Cavanşir müəllim Şəkidə “5 ulduz”lu otel tikdirmişdi. O istəyirdi ki, şəhərin mərkəzində Bəxtiyar müəllimin abidəsini qoydursun. “Şairlə danış, razılığını al”, – dedi. Lakin Bəxtiyar müəllim bildirdi ki, mənim heykəlim əsərlərimdir, onları insanlar oxuyub faydalanırlarsa, xoşbəxtəm. Axı quru daş parçası onlara nə verəcək?
Bilirdim ki, şair indiyədək çap olunan kitablarındakı naqisliklərdən narahatdır. Sağlığında külliyyatının yetkin halda nəşrini arzulayır. Cavanşir müəllimə şairin heykəlinin qoyulması ilə razılaşmadığını dedim. O: “Əsərlərini nəşr edək”, – qərarını verdi.
O vaxtlar yazıçı dostunun oncildliyinin xərcini ödəyən bir iş adamının televiziya kanallarında “filankəsin əsərlərini mən üzə çıxartdım, dahi şairimizin Şamaxıda məzarına abidə ucaltdım, özüm də şair olduğumdan Rusiyada qazandıqlarımı ədəbiyyatın inkişafına xərcləyirəm” deyərək ağızdolusu danışması, qəzetlərdə özünü öyməsi B.Vahabzadəyə pis təsir etmişdi. Əsərlərinin çapı üçün heç kimin yardımını qəbul etmirdi. Uzun söhbətlərdən sonra onu yumşaltdım. Çünki Bəxtiyar müəllim Cavanşir Feyziyevin xeyriyyəçiliyi barədə çox eşitmişdi, kənddə məktəb tikdirməsini, xəstələri müalicə etdirməsini, müharibə veteranlarına və qocaman müəllimlərə təmənnasız yardımlarını alqışlayırdı. C. Feyziyevin etdiyi saysız-hesabsız yaxşılıqları bir dəfə də olsun üzə vurmadığını görüb deyirdi ki, halal yolla pul qazanmaq özü də istedaddır. Zeynalabdin Tağıyev də, Musa Nağıyev də böyük istedada malik idilər. Onların istedadları olmasaydı, milyonlara sahib ola bilməzdilər.
Nəhayət, Cavanşir müəllimlə görüşə razılıq verdi. Onunla birsaatlıq söhbətdən sonra səmimiyyətinə inandı və külliyyatının nəşrinə başladıq.
Sonsuz həyat eşqi onun yaratdıqlarından süzülüb gəlirdi. Əsərlərinin hər birini nəzərdən keçirir, bəzi misralarının yanında xətlər çəkirdi. Soruşurdum: “Onları çıxardımmı?”
“Yox, – deyirdi, – şeirlərimi oxudum, inana bilmədim ki, bunları mən yazmışam. O misralar İlahidən gələn ilhamdır”
Bəxtiyar Vahabzadə əsərlərinə qarşı çox tələbkar idi. Bəzilərinin külliyyatına salınmasını istəmirdi. “Onlardan tər iyi gəlir, istedaddan yaranmayıb”, – deyirdi.
Əvvəllər böyük rəğbət bəsləyərək şeir həsr etdiyi insanların ikiüzlülüyünü görüb, ithafı götürməyi xahiş edirdi. Yeni cildlərini əlinə alanda uşaq kimi sevinirdi. İki il ərzində onu 8 dəfə sevindirə bildim. Dözmədi. Qalan 4 cildin bütün materiallarını mənə təhvil verib, Haqqa qovuşdu.
Türkiyədəki cəmiyyətlərin birinin rəhbəri il yarım əvvəl B.Vahabzadə ilə görüşmək üçün Bakıya gəlmişdi. Onu cəmiyyətlərinin qurultayına dəvət edirdi. Qərara almışdılar ki, şairi başqanları seçsinlər. Yenicə əməliyyatdan çıxdığından şair evində türk qardaşlarına olan tövsiyələrini lentə aldırdı. Cəmiyyətin qurultayında onun çıxışını hamı ayaq üstdə dinləmişdi. Bu il fevralın 14-də mənə Cəmiyyətdən başsağlığı məktubu gəldi.
