Azərbaycan-türk mifoloji düşüncəsi arxaik struktur arxetipləri ilə zəngindir. Dünyanın yaranmasına öz mənəvi alə-mindən baxan ulu əcdad ilkin olaraq universal obrazlar silsiləsini Qobustan qayalarına əks etdirmişdir. Burada kişi və qadın başlanğıcını göstərən təsvirlər, təbiət qüvvələrinin, heyvan və quşların canlandırılmasına aid səhnələr vardır. Kainatın yaradıcısının Günəşlə, Göylə, Dağla əlaqələnməsinə, təbiət hadisələrinin fövqəltəbii qüvvə şəklində anlaşılmasına, canlıların və insanın meydana gəlməsində totemlərin, tanrıların, ruhların roluna, dünyanın ikili xarakterinə, başlanğıcda Xeyirlə Şərin mübarizəsinə, demiurqların – mədəni qəhrəmanların fəaliyyətinə, triksterlərin – ikili məxluqların, qorxu, fəlakət törədən amillərin əməllərinə Azərbaycan türklərinin öz münasibəti və fərqli davranış formaları (ritualları) olmuşdur.
İlkin əcdad, ilk növbədə, yaşayış tərzi ilə təbiət hadisələri və heyvanlar aləmi arasında oxşarlıq görmüş (qidalanmada, doğumda, hərəkət və davranışda, eləcə də digər zahiri əlamətlərdə), həmin aləmlərlə özü arasındakı qeyri-adi əlaqəyə təsir göstərməyə çalışmış, bununla da nəhəng vəhşi canlılar tərəfindən gələn təhlükələrə qarşı nikbinliklərini qoruya bilmişdir. Onların yaşamaq uğrunda mübarizəsindən və topladıqları təcrübədən doğan inanışlar «sınaqlardan çıxarılaraq» yaddaşlarında möhkəmləndikcə təsəvvürlərə çevrilmişdir. Ulu əcdad dünyaya həmin təsəvvürlərin baxış bucağından, yaxud pəncərəsindən baxmışdır və onlar sistemləşdirildikcə totemizm, animizm, animatizm, magiya və kult münasibətləri şəklini almışdır. Təbiət varlıqlarının fetişləşdirilməsi isə müxtəlif ayin və mərasimlərin keçirilməsinə meydan açmışdır. Ovçuluq, maldarlıq və əkinçilikdə qazanılan uğurların da səbəbini həmin təsəvvürlərin doğurduğu qeyri-adi məxluqlarla əlaqələndirmişlər. Mifoloji anlayışlar da bu təsəvvürlərin içərisindən keçərək öz model və strukturlarını qurmuşdur və yuxular ibtidai görüşlərə təkan verən əsas vasitələrdən biri olmuşdur.
Mifə struktur kontekstində yanaşan nəzəriyyəçilər onları, əsasən, dilçilik, semiotika baxımından təhlil edir, nəticədə onu «özünəməxsus dil növü»nə[1] çevirməyə cəhd göstərirdilər. Miflər sadəliyi, primitivliyi ilə seçilməsinə, asan yolla dünyanı dərk-etmə vasitəsi olmasına baxmayaraq, nədənsə, onları abstrakt üsullarla şərh etmək ənənə halını alırdı. Bu mənada miflərin tədqiqində son istiqamət fransız semioloqu Rolan Barta məx-susdur. O, strukturalist metodologiyaya söykənən tədqiqatlarında yalnız dil faktoru kimi götürüb mənalandırmaqla miflərin bir sıra başqa mühüm cəhətlərini – süjet elementlərini, obrazlar sistemini, özündə hadisə, əhvalat daşımasını, hiss, emosiyalar ifadə etməsini və s. arxa plana keçirir. Əlbəttə, bütün elmlərin bünövrə daşlarını təşkil etdiyi üçün miflər hər sahədə izlərini bu və ya digər dərəcədə qoruyub saxlayır. Bu, sabit qanunları, kateqoriyaları olan elmlərdə, o cümlədən dilçilikdə, riyaziyyatda, semiotikada daha çox nəzərə çarpır. Miflər sözlərdə müxtəlif məna çalarları yaratmaq funksiyasını bu gün də yerinə yetirir. Bu baxımdan R.Bartın fikirləri ilə, bəlkə də, razılaşmaq mümkündür: mif – «atalar sözündə təsdiqləndiyi kimi, biliyin anasıdır, lakin belə hesab edirəm ki, bütün hallarda o işarənin anası olur»[2].
