Qızıl skif nə deyir, yaxud tarixin atasının skif çarlığına səyahəti

İranlılara qarşı üsyanda fəal iştirak etdiyinə görə tarixin atası Herodot gənc yaşlarında doğma şəhəri Qalikarnasdan qovulur. O, bir müddət Samos adasında yaşayır. Azğın düşmənə qarşı içərisində püskürən qəzəbi söndürmək məqsədilə çox götür-qoy edir. Qılıncı ilə görə bilmədiyi işi qələmlə yerinə yetirmək qərarına gəlir. O, elə hadisələri yazı yaddaşına köçürmək istəyir ki, gələcək nəsillər farsların məğlubedilməzliyi barədəki əfsanələri puça çıxartsın, yunan-iran müharibəsində yaşanılan dəhşətlər və başqa xalqların iranlıları biabırçı şəkildə diz çökdürdüyü yaddaşlardan silinməsin. Herodot bir şərqli səyyahdan Qafqaz massagetlərinin qadın hökmdarı Tomirisin cahangir Kirə qalib gəlməsini, şahı açıq döyüşdə öldürməklə ürəyi soyumayıb, meyitin başını kəsərək içi qanla dolu tuluğa atmasını eşidir və prototürk tayfalarına qarşı onda sonsuz maraq oyanır. Yazmaq istədiyi “Tarix” kitabının materiallarını toplamaq üçün ilk öncə öz ölkəsini qarış-qarış gəzib-dolaşır. Döyüşlərin baş verdiyi yerləri gözləri ilə görür, müharibə iştirakçılarının söhbətlərini dinləyir. Yerli əhalidən saysız-hesabsız rəvayətlər toplayır. Ən çox eşitdiyi xəbər Heraklın oğlunun törəmələri – skiflərin iranlılara bir neçə dəfə divan tutması olur. Onda skiflərin ölkəsinə səyahətə çıxmaq həvəsi oyanır. Beləcə, dahi tarixçinin elmi yaradıcılığına güclü təsir göstərən ilk maraqlı gəzintisi qədim skif mədəniyyətinin bəzi izlərini itib-batmaqdan qoruyur.

Bir cavab yazın

Back to top