Dağ kultu: Oğuz mifi və Quz/Qazlıq dağı

Azərbaycanlıların təsəvvürünə görə, yaşadıqları ərazidəki dağ silsiləsinə ulu əcdad Oğuzun şərəfinə Quz («Dədə Qorqud» eposunda Qazlıq dağı kimi xatırlanır) adı verilmişdir. Oğuzlarının tarixini daha qədim dövrlərə aparıb çıxaran faktlar aş­karlanmaqda davam edir. III Muradın hakimiyyəti dövründə (1574-1595) türk tarixçisi Osman Bayburdlu tərəfindən ya­zıl­mış «Təvarixi-cədidi mirəti cahan» («Dünya güzgüsündə gö­rü­nən tarix xəbərləri») kitabında oğuzların nəsil şəcərəsindən, xü­susilə Bayandur soyundan bəhs açılır. «Bayandır xanın şəx­siy­yətinin təsviri» adlanan bölmədə isə XI əsrə aid fars dilində ya­zılmış, müəllifi məlum olmayan «Bəhr-əl-ənsab» («Ge­ne­alo­gi­ya») kitabına müraciət edilir. Orada Bayandur tayfasının Qaf­qaz­la əlaqəsindən çox geniş danışılır. Oğuzlar Gürcüstan tor­pa­ğına yürüş edirlər. Həmin hadisəyə «Dədə Qorqud» das­ta­nın­da bir neçə boyda işarə vardır. Tarixi mənbədə göstərilir ki, Ba­yandur xan bütün oğuzun başçısıdır, qalan döyüşçülər öz­lə­ri­ni onun övladları sayırlar. «Qafqazda yaşayan oğuzlar özlərini bir soydan hesab edirlər, hamısı Bayandur xanın döyüş­çü­ləri­dir­lər». X.Koroğlunun fikrincə, «Bəhr-əl-ənsab» kitabında verilən bə­zi cümlələr eynilə «Dədə Qorqud» dastanında da işlənmişdir: «Oğuz bəyləri gürcü kafirləri ilə döyüşür və belə qərara gəlirlər ki, Gürcüstanın doqquz vilayətinin bəyindən vergi alsınlar»[1]. Das­­tanın XI boyunda oxuyuruq: «Toquz tümən Gürcüstanın xa­ra­cı gəldi; bir at, bir qılınc, bir çomaq gətürdilər»[2]. «Tarix xə­bər­ləri»nə əsasən, bu hadisələr Məhəmməd peyğəmbərin dünyaya gə­li­şindən çox əvvəllər baş vermişdir. Dəqiq dövr də göstərilir: oğuz­ların islamı qəbul etmələrindən 700 il qabaq. İsus Xris­to­sun zühur etdiyi zaman: «Həmin çağlarda İisus, yeri cənnətlik ol­sun, göydən yerə enmişdi və bizim peyğəmbərimiz barədə hə­lə dünyaya heç nə məlum deyildi» – yazan «Bəhr-əl-ənsab» mü­əl­lifi türk tayfalarının inanc sistemi ilə üst-üstə düşən daha ma­raq­lı fakt gətirir: «Oğuzların heç bir dindən xəbərləri yox idi, on­lar ancaq göydəki tək Yaradıcıya inanırdılar». X.Koroğlu düz­gün olaraq, onun «Orxon-Yenisey» abidə-lərində adı çə­ki­lən «Göy Tanrı»sı olduğu qənaətinə gəlir. Cem Sultanın «Cəmşidin camı» əsərində və başqa mənbələrdə də oğuzların V-VI əsrlərdə Qafqazda yaşamaları və Məhəmməd peyğəmbərin özün­dən islam dinini qəbul etmələri barədə məlumata rast gə­li­rik. Cem Sultan (Sultan Cəmşid) yazır ki. Məhəmməd peyğəm­bər Qorqudu və Salman Farisi Dərbəndə göndərir ki, orada türk­lə­ri islama dəvət etsin[3].

