Çox hallarda bir mətn, yaxud onun hansısa detalı nümumə, misal statusu alır və ədəbiyyatın xüsusiyyətləri bu misalın, nümunənin əsasında öyrənilir. Məsələn, ingilis filoloqu C.B.Milner atalar sözlərinin struktur təhlillə təbiətini açmağa cəhd göstərərkən diqqətini mənanın deyil, formanın üzərinə yönəldir. Onun qənaətinə görə, xalq yaradıcılığına xas nitq parçası kimi götürülmüş atalar sözləri dörd hissəli strukturla müəyyənləşir. Milnerin nəzəriyyəsinə əsasən, atalar sözlərinin «dördlüyü» – dörd parçası (hər parçanı ayrılıqda «kiçik seqment» – riyaziyyatda vətər ilə qövs arasında qalan dairə parçası – adlandırır) ikiyə bölünərək quruplaşır. Ayrılan iki parçaya isə «böyük seqment» deyilir. Bu parçalar bir-birinin əksini təşkil etsə də biri-digərini tənzimləyir (məzmunundakı hərəkətləri, halı, alınan məna tutumunu). Milner birinci yarım parçanı «baş» – əsas sayır, ikincini isə «ayaq» (ingilis və rus dillərində «quyruq» şəklində verilir) – köməkçi. O, atalar sözlərində iştirak edən sözü (sözləri) bu şəkildə dörd hissəyə ayırır, onları (+) «müsbət» və (-) «mənfi» işarələri ilə kodlaşdırır.
Sxemə bax:
Belə ki, «Tez yetişən, tez də xarab olur» ingilis atalar sözünün poetik strukturunu aşağıdakı kimi təqdim edir:
Azərbaycan türklərinin atalar sözlərini də Milnerin strukturu əsasında modelləşdirmək mümkündür.
Məsələn, «El gücü, sel gücü» atalar sözündə dörd ünsür iştirak edir ki, onlar iki parçaya – «baş» və «ayağ»a parçalanır. Buradakı hissələrin dördü də müsbət işarəsi ilə kodlaşdığı üçün atalar sözlərinin məna tutumu da müsbətdir:
Milner bildirir ki, dördlüyün yarıya bölünmüş parçalarında iştirak edən hər iki element ya müsbət qiymətləndirilir (onun təqdim etdiyi nümunədə «tez yetişən», Azərbaycan atalar sözündə isə «el gücü»), ya da mənfi (tez xarab olur). Əgər yarım parçaların hər ikisi müsbətdirsə (bizim atalar sözündə olduğu kimi), yaxud mənfdirsə, onda atalar sözünün bütün parçalarının anlamı da müsbət, yarım parçalar bir-birinin əksini təşkil edirsə, mənfi olacaq. Bu sistemə görə, bütün atalar sözləri mənfi və müsbət baş hissəyə malikdir, onların da ardınca müsbət, yaxud mənfi «ayaq» gəlir.
Milner atalar sözlərinin struktur baxımından on altı sinifdə qruplaşdığını göstərir və onları da dörd əsas hissədə cəmləşdirir.
Strukturalistlərin fikrincə, mətndən doğan məna sürüşkəndir, müxtəlif baxış nöqtələrindən baxanda dəyişir. Bədii əsərin strukturu isə həmişə sabit qalır. Ona görə də təhlil semiotikanın qanunları əsasında aparılmalıdır. Yazılı ədəbiyyatda mətnin məna tutumunun zaman aşırımlarında başqalaşdığının şahidi olmuşuq. Məsələn, sovet imperiyası dövründə tamamilə məqbul sayılan bədii mətnlər bu gün tamamilə əks mənada başa düşülür.
Folklora xas bədii mətnlərdə isə məna elə biçimlənir ki, bütün çağlar üçün eyni anlamı verir. Ona görə də abstrakt struktur təhlil məna tutumu ilə vəhdətdə götürülməlidir. Yəqin Milner atalar sözlərini formasına görə ilanla müqayisə etmiş, ona görə də «başı» və «quyruğu» deyə iki hissəyə ayırmışdır. Lakin zahiri əlamətini –iki, üç, dörd (beş, yeddi də ola bilər) sözün bir cümlədə düzümünü nəzərə alıb atalar sözlərinin strukturunu ilan skeleti ilə eyniləşdirmək ağlabatandırmı? Atalar sözləri hikmət xəzinəsidir, ola bilsin ki, ilanın həmişə xəzinə üstə oturduğunu nəzərə alıb bu cür müqayisə aparmışdır. Bizə belə gəlir ki, nə Milner, nə də Alan Dandis kəşflərini bədii yaradıcılıq prosesinin mənşəyi ilə əlaqələndirməmiş və mif-ritual sintezinin sonrakı yaradıcılıq proseslərinin mayasına nüfuz etməsini nəzərə almamışlar. Ona görə təkmilləşdirə, ziddiyyətli görünən tərəfləri düzgün izah edə bilməmişlər. Çünki Milnerin strukturundakı dördlük mifik dünya modelinin qurulmasını şərtləndirən ilkin dörd ünsürdən törəmişdir.
Diqqət yetirin: xaosdan ayrılan dörd ünsür – su, od, torpaq, hava maddi dünyanın bütün element və varlıqların əsasında durur. Bu ünsürlərin xarakterində əks olunan əlamətlər isə mənəvi aləmin yaranmasına təkan vermişdir. Milnerin sistemində olduğu kimi, dünyanın mənəvi, ruhi (od, hava) tərəfləri kişilərlə, maddi, əşyavi (su, torpaq) tərəfləri isə qadınlarla əlaqələndirilir. Burada da dörlük ikiyə bölünür və hissələr bir-birini tamamlayır. Belə ki, od və hava işə qarışmasa maddi, əşyavi tərəf əbədi dəyişməz qalar, sular coşub-daşmaz, dalğalanmaz, torpaqlar vulkana çevrilib püskürməz, atalar sözündə qeyd edildiyi kimi,
«Yel olmasa, sel olmaz»,
«Yel gətirib, gün qurudub»,
«Od eləyəni fələk eləyə bilməz»,
«Yel üfürüb şişirtdiyini göyə qaldırar».