Mifologiya düşüncə tarixinin genetik strukturunda dayanmaqla onun arxetip səviyyəsini təşkil edir.
Mifologiya mütəxəssisi M.İ.Steblin-Kamenski yazır ki, «Mif – elə bir nağıl-etmədir ki, həqiqətdən tamamilə uzaq olsa da, yaranıb yayıldığı yerlərdə gerçəklik kimi qəbul edilir»[3]. Bu, mifoloji düşüncə çağıdır: elə bir dövr ki, orada mifoloji dünya modeli dünyagörüşün dominant struktur sxemini təşkil edir. Lakin düşüncənin sonrakı inkişaf prosesində mifin qavrayışında fərqli aspektlər meydana çıxır. Müəllif daha sonra bildirir ki, hələ b. e. ə. V əsrdə bəzi qədim yunan filosofları mifləri şərh etmiş, onlara təbiət hadisələrinin alleqorik keyfiyyəti, mücərrədləşdirilmiş anlayış, dolayı şəkilli tərbiyələndirmə vasitəsi kimi baxmışlar; deyək ki, mifdə hər hansı bir tanrının, yaxud ilahənin ər-arvad sədaqətini pozması nəticəsində fəlakətlər törəyir. Bu belə bir hökm çıxarmağa imkan yaradır ki, ərlə arvad bir-birinə xəyanət etməməlidirlər. Antik dövrdə belə düşünülürdü ki, hökmdarlar məqsədyönlü şəkildə özlərini tanrı səviyyəsinə qaldırır, hər şeyə qadir olduqları barədə fərziyyələr yayır, ya da bu işi yerinə yetirməyi müasirləri ilə davamçılarının ixtiyarına buraxırdı. Deməli, mif həmişə yaranıb-yayıldığı yerlərdə gerçəklik şəklində qəbul edilmir, hakim dairələrin mövqeyini müdafiə edən amilə və hətta gülüş hədəfinə çevrilirdi.
Çağdaş rus mifoloqu A.K.Bayburin mif haqqındakı nəzəri bilikləri ümumiləşdirərək yazır ki, «mif (almanca mythe, ing. myth, fr. mythe: yun. mythos – rəvayət, əhvalat) termini əsəsən iki anlamda işlənir:
1) sözlərlə yaranan təsviri mətn və
2) dünya haqqında təsəvvürlər sistemi (dünya modeli)»[4]. Birinci halda mif sintaqmatik, ikincidə isə paradiqmatik planda anlaşılır. Mifin sintaqmatik vahid olaraq gerçəkləşməsi təsadüfən baş verir. Mif mənanın paradiqmasına çevriləndə (mətn mədəniyyətinin digər formaları – rituallar, sosial institutlar, maddi mədəniyət abidələri və s. ilə bir sırada) birinci və ikinci anlamlar arasında fərqlər üzə çıxır, lakin mif və mifologiyanın eyniliyi nəzərə çarpmır. Ona görə ki, sonuncu (mifologiya) təsviredici (sintaqmatik) vahidlərin – miflərin sistemi kimi başa düşülür. Müəllifin qənaətinə görə, mifologiya termini də bir neçə anlamda işlənən ifadədir: birincisi, mifologiya – hər hansı bir tarixi-mədəni ənənəyə xas miflərin (təsvirlərin) toplusudur; ikincisi, dünyanı dərk etməyin xüsusi formasıdır. Bu halda mifologiyanın mənası mif anlamına yaxındır, hətta onun paradiqmatik aspekti ilə eynidir. Üçüncüsü, mifologiya – mifləri və mifoloji sistemləri öyrənən elm sahəsidir.
