Ramazan QAFARLI
ŞEİRLƏR
DÜNYA VƏ İNSAN
(Qorqudsayağı düşüncələr)
Gələn bir gün köç edir,
Dünya dolub boşalır.
Çoxu cüt-cüt yol gedir,
Təkin yurdu boş qalır.
Təklik – yoxluğun özü,
Sağ ikən bitmək, düzü.
Əbədi həyat yoxdur,
Dünya boşalıb dolur,
Malla yüklənən çoxdur,
Gedir, payı bez olur.
Hamı tək çatır gora,
Yamanca düşür tora.
Qəlbini qoyub gedir,
Varsa, ad-sanı qalır.
Zülmdən doyub gedir,
Həyatı gözdən salır.
Dünya dolub boşalır,
Dünya boşalıb dolur.
Dünya qocalır, qalır,
İnsan ucalır – qalır.
Bilir yurdda qonaqdır.
Dünyanın üzü ağdır,
Bir üzü də qaradır.
Əbədi evi torpaq –
İnsan bilmir haradır.
Gedəni yola saldın,
Hələlik yurdda qaldın.
Dur, oğul, ocaq qala,
Uyma dövlətə, mala,
İşıqları tez yandır.
Dəyişən də insandır,
İtib-batan da insan.
Gorda yatan da insan.
Günəs sönüb bitməsin,
Var olsun torpaq, hava.
Yağış, sular itməsin,
Bitsin məkr, yalan, dava.
Gələnlər ibrət alsın,
Gedənlərin işindən.
Qoy Dünya daim qalsın.
Şərdən, pis vərdişindən
İnsan oğlu əl çəksin,
Tikan yox, çicək əksin.
Dünya vermədi aman,
Hamını tora saldı.
Qorqud gəldi bir zaman,
Köç etdi, sözü qaldı:
“Hanı dediyim bəy ərənlər?
“Dünya mənimdir” deyənlər?!
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya
Son ucu ölümlü dünya!..”
Dünya dolub boşalır,
Dünya boşalıb dolur.
Dünya əbədi qalır,
İnsanın ömrü solur.
8 may 2021-ci il
BÜTÖVLƏŞƏN VƏTƏN
Dünya boyda dərd var idi
ürəyimizdə,
Vətən əsir, qanlı xəncər
kürəyimizdə.
Düşmən meydan sulayırdı
hey Qarabağda…
Dolaşırdı Kəlbəcərdə,
çaqqal hay dağda.
Təmiz Şuşa murdarlanmış,
çox zorlanmışdı,
Şanlı Ağdam itib-batmış,
bağlar yanmışdı.
Füzuli də, Qubadlı da
al qan qusurdu.
Dünya kor, kar idi,
baxıb susurdu.
Zəngilanda, Cəbrayılda
tarix silinmiş.
Düşmənlərin bəd niyyəti
aşkar bilinmiş.
İnsan oğlu! Törətdiyin
dğadan utan –
Şeytanlara, iblislərə
daim züy tutan…
Görən Şimal, canbir Cənub
odlanır niyə?
İki qonşu “şirim” deyir
gic erməniyə?
Hər gün artan gücümüzdən
dəli olurlar.
Hiylə ilə içimizə
hey soxulurlar.
Qərb də, Şərq də erməniyə
söylədi “can”…
İgid əsgər – igid yurddaş
axıtdı çox qan,
Şəhid verib qırx dörd günə
aldı torpağı.
Düşmən “ bitdim” xoru ilə
oxudu ağı.
Tərtər, Gəncə gərdi sinə
raket zərbəşinə.
Düçmənlərin qıl verəni
Bilmədi dinə…
“İskəndər”i tuşladılar
dinc sakinlərə.
Ermənilər döndü azğın,
quduz cinlərə.
Parça-parça doğradılar
torpağımızı.
Azmış kimi, aldılar
gül bağımızı.
Xəstə millət aramadı
loğman, dərmanı.
Girdikləri deşikdə də
çıxdı hey canı.
