“Əsli və Kərəm” dastanının Şəki variantı (Mətn) – 005

Arxiv materialı əsasinda tərtib edəni R.Qafarlı

ƏSLİ VƏ KƏRƏM

(mətn-05)

ƏVVƏLİ: Əsli və Kərəm (mətn-04)

Həramilər Kərəmin aşıq olduğunu bilib ona toxunmadılar.

Kərəm bunlardan ayrılıb bir qədər gedəndən sonra yenə bir neçə nəfər cavana rast gəldi. Oğlanlar Kərəmdən təvəqqe edirlər ki, bir neçə xanə söz oxusun. Aldı Kərəm:

Kərəmi şikəstə

Ay ağalar,   mən bu dərdən qovruldum,

İtirdim Əslimi, görən olmadı.

Pərvanətək yandım, eşqin oduna,

Satırdım ölümü, alan olmadı!

Xurşid da Mahinin dərdinə yandı,

Qənbərsə Ərzimin oduna yandı,

Şahsənəm, eşqində möhkəm dayandı,

Aşıq Qərib kimi gülən olmadı.

Kərəm deyər, dağ başında oturdum,

Bir dərdimi əlli minə yetirdim,

Loğman kimi özüm aman gətirdim,

Mənim bu dərdimi bilən olmadı.

Söz tamam olan kimi Kərəm cavanlardan soruşdu ki, buradan bir keşişin keçdiyini gördüzmü?

Cavanlar cavab verdilər:

Bəli, gördük, Tiflisə tərəf getdilər!

Bunlar buradan çıxıb birbaşa Tiflisə üz qoydular, şəhərə çatan kimi bir qəhvəxanaya düşdülər. Kərəm qəhvə dükanında sazını kökləyib oxumağa başladı::

Kərəmi şikəstə

Ay camaat, bu dərd məni qocaldar,

Zənəx dərdi, buxax dərdi, xal dərdi,

Dərdim çoxdu, hansı birin söyləyim,

Nadan dərdi, namərd dərdi, dil dərdi.

Aşiq oldum taza qonçə güllərə,

Dastan olub düşdüm dildən-dillərə,

Ağlaya-ağlaya çıxdım çöllərə,

Gələn dərdi, gedən dərdi, yol dərdi.

Tərk eylədim Vətənimi, elimi,

Əlimdən alıblar qönçə gülümü,

Kimsə bilməz bu qürbətdə halımı,

Vətən dərdi, oba dərdi, el dərdi.

Sellər təki coşub, coşub bulandım,

Varıb gəzdim, dağı-daşı dolandım.

Pust bağlayıb qapı-qapı diləndim,

Xirqə dərdi, paltar dərdi, şal dərdi.

Dost-düşmənim özün burda bildirdi,

Ağladıban göz yaşımı sildirdi.

Ay ağalar, vallah məni öldürdü,

Əsli dərdi, Kərəm dərdi, bel dərdi.

Kərəm keşişin sorağını alıb dayanmadan yol getdi, bir hündür dağa çatdı. Başladı dağa bu sözləri deməyə:

Dübeyt

Uca havadan uçaram,

Endirəyim, könül səni.

Burax, burax, gül dağına,

Qondurayım, könül səni.

Qarı dağlar uca olur,

Gündüz gedir, gecə olur,

Yardan ayrı necə olur,

Sındırayın, könül səni!

Dərdli Kərəm, alış da yan,

Sirrin olub dosta ayan.

Nə yatıbsan, durma, oyan,

Yandırayım könül səni!

O gecə dağda gecələyib, ertəsi günü yollarına rəvan oldular. Yenə də yol üstündə bir ayrı,          əvvəlkindən daha böyük bir dağa rast gəldilər.

Kərəm gördü bu dağın üstündən heç aşıb keçə bilməyəcəklər. Başına baxanda adamın papağı düşür. Duman-çən hər tərəfini bürüyüb. Gördü dağa yalvarmaqdan başqa çarə yoxdur. Sazı basdı sinəsinə, görək Alvıza* nə dedir:

Kərəmi şikəstə

Başın üstə şahin-şonqar səslənir,

Alvız dağı, heç əskilməz dumanın.

Ətəyində tuti, qumru bəslənir,

Alvız dağı, heç əskilməz dumanın.