Azərbaycanda mifologiyanın öyrənilməsinə müasir elmi-metodoloji stantartları tətbiq etməklə diqqətçəkən nəticələrə nail olmuş A.Acalov müasir elmi araşdırmalara söykənərək, belə qənaətə gəlir ki, mifologiya dünyanı özünəməxsus qanun və vasitələrlə biçimləyən, izah edən «dinamik işarələr sistemidir». Hər bir sistem kimi mifoloji sistem də yalnız göstərilən əlamətlər və özünün tərkib hissələri (struktur elementlər) ilə deyil, daha çox bütün bunların qarşılıqlı münasibətləri, əlaqələri ilə səciyyələnir. Çünki «hər çoxluğun nizama salınması onun tərkibinə daxil olan vahidlərin necə düzülməsindən asılı olur» (Nəsirəddin Tusi). Deməli, dünyanın mifoloji modelini və mifoloji düşüncəni bərpa edərkən onun bütün ünsürlərinin (yer, göy, su, ağac, ruh, əcdad və b.) müəyyənləşdirilməsi işin yalnız bir tərəfidir. Başlıca məsələ onların düzülmə ardıcıllığını və münasibətlərini bərpa etməkdir. Və bu zaman konkret ünsürlərin semantikası nə qədər dəyərli olsa da, araşdırıcı üçün ikinci dərəcəlidir. Çünki bərpa son nəticədə konkret semantik qatları yox, ümumi modelin aşkarlanmasını nəzərdə tutur. Başqa sözlə, həmin ünsürlərin vahid modeldə birləşmə, qarşılıqlı fəaliyyət və dəyişməsi qanunları ilə məşğul olur. Əgər dil və başqa işarə sistemləri (mifologiya özü də elə müəyyən işarə sistemidir!) ilə analogiya aparmış olsaq, deyə bilərik ki, bərpa burada mifoloji düşüncənin qrammatikasının, mifoloji sintaksisinin bərpasıdır[5].
Beləliklə, xalqın ən ibtidai kollektiv fantastik icadı olan miflərdə gerçəklik canlandırılmış (ən adi əşyalar, cisimlər belə) və şəxsləndirilmiş obrazlar şəklində əks olunur, insan ağlına gələn nə varsa, hamısı həssaslıqla ümumiləşdirilib, adi halından çıxarılır, fövqəltəbii məxluqlara, varlıqlara çevrilir və bunlar ilkin inanışlarda reallıq kimi başa düşülür. Mif mənəvi mədəniyyətin başlanğıc forması, xalq fantaziyasının özülü olmaqla yanaşı, ulu əcdadın təbii fəlakətlərə, qəzalara, xəstəliklərə qarşı qorxu hisslərinə üstün gəlmək vasitəsi idi. Başqa sözlə, toplum halında yaşayan qədim insanlar qeyri-şüuri şəkildə təfəkkürdə yaranan məcazi obrazlarla təbiətə təsir göstərməyin yollarını axtarır və nəticədə onunla təskinlik tapırdılar ki, sel də, sərt külək də, qızmar günəş də onlar kimi canlıdır, istədiklərini ödəməklə təhlükəni sovuşdurmaq olar. Beləliklə, mifik düşüncənin məntiqi özünəməxsusluğu ondadır ki, ibtidai insanlar onları əhatə edən sosial mühitdən (xüsusilə təbiətdən), emosiyaların, hissi effektlərin təsirindən özlərini təcrid etmirdilər, miflərdə dolayı yolla da olsa varlığın bir-birinə bağlanan və hissələrə parçalanan əlamətlərini qoruyub saxlaya bilirdilər. Deməli, dünyada baş verən hadisələrin sadəcə təsvirinə deyil, mahiyyətini, məğzini anlamağa təşəbbüs