Fetişizm[1] – maddi əşyalara itaətə əsaslanan dünyagörüşüdür. Belə ki, magiya mərhələsindən sonra fövqəltəbiiliyin xüsusi predmetlər vasitəsi ilə həyata tətbiqinə inam yaranır. Dua və əfsunlarla təbiətə təsir etməyin mümkünlüyünə razılaşan ulu əcdad işini daha sistemli qurmaq məqsədilə xüsusi sehirli vasitələr düşünməyə başlayır. E.Taylora görə, fetişizm animizmin bir formasıdır, fetiş isə ruhların yerləşdiyi məkandır[2]. Birinci qənaəti dəqiqləşdirmək lazım gəlir. Çünki fetişizm əslində animizmin əşyalarla təsdiqlənməsi tələb olunan formasıdır. Beləliklə, müqəddəsləşdirilən bütün maddi əşyalar fetiş kimi qəbul olunurdu. Demək olar ki, dinlərin hamısında xüsusi predmetlər var ki, ona itaət və ibadət edirlər. Xristianlıqda xaç, «Tovrat» və ikona, islamda Kəbədəki qara daş və «Quran» dindarlar tərəfindən qeyri-adilik dərəcəsinə qaldırılıb fetişləşdirilmişdir.
Azərbaycan mifik görüşlərində fetişizm özünə xüsusi yer tutur. Türk təfəkküründə fetişləşən varlıqlardan ilkini odun əldə edilməsi ilə yaranmışdır. Mağaralarda qalanan ocaqlar müqəd-dəsləşdirilərək nəslin davamlılığını bildirmişdir. Təsadüfi deyil ki, dilimizin məhsulu olan «ocaq» sözü arxetipik simvola çevrilərək əksər xalqlara keçmiş və eyni mənada işlənmişdir. Ümumiyyətlə, Azərbaycan xalqının nəzərində kiçik məişət əşya-larından tutmuş silahlara (ox, yay, qılınc), bulaqlara, təpələrə, qayalara kimi hamısı ilahiləşdirilib tarixin müxtəlif dönəmlərində insanların ümid yerinə çevrilmişdir. Nağıl və eposlarımızda bir silsilə sehirli əşyalar və vasitələr təsvir edilir ki, qeyri-adi işləri yerinə yetirir, möcüzələr törədir. Əvvəllər onların fetiş şəklində xalq arasında qəbul edildiyi şübhəsizdir. Talisman və amuletlər də fetişləşdirilmiş predmetlər sırasında durur. Maddi əşyalara və varlıqlara fetişizm mövqeyindən yanaşılması itaət və ibadətin daha universal dayağını – kultları meydana gətirmişdir.
[1] Fetişizm – fransız sözüdür, fétichisme // fétiche – idol, talisman deməkdir. Fövqəltəbii xüsusiyyətlər şamil edilmiş madi əşyalara dini itaət kimi başa düşülür. Termini ilk dəfə hollandiyalı səyyah V.Bosman (XVIII əsrin əvvəllərində) işlətmiş, fransız tədqiqatçısı Ş. De Bros isə «Fetiş tanrılarının kultu» (1760) əsərində misir, yunan, roma dinləri əsasında geniş təhlilini vermişdir.
[2] Тайлор Э.Б. Первобытная культура: пер. с анг. Д.А.Коропчевского. – М.: Политиздат, 1989, с. 331-332.