Bu epizodların türkün yaratdığı qədim “Oğuz kağan” dastanında rastlaşdığımız Kıl Baraklar haqqındakı təsvirlərlə üst-üstə düşməsi təsadüfi deyil. Nizami əsərlərini yaradanda ilk növbədə mənsub olduğu soyun şifahi və yazılı epik ənənəsinə üz tuturdu. Lakin Yəcucların ölkəsinin əksini təşkil edən diyarı birinciyə qarşı qoyması sübut edir ki, dahi şair ulu babaları midiyalıların yaratdığı “Avesta” motivlərinə də yaxşı bələd idi. Orada məsələlərin daha qlobal şəkildə meydana atıldığını anlayıb müasirlərinə tövsiyə edirdi ki, azad və xoşbəxt cəmiyyət yaratmaq üçün bütün xalqlar türkün ədalət bayrağı altında birləşməlidir.
Nizami öz müasirlərinə Yimin (Cəmşidin) idarəçiliyini bir qədər yeniləşdirərək, təkmilləşdirərək aşağıdakı formada təqdim edir:
“Əyrilik pərdəsində bizim işimiz yoxdur,
Doğruluqdan başqa heç bir şey bilmirik.
Dünyada əyrilik qapısını bağlamışıq.
Dünyadan bu cür doğruluqla xilas olmuşuq…
Allahdan olan hər şeyi qəbul edirik…
Biz öz mallarımızın hamısını bərabər bölürük.
Biz hamımızı bərabər sayırıq…
Nə şəhərdə gözətçi, nə də məhəllədə qarovul qoyuruq…
Evlərin qapısında nə qıfıl, nə bəndəmiz var,
Mal-qaramızı güdən də yoxdur…
Heç kəsi pis yola dəvət etmirik,
Fitnə axtarmırıq, qan tökmürük…”
Atəşpərəstlərə görə, düzlük Ahur-Məzdin sifətidir ki, insana keçən ən gözəl keyfiyyətdir. “Avesta”da göstərilir ki, yalan danışmaq böyük günahdır. Qədim Midiyada ən ağır cəzanı yalançılara verirdilər. Əksər tədqiqatçılar da təsdiqləyirlər ki, dünyanı qəzalardan yalnız Nizaminin təsvir etdiyi şəkildəki qloballaşma xilas edə bilər. Şair öz müasirlərinə bildirirdi ki:
- bütün münasibət və əlaqələri məhəbbət, eşq əsasında qurmaq;
- bərabərləşmənin mayasında mənəvi dəyərləri əsas götürmək;
- var-dövlət hesabına təbəqələşmədən uzaq qaçmaq;
- etika, əxlaq normalarında ancaq humanizmə söykən-mək;
- ailənin yaranmasında alqı-satqı prinsipindən əl çəkmək;
- beynəlmiləlləşmədə milli amilləri inkar etməmək;
- idarəçilik işinə kamilləşməklə girişmək lazımdır.
Qloballaşmanın əsas məsələlərindən biri də dünyanın klassik modelinin şərhidir. Maraqlıdır ki, bu problemlə bağlı ən uğurlu fikirlər əski mədəniyyətlərdəki mifik dünya modellərinə əsaslanaraq irəli sürülmüşdür. Məsələn, “Qızıl milyard” nəzəriyyəsinə görə, ekoloji tələ işə düşməmişdən qabaq bolluq timsalı olan postindustrial cəmiyyətlər mövcud imiş. Atəşpərəst midiyalıların, eləcə də hind və yunanların mifoloji görüşlərinə diqqət yetirəndə aydınlaşır ki, lap başlanğıcda dünyanın “qızıl dövrü” olmuşdur. “Avesta”da dünyanın və bəşər övladının yaranıb inkişafı üç (əslində dörd) dövrə bölünür:
- Xeyirin hökmranlığı ilə yalnız işığın, istinin, Günəşin, həmişə gündüzün mövcud olduğu qızıl dövr – birincidir;
- gecənin, zülmətin göy üzünü bürüməsi, soyuqların düşməsi, sərt küləklərin əsməsi, quraqlıq və aclığın başlaması, ölüm hadisələrinin baş verməsi ilə Xeyirlə Şərin daim mübarizəsi dövrü başlanır ki, peyğəmbər Zaratuştr da həmin çağlarda yaşayıb vuruşmuşdur, bu, ikincidir;
- Xeyir Şər üzərində qələbə çalandan sonra yenidən təbiət xoşhallaşacaq, ölüm yer üzündən silinəcək, insanlar pis əməllərlə məşğul olmayacaq, düzlüyü sevəcək, yalan danışmayacaqlar, bu dövr üçüncüdür.