göstərirdilər. Bütün bunların nəticəsi olaraq, gözlə görünən və duyulan hər şeyi şəxsləndirir, özlərində müşahidə etdikləri əlamətlərlə təqdim edir, daha dəqiq desək, təbii, sosial və mədəni obyektləri metaforik müqayisədə verirdilər (insanlar hər şeyi, ilk növbədə, özləri ilə müqayisə edirdilər, cansız əşyalarda, bitkilərdə, heyvanlarda, quşlarda, dağlarda, çaylarda, göllərdə, təbiətin əsrarəngiz hadisələrində özlərində olan keyfiyyətlər tapır, bununla dünyanı dərk etməklə yanaşı, özlərini daha yaxşı tanımaq istəyirdilər). Ona görə də, mifik təfəkkürdə insanlara xas xüsusiyyətlər təbiət hadisələrinin, cansız varlıqların, heyvanların, quşların və bitkilərin üzərinə köçürülür, hər şey düşünmək qabiliyyətinə, hissiyata malik təsvir olunur və zahirən antropomofik şəkil alırdı. Mövcudatın animistik (ruhun varlığı) modeli yaradılırdı. Bəzən isə, əksinə, təbiət qüvvələrinə, xüsusilə heyvanlara, quşlara məxsus əlamətlər (daha çox totem kimi qəbul edilən heyvan, quş və bitkilərin əlamətləri) mifik mədəni qəhrəmanlara (nəsil törədənə) şamil edilirdi. Məsələn, Oğuzun «ayağı öküz ayağı kimi (qüvvətli), beli qurd beli kimi (incə), ombuzları samur ombuzları kimi, köksü ayı vücudu kimi (güclü) və bütün bədəni tüklü idi».[6] Qeyri-adi təsvirlər, qəribəliklər, möcüzələr, dəyişmələr, metamorfozalar (dönər-gələr), dünyanın müxtəlif obyektlərinin canlandırılmış və şüura malik obrazlara çevrilməsi və s. mifik fantaziyanın istehsal etdiyi məhsullardır. Təbiətin fəlakətli hadisələri müqabilində təfəkkürdə kortəbii yaranan bəzi mifik obrazlar (müəyyən qorxunc qüvvələr) transformasiya nəticəsində zahiri əlamətlərinə görə vəhşi, dəhşətli məxluq şəklinə (çoxbaşlı, çoxəlli, təkgözlü, ağzından od püskürən, adamcıl, baş kəsən, qan içən) düşür. Belə ki, qıtlığa səbəb olan quraqlıq – əjdaha; ölüm gətirən xəstəlik – nəhəng, qorxulu mələk; kainat – dünya ağacı, heyvana oxşar azman (məsələn, Şərq təqvimlərində kainatın bir hissəsi olan Yerin müxtəlif heyvanlar üstündə mövcudluğuna və həmin heyvanların müəyyən ardıcıllıqla hər il bir-birini əvəz etmələrinə inam vardır) kimi təsəvvür edilir; nəslin başlanğıcında duran ilk insan (əcdad) isə çox vaxt ikili təbiətə malik – zoomorfik və antropomorfik formada modelləşdirilir. Bu modellər müəyyən şərtlərlə birləşərək mif sistemlərini yaradır. Belə ki, miflərdə ruhlar, allahlar, eləcə də onların törətdikləri dəhşətli təbiət hadisələri (ildırım çaxmasından yağış yağır, yağışdan sonra otlar cücərir və s.) və qəhrəmanlar həmişə qohumluq əlaqəsinə, məkan və zaman, yaxud başlanğıc, törəmə, başvermə səbəbinin oxşarlığına görə bir-birinə bağlanır. Bu, dünyadakı varlıqların xaosdan sonra eyni ünsürlərdən (od, su, hava, torpaq) yaranmasına olan inamdan irəli gəlir.