Tiki, boran olur, yağış ələyir,

Meşəsində gəzən maral mələyir,

Kollarında tülkü, çaqqal ulayır,

Alvız dağı, heç əskilməz dumanın,

Sinəndə xarlanmış nəmli qar olur,

Alt yanında bağça olur, bağ olur,

Alma, armud, heyva olur, nar olur,

Alvız dağı, heç əskilməz dumanın.

Belində otlayır qoyunun, malın,

Hində, Hindistana bəllidir halın.

Karvansız bilinmir cahı-cəlalın,

Alvız dağı, heç əskilməz dumanın.

Uca-uca qayan, yastı daşın var,

Şirin-şirin ötən tərlan quşun var,

Kərəm kimi nə bəlalı başın var,

Alvız dağı, heç əskilməz dumanın.

Söz tamam oldu. O saat dağın başından duman çəkilib, Kərəmə yol verdi.

Kərəm Sofu ilə buradan keçib getdi. Yol boyu Kərəm öz-özünə belə oxuyurdu:

Kərəmi şikəstə

Vətən fərağından, yarın qəmindən,

Mənə çox əcayib hal oldu bu gün.

Fələk bir dərdimi minə yetirdi,

Alışdı ciyərim, kül oldu bu gün.

Durnamın qanadı bir qarış teldən,

Çəkərəm ayrılıq, nə gəlir əldən?

Qərib bülbül kimi ayrıldım güldən,

Miqdarsız, qiymətsiz pul oldum bu gün.

Qərib Kərəm deyər: yazıq bəndəyəm.

Gah biyaban gəzir, gah çəməndəyəm,

Düşmüşəm yoluna, mən sərməndəyəm,

Bilmədiyim dağlar yol oldu bu gün.

Az getdilər, çox getdilər, gəlib Ərzurum dağlarına çatdılar. Burada da onların yolunu qar kəsdi.

Kərəm Sofudan xəbər aldı:

-Ay kişi, heç bilirsənmi bu dağ hansı dağdır?

-Yox, bilmirəm! Gəlsənə, ötüb yolumuzla gedək! Bəs deyilmi, bu qədər dağ-daşla danışıdığın?

Aldı Kərəm:

Kərəmi şikəstə

Ərzrumun gədiyinə varanda,

Onda gördüm burum-burum qar gəlir.

Lələ dedi, gəl bu yoldan qayıdaq,

Qayıtmadım, namusuma ar gəlir.

Əzəldən mailəm o ala gözə,

Darayıb zülfünü, töküb gül üzə,

Xocalar yük tutub, çıxdılar düzə,

Elə bildim karvan ilə yar gəlir.

Qəribəm, qürbətdə saldım yerimi,

Tərk eylədim namusumu, arımı,

Aldılar əlimdən nazlı yarımı,

Gen dünya başıma yenə dar gəlir.

Dərdli Kərəm deyər, halım yamandır,

Yarı görməyəli xeyli zamandı,

Bu ellərdə qış bahardı, çəməndi,

Bəs nə üçün bizə yağmur, qar gəlir.

Söz tamam olan kimi dağdan duman çəkilib onlara yol verdi.

Kərəm bu tərəflərdə də Əslinin sorağını elədi. Keşişi və köçünü «gördüm» deyən olmadı. Əlacı üzülən Kərəmin yadına Əsli düşəndə başladı çarəsiz-çarəsiz dağlardan kömək istəməyə. Üzünü dağlara tutub görək kə dedi:

Kərəmi şikəstə

Xan Əslimi qaçırtmışam elimdən,

Yol verməyin, başı dumanlı dağlar!

Bir bülbülü uçurtmuşam gülündən,

Yol verməyin, başı dumanlı dağlar!

Bəlalı sərimdən getməz sevdası,

Çölün yoxdur yaşılbaşlı sonası,

Alıb qaçıb atasıyla anası,

Yol verməyin, başı dumanlı dağlar!

Kərəm dolu-dolu badə içibdir,

Ağ oxuyub qaraları seçibdir.

Ərzurumun gediyindən keçibdir,

Yol verməyin, başı dumanlı dağlar!

Kərəm sözünü tamam elədi, yenə yolları ilə getməyə başladılar. Bir qədər addımlamışdılar ki, onların qabağına bir dəstə qız çıxdı:

Kərəm qızları görub götürdü sazı görək onlarla necə hal-əhval tutdu:

Dübeyt

Açıldı lalələr, güllər,

Yaxar, gedər, obasına,

Əl-ələ verib cümləsi,

Çıxar, gedər obasına.

Birin əli xınalıdır,

Biri ata-analıdır,

Dağlar qoşa sonalıdır,

Yıxar, gedər obasına.