Tarixçi Y.Yusifov b. e. ə. VIII əsrin sonu – VII əsrin əv­vəl­lərində Azərbaycanda yaşayan əhalinin etnik tərkibindən bəhs açaraq bildirir ki, sak, massaget, sarmat, türk tayfaları mən­bə­lərdə bəzən skit xalqı kimi qələmə verilmişdi. «Skit» adı isə mi­xi qaynaqlarda işquz // aşquz şəklində əks olunmuşdur. Dəqiq mə­nası məlum deyil. Bu etnonimi iç quz // iç oquz («içəri quz», «içəri oğuz») kimi də mənalandırmışlar. Bu oxşatma oğuzların ta­rixini daha qədimə aparır»[4]. Ola bilsin ki, F.Ditsin də fi­kir­lə­ri­nin əsasında mixi qaynaqlardakı «işquz» // «aşquz»un «iç oğuz»la əlaqələndirilməsi durmuşdur. Bu ifadələr yurdumuzla bağ­lı qə­dim, mənası anlaşılmaz başqa sözlərin də izahında açar ro­lunu oynayır. Belə ki, ulu babalarımızın ən əski əmək fə­aliy­yə­ti qoyunçuluqdur, – desək yanılmarıq. İlk çobanın həmyer-limiz ol­ması barədə A.Düma yazır ki, Qafqaz – öz adının yaranmasına gö­rə qədim allahlardan birinin törətdiyi cinayətə borcludur. Saturn atasını şikəst edəndə və övladlarını diri-diri udanda Yu­pi­te­rin (öz oğlunun) müqaviməti ilə qarşılaşır, möhtəşəm döyüşdə tar­mar edilib meydandan qaçır. Qərib diyarlarda gəzib do­la­şar­kən qoyun sürüsü ilə Assuriyanı Ərməndən ayıran Pifaq dağına (Stra­bona görə, Tiqr çayı mənbəyini bu dağdan alır) yollanan Qaf­qaz (Quz) adlı bir çobanla rastlaşır. Qafqaz ehtiyatsızlıq edib, qaçanın qarşısına sürüsü ilə sədd çəkir. Saturn qəzəblənib qı­lınc zərbəsi ilə onu öldürür. Yupiter bu cinayətə nifrət oyat­maq məqsədi ilə şəhid çobanın adını əbədiləşdirir və bütün dağ sil­siləsini «Qafqaz» adlandırır. Eləcə də «Yupiter Qafqaz dağ­la­rı­nın ən uca zirvəsi Kazbeqdən (Quz bəy) intiqam silahı kimi is­ti­fa­də edir»[5].

Əsatirdən göründüyü kimi, Qafqazın qədim sakinləri ço­ban sənətini xeyirxah tanrıların sevdiyi iş zənn etmiş və böyük hə­vəslə nəsildən-nəslə ötürmüşlər. Qafqazın əsas hissəsinin əbə­di sakinləri olan Azərbaycan türklərinin çobanlıqla bağlı nəğ­mə­lə­rinin geniş yayılması və bizim günlərimizədək el arasında xü­su­si adla (sayaçı sözləri, yaxud çoban nəğmələri) mərasimlərdə oxun­ması da fikrimizi təsdiq edir.

Qədim roma miflərində şəhid çoban kimi xatırlanan «Qaf­qaz»da və dağ zirvəsi «Kazbek» («QAZbək»//QUZbəy»//Oğuz­bəy») sözündə türk mənşəli hissəciklərin olduğu şübhəsizdir. Birin­cinin ikinci hecasında «qaz // quz», ikincinin isə əvvəlində «kaz // qaz // quz» komponentlərinin mövcudluğu göstərir ki, «işquz // aşquz // iç oğuz» tayfaları çox əski çağlardan Azər­bay­canın dağlıq və dağətəyi sahələrində məskunlaşmışlar. Ma­raq­lıdır ki, «Dədə Qorqud» dastanında da bu dağın adı «Qafqaz» sö­zünün məhz ikinci hissəsinə («qaz»a) məkan anlamlı söz­dü­zəl­dici «lıq» şəkilçisi artırılmaqla yaranır: «Qaz // lıq».

