və düşüncələrinin, dünya haqqında təsəvvürlərinin uzaq çağlarda necə olduğunun bədii mətnlər əsasında üzə çıxarılmasının mümkünlüyünü irəli sürən alim həm də yazılı ədəbiyyat-folklor, bədii mətn-tarix, mif-ritual, mif-gerçəklik əlaqələri problemlərinə də aydınlıq gətirirdi. Bu mənada alimin elmi fəaliyyətinin istiqamətləri çoxşaxəlidir. Klassik ədəbiyyatda zaman-məkan vəhdətində insanın rolu onun elmi yaradıcılığının ilk istiqaməti idi.
S.Rzasoy türk mifologiyasının rekonstruksiya yollarına həsr etdiyi fundamental əsərləri ilə (xüsusilə “Oğuz mifologiyası”) Azərbaycan-türk folklorşünaslığında yeni mərhələnin başlanğıcını qoymuşdur. Onun fəaliyyətinin bu istiqamətinin geniş təhlil və təbliğ olunması ona görə vacibdir ki, son çağlaradək Rusiya, Orta Asiya və Türkiyə alimləri türk mifologiyasının qaynaqlarını göstərərkən üzdə olan əlamətlərlə, daha çox nağıl və epos mətnlərindəki obraz və süjetlərlə kifayətlənirdilər. S.Rzasoy isə oğuz eposlarının mətnlərindəki mifik düşüncə kodlarını əsaslandırılmış şəkildə üzə çıxarmağı bacardı.