Göründüyü kimi, ilkin çağların vaxt və zaman bölgüsü məhdud dairədə qırılmır, dünyanın dağılıb təzədən qurulması şəklində deyil, eyni dünya çevrəsi daxilində ardıcıllıqla, lakin çox böyük mərəhələrlə – yaxşılıqdan pisliyə və təzədən yaxşılığa doğru enib-qalxmaqla təsəvvürə gətirilir.
Qədim inkişaf etmiş mədəniyyətlərin bəzilərində zaman bölgüsü eyniköklü təsəvvürlərə söykənir. Məsələn, hindlilərdə də zaman üç mərhələdən ibarətdir:
- çiçəklənmə və uğurlarla müşayiət olunan qızıl dövr,
- hər şeyin xarablaşmağa başladığı dövr və
- məhv olma dövrü
Lakin “Avesta”da hindlilərin inamından fərqli olaraq zaman sonsuz göstərilir:
– varlıqların meydana gəlmə mərhələsi,
– ancaq işığın, uğurun, bolluğun, xeyirin mövcudluğunu şərtləndirən mərhələ (qızıl dövr),
-Şərin hökmranlığı ələ almasıyla fəlakətlərin, müharibələrin başladığı mərhələ (mübarizələr dövrü) və
– Xeyirin Şər üzərində qələbəsindən sonrakı əmin-amanlıq mərhələsi (ilkin zamana qayıdış).
Bir məsələ də diqqəti cəlb edir ki, böyük və kiçik zaman bölgülərinin hamısında insan və onun taleyi ön planda durur.
Müasir qloballaşmada xaosun, dünya qəzasının, qlobal böhranların (ekoloji, sosial-mədəni, iqtisadi, sürətlə əhali artımı və s.) qarşısının alınması yolları işlənib hazırlanır. Dünyanı ekoloji böhrandan, beynəlxalq terrordan qurtarmaq üçün beynəlmiləlləşməyə geniş meydan açılır. Tərəqqini dağıntıların içərisindən keçirməklə deyil, mənəvi amillərin əsasında formalaşdırmağın mümkünlüyü irəli sürülür. Lakin müasir qlobal dünyanın bazar modelindən yaxa qurtarmaq mümkün deyil. Çox halda bir əldə cəmləşdiyindən kapital maddi amillərlə yanaşı mənəvi dəyərlərin də inkişafına nəzarət edir.
Dünyanı kapital (var-dövlət, sərvət) xilas edə bilərmi? – sualına mifik görüşlərdə birmənalı cavab tapmaq olar: qızıl-cəvahiratla saraylar, şəhərlər, ölkələr alınsa da, əsl səadəti əldə etmək mümkün deyil.
Tədqiqatçılar göstərirlər ki, “qloballaşmaqda olan dünya rəqabət modelindən çox oliqopol modelə (bir qrup kapitalist firmasının ağalığını nəzərdə tutan modelə) tərəf meyl edir. Siyasi münasibətlər sahəsində də oliqopol tendensiya müşahidə olunur. Burada da əsas prinsip rəqabət aparan, demokratik və plüyuralist proseduranı imtiyazlı ölkələrin məkanı ilə məhdudlaşdırmaq meylinin güclü olmasıdır. Yerdə qalanlara qarşı isə müasirlikdən barbar arxaikliyə aparan praktika tətbiq olunur. Hazırkı qloballaşmanın disqormoniyası dünyaquruculuğu qərarlarını verməyə qabil olan məsuliyyətli iştirakçıların sayının artırılması əvəzinə, onun məhdudlaşdırılması tendensiyasını doğurmuşdur. Nəticədə “ikinci növ”, “ikinci dünya” adamları günahkar hesab olunur. Onlar da öz növbəsində “üçüncü ölkə” nümayəndələri sıralarına itələnib daxil edilir” . Ölkə və insan qruplarına bu cür ikili münasibətin də bünövrəsi qədim mifoloji model və sistemlərdə qoyulmuş və müxtəlif yönlərdən şərh edilmişdir. Ən maraqlısı isə klassik “xeyir-şər qarşıdurması” prizmasından keçirilən təhlildir ki, qədim Midiyada müqəddəs “Avesta” kitabında yazı yaddaşına köçürülmüşdür. “Coğrafi poema”da bir-birinin əksinini təşkil edən 32 (16-16) əsas ölkə və cəmiyyətlərdən bəhs açılır. Belə alınır ki, lap başlanğıcda da dünya ölkələri oliqopol modelə uyğun şəkildə yaradılmışdır. Atəşpəpərstlərin ilkin təsəvvürlərinə əsasən Xeyir tanrısı dünyanın “siyasi xəritəsi”nin mənzərəsini yaradaraq deyir ki:
2. Mən – Ahur Məzd, ilk ən yaxşı məskən və ölkə kimi gözəl (xeyirxah) Vahv Dat çayının yanında Arian-Vaycı yaratdım. Onda ölümgətirən, vəhşilikyayan Anqro-Maynyu bunun əksinə məhvedici sarı-qırmızı ilanı və devlərə məxsus Qışı meydana gətirdi.