Qarşımdadır uca dağlar,

Könül nə’rə vurar, çağlar,

Əsli üçün Kərəm ağlar,

Baxar, gedər obasına.

Kərəm buradan da keçib bir şəhərə çatdı. Orada bir karvansaraya girib oradakıların xahişi ilə bu sözləri oxudu.

Kərəmi şikəstə

Gəl Əslim, çıxalım geniş seyrana,

Yanan gül içində dayana bilməz.

Məcnun kimi düşdüm çöldən-çöllərə,

Leylisiz bu könlüm oyana bilməz.

Bu fani dünyadan bezdim, usandım,

Al-qumaşı atıb, qara boyandım.

Ey ağalar, eşqin oduna yandım,

Mən yanıram könül dayana bilməz.

Dərdli Kərəm burda ah eylər ağlar,

Yaxşı təbib olsa yaramı bağlar,

Yaz gələr, al-yaşıl geyinər bağlar,

Qızmar gün çıxar, qar dayana bilməz.

Qulaq asanlar Kərəmə «Afərin!» deyib tə’riflədilər. Kərəm onlardan keşişin hara getdiyini soruşdu. Dedilər:

-Çaylı Kilsəyə getdi.

Sofu ilə oraya üz qoydular. Yol əsnasında durnaların uçmasını görən Kərəm başını qaldırıb göylərə belə dedi:

Qafiyə

Durnam, gedər olsan bizim ellərə,

Yaxşı söylə başdan keçən halları.

Qohum-qardaş dost, müsahib olanlar,

Bundan sonra gözləməsin yolları.

Bir çıxaydım eyvanına, köşkünə,

Bir bataydın ənbərinə, müşkünə,

Adı bəlli Əsli xanın eşqinə

Öldürərlər derna töksən telləri.

Kərəm deyər heç kəs yarın öyməsin,

Əl uzadıb açam yaxa düyməsin.

Heç igidin oxu daşa dəyməsin,

Yad olmasın mənim kimi elləri.

Bir az da yol gedib dincəlmək və yeyib-içmək üçün bir dərənin kənarında oturdular. Kərəm dərədəki bulaqlardan su içməyə enəndə, buraya düşmüş durna qatarı hürküşüb havalandı, çığıra-çığıra uçub getdi.

Kərəm cuşa gəlib durnalara belə bir söz dedi:

Dübeyt

Qorxub qatarını pozma,

Durna, mən ovçu deyiləm!

Dağılıb kəllahı* gəzmə

Durna, mən ovçu deyiləm!

Özüm öz dərdim söylərəm,

Bağrımın başın teylərəm**

Abdalam***, səni neylərəm.

Durna, mən ovçu deyiləm!

Yolçuyam yolçu yolunda

Qəflələr sağ-solumda.

Tərlanım yoxdu qolumda,

Durna, mən ovçu deyiləm!

Düzülübsən dəstə-dəstə,

Dərd qoyursan dərdin üstə,

Qürbət eldə düşdüm xəstə,

Durna, mən ovçu deyiləm!

Kərəməm oda yanaram,

Şirin candan usanaram,

Əsli deyib dolanaram,

Durna, mən ovçu deyiləm!

Az getdilər, çox getdilər, nəhayət Çaylı Kilsəyə yetişdilər.

Kərəm kilsənin qapısında qız-gəlinləri görüb, başladı Əslisini onlardan soruşmağa:

Kərəmi şikəstə

İpək olub sarmaşaydım saçına,

Qızlar, Əslim bu kilsəyə gəldimi?

Mən girim kilsəyə, dönüm xaçına,

Qızlar, Əslim bu kilsəyə gəldimi?

Qara gəldi mənə baharlar, yazlar,

Mən sizi görəndə sümüyüm sızlar,

Sizə qurban olum, xırdaca qızlar,

Qızlar, Əslim bu kilsəyə gəldimi?

Hamısı araşqın geyib başına,

Qüdrət qələmini çəkib qaşına,

Yeni girib on dörd, on beş yaşına,

Qızlar, Əslim bu kilsəyə gəldimi?

Kərəm dinin satmaz, imanın atmaz,

Keşiş qapısında Əslisiz yatmaz.

Haqqa dönük çıxsam, günəş də batmaz,

Qızlar, Əslim bu kilsəyə gəldimi?

ARDI: Əsli və Kərəm (mətn-06)

Bir cavab yazın

Back to top