Arxiv materialı əsasinda tərtib edəni R.Qafarlı
ƏSLİ VƏ KƏRƏM
(mətn-06)
ƏVVƏLİ: Əsli və Kərəm (mətn-05)
Qızlar əvvəl aşığın pal-paltarına, sir-sifətinə baxıb dinmədilər, ondan şübhələndilər. Bir diribaş gəlin soruşdu:
– Aşıq, nə istəyirsən? Kilsəyə kim gəlməli idi? Əslini deyirsənsə, o keçən həftə atası ilə kilsəyə gəlmişdi, dua eyləyib getdilər.
Kərəm bu sözləri eşidəndə sazı hirsli-hirsli basdı döşünə, görək qızların yanında öz yarı haqqında nə dedi:
Kərəmi şikəstə
İpək olub sarmaşaydım saçına,
Sünbülə bənzəyir saçın Əslixan,
Girimmi kilsana, dönüb xaçına,
Taxımmı boynuma xaçın, Əslixan.
Məni bir də çağıraydın oynuna,
Aç qulac saçların dola boynuma,
Payız gecəsində girim qoynuna,
Alım ağ üzündən maçın Əslixan.
Gecə-gündüz əl götürdüm duaya:
Bir sən ilə verəm səda-sədaya.
Bir qərib quş idim, qalxdım havaya,
Çöldə məni vurdu laçın, Əslixan.
Mən səni baş bildim sultandan, xandan,
Seçmədim mələkdən, huri-qılmandan,
Aşığı öldürən sən kimi candan,
Mən necə əl çəkim, keçim Əslixan.
Kərəm deyər, ayrı düşdüm elimdən,
Bülbül idim, tərk olmuşam gülümdən,
Mən nə dedim, sən incidim dilimdən,
Nə idi taqsırım, suçum Əslixan?
Kərəm sözünü tamam elədi. Burada dayanmayıb Sofu ilə yenə yola düşdülər. Gedib-gedib bir çaya çıxdılar. Çayı keçmək mümkün deyildi.
Kərəm daşqın çaya belə dedi:
Sallama Kərəmi
Əyilən-coşan çay, xəbər soraram,
Daşıb hər gələnin evini yıxma.
Bu aləmdə bir dərdli yar araram,
Daşıb hər gələnin evini yıxma.
Sən oldun bu mərd suların başı,
Didəmdən axıtma qanlı göz yaşı,
Bilməzsən başıma gələn bir işi,
Daşıb hər gələnin evini yıxma.
Dərdli Kərəm bezdi dağ-daş qalxmaqdan,
Çıxıb yola həsrət-həsrət baxmaqdan,
Nə tapmısan belə boş-boş axmaqdan,
Daşıb hər gələnin evini yıxma.
Kərəm bu sözləri deyən kimi çayın suyu çəkildi. Bunlar keçdilər. Sofu Kərəmin kəramətinə məəttəl qaldı. Bunlar çayı keçib, bir şəhərə çatdılar. Atlarını bir yerə bağlayıb bir qəhvəxanaya girdilər. Gördülər ki, burada yeddi aşıq çalıb-oxuyur.
Kərəm də onlara qoşuldu, bir tərəfdən çaldıqda dükandakılar yeni gələn aşığın məharətinə heyran qaldılar. Təvəqqə elədilər ki, bir türkü oxusun. Götürdü görək Kərəm nə oxudu:
Sallama Kərəmi
Aşıq, nə sorarsız mənim halımı,
Yardan ayrılanda, şad olmaz könül!
Leylisin itirmiş Məcnuna döndüm,
Geçədən, xaradan dad olmaz, könül!
Hərdən səyyah olub qılınc qurşanır,
Hərdən turab* olub yerə döşənir,
Hərdən haqdan qorxub bir az utanır,
Hərdən də sıçrayıb yad olur könül!
Hərdən göldə bitən qarlı qamışdı,
Hərdən bağçalarda dürlü yemişdi,
Hərdən altun, hərdən də saf gümüşdü,
Hərdən də pas atıb yat olur könül.
Kərəm deyər muradımı bilmədim,
Gəzdim yurdu, göz yaşım silmədim,
Şad oluban bircə kərə gülmədim,
Gözəllər sarıdan bat olur könül.
Aşıqlara Kərəmin oxuması xoş gəlib təvəqqə etdilər ki, bir nağıl da söyləsin.
Aldı Kərəm:
Sallama Kərəmi
Kərəm gedib bir sinəgə* tuş oldu,
Yəqin bildi o sinəgin işini,
Tutdu qılınc ilə kəsdi kəlləsin,
Yeddi dağ üstünə sərdi leşini.
Sinək mırıldayıb qalxdı havaya,
Yağın süzüb tökdük altmış tavaya.
Yüklədik doxsan doqquz arabaya,
Peşkəş etdik qeysəriyə döşünü.