Mifologiya ilkin dünyagörüşü sistemi kimi hər bir etnosun tarixinin və mədəniyyətinin ən qədim mərhələsidir. Etnoqrafi-yanın və folklorşünaslığın əsas tədqiq obyektlərindən biridir. Meydana gəldiyi dövrün həddindən artıq uzaqlığına və qeyri-müəyyənliyinə görə sistemləşdiriləndə ayrı-ayrı dil ailələrinin, super etnosların kökündə dayanan qeyri-adi düşüncə tərzi və yaradıcılıq hadisəsi sayılır. Bəşəriyyətin mənəvi mədəniyyəti içərisində ikinci təfəkkür və kortəbii yaradıcılıq hadisəsinə rast gəlmək olmaz ki, miflər qədər müxtəlif, bir-birinə zidd fikirlərlə izah edilsin. Tədqiqatçıların bir qrupu mifləri dinlə eyniləşdirməyə çalışmış, digərləri bunun qəti əleyhinə çıxmışlar. Bəziləri mifləri əfsanələrlə, rəvayətlərlə, nağıllarla qarışdırmış, başqaları isə folklordan tamamilə təcrid edilmiş halda xüsusi fəlsəfi kateqoriya kimi təqdim etməyi məqbul saymışlar. Elə tədqiqatçılar tapılmışdır ki, mifləri – xalqın mənəvi dəyərləri içərisində mürtəce mahiyyətli artıq yük hesab etmişdir. Əksinə düşünənlər də (mədəniyyətin ən mütərəqqi faktı kimi) meydana çıxmışdır. Bəs əsil həqiqətdə mif nədir? Onun bəşər təfəkkürünün inkişafında rolu nədən ibarətdir, din, tarix, etnoqrafiya, dil və folklorla (bədii yaradıcılıqla) hansı tellərlə bağlıdır? – suallarına cavab axtararkən ilkin olaraq S.A.Toka-revin İ.M.Dyakonova əsaslana-raq yazdığı fikirlər yada düşür: «Mif – dünyanın və insanların yaranması, eləcə də allahlar və qəhrəmanlar haqqında antik, bibliyadan gələn və başqa qədim, poetik, həm də qəribə əhvalatlardır»[7]. E.M.Meletinskinin qənaətinə görə də mif allahlara, ruhlara, ilahiləşən, ya da mənşəyi ilə allahlara bağlanan qəhrəmanlara, zamanın başlanğıcında dünyanın özünün, eləcə də təbiət və mədəniyyət elementlərinin yaranmasında birbaşa, ya da dolayı yolla iştirak edən, nəsil, tayfa törədən ilk insanlara aid əhvalatlar kimi anlaşılır[8]. Əski çağlarda «mif» sözü yunanlarda mahiyyətinə uyğun mənada başa düşülür və yarandığı anın dünyaanlamını, dünyaduyumunu əks etdirirdi.
Miflərdə forma məzmunla sıx vəhdətdə verilir. Xüsusi obrazlarla, işarələrlə, rəmzlərlə varlıqların və hadisələrin mahiyyətini açmağa cəhd göstərilir. Ona görə də miflər ikili xüsusiyyətə malik olur. Başqa sözlə, mif eyni vaxtda həm forma, həm də məzmun daşıyıcısına çevrilə bilir. Belə ki, antropomorfik miflərdə dünyanın alleqorik şəkildə dərki formadır, ifadə vasitəsidir, bədiilik üsuludur, poetik sistemin bir detalıdır, eləcə də insana, cəmiyyətə xas keyfiyyətlərin insanın və təbiətin üzərinə köçürülməsindən alınan məna, məzmundur, hadisələri, əhvalatları, obrazların qarşılıqlı əlaqələrini özündə əks etdirir. Mifin bu cəhətini ilk dəfə müşahidə edən və elmi şəkildə əsaslandıran Rolan Bartın yazdığı kimi, miflər birdən-birə «dolu olduğu halda boş görünür».[9]
Hər hansı bir mifik strukturda (mifik zamanda) varlığın obrazlar şəklində yaranıb yaşama müddəti məchulluq çağından anlaşılan zamanadək daşıdığı roldan asılı olur. Qışın yazla, gecənin gündüzlə əvəzlənməsinin əsl səbəbi dərk ediləndən sonra həmin təbiət hadisələrinin mifik sistemlərdəki modelləri mahiyyətini (gerçəkliklə, reallıqla əlaqəsini) itirir, təfəkkürdəki ilkin funksiyasını dəyişib, bədii sənət nümunəsinə çevrilir və folklorun başqa janrlarının (xüsusilə nağılların və dastanların) içərisində əridilir. Miflərdə dünya modelinin tam təsviri ilə onun ayrı-ayrı elementlərinin, detallarının yaranmasına (təbiət və mədəniyyət obyektlərinin, allahların və qəhrəmanların) həsr olunan əhvalatlar üst-üstə düşüb, bir-birini tamamlayır.