Klassik ritorika öz sahəsinə aid biliklərə üç aspektdən yanaşırdı: elocitio (söz), dispositio (sintaksis), inventio (məna). Buna uyğun olaraq rus formal nəzəriyyəsinin nümayəndələri də ədəbiyyatşünaslıq araşdırmalarını üç sahəyə ayırmışdılar: üslubiyyat, kompozisiya və mövzu.
Azərbaycan ədəbiyyatşünaslığında araşdırmalar bölgünün sonuncu qrupuna əsərin ideya istiqaməti məsələsini də əlavə edilməklə daha çox bu istiqamətdə aparılır. Təəssüflər olsun ki, rus və Avropa alimləri hələ XX əsrin otuzuncu illərində həmin prinsiplərdən bezmiş, çünki onun vasitəsilə yaradıcılıq hadisələrini dərinliklə öyrənməyin mümkünsüzlüyünü anlamış, bədii əsərin daxili qanunauyğunluqlarını göstərən, bütövlüyünü təmin edən əlamətlərin üzə çıxarılması üçün başqa metod və yollar aramışlar. Avropada meydana gələn linqivistik nəzəriyyə də çox irəli gedə bilməmiş, rus formalistlərindən fərqli olaraq fonologiya, sintaksis və semantik – deyə bölmələrə ayıraraq bədii mətni təhlil etmişlər. Bu, əslində ilkin prinsiplərə (klassik ritorikaya) qayıdış kimi təsiri bağışlayırdı. Tarixi poetikada bu üç aspektin hansının daha vacibliyi haqqında başlanğıcdan mübahisə mövcud olmuş və bu gün də davam etməkdədir.
Məşhur fransız strukturalisti S.Todorov isə bədii mətnin təhlilini aşağıdakı prinsiplə aparmağı təklif edirdi:
A. Semantik aspekt (ümumi məsələlər barədə söz).
B. Dil registiri (tənzimləyicisi).
V. Söz aspekti:
a) modus (üsul, növ müxtəlifliyi), zaman;
b) nöqteyi-nəzər, dəlil – təminat.
Q. Sintaksis aspekt:
a) mətn strukturları;
b) hekayə, nəqletmə sintaksisi;
v) kateqoriyalaşma və reaksiyalar (köklü dəyişmələr).
Bir çox tədqiqatçılar tərəfindən məqbul sayılan təhlil kateqoriyalarının son təsnifatı strukturalizmin ədəbiyyata, xüsusilə poetikaya tətbiqinin əsasını qoyan böyük zəka sahibinin düşüncəsinin məhsulu olmasına baxmayaraq məhz struktur baxımından mübahisə doğurur. Bizcə, elmdə xüsusiləşmə çox ziyanlıdır. Nədənsə, strukturalistlərin bəziləri hər şeydən təcrid olunub ancaq mətnin dairəsində fırlanır, yaxud mətndaxilindəki bir vahiddən yapışıb yerdə qalanları onun əlamətləri ilə yozmağa çalışır və abstrakt modellər təklif etməklə bədii əsərin tamlığını, bütövlüyünü, daxili qanunauyğunlarını şübhə toruna bürüyürlər. Belə meyllər bəlkə də, başlanğıcda – hələ bədii mətnin alt qatına nüfuz etməyin yollarını göstərən vasitələrin tapılmadığı çağlarda inandırıcı görünürdi. Bu gün struktur poetikanın inkişaf səviyyəsi o nöqtəyə çatmışdır ki, onun təhlil aspektləri, metod və üsulları ilə abstraktlıq bir araya sığmır. Nağıl süjetləri ilə bağlı XX yüzilin başlanğıcında mücərrəd nəzəriyyələrin yaranmasına da folkloru ümumi ədəbiyyatdan ayırıb müstəqil yaradıcılıq sahəsi kimi təqdim etmək niyyəti səbəb olmuşdur. Folklorşünaslıq ədəbiyyatşünaslığın tərkib hissəsidir, şübhəsiz, folklor da böyük tarixi yol keçmiş ümumi ədəbiyyatın bünövrə daşlarıdır, bədii söz sənətinin başlanğıcıdır, ilk ünsürüdür, ayrıca götürülmüş mədəniyyət hadisəsi deyildir. Möhtəşəm binalar öz özülü üzərində qurulub əsrlər boyu yaşadığı kimi, yazılı ədəbiyyat da folklordan qidalanaraq formalaşmış və əbədi yaşamaq hüququ qazanmışdır. Bu gün yazılı ədəbiyyatın epik janrlarının süjet və kompozisiyasından danışarkən tədqiqatçılar nadir hallarda sxematizmə yol verirlər. Folklorşünaslar isə xalq yaradıcılığı əsərlərini təhlil edərkən yeni üsul və metod axtarışlarında olurlar. Təsadüfi deyil ki, yazılı ədəbiyyatda rast gəldiyimiz ən mürəkkəb süjet sxemlərinin bünövrəsi folklorda qoyulmuşdur. Uzağa getmək lazım deyil. Amerika və Avropada keçən əsrin sonlarında, Azərbaycanda isə son dövrdə yaranan detektiv janrının süjet sxemləri orijinallığı və macəraçılığı ilə seçilir. Onlarla nağıl göstərmək olar ki, müəmmalı cinayətlərin detuktiv yolla açılmasına həsr olunur və heç də müasir detektiv ədəbiyyatının süjet xəttindən geri qalmır. «Daşdəmirin nağılı»nı xatırlamaq kifayətdir. Yaxud novella janrının folklordan yazılı ədəbiyyata keçdiyini Y.M.Meletinski dəlillərlə əsaslandırmışdır.[1] Bədii əsərin struktur təhlili deyəndə nəyi diqqət mərkəzinə çəkmək lazımdır? Müasir ədəbiyyatşünaslıq bu sorğuya hələ tam cavab verməmişdir. Bir-birindən ziddiyyətli fikir və mülahizələr irəli sürülmüşdür ki, onların müddəaları düzgün saf-çürük edilmədən məsələnin həlli yollarını tapmaq çətindir. Lakin ilk növbədə təhlilə yanaşmanın iki istiqamətdə özünü göstərdiyini nəzərə almaq lazımdır:
- Mətnin ancaq görünən tərəflərinin təhlili.