Sinəyi tutdular, yerə atdılar,
Yağın beş yüz kisə pula satdılar,
Tərəziyə qoyub arvas tutdular,
İki yüz min sandılar onun yaşını.
Camaat gülüşdü. Yerbəyerdən «Əhsən, aşıq!» dedilər. Ağsaqqalların xahişinə görə Kərəm bir nağıl da söylədi:
Qafiyə
Bir gün vardım, getdim Muğan elinə
Qanadlanıb uçan gördüm mığını.
Yeddi bələn keçdim, doqquz dağ aşdım,
Aradım, tapdım mən bir arığını.
Allah-allah ilə gönün bükdürdüm,
Külüng ilə qabırğasın sökdürdüm.
Yeddi boyun kəl qoşdurub çəkdirdim,
Tərpədə bilmədi bir ayağını.
Qanadından çadır tikdim gətirdim,
Qəyyatılar ilə başa yetirdim.
Yeddi külfət kölgəsində oturtdum,
Yenə də boş gördüm bir bucağını.
Ayağının üç fil boyda izi var,
Qarışladım, düz beş qarış dizi var,
Kəlləsində qırmaq boyda gözü var.
Qəsir gördüm qaşlarının tağını.
Kərəm deyər, gör nağılın işini,
Güneydən quzeyə çəkdim leşini,
Xodkar üçün töhfə verdim başını,
Şah üçün yüz batman süzdüm yağını.
Aşıqlar bu sözə də gülüşüb, əhsən dedilər.
Kərəm bunlardan keşişin getdiyi yolu öyrənib qəhvədən çıxdı. Üz qoydu şərqə tərəf. Xeyli yol qətt edəndən sonra bir kəndə çatdılar.
Bir ev qonaq düşdülər. Kərəm başına yığılan adamlar üçün bu sözləri oxudu.
Sallama Kərəmi
Ay camaat, Əslim getdi elimdən,
Qıldım burda ahu-zarın içində.
Bağı tutdu şeyda bülbül nəğməsi,
Gülün bağrı yandı xarın içində.
Seyrağıbın fitnəsinə inandım,
Firqət nə olduğun sonradan qandım,
Yarın həsrətindən alışdım-yandım,
Piltə tək qovruldum, narın içində.
Kərəməm, yox oldu ulusum, elim,
Qürbət, yad ölkədə lal oldu dilim,
Xan Əslimdən ayrı büküldü belim,
Qaldım namus ilə arın içində.
Kərəmgil dinclərini alan təki yola çıxdılar. Ərzurum gədiyində ilişib qaldılar. Yolu çovğun, qar basmışdı. Getmək mümkün deyildi. Bir böyük karvan da gəlib bunların yaxınına düşdü.
Karvan əhli Kərəmin başına yığışdı. Ondan haralı olduğunu soruşdular. Təsəlli verdilər. Bir-iki qatar söz oxumasını xahiş etdilər. Aldı görək Kərəm dərdini karvana necə dedi:
Sallam Kərəmi
Ay camaat, görün nə hala qaldım,
Kimsə yetməz bu günümdə dada, hey.
Görüm seyrağıbım dönsün löyünü,
Saldı məni xan Əslimdən cida, hey.
Yağı düşmən özün burda bildirdi,
Müxənnəsi şad eyləyib güldürdü,
Ağladıban çeşmim yaşın sildirdi,
Fələk cavan ömrüm verdi bada, hey.
Mən Kərəməm, xoryatlara tay oldum,
Bivəfa yar sevdim, əcəb bay oldum,
Ömür üzdüm, gün çürütdüm, zay oldum,
Cismim düşüb yandı axır oda, hey!
Kərəmlə Sofu karvanla birlikdə xeyli vaxt qarın kəsilməsini gözlədilər. Keşişin zülmü, özünün yaman günü Kərəmi cuşə gətirdi. Sazı götürüb dərdini Ərzrum dağlarına deməyə başladı:
Qafiyə
Alçaqlı, ucalı Ərzurum dağı,
Əsli xanım köç eyləmiş elindən.
Ağzım açıb səni necə qarğayım,
Qəbul olsun hər nə çıxsa dilimdən.
Qarğayaram, sənin qarın getməsin,
Süsənin, sünbülün, gülün bitməsin,
Bu dünyada əlin ələ yetməsin,
Qara Məlik iyləməsin gülündən.
Mən Kərəməm, ahu kimi mələrəm,
Ahım ilə dağı, daşı dələrəm,
Gözəl Əslim üzün haçan görərəm,
Bir də aşıb qarlı dağlar belindən.
Kərəmin ahu-zarı karvan adamını çox qüssələndirdi. Yenə ona ürək-dirək verdilər. Dedilər
-Çox ah-zar eləmə, canım, qar kəsilsin, yola düşüb gedərsən. Əhvalatı divana bildirərsən. Sənə kömək edər, keşişə də cəza verərlər.
