Antropomorfizm[1] elə bir dünyagörüşüdür ki, insana xas xüsusiyyətlərin əşyalara, təbiət hadisələri və qüvvələrinə, cansız varlıqlara, göy cisimlərinə, heyvan və quşlara aidliyinə inamdan doğmuşdur. Mədəniyyətin inkişafının müəyyən pilləsində dildə alleqorik ifadə vasitəsinə çevrilmiş və bədii yaradıcılıqda geniş istifadə edilərək insanlığın əlamətlərinin digər varlıqların üzəri-nə köçürülməsi ilə şərtlənmişdir. Tədqiqatçıların çoxu simvol-ların yaranmasını alleqoriya ilə bağlayırlar. Antropomorfizm ilkin mərhələdə yalnız miflərə xas əlamət kimi meydana gəlmiş, cəmiyyətin inkişafının bir qədər irəliyə doğru addımladığı mərhələdə isə ibtidai dinlərin mahiyyətində durmuşdur. Antik filosoflar tərəfindən (Ksenafon) tənqidə məruz qalmasına baxmayaraq, xristianlıq və islamda da özünə yer almışdır.
Antropomorfizmin işlək dairəsinin genişliyini nəzərə alıb hissələrə ayırırlar. Belə ki, Antropopatizm[2] təkcə təbiət qüvvələrinin insaniləşdirilməsi, psixoloji antropomorfizm isə insanın iztirablarının, eləcə də qəzəb, mərhəmət, nifrət və s ruhi narahatlıqlarının tanrılara şamil edilməsi kimi götürülür.
Azərbaycan-türk mifoloji görüşlərini antropomorfizmsiz təsəvvürə gətirmək mümkün deyil. Daş beşikdən tutmuş, göy cisimlərinə – günəşə, aya, ulduzlaradək bütün canlı-cansız varlıqlar insanlar kimi düşünə, danışa, yarada, şüurlu fəaliyyətdə ola bilir. Bəşər oğluna aid elə bir fərdi keyfiyyət yoxdur ki, o, əşyalara, təbiət qüvvələrinə və s. aid edilməsin. Ulu əcdad çətinə düşəndə özündə olan mərhəməti tanrılardan diləmiş, yeri gələndə onların qəzəbinə keçdiyini sanmışdır.
[1]Antropomorfizm – yunan sözüdür, anthropos – insan, morphe – forma deməkdir. Təbiət qüvvələrinin və hadisələrinin, habelə fövqəltəbii varlıqların səsləndirilməsi, insan şəklində təcəssümü kimi başa düşülür.
[2]Antropopatizm – yunan sözüdür, anthropos – insan, pathos – meyl demək-dir. Təbiət qüvvələrinin insanlaşma xüsusiyyətinə malikliyini iddia edən tə-səvvürdür.