Heç şübhə yoxdur ki, oğuzlar öz ulu əcdadlarının xa­ti­rə­si­ni əbədiləşdirmək məqsədi ilə dağ silsiləsinə «Oğuz» adı ver­miş­lər və dağa Azərbaycanda türk qadınlarının «qayınatam» – de­yə bu gün də müracət etməsi təsadüfi deyil. Oğuz mifologi­ya­sın­da nəslin qadın tərəfi bütün hallarda kənardan gəlmədir (bu mə­nada Oğuz gəlinlərin atası deyil, qayınatasıdır). Bu, baş­lan­ğıc­da nəslin ilk nümayəndəsinin möcüzəli iki qızla – göydəki göy işıq şüasıyla yerə enən mələksima və gölün ortasındakı ağa­cın koğuşunda oturmuş gözəllə evlənməsindən irəli gəlir. Oğuz eli­nin ilk gəlinləri hər iki halda kənar dünyalardan göndərilir. Baş­qa xalqların mifologiyasında isə lap başlanğıcda qohumla – bacı­-qardaşla ailə qurub izdivacda olmadan nəsil artırmaq müm­kün olmur. Misirlilərin doqquz böyük tanrısı haqqındakı ge­li­opol yazılarında bacı qardaşla nikaha girir. Xristian və islam inanc­larında insan Böyük Qəzadan sonra Nuhun oğul-qızlarının bir-biri ilə evlənməsi nəticəsində artıb çoxalır. Lakin türkün tə­səv­vüründə bacının qardaşla cinsi bağlılığına rast gəlmirik. Ailə­nin qadın tərəfi bütün hallarda kənar nəsildən gətirilir. Oğuz altı oğ­lunu və iyirmi dörd nəvəsini qonşu türk tayfalarının (yəni oğuz olmayan) qızları ilə evləndirir. Bu səbəbdən də oğuzlarda qa­dınlar nəslin ilk ərini özlərinin ata-babaları deyil, qayınataları sa­yırdılar. Oğuzun adı dağla eyniləşdirildiyindən onlar həmişə üz­lərini uca zirvələrə tutub dağlardan uğur diləyər, uzaqlarda – dö­yüş və səfərlərdə itib-batmış ərlərini, övladlarını ondan is­tə­yər­dilər.

«Dirsə xan oğlı Buğac xan boyın»da «Qazlıq» sözü iki mə­nada işlənir.

Birinci anlamda Qazlıq dağ adıdır, «Qafqaz» sözünün ye­ri­ni tutur. Məsələn:

Nə, Qazlıq tağı, aqar sənin suların?

Aqar kibi aqmaz olsun!

Bitər sənin otların, Qazlıq tağı,

Bitər ikən, bitməz olsun!

Qaçar sənin keyiklərin, Qazlıq tağı,

Qaçar içən, qaçmaz olsun, taşa dönsün!..[6]

Oğlunu al-qan içində görən ananın Qazlıq dağına müraci­ətlə oxuduğu nəğmədən görünür ki, qarğış birbaşa nəsil tö­rə­də­nin özünə yönəlmişdir, suların axmaması, otların bitməməsi öv­la­dın olmaması demək idi. Ulu bir soyun kökünün kəsilməsi təh­lü­kəsi qarşısında aciz qalan qadın qayınatası Oğuza – Qazlıq da­ğı­na ona görə ah-nalə yağdırırdı ki, onun törəmələri – Dirsə xan və başının adamları şər yolunu tutmuşdular, təpədən-dırnağa ya­lana uymuşdular. İş o yerə çatmışdı ki, ata öz doğma övladına qıy­mış, arxadan onu xaincəsinə oxlamışdı. Bu mənfur əməldə Oğuz nəslinə son qoymaq məqsədi güdülmüşdü. Diqqət yetirin, baş­qa mifik inamlarda şər, yalan insanlar arasında baş alıb ge­dən­də Yaradıcı qəzəblənib yer üzünə elə bəla göndərir ki, bütün can­lıları sıradan çıxarsın. Yaradıcının funksiyasını öz üzərinə gö­türən Qazlıq dağı – Oğuz isə Xızırı imdada yetirib sinəsində bi­tirdiyi dağ çiçəyini ana südü ilə birlikdə ölümcül övladın ya­ra­la­rına məlhəm edir. Bir növ onu təzədən dünyaya qaytarır ki, şə­rin qarşısını alsın.

İkinci anlamda, «Qazlıq» sözü at adı kimi təqdim olunur:

Yalısı qara Qazlıq atın bütün bindin…

Yaxud:

Yaralanub Qazlıq atımdan enməyincə…[7].

Bir cavab yazın

Back to top