SAVROMATLAR. Q.A.Stratanovskaya tarixin atasına istinadən yazır ki, amazonkalar haqqında mif matriarxat (anaxaqanlıq) dövrünün izləri olaraq ilk dəfə qədim skif tayfaları arasında yayılmışdır. Uyğun təsəvvürlər sonralar kari, laki və lidilərdə də mövcud olmuşdur. Qadınların «kişilərsiz cəmiyyət» qurub müstəqil yaşamaları ideyası Qafqaz və Qafqazətrafı ərazilərdən çox uzaqlarda yayılmamışdır. Tarixi mənbələrdə, xüsusilə Herodotda ancaq skif tayfalarının söylədikləri yarım tarixi, yarım əsatiri əhvalatlar özünə yer alır ki, orada qəribə qadın birliyindən bəhs açılır.
Herodotun təqdim etdiyi rəvayətə görə, prototürk tayfası savromatlar əski çağlarda müasir Türkiyə ərazisində yaşamışlar, bir hissəsi sonralar Samsun limanından dəniz yolu ilə şimali Kuban vilayətinə gedib saklara birləşmişdir. Xalq söyləmələrinə əsasən yunan mənbələrində belə qənaət irəli sürülür ki, savromatlar amazonkalarla sakların qarışığından əmələ gəlmişlər. Herodot skif dilinə aid bir neçə ifadənin izahını verərkən yazır ki, «skiflər amazonkaları «eorpat» adlandırırlar ki, ellincə bu «ər öldürən» anlamını verir: çünki gor\ər – kişi, pat/bat öldürmək anlamındadır». «Eor» //«Ər» sözü Azərbaycan türklərinin dilində bu gün də «kişi» mənasında geniş işlənir. Öldürmək anlamı verən «pat» kəlməsinə gəlincə, bu, əslində, «bat» (batmaq) felinin təhrif olunmuş formasıdır. Hazırda Azərbaycanın Şəki (bu qədim şəhərin adı Sakasen//Şakaşen/Saki/Şaki şəklində yunan mənbələrinə də düşmüş, sakların yurdu anlamındadır və 2700 ildən çox yaşı var) bölgəsində yaşayan əhali qarğışlarında ölümünü istədikləri adama «səni batasan», «yerə batasan», yaxud sadəcə «bat» deyirlər. Bu «ölüb torpağa qarışasan», «yerə girəsən» mənasını verir. Əslində, skiflər amazonkalıları «eorpat» deyil, «ərbat» adlandırmışdılar. Yurdumuzda lap əski çağlardan fellə ismin birləşməsindən tayfa və şəxs adlarının yaradılması ənənəsi olmuşdur. Bu cür adlar mifoloji obrazlara da verilirdi. Məsələn, orta əsrlərə aid yazılı abidədə rastlaşdığımız «Basat» – «basmaq» feli ilə «at» ismindən əmələ gəlmişdir: «Bas // at».
Ərbatların, yaxud ərbatıran qadınların (amazonkaları prototürklərin adlandırdığı şəkildə veririk) skiflərlə əlaqəsi, qohumluğu haqqındakı mifdə göstərilir ki, onlar bir dəfə açıq dənizdə kişilərə hücum çəkirlər (Herodota çatdırılan söyləmədə ellinlilərə), hamısını öldürüb gəmini zəbt edəndən sonra yadlarına düşür ki, sürücülüyü bacarmırlar, gəmini idarə etməkdə acizdirlər. Ümidlərini tanrılarına bağlayırlar. Dalğa onları skiflərin ölkəsinə aparıb çıxarır. Ərbatlar sahilə enirlər, at ilxısına rast gəlib ələ keçirir və atlanıb soyğunçuluğa başlayırlar.
Skiflər əvvəl heç nə anlamırlar, çünki yolkəsənlərin geyimi özlərininkilərdən fərqli idi və onların dillərini başa düşmürdülər. Elə zənn edirlər ki, hansısa böyük günaha batıblar, bunlar da qara qüvvə kimi göydən göndərilən bəlalardı. Qarətlərin ardı-arasının kəsilmədiyini görən yerli əhali silahlanıb yadlarla döyüşməyi qərarlaşdırır. Ağır davadan sonra skiflər ərbatların bir neçə meyitini nəzərdən keçirirlər. Görürlər ki, qarətçilər qadınlardır. Onlar məclis çağırıb məşvərət edirlər və qərara alırlar ki, arvadlarla dava eləmək kişilərə yaraşmaz. Yaxşısı budur bu cəsur tayfa ilə əlaqə yaradılsın. Ərbatların yanına sayları qədər gənc oğlan göndərilməsi təklifi ilə hamı razılaşır.
