İTİRİLMİŞ MƏDƏNİYYƏTLƏRİN SİRRİ, 6-cı yazı: Dunay – Dan Ay, Tan tanrı – Ay kağan

Dunay – Dan Ay, Tan tanrı – Ay kağan

Tədqiqatçılar «Dunay» adının iran mənşəli «dana» («su» deməkdir) sözündən alındığını yazırlar. Lakin «Dana//Tanais//Dunay» keçidlərinin həqiqətdən uzaqlığı göz qabağındadır. Bizə elə gəlir ki, skiflər öz vətənində yerləşən çayın adını fars mənşəli kəlmə ilə adlandırmazdılar. «Tanais» mürəkkəb sözdür. Birinci komponenti «tan»dır. Türklərin qədim səhər tanrısının adıdır: «Tan//Dan» – günəş deməkdir. Ardınca gələn hissə – «ais» (müasir səsləşmədə bu komponentin «ay» şəklində olması təsadüfi deyil) «ay-su» olmalıdır. Yunan mənbələrində tez-tez işlənən «Tanais» toponimi skif dilində «Dan/ay/su» kimi səslənmişdir. Dan – Günəş tanrı səhər, Ay tanrı isə gecə çayda öz əksinə tamaşa edir. Su, əsgi inama görə, Günəş və Ay tanrılarının üzünü görən ilk varlıqdır. «Savromat» sözündə də «su» komponenti iştirak edir. Onların mənşəyinə həsr olunan mifin məzmunundan gördük ki, ərbatları öz yurdlarından ayırıb ərlə qovuşduran vasitə sudur – dənizdir. Bu etnosun adındakı ikinci hissə «ov», üçüncü hissə isə «at»dır. Bizcə, skiflərin dilində yeni yaranan etnosun adı «suovat» // «savat» olmuşdur. Ən maraqlısı odur ki, «Kitabi-Dədə Qorqud»da təsvir olunan qadınlarla savromatların adətləri üst-üstə düşür. Skifli gənclərlə ərbat qızların yeni yurd yerinə köçəndən sonrakı həyatından bəhs açan Herodot bildirirdi ki, «savromatlı qadınlar çox qədim adətlərini qoruyub – saxlayırdılar: kişilərlə birlikdə və hətta onlarsız at üstündə ova çıxır, yürüşlərdə iştirak edir, eynilə kişi paltarları geyinirdilər». Bu adətlərin Azərbaycan türkləri arasında son çağlaradək yaşadığı və epik ənənəsinin əsas motivlərindən birinə çevrildiyi heyrət doğurur. Dağlı qızlar atalarının və qardaşlarının ölümünə bais olan düşməndən qisas almayınca, çox hallarda öldürməyincə ərə getmir, qara ər libası geyinib evdə otururlar. Nizaminin «Xosrov və Şirin»ində (1177-ci ildə yazılmağa başlanmış, 1180/81-ci illərdə tamamlanmışdır) özünü Alp-Ər Tunqanın (əfsanəvi türk-Turan dövlətinin başçısı) nəslindən hesab edən bərdəli (Bərdə – sakların yaratdığı dövlətin paytaxtı olub, hazırda Azərbaycanın mərkəzində yaşayış məntəqəsidir) Şirin İran hökmdarı ilə eyni səviyyədə at çapır, ox atır, qılınc oynadır. «Koroğlu» eposunda (XVII əsr) Nigar və Telli xanım kişilərlə bir sırada düşmənlə vuruşur. Ən dolğun dəlillər isə «Kitabi-Dədə Qorqud»da (VII əsrdə meydana gəlmiş, əldə olan əlyazma nüsxələrinə əsasən XIV-XVI yüzilliklərdə yazıya alınmışdır) əks olunmuşdur. VI boyun əsas qəhrəmanından soruşurlar ki, «Sən niyə el içindəki qızlardan birini seçib evlənmirsən?» Qanturalı cavab verir: “Mənə elə qız lazımdır ki, «yerimdən turmadın ol turmış ola! Mən qaracuq atıma binmədin ol binmiş ola! Mən qanlı kafər elinə varmadın ol varmış, mana baş gətürmüş ola!»”. Burada Qanturalının savromatlı qızların nişanələrini sadaladığı göz önündədir. Eposda açıq-aydın vurğulanır ki, türk-oğuzlar arasında elələri yoxdur. Sanki Qanturalı ərbatlarla evlənən ilk skif gənclərindən biri kimi çıxış edir, elin tapşırığını yerinə yetirəndən sonra atasının yanına gəlib ondan payını istəyir və yerli qızlarla evlənmək təklifini alanda bildirir ki, «siz istəyirsiz bir cici-bacı türkmən qızını alasınız, birdən sürüşüb üzərinə düşəm, qarnı yırtıla?»

Bir cavab yazın

Back to top