Bədii mətnin təhlil aspektləri

Klassik ritorika öz sahəsinə aid biliklərə üç aspektdən ya­na­şırdı: elocitio (söz), dispositio (sintaksis), inventio (məna). Buna uyğun olaraq rus formal nəzəriyyəsinin nümayəndələri də ədə­biyyatşünaslıq araşdırmalarını üç sahəyə ayırmışdılar: üs­lu­biy­yat, kompozisiyamövzu.

Azərbaycan ədəbiyyatşünaslığında araşdırmalar bölgünün so­nuncu qrupuna əsərin ideya istiqaməti məsələsini də əlavə edil­məklə daha çox bu istiqamətdə aparılır. Təəssüflər olsun ki, rus və Avropa alimləri hələ XX əsrin otuzuncu illərində həmin prin­siplərdən bezmiş, çünki onun vasitəsilə yaradıcılıq ha­di­sə­lə­ri­ni dərinliklə öyrənməyin mümkünsüzlüyünü anlamış, bədii əsərin da­xili qanunauyğunluqlarını göstərən, bütövlüyünü təmin edən əla­mətlərin üzə çıxarılması üçün başqa metod və yollar ara­mış­lar. Avropada meydana gələn linqivistik nəzəriyyə də çox irəli ge­də bilməmiş, rus formalistlərindən fərqli olaraq fonologiya, sin­taksis və semantik – deyə bölmələrə ayıraraq bədii mətni təh­lil etmişlər. Bu, əslində ilkin prinsiplərə (klassik ritorikaya) qa­yı­dış kimi təsiri bağışlayırdı. Tarixi poetikada bu üç aspektin han­sının daha vacibliyi haqqında başlanğıcdan mübahisə möv­cud olmuş və bu gün də davam etməkdədir.

Məşhur fransız strukturalisti S.Todorov isə bədii mətnin təh­lilini aşağıdakı prinsiplə aparmağı təklif edirdi:

A. Semantik aspekt (ümumi məsələlər barədə söz).
B. Dil registiri (tənzimləyicisi).
V. Söz aspekti:

a) modus (üsul, növ müxtəlifliyi), zaman;
b) nöqteyi-nəzər, dəlil – təminat.

Q. Sintaksis aspekt:

a) mətn strukturları;
b) hekayə, nəql­et­mə sintaksisi;
v) kateqoriyalaşma və reaksiyalar (köklü də­yiş­mə­lər).

Bir çox tədqiqatçılar tərəfindən məqbul sayılan təhlil ka­te­qo­riyalarının son təsnifatı strukturalizmin ədəbiyyata, xüsusilə po­etikaya tətbiqinin əsasını qoyan böyük zəka sahibinin dü­şün­cə­sinin məhsulu olmasına baxmayaraq məhz struktur ba­xı­mın­dan mübahisə doğurur. Bizcə, elmdə xüsusiləşmə çox ziyanlıdır. Nə­dənsə, strukturalistlərin bəziləri hər şeydən təcrid olunub ancaq mətnin dairəsində fırlanır, yaxud mətndaxilindəki bir va­hid­dən yapışıb yerdə qalanları onun əlamətləri ilə yozmağa ça­lı­şır və abstrakt modellər təklif etməklə bədii əsərin tamlığını, bü­töv­lüyünü, daxili qanunauyğunlarını şübhə toruna bürüyürlər. Be­lə meyllər bəlkə də, başlanğıcda – hələ bədii mətnin alt qatına nü­fuz etməyin yollarını göstərən vasitələrin tapılmadığı çağlarda inan­dırıcı görünürdi. Bu gün struktur poetikanın inkişaf səviy­yə­si o nöqtəyə çatmışdır ki, onun təhlil aspektləri, metod və üsul­la­rı ilə abstraktlıq bir araya sığmır. Nağıl süjetləri ilə bağlı XX yüz­ilin başlanğıcında mücərrəd nəzəriyyələrin yaranmasına da folk­loru ümumi ədəbiyyatdan ayırıb müstəqil yaradıcılıq sahəsi kimi təqdim etmək niyyəti səbəb olmuşdur. Folklorşünaslıq ədə­biy­yatşünaslığın tərkib hissəsidir, şübhəsiz, folklor da böyük ta­ri­xi yol keçmiş ümumi ədəbiyyatın bünövrə daşlarıdır, bədii söz sə­nətinin başlanğıcıdır, ilk ünsürüdür, ayrıca götürülmüş mə­də­niy­yət hadisəsi deyildir. Möhtəşəm binalar öz özülü üzərində qu­rulub əsrlər boyu yaşadığı kimi, yazılı ədəbiyyat da folklordan qi­dalanaraq formalaşmış və əbədi yaşamaq hüququ qazanmışdır. Bu gün yazılı ədəbiyyatın epik janrlarının süjet və kom­po­zi­si­ya­sın­dan danışarkən tədqiqatçılar nadir hallarda sxematizmə yol ve­rirlər. Folklorşünaslar isə xalq yaradıcılığı əsərlərini təhlil edər­kən yeni üsul və metod axtarışlarında olurlar. Təsadüfi deyil ki, yazılı ədəbiyyatda rast gəldiyimiz ən mürəkkəb süjet sxem­lə­ri­nin bünövrəsi folklorda qoyulmuşdur. Uzağa getmək lazım de­yil. Amerika və Avropada keçən əsrin sonlarında, Azərbaycanda isə son dövrdə yaranan detektiv janrının süjet sxemləri orijinallığı və macəraçılığı ilə seçilir. Onlarla nağıl göstərmək olar ki, müəmmalı cinayətlərin detuktiv yolla açılmasına həsr olu­nur və heç də müasir detektiv ədəbiyyatının süjet xəttindən ge­ri qalmır. «Daşdəmirin nağılı»nı xatırlamaq kifayətdir. Yaxud no­vella janrının folklordan yazılı ədəbiyyata keçdiyini Y.M.Me­le­tinski dəlillərlə əsaslandırmışdır.[1] Bədii əsərin struktur təhlili de­yəndə nəyi diqqət mərkəzinə çəkmək lazımdır? Müasir ədə­biy­yat­şünaslıq bu sorğuya hələ tam cavab verməmişdir. Bir-bi­rin­dən ziddiyyətli fikir və mülahizələr irəli sürülmüşdür ki, on­la­rın müddəaları düzgün saf-çürük edilmədən məsələnin həlli yol­la­rını tapmaq çətindir. Lakin ilk növbədə təhlilə yanaşmanın iki isti­qamətdə özünü