Struktur təhlil predmetinin kateqoriyaları
Ümumi amillər: İşarə / məna – zaman, məkan, insan, cəmiyyət, təbiət / onların yaradıcılıq aktına çevrilib bədii obraz-larla əksi və qarşılıqlı əlaqəsi.
Nitq/dil – Orta çağlarda Azərbaycan türklərinin şifahi və yazılı dili/fonopoetik, qramatik və leksik vasitələr, poetik sintaksis, bədiiliyi təmin edən amillər.
Mətn/tam mətn (kontekst) – giriş hissə/eposun Drezden və Vatikan nüsxələri.
Mədəniyyət hadisəsi/mahiyyət – Yazılı ədəbi abidə/epik ənənənin ən möhtəşəm nümunəsi, xalqın həyatı, məişəti, istək və arzularına güzgü tuması.
Fərdi amillər: Məlumatı göndərən (yəni bədii əsəri yaradan və yazıya alan) – məsələn, “Kitabi-Dədə Qorqud” eposunda ozanlar və katiblər.
Qəbul edən (dinləyən) – məsələn, “Kitabi-Dədə Qorqud” eposunda ozan məclisinin işkirakçıları və mətni oxuyanlar.
Məlumatın özü – məsələn, “Kitabi-Dədə Qorqud” eposun-da Dədə Qorqudun kimliyi, Allah, peyğəmbər və qohumları haqqında, Qafqaz türklərinin ilkin dünyagörüşü, ailə münasibətləri, ailə-əxlaq qaydaları, qadın tipləri və s.
Kodu – məsələn, “Kitabi-Dədə Qorqud” eposunda Dədə Qorqud qeybdən xəbər verəndir, övliyadır, müdriklik mücəssiməsidir, qadın soy soldurandır, toy doldurandır… «Kitabi-Dədə Qorqud» dastanını tarixi-müqayisəli aspektə götürüb struktur təhlilə cəlb etmək üçün mövcud iki əlyazma mətni ilə (Drezden və Vatikan) yanaşı boylarda görünənlərin əks-sədası kimi aşağıdakı məsələlərə də diqqət çəkmək vacibdir:
Üst qatda yerləşənlər – mətnlə səsləşənlər.
Alt qatda olanlar – görünməyənlər.
Strukturalistlər «mətn və mətn» şüarı ilə çıxış edir, bədii əsərin yaranmasına təsir edən görünməz(mətndənkənar) amilləri çox hallarda nəzərə almırlar. Halbuki mətn öz-özünə yaranmır, gerçək həyatın, insan yaşantılarının müxtəlif məqamlarının təxəyyüldən keçirilmiş əksi kimi ortaya çıxır. Hadisələrin bədii əsər formasında «istehsalında» yaradıcının (yaxud yaradanların) təcrübəsi, biliyi, istedadı, hiss və emosiyaları da az rol oynamır. Bura ətraf mühitdə baş verənləri, müasirlərinin (eposdan söhbət gedirsə, yarandığı dövrün insanlarının) məişət tərzini, adət-ənənələri, ritualları, çevrəsində olanların ziqzaqlı münasibətlərini, müxtəlif dünyagörüşlərini, inanc sistemlərini, eləcə də alt şüurun təsirini əlavə etsək, yaradıcılıq prosesinin mexanizmini az-çox təsəvvür edə bilərik. Bədii mətn struktur halına düşənədək təfəkkür qazanında qaynadılır. Onun elementləri arasındakı hər bir əlaqə və bağlılıqda kənar amillərin izləri var. Ona görə də təhlil zamanı bədii mətn ərsəyə gətirilənədək hardan mayalandığını, qidasının nələrdən ibarət olduğunu nəzərə almaq vacibdir.
Bədii əsərin yaranmasına təsir edən görünməz (mətn-dənkənar) amillər. “Kitabi-Dədə Qorqud” eposunun yaranma-sına aşağıdakı vasitələr yardım göstərmişdir:
- Qafqaz türklərinin ilkin dünyagörüşü sistemləri və mifologiyası.
- Kökdən süzülüb gələn elementlər.
- Orta çağların yazı mədəniyyəti.
- Yazılı ədəbi əsərlərin strukturu.
- Dövrün tərbiyə və əxlaq qaydaları.
Münasibət formaları: ana-oğul, ata-oğul, ailə, ər-arvad, xan-bəy, bəy-çoban, qız-oğlan, islam-bütpərəstlik, islam-xristianlıq, oğuzlar-kafirlər
Əlaqələr: ticarət və mədəniyyətəlaqələri
İdarəçilik və xalq-hökmdar problemi.
Qonşularla qarşılaşma.
Türk nəsrinin və nəzminin mənşəyi. Ölçüsüz şeir.
Qafqaz oğuzlarının, qıpçaqların həyatı və məişət tərzi.
Ozan sənəti.
Oğuznamələr.
Şifahi və yazılı epik ənənənin başqa janrları.
Xatirələrdə, əfsanə və rəvayətlərdə yaşadılan tarix.
Eposun xalq arasında formalaşdığı dövrün hadisələri.
Adət-ənənələr (doğum, adqoyma, toy, yas və s.).
Rituallar və el şənlikləri.
Türk xalqlarının savaş sənəti. Silahlar. Hərbi geyimlər.
İslam inancı.