Lənətlənmiş üç qonşumuz
bitirdi toyu.
Yurda qənim kəsilmişdi
Min illər boyu.
Türkə: “unut türklüyünü” –
deyənlər susdu.
İllər boyu qamarlayıb
yediyin qusdu.
Qarabağ da qaytarıldı,
Ağdam, Şuşa da.
Yenə sahib olacağıq
hər bir daşa da.
İrəvan da, mərd Göyçə də,
türk elləridir.
Zəngəzura əl qoyanlar
dost əlləridir.
Araz çayı, gəl lillənmə,
həsrətə son qoy.
Ayrılığın acısından
bir dəfəlik doy.
Laçın, oyan, övladını,
al sinən üstə.
Vətən, birlik gülzarını
sal sinən üstə.
Xankəndini, Xocalını
aldı şimallı.
Hiyləsi bol, qana həris,
işi yamanlı.
Xocavənd də, Əsgəran da
buxovlandı hey…
Düşdü düşmən tələsinə
tez ovlandı hey…
İgid əsgər! Əsir yurdda
var sənə güvən.
Şərə heykəl qoyan düşmən
qoparsın şüvən.
Birliyimiz yarımçıqdır,
gözlər yoldadı.
Hələ yağı tapdağıdır,
zəngir qoldadı.
Türkün dönüş günü yaxın,
Turan doğulur.
Düşmən görür oyanışı
hirsdən boğulur.
Türkə ABŞ-da böhtan atır
büdrəyən qoca.
Təlxəkliklə erməniyə
baş əyən qoca.
Əsgər! Uymur hiylələrə
ər doğan ana.
İçindəki qəzəbini
hey boğan ana.
Yerə qoyma silahını,
düşmən çoxalır.
Birliyimiz yarımçıqdır,
əsir yurd qalır.
9-10 may 2021-ci il
BAĞIŞLA TÜRKÜ, XOCALI
İNSANLIĞIN CƏLLADI, FAŞİSTLƏRİN NÖKƏRİ QAREGİN NJDENİN NƏVƏSİ YAZIR:
“Babam Azərbaycanın qələbəsini görsəydi, ürəyi partlayardı.”
MÜHARİBƏDƏ HƏLAK OLMUŞ BİR ERMƏNİ ƏSGƏRİNİN MƏZARI ÖNÜNDƏ CAVAN ANASININ DEDİKLƏRİ:
“Bağrım yarılır, az qalır ürəyim partlasın. Amma mən səninlə fəxr edirəm, oğul.
Ona görə ki, çoxlu türk öldürmüşən…”
Qovduq dağın sis, çənini,
Ölməlilər yaşadılar.
Yaltaq, xain ermənini
Xankəndinə daşıdılar.
Gücümüzü gördülərmı
Yumşaldılar ipək kimi.
Üstümüzə hey hürdülər
Arxalı it, köpək kimi.
“Sülhməramlı” cəlladları
Qarabağa buraxdıq biz.
Ləkələndi yurd adları,
Buxovları tez taxdıq biz.
Təkərəmi düşdü hamı,
Xocalımız matəm qurdu.
Unutduqca qətliamı,
Düşmən coşdu, üzə durdu.
Xocalının qanı batdı,
İnsanlığa ləkə düşdü.
Xankəndinin bəxti yatdı,
İşğalçı rus, hay öpüşdü.
Haqq, ədalət tərəzisi
Qan tökənə səhv verildi.
Maska taxtı tez bəzisi,
“Sülhpərvələr” tək dirildi.
İçimizi qurd basmağa
Qoymasaq da, soxuldular.
Bayraqları tez asmağa
Can atanlar yox oldular.
Ayaq altda qaldı Laçın,
Dəhliz edib verdik yada.
Zəngirləri qırın, açın,
Qoy yox olsun bəla, qada.
Mina səpib torpaqlara
Ölüm yolu çücərtdilər.
İnsan hara, “dığa” hara,
Haylar bəla, şər, dərddilər.
