QAFQAZ TURİZM. Sayı 003

Yer kürəsini qarış-qarış gəzib haqqın yolunu arasanız, hərlənib-fırlanıb bir yerdə duracaqsınız. Doğrudur, Şərqdə də, Qərbdə də təbiətin və insan əllərinin yaratdığı möhtəşəm abidələrlə, möcüzələrlə rastlaşacaqsınız. Bir müddət Hindistanı, sonra bir-birinin ardinca Çini, Meksikanı, Kanadanı, Ərəbistanı, Yunanıstanı, İtaliyanı, İranı bütün yaranışların beşiyi sanacaqsınız. Amma az keçməmiş hər yerdə yanıldığınızı biləcək, yeni, daha heyrətedici mənzərələr görmək arzusuyla: “Bəlkə, irəlidə bir az da yaxşısı var” – deyib haqq yolunu aramaqda davam edəcəksiniz. Elə ki, Batabatı arxada qoyub İlanlı dağına, Gəmiqayaya, Əshabi Kəhfə çatdınız, gözünüz işıqla, ruhunuz dincliklə, qəlbiniz sevgiylə dolacaq. Biləcəksiniz ki, mənəvi ucalığı tapmısınız, həyatın mənbəyi buradan başlanır. Xeyir, bərəkət, haqq və ədalət ocağına düşmüsünüz. Çox əski çağlarda şərə uyan bəşər oğlunun dünyası daralıb sulara qərq olanda yalnız bir haqqa tapınan ailə Allah qəzəbindən qurtara bilmişdi. Naxçıvanlıların gen yaddaşında qalan inanca görə, «qabaxlar göy yerə yaxın idi. Adamlar bir-birini öldürüb qan tökürdülər, bərəkətin qədrini bilmirdilər. Bunu görəndə tanrının qəzəbi tutdu, göyü yerdən uzaqlaşdırdı». Sonralar bu təsəvvür dünyanın məhvi – Dünya tufanı şəklinə salınmış, göyün – yaradıcının üz döndərməsinin səbəbi isə insanların şərə, pis əməllərə meyl etmələri ilə izah olunmuşdur: «Əzəli yer üzündə heş nə yoxuydu. Elə vaxt öz-özünə cəlib keçirmiş. Sonra heyvannar, cücülər, otdar, ağaşdar yarandı. Lap axırda Allah adamları yaratdı. Bullar yer üzündə o qədər artıb törədilər ki, dünya bullara darrığ elədi, insannar başdadılar bir-birinə pisdih, paxıllığ eləməyə. Bunu görəndə Göy acıxlanıf yerdən aralandı. O vaxtdan da bərəkət azalıf, çörəh daşdan çıxır». Beləcə Şərqin qapısı Nəqşicahan bəşər oğlunun ilk sığınacaq yeridir…

Bir cavab yazın

Back to top