Gənclərə belə bir tapşırıq verirlər ki, ərbatların yaxınlığında düşərgə salsınlar, bir müddət yanaşı, dinc yaşasınlar və onların bütün hərəkətlərini olduğu şəkildə təkrarlasınlar. Əgər qadınlar yanaşı, dinc yaşamaq istəməyib gənclərə hücum çəksələr, yerlilər döyüşə girməyib aradan çıxsınlar. Təqib qurtarandan sonra təzədən yaxına gedib öz düşərgələrini qursunlar. Eyni qayda ilə o vaxtadək davam etsinlər ki, qadınlar onlardan xoşlansınlar. Skiflər istəyirdilər ki, bu davakar, döyüşkən qadınlardan uşaqları doğulsun. Eyni halla F.Rəşidəddinin «Tarix»indəki «Oğuznamə»də – Oğuzun Kıl-Baraklarla döyüşündə də rastlaşırıq. Düşməni aradan götürmək məqsədilə türkün yaraşıqlı gəncləri qadınlarla əlaqə yaradır, ilk olaraq başçının arvadının qəlbinə yol tapırlar və onun məsləhətinə qulaq asmaqla məğlubedilməz kişilərə qalib gəlirlər…
Beləcə, skif gəncləri öhdələrinə götürdükləri vəzifəni yerinə yetirməyə başlayırlar. Ərbatlar biləndən sonra ki, kişilər dava-dalaş üçün gəlməyiblər, onları rahat buraxırlar. Günü-gündən hər iki düşərgə bir-birinə daha da yaxınlaşmağa doğru can atır. Gənclərin və ərbatların silahdan, atdan başqa heç nələri yox idi. Hər iki dəstə oxşar həyat tərzi keçirir, qarət və ovçuluqla məşğul olur.
Günortaüstü ərbatlar bir-bir, iki-iki müxtəlif istiqamətlərə yollanırlar ki, təbii tələbatlarını ödəməyə imkan tapsınlar. Skiflər bunu görən kimi o cür hərəkət edirlər. Gənclərdən hansısa ərbatlardan birinə təklikdə rast gəlir. Qadın onu yanından qovmur, yaxınlıq etməsinə, hətta intim əlaqəyə girməsinə razılıq verir. Onlar, əlbəttə, bir-biri ilə danışa bilmirdilər, çünki biri digərinin dilini anlamırdı. Ərbat qız əl hərəkətləri ilə skif gəncinə başa salır ki, sabah eyni vaxtda buraya gəlsin və bir nəfər dostunu da özü ilə götürsün, o da cüt gələcək, rəfiqəsini gətirəcək.
Vədələşdikləri kimi səhəri gün gənc bir dostunu özü ilə götürüb görüş yerinə yollanır və görür ki, iki ərbat qız orada onları gözləyir. Bu yaxınlaşmadan başqaları da xəbər tuturlar. Beləcə, skiflər bütün ərbat qızlarını «əhliləşdirib» özlərinə ram edirlər. Bundan sonra düşərgələr birləşdirilir. Onlar birlikdə həyat sürürlər. Hər bir gənc birinci dəfə hansı qızla əlaqəyə girmişdisə, onu özünə arvad seçir. Yeni ailələrin ərləri öz arvadlarının dilini öyrənməkdə çətinlik çəkirlər, onda ərbatlar skiflərin danışığını mənimsəməyi öhdələrinə götürürlər. O zaman ki, ərlər arvadlarla eyni nitq ünsiyyətinə malik olurlar, onda deyirlər ki, «bizim ata-analarımız, var-dövlətimiz, ev-eşiyimiz, yurdumuz var. Artıq çöllük həyatı sürməkdən bezdik. Geriyə qayıdıb xalqımızla birlikdə yaşamaq arzusundayıq. Amma istəyirik ki, təkcə siz arvadlarımız olasınız və heç zaman başqaları ilə belə yaxınlaşmayaq». Ərbatlar belə cavab verirlər ki, «biz sizin qadınlar tək yaşaya bilmərik. Çünki adətlərimiz onların adətləri ilə uyğunlaşmır: biz ox atırıq, mızraq diyirlədirik, at çapırıq – qadın işlərinə adət eləməmişik, onlardan bir şey anlamırıq da. Sizin qadınlar isə saydıqlarımızın birini yerinə yetirməyə qadir deyillər, onlar ov övlamırlar, heç öz köşklərindən bayıra çıxmırlar, daim ev işləri ilə məşğuldurlar. Bu səbəblərə görə bizim sizin qadınlarla yola getməyimiz müşküldür. Əgər istəyirsiz ki, biz arvadlarınız olaraq qalaq və arzulayırsınız ki, öz düzgünlüyünüzü, saf niyyətlərinizi sübut eləyəsiniz, onda yol açıqdır, gedin ata-analarınızın yanına, var-dövlətdən payınıza düşənləri ayırıb versinlər sizə. Götürüb dönün yanımıza, hamımız birlikdə müstəqil ömür keçirək!..».
Gənclər öz arvadlarını eşidirlər, dedikləri ilə hesablaşıb yerinə yetirir, paylarına düşən var-dövlətlə ərbatların yanına qayıdırlar. Buna sevinən arvadlar deyirlər: «Biz düşünəndə ki, öz yurdumuzdan ayrılıb bu ölkədə yaşayacağıq, dəhşətə gəlirdik. Lakin elinizin başına şər işlər gətirməyimizə baxmayaraq, siz bizdən ötrü atalarınızdan ayrıldınız və bizi həqiqətən ömür-gün yoldaşı etmək istədiyinizi sübut etdiniz. Ona görə də gəlin belə edək: sizin ölkə ilə bizim ölkənin arasında yerləşən ərazilərə köçək». Herodot həmin yerə işarə edərək yazır ki, «onlar Tanaisi adlayırdılar və üç gün yol gedərək şimalda yerləşən Meotidə çatırdılar». Tanais müasir Dunay çayı, Meotid isə Azov dənizidir.
Azov dənizindən şərqə üç günlük məsafə qət etməklə Qafqaza – Xəzərətrafı torpaqlara, Dunaydan Şimala üç günlük məsafə ilə İtilə (Volqa) və indiki Vladiqafqaza çatmaq olar.