Kim şeytana papış tikir,
Özünə də quyu qazır.
Özgə yurda kim göz dikir,
Baş daşını özü yazır.
Kəlbəcərdə oyun oldu,
Murdarlandı sağı, solu.
Rus dığaya boyun oldu,
Minaladı keşiş yolu.
Haqsızlığa, vəhşiliyə –
Kordur Dünya, kardır, susub.
Töhmətləyir bizi niyə?
Qadın, uşaq hey qan qusub.
Terrorçuyla bir oldular
“Sülhməramlı” işğalçılar.
Çox günahsız can aldılar,
Harda belə haqsızlıq var?
Ay Xankəndi, varı, yoxu
Ver küləyə, at sulara.
Ay Xocalı, lənət oxu
Qan batıran qonşulara.
Türk yenə də aciz qaldı,
Qarğa-quzğun gəlib doldu.
Qarabağ da paralandı,
Yurdumuz tək iki oldu.
Ey Türk, vaxtdır, ayıl, birləş,
İkiliyi birə çevir.
Bu dünyada sayıl, birləş,
Allah Türkü daim sevir.
Dəmir yumruq işə düşsə,
Əsir torpaq azad olar.
Düşmən qaçıb, şər ötüşsə,
Cəlladların ömrü solar.
Qarabağda ağ bağların
Çiçəklənən çağı gəlsin.
Beli bükük şiş dağların
Əyri qəddi dik düzəlsin.
09 iyun 2021
BAŞ ƏYDİK
Fikrimizi, ağlımızı satmaqla
Gen dünyanı daraldana baş əydik.
Haqqı yeyən tayfabazı tapmaqla
Günümüzü qaraldana baş əydik.
Adamlıqdan uzalaşıb süründük,
Qara gündə ağ kəfənə büründük,
Diri ikən ölü kimi göründük,
Rəngimizi saraldana baş əydik.
Elə bildik yaşayırıq bal yeyib,
Acı olan hər tikəyə qənd deyib.
Sürünməyi saymalıydıq biz eyib,
Şər işləri dana-dana baş əydik.
Qəpik-quruş dilənməklə alçaldıq,
Boş vədlərə inanmaqla qocaldıq.
Haqqı dandıq, zənn etdik ki, ucaldıq,
Doğrulara şər atana baş əydik.
Elə bildik ziyan bizdən ötüşdü.
Susub durduq, göz kor oldu, qaş düşdü.
Əyildikcə başımıza daş düşdü,
Yağılara qana-qana baş əydik.
05.12.2019
DİRİYİK ÖLÜ KİMİ
Nə olsun ki, biz varıq,
Yox kimiyik dünyada.
Toza dönüb uçarıq,
Düşmərik bir də yada.
Çünki ayaq altdayıq,
Tapdalanır cismimiz.
Aramızda yox ayıq,
Yuxudayıq hələ biz.
Allahın qulu idik,
Etdilər malın qulu.
Eşşəyin çulu idik,
Köçmədik üzü sulu.
Virus hərbə qarışdı,
Düşmən gorbagor oldu.
Məmur yurda daraşdı,
Puldan gözü kor oldu.
Benzini qaldırdılar,
Suyu da çox gördülər.
Qəzəbi doldurdular,
Özləri kef sürdülər.
Zalım fələk nə saydı?
Yatın, bir də durmayın.
Hər tərəf susuz çaydı,
Görünmür əksi ayın.
Diriyik ölü kimi,
Qəbr payımız da yox.
Hanı haqqın hakimi?
Tanılmır bir gözü tox.
3 fevral 2021-ci il
ÖLÜMLƏ DOST OLAQ
Salam, ölüm, sən də haqsan dedilər,
Haqqımızı bu dünyada yedilər.
Alimini, müdrikini boğdular,
Zər qədrini tayfabazlar nə bilər?!
Bircə səni mükafat tək verməyə
Hazırdılar. Qucağına girməyə
Yol açdılar. Yaşamaqdan əl çəkib
Gedək sənlə kəfən yerə sərməyə.