“Ramazan Bey, Büyük üstad Bahtiyar Vahapzade’nin vefatını derin bir üzüntü ile oğrendim. Büyük Türk Milletinin ve Azerbaycan Halkının başı sağ olsun. Bu gün bunu çok derinden hissedemesekte İsmail Gaspıralı Bey’in bundan 100 yıl önce önümüze bir düstur olarak koyduğu “dilde, fikirde, işte birlik” idealinin en büyük hizmetkarlarından biri de Muallim Vahapzade’dir. Tek millet iki devletin tek devlete dönüşmesi sürecinde muallimin emeği büyük, gayreti çoktur. Yaydığı ışık ve rehberliği genç nesillere ışık tutacaktır. Mekanı cennet, sevenlerinin başı sağ olsun. Hürmetlerimle, Aslan Yaman”.
Türkiyə Cümhuriyyətinin Bakıdakı Böyükelçiliyində maliyyə attaşesi vəzifəsində çalışmış Bünyamin Özgür də ürəkağrısı ilə yazır: “Aziz kardeşim merhaba… Bahtiyar müellimin vefatını öğrendim ve çok üzüldüm. Allah rahmet eylesin ve hepimizin başı sağ olsun… Görüşmek dileğiyle… Selam ve saygılarımı sunarım”.
Yanvarın 27-də Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçisi Hulusi Kılıç və “Qafqaz Plus” jurnalının Türkiyə təmsilçisi Mehmet Hatiboğlu ilə birlikdə B.Vahabzadənin qonağı olduq. Orada şairin son şəkillərini çəkdim. Əhvali-ruhiyyəsi normal idi. Dostumuz İkramın oxuduğu şeirlərə kövrəlsə də, ürəyi həyat eşqi ilə döyünürdü, İstanbulu, Ankaranı bir də görmək, türk xalqı ilə görüşmək arzusundaydı. Hulusi Kılıç şairin külliyyatının tezliklə Türkiyədə də basılacağını vəd etdi.
Fevralın 11-də Qafqaz Universitetinin rektoru professor Əhməd Sanıc və xarici əlaqələr üzrə prorektor Murad Ərgüvən “Qafqaz” jurnalı redaksiyasında qonağım oldular. B.Vahabzadənin külliyyatının çapdan çıxan 8 cildini onlara hədiyyə etdim. Yaxın günlərdə şairə baş çəkəcəklərini bildirdilər. Sonra Bəxtiyar müəllim zəng edib, məni yanına çağırdı. Günortaüstü onun iş otağında görüşdük. Son qeydlərini mənə verdi, istəklərini bildirdi. Növbəti cildlərdəki əsərlərin tərtibi ilə maraqlandı. Bütün məsələləri müzakirə edib razılaşdıq. Gözləmədiyim halda:
– Hər şey bitdi, – dedi. – Sənə öz atama arxayın olduğum qədər arxayınam. İşi başa çatdıracaqsan. Daha gücüm qalmayıb. Gedirəm.
Kövrəldiyimi görüb, sözünü dəyişdi: – Sən yayda Şəkiyə gələcəksən?
Dedim: – Bəli.
– Məni Gavur qalasına apararsan…
Fevralın 13-də, saat 16.30-da məni Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçiliyinə çağırdılar, mədəniyyət və turizm nazirinin şəxsi məktubunu B.Vahabzadəyə verməyimi xahiş etdilər. Lakin bu məktubu ünvanına çatdıra bilmədim: “T.C. KÜLTÜR VE TURİZM BAKANI. ÖZEL. Sayın Bahtiyar Vahapzade! Hürmetli büyüğüm, gönderdiğiniz telegraf ve nazik ifadeleriniz için çok teşekkür ederim. Şairler, milletin dertleri ile dertlenen, içinde yaşadığı hüznü, acıyı, sevdayı, öfkeyi, isyanı en yüksek sesle haykıran insanlardır. Şairler tüm insanlığın sevdalıları, yüreklerinden gelen sesi kelimeye dönüştürenlerdir. Yaşamınız boyunca yılmadan sürdürdüğünüz özgürlük mücadeleniz ve birbirinden değerli şiirlerinizle Siz de sadece Azerbaycan`ın değil, Türkiye`nin ve tüm dünyanın takdir ettiği en büyük şairlerden birisiniz. Elazığ`da bir caddeye isminizin verilmesi Size duyduğumuz saygının yalnızca küçük bir göstergesi olabilir. Bahtiyarız, çünkü Sizin gibi bir değere sahibiz. Kalbinizle, eserlerinizle ve sevdiklerinizle beraber Size uzun ömürler diliyor, en derin hürmetlerimi sunuyorum. Saygılarımla Ertuğrul Günay”.