Kərəmin Vətən, ata-anası və evləri yadana düşdü, ürəyi kövrəldi, sazı götürdü, görək öz el-gününü, evlərini necə yada sadı, Sofuya nə dedi:
Sallama Kərəmi
Dəryalar göy geymiş, mahular qara,
Bundan belə yaman günüm var, deyim.
Bir qəribəm, qürbət elə varıram,
Dünya olub mənim üçün dar, deyim.
Bir gül idim, Ədil şahın bağında,
Durardı gözəllər solu, sağımda.
Lələ, qaldıq Ərzurumun dağında,
Çiskin deyim, boran deyim, qar deyim.
Mən Kərəməm, yalan gəlməz dilimə,
İnsafdırmı xarlar qonsun dilimə,
Lələnin köynəyin alım əlimə,
Məğribdən Məşriqə dərdim car, deyim.
Müxtəsər, qışı Ərzrum dağında qalası oldular. Əslinin uzaqlara getdiyindən, halının pərişanlığından, qara gündə dolanmasından Kərəm dərdləyib arıqladı, bərk naxoşladı.
Nəhayət, havalar açıldı. Yola çıxdılar. Kərəm sazı götürdü görək Ərzrum dağından aralananda Sofuya nə dedi:
Qafiyə
Aman fələk, kömək eylə bu gündə
Nagah yerdə gəldi, aldı dərd məni.
Gecə-gündüz oda yandım, alışdım,
Tutub yolum-yolum yoldu dərd məni.
Çinbəçin kəməndi qollarım əylər,
Məni görən kəslər «divanə» söylər,
Yaram sızlar, qanı damar, qövr eylər,
Etdi dəlik-dəlik dərdi dərd məni.
Kərəm deyər, kəsməz gözümün yaşı,
Saldı qanlı fələk başıma daşı,
Ərzurum dağında keçirdim qışı,
Axır çöldən-çölə saldı dərd məni.
Kərəm dağlardan enib düzə düşdü. Ərzuruma girəndə yolda adamlardan keşişi xəbər aldı. Dedilər:
-Sən soruşduğun keşiş Həsənqalaya gedib!
Kərəm ilə Sofu buradan çıxıb həmin yerə tərəf rəvan oldular. Gəlib Həsənqala körpüsünə yetişdilər.
Kərəm ətrafa nəzər salıb gördü körpüdən bir az yuxarıda bir yaralı ceyran yerə yıxılıb. Özü də arxdan su içir. Kərəm bunu Əslinin ceyranı hesab edib başladı söz deməyə:
Kərəmi şikəstə
Sofu lələ, söylə, necə yanmayım?
Əslixanın ceyranıdır, bu ceyran.
İnsafdırmı əhvalını anmayım,
Əslixanın ceyranıdır, bu ceyran.
Güllə dəyib bu ceyranın özünə,
Qan tökülüb topuğuna, dizinə,
Gözü bənzər xan Əslimin gözünə,
Əslixanın ceyranıdır, bu ceyran.
Zalım ovçu bunu əldən salıbdır,
Dörd yanını qara qanlar alıbdır.
Kimsəsi yox, mə’lul-müşkül qalıbdır,
Əslixanın ceyranıdır, bu ceyran.
Yaraları köhnə deyil, təzədir,
Siyah sürmə ala gözə məzədir,
Bu ceyranı dizi üstə bəzədir,
Əslixanın ceyranıdır, bu ceyran.
Kərəməm, düşmüşəm mən qürbət elə,
Seyrana çıxmışdır, ceyranı çölə,
Ağlaram, sızlaram mən bundan belə,
Əslixanın ceyranıdır, bu ceyran.
Kərəm gördü ceyran ona məlul-məylul baxır. Sazı sinəsinə basıb ondan Əslini xəbər aldı:
Sallama Kərəmi
Dur, xəbər alayım, səndən ay ceyran,
Əsli, keşiş buralardan keçdimi?
Düşüb arxasına olmuşam heyran,
Əsli, keşiş buralardan keçdimi?
Ceyran dilə gəldi, adam kimi danışdı, görək nə dedi:
Ceyran:
Dinlə məndən aşıq bu ah-fəğanı,
Əsli atasıyla düşübdür yola.
Səhər çağı gördüm mən Əsli xanı,
Əsli atasıyla düşübdür yola.
Kərəm:
Mə’lul-mə’lul nə boynunu burursan?
Sinəm üstə eşq atəşin vurursan.
Nə zamandı bu yerlərdə durursan?
Əsli, keşiş buralardan keçdimi?
Ceyran:
Uca eyləmişdir mövlamız bizi,
Dayan, ay aşığım, ağlatma sazı,
Ərzurumda bitdi namərdin sözü,
Əsli atasıyla düşübdür yola.
Kərəm:
Dərdli Kərəm, haqdan dilər Əslini,
Əcəm şaha kəniz gələr, Əslini.
Ərzrumda qala bilər, Əslini
Yoxsa keşiş alıb yenə qaçdımı?
ARDINI OXU: Əsli və Kərəm (mətn-07)