Ədəbiyyatşünaslıqda təsviri poetika adı ilə təqdim olunur. Azərbaycanda aparılan tədqiqatlar əsasən bu istiqamətdə apa-rılır. - Abstarkt-struktur təhlil.
Struktur poetikasında daha çox daxili qanunauyğunluqları axtarmağa cəhd göstərilir. Lakin çox hallarda labirintə düşüb oradan çıxa bilmirlər. A.Hacılının «Bayatı poetikası»[2] kitabını bütün ziddiyyətlərinə baxmayaraq bu sahədə atılan ilk addım hesab etmək olar. S.Todorovun fikri ilə izah etsək, «birincilər bədii mətni necə var elə araşdırmaqla kifayətlənirlər, ikincilər isə təkcə onunla razılaşırlar ki, ayrılıqda götürülmüş hər əsərdə bir abstrakt struktur özünü göstərir».[3] Təhlilə bu iki yanaşma bir-birinin əksini təşkil etsə də, əslində biri digərini tamamlayır.
Birinci yanaşmada – təsviri poetikada bədii əsər əsas vahid obyekt kimi götürülür və onun tam təsviri son məqsəd sayılır. Bu təhlil üsulu müxtəlif cür adlandırılır: interpretasiya – izah etmə, şərh etmə, yozma, məna çıxarma, mətni aydınlaşdırmaqla oxuma, komentariya vermə, araşdırma, analiz aparma, nəhayət, S.Todorovun dediyi kimi, «sadəcə olaraq tənqid»[4].
Bu adlara uyğun olaraq təhlillə məşğul olanlara «tənqidçi» deyilir. Ümumiyyətlə, təhlili bədii mətn məkanına səyahət adlandırmaq olar. Mətnin «sirli məkanına» daxil olanda qabaqcadan tənqidçiyə (bir vaxtlar sovet ideologiyasının Siyasi büro tərəfindən müəyyənləşdirdiyi konsepsiyaları nəzərə almasaq) heç bir marşurut göstərilmir və o sağa, sola, yuxarı, aşağı istiqamətlərdə hərəkət etməkdə sərbəstdir. Məhz təhlilin səviyyəsi seçilən marşrutdan asılıdır və mətn məkanında düz yollarla addımlamayan mənzil başına çata bilmir. Doğrudur, bədii mətndə xətlər – yollar çoxşahəlidir, müxtəlif bucaqlardan baxanda məna yozumunu pisə və yaxşıya yönəltmək mümkündür. Ona görə də təsviri poetika ilə bədii mətnin sonadək təhlili mümkünsüzdür. Bir növ təhlillə bədii əsərin kodu açıqlanır. Bu mənada poetika vasitəsi ilə bədii əsərin daxilinə nüfuz etməyə imkan yaranır. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, absalyut təhlil, hər hansı bir bədii əsərin bütün kodlarını açan araşdırma yoxdur. Bir neçə sözlü bir atalar sözünü götürək: «Meşə çaqqalsız olmaz». İlk baxışda deyə bilərsiniz ki, bu kiçik nitq parçası haqqında hər şeyi deyib qurtarmaq mümkündür. Lakin yüzlərlə məqalə yazılsa da, bir neçə gün səhərdən axşamadək ondan danışılsa da, yenə son söz deyilmir. Əgər bu kiçik nitq parçasının, yaxud başqa bədii sənənt nümunələrinin bütün kodları açılsa, inkişaf, həyat dayanar. Nə qədər ki, dünya yaşayır, o qədər də bədii materialın gizli kodları aşkarlanacaq. Və bu kodların açarını müasir ədə-biyyatşünaslığın ən aparıcı istiqaməti – struktur poetika daha uğurlu vasitələrlə əldə etməkdədir. Struktur poetikada, daha doğrusu, abstarkt təhlildə obyekt kimi bədii əsər bütöv, tam kimi götürülmür, yalnız mətni bədiiləşdirən əlamətlər diqqət mərkəzinə çəkilir. Başqa sözlə, məlum marşurutlar – kodlaşdırılmış, işarələnmiş sxemlər əsasında hərəkət etmək lazım gəlir. Bu sxemlər qəlib şəklini alır və başqa mətnlərə tətbiq ediləndə təhlilə cəlb olunan ünsürlərin üst-üstə düşməsi tələb olunur.