3. Orada doqquz ay qışdır, iki ay yay və qış aylarında sular soyuqdur, torpaq soyuqdur. Bu, qışın ortasında, qışın ürəyində belə olur; o zaman ki, qış sona doğru addımlayır, onda böyük daşqınlar başlayır.
4. Mən – Ahur-Məzd ikinci ən yaxşı məskən və ölkə kimi soqdeylərin yerləşdiyi Qavı yaratdım. Anqro Maynyu bunun əksinə olaraq çoxlu məhvedici “skait”i, çoxsayda inəklərin ölümünə bais olan “day”ı meydana gətirdi…”
Beləcə xeyir tanrısının yaratdığı hər xeyirxah ölkəyə qarşı şər tanrısı tərəfindən əks yaşayış məntəqələri meydana atılır. Dünya 32 sayda əsas ölkələrə bölünür ki, tən yarısında (16-da) yaxşılıq, düzlük, haqq-ədalət hökm sürür, digər hissəsində isə pislik, əyrilik, zülm, haqsızlıq baş alıb gedir.
Misal gətirdiyimiz mətndəki “skait” sözünün mənası dəqiq məlum deyil. Ehtimal edilir ki, zəhərli alaq otları, ağcaqanadlar, ziyanverici milçəklər nəzərdə tutulur və onların sancması mal-qaranın yanıb kül olmasına səbəb olur. V.İ.Abayevin qənaətinə görə, bu söz Orta Asiyada yaşayan köçəri “sak” tayfasının adından götürülüb və “skifçilik” deməkdir, yəni köçəri atlı hücumçular”. Bu fərziyə ilə osetinli alimin hansı məzhəbə və məqsədə qulluq etdiyini demək çətindir, ancaq Orta Asiyadakı “sak”lar özbək, qırğız, qazax, karakalpak, uyğur, xakas və türkmənlərin ulu babalarıdır. Onların “Avesta”da guya “ziyanverici həşəratlar” mənası verən sözlə adlandırılması qərəzli qənaətdir və müəllifin şəxsi mövqeyini ifadə edir. Əgər sakların hücumları zamanı dağıntılara işarə olunsaydı, bu, ağcaqanad, yaxud başqa xırda həşərat dişləməsi şəklində kiçildilməz, dəhşətli təbii fəlakətlərlə, ildırım çaxıb yeri yandırması, tufan qopması, qasırğa və s. şəklində verilərdi. İkincisi, “soqdeylərin ölkəsi” deyəndə, birinci sözün yunan Soqdianası tək qələmə verilməsi ilə də razılaşmaq düz deyil. “Avesta”da bütün adlar iki hissəlidir. Həmin söz də “Soq” və “dey” şəklində olmalıdır. Və aydınlaşır ki, Ahur-Məzd məhz soq/saq/saklardan öz tərəfdarları kimi bəhs açır. Anqro-Maynyunun yaratdığı “skait” və “day” isə onun əks qarşılığıdır.
Bir çox tədqiqatçılar (Q.Beyli, E.Benvenist, İ.M.Oranski) “Coğrafi poema”da işlənən “Qav” terminini atəşpərəstlərə aid yerli məkan hesab edir, daha doğrusu, “Soqda // Soqdian”nın bir bölgəsinə verilən ad kimi götürürlər. Başqaları isə onu ümumiləşmiş ad – “mal-qara ölkəsi” şəklidə şərh etməyə çalışır . İ.M. Oranskiyə görə, rusların “inək” kəlməsini bildirən “korova” sözündəki “ov” hissəsi “qav”dan keçmədir . “Qav”ın mənasını yaşayış məntəqəsi tək yozanlar da var. Müqayisə üçün osetin dilində işlənən “yau” sözünü misal gətirirlər ki, anlamı -“məskən”dir. Belə fantastik və primitiv müqayisələrlə “Avesta”dakı coğrafi adların dəqiq məkanını tapmaq mümkündürsə, Azərbaycan ərazisinə aid çoxsaylı kəlmələrin də müəyyən hecasında “qav”, “av”, “ov” və “uv”a rast gəlmək olar.
Dünyaqurmanın kibernetik modelinin idarəçilik subyektlərində idarə olunan obyektlərin rəngarəngliyini azaldıb sadələşdirməyə çalışılırsa, sinergetik modelində yuxarıdan təşkil (idarəçilik “vertikalı” məntiqinə görə) özünütəşkillə əvəzlənir. “Birtipli dünyada horizontal əlaqələr fəal səviyyədə yuxarıdan deyil, aşağıdan qloballaşır”. Mifoloji sistemlərdə də idarəçiliyin müxtəlif formaları göstərilir. Cəmiyyətlər çox hallarda fövqəltəbii qüvvələr tərəfindən idarə olunur. Müasir dünyada iqtidarların əlçatmazlığı, ünyetməzliyi kütlələri demokratik prinsiplərdən uzaqlaşdırdığı kimi, miflərdə də fövqəltəbii qara qüvvələr cə-miyyəti iflic vəziyyətinə salır.
Azərbaycan mifoloji görüşlərində insanların açıq formada şərə meyl etməsi dünyada köklü dəyişikliklə nəticələnir: “Qabaxlar göy yerə yaxın idi. Adamlar bir-birini öldürüb qan tökürdülər, bərəkətin qədrini bilmirdilər. Bunu görəndə tanrının qəzəbi tutdu, göyü yerdən uzaqlaşdırdı”.
Mifik görüşün başqa variantında məsələ daha kəskin qoyulur: “Əzəli yer üzündə heş nə yoxuydu. Elə vaxd öz-özünə cəlif keçirmiş. Sonra heyvanlar, cücülər, otdar, ağaşdar yarandı. Lap axırda Allah adamları yaratdı. Bullar yer üzündə o qədər artıf törədilər ki, dünya bullara darrığ elədi, insannar başdadılar bir-birinə pisdih, paxıllığ eləməyə. Bunu görəndə Göy acıxlanıf yerdən aralandı. O vaxtdan da bərəkət azalıf, çörəh daşdan çıxır”.
Vahid ümumbəşəri gələcəyi qloballaşmasız təsəvvür etmək mümkün deyil. Qloballaşmanın ən mühüm problemlərinin aktual sahə kimi son çağlarda meydana atılmasına baxmayaraq, ilkin mifoloji təsəvvürlərdə səbəb və nəticə halında qoyulması maraq doğurur. Deməli, dünyaqurma haqqında başlanğıcda yaranan mifoloji obrazların mahiyyətini, gizli kodlarını açmaqla gələcək haqqında dolğun nəticələr əldə etmək, qloballaşmanın daha təkmil və asan formalarını tapmaq mümkündür. Ona görə ki, mifoloji model və sistemlərdə dünyanın gələcəyi – sonu haqqında irəli sürülən proqnozlar heç də müasir alimlərin əsərlərində göstərilənlərdən az və əhəmiyyətsiz deyil. Optimist, realist və pessimist qənaətlərə exatoloji (axırıncı varlıqlar, hər şeyin bitməsi, dünyanın sonu) miflərdə də rastlaşırıq. Eləcə də dünyanın xəritəsini dəyişən qüdrətli qüvvələr, qoballaşma və xaos, bərabərsizlik sindromu, əhali artımının nizamlanması, qloballaşma və mədəni sivilizasiya dəyişiklikləri, ətraf mühitin qlobal böhranı və digər problemlərin də mifologiyada özünəməxsus şəkildə həlli yolları göstərilir. Bu səbəbdən də qloballaşmanın qaynaqları, ərəfəsi, ilkin mənbəyi kimi ən əski təsəvvürlər diqqətlə nəzərdən keçirilməlidir.