İki saatdan sonra şair Qafqaz Universitetinin rektoru ilə görüşür, 7-10 dəqiqəlik çay süfrəsindən sonra qonaqları ötürüb, iş otağına keçir, “Ramazan müəllim əsərlərimə baxmağı tapşırıb”, – deyə iki kitabını yazı masasının üstünə qoydurur, həmişəki kimi mənə zəng etməyi evdəkilərdən xahiş edir və könlündən alma yemək keçir…
Maşında evə gedirdim. Saat 18.24 dəqiqədə telefonumun zəngi çalınır. Ekranda “Bəxtiyar Vahabzadə” sözlərini oxuyuram. Lakin ilk dəfə onunla danışmağa imkan tapmıram. Xətt kəsilir. Demə, bu an şair almanı ağzına apararkən İlahinin çağırışını eşidir. Həyat yoldaşı Dilarə xanıma: “Mən gedirəm”, – deyib əbədiyyətə qovuşur…
Bir neçə dəqiqədən sonra mobil telefonum təkrar səslənir. Ekranda son dəfə “Bəxtiyar Vahabzadə” sözlərini oxuyuram və həmişəki kimi Tengiz xanımın səsini eşidirəm. Ancaq bu dəfə “Ramazan müəllim, Bəxtiyar müəllim sizinlə danışmaq istəyir” əvəzinə, ağlamsınaraq: “Bəxtiyar müəllim dünyasını dəyişdi”, – deyir…
Bağışladığı kitablarının birində “Əqidə dostum Ramazan Qafarlıya”, ithaf etdiyi “Dünən də, bu gün də” şeirində isə, sadəcə, “Dostum Ramazan Qafarlıya” sözlərini yazıb. Xudu müəllimdən sonra B.Vahabzadənin dostu, özü də əqidə dostu olmaq, ömrün on beş ildən çoxunu onunla qəlbən birləşmək, inanıb inandırmaq, fikirlərinə şərik olmaq elə bir xoşbəxtlik idi ki, həyatımdakı bütün sıxıntıları, məhrumiyyətləri, üstümə yağdırılan şəri, böhtanı unutdururdu. İndi Bəxtiyar Vahabzadə itkisi həyat yoldaşı Dilarə ananı göynətdiyi qədər məni də göynədir. İstəyirəm gündə 3-4 deyil, yüz dəfə zəng edib danışsın, danlasın… Lakin Allah apardığını hələ qaytarmayıb. Mən atamı 5 yaşımda itirmişəm. Cənazəsini qəbiristanlığa aparanda dedilər ki, onu təyyarəyə mindiririk, uçub uzaqlara gedəcək. Sağalandan sonra geri qayıdacaq… Yaşım 60-a çatır, hələ də göydə təyyarə uçanda o sözlər yadıma düşür… Ani olaraq atamın qayıdacağına ümid bəsləyirəm. B.Vahabzadə insaniyyətin atası idi. Milyonları yetim qoydu. İndi hamının gözləri göyə dikiləcək. Onu qaytaracaq uçağı axtaracaq. Və kaş şairin ruhu səsimi eşidəydi və bir sorğuma cavab verəydi:
– Məni tək qoydun, ustad! Ömrünü uzatmaq üçün cildlərin sayını 15-ə çatdırmaq istəyirdim. Elə bilirdim özündə güc tapıb axıradək tövsiyələrini əsirgəməyəcəksən. Axı söz vermişdin, Novruzu bir yerdə keçirəcəydik. Səni bu çətin addımı atmağa nə vadar etdi, ustad?..
(Ardı var)
Zaman.- 2009.- 21-23 fevral.- S. 11.