Bu dünyanı, ölüm, satın alıblar,
Alimliyi kənddə dəbə salıblar.
Qorqud haqda yazımızı görəndən
Ölüm, sənə yaman möhtac qalıblar.
Gəl, dost olaq, ölüm qardaş, birləşək,
Qaça-qovda kişiləşək, ərləşək.
Dədə Qorqud deyən kimi dəyişib
Bizdə, ölüm, bircə dəfə şərləşək.
03.12.2019
YALTAQLLIQ
Haqqı tapdalayıb yaltaqlıq etmək
Tayfabaz dəstəyə qol-qanad verir.
Yalaqlıq yoluyla qabağa getmək
Kişiyə nə vaxtdan yaxşı ad verir?
SƏNİ UTANDIRDIQ ALÇALIB, VƏTƏN
“Adam səni sevməyə utanır indi, Vətən!”
Ramiz Rövşən
Varlanıb xalqına dirsək göstərən
Məmur görəydi kaş ərənlər, ərlər.
Bizi utandıran Vətənmi görən,
Yoxsa vəzifədən yapışan “nərlər”?
Ac qalan millətin haqqını yeyir,
Kasıbın işini bitirib gəzir.
Düşmənin üzünə gülüb dost deyir,
Yurdun yarısını itirib gəzir.
Rusun qoltuğundan baş qurtaranda
Sandıq müstəqilik, azaddır Vətən.
Haqqı çox aradıq dağda, aranda
Tapmadıq, o gündən haqq oldu itən.
Başı bəlalıymış azad yurdumun,
Qonşular göz dikdi torpağımıza.
Nahaq qəltən oldu qanı ordumun,
Şərik çıxmadılar dərd, ağımıza.
Qovmadıq dağlardan dumanı, çəni,
Gözü görə-görə oldu kor oğlun.
Verdik Qarabağı, verdik Göyçəni,
Hanı bəy-ərənin, Nəbin, Koroğlun?
Bizə zülm edənə əl çalıb, Vətən,
Xar olduq torpağı sata-sata biz.
Səni utandırdıq alçalıb, Vətən.
Palçığa, çamura bata-bata biz.
15.12.2019
TÜRK AKTYORUNUN RUHU İLƏ DEYİŞMƏ
Dünyada var imiş nə hallar,
Tuncel Kurtiz* vemiş suallar:
– Silah satan istərmi barış?
– Puldan ötrü başlanır yarış.
– Dərman satan istərmi sağlıq?
– Dünyada yox bir üzü ağlıq.
– Dini satan istərmi savad?
– Varmı onda ağıl, təmiz ad…
– Oğru olan hüquq istərmi?
– Dözən şərə, bədliyə ərmi?! –
Deyib ruhu ilə deyişdim.
Hər şey tərsmiş, mən də dəyişdim.
Fikrim başqa oldu, dilim lal,
Dünya başdan olub qalmaqal.
Varı olan mənən kasıbdı,
Çoxu Şərə qulaq asıbdı.
Yaxın olub aclar Xeyirlə
Yoxdan sınıb, sürünüb yerlə.
Fani Dünya insafdan uzaq…
Zalım fələk qurubdur tuzaq.
Silah, dərman doğmadı çoxdan,
Həris insan yaranmır yoxdan.
Bəşər qanı daşıyıb hər an.
“Can” deməklə yaşarmı heç can?
Təmiz qalmaq üçün ruh gərək.
O da yoxdu, soyuqdu ürək.
Ara itib məzhəb qarışıb,
Acgöz məmur yurda daraşıb.
Oğurluqla xalqı talayır,
Gəl kütlədən şeytanı ayır.
* Tuncel Tayanç Kurtiz (1 Fevral 1936 – 27 Sentyabr 2013) dünya şöhrətli Türk teatr, film və televiziya serialı aktyoru, dramaturq və kinorejissoru idi du 70-dən çox filmdə rol almışdır.
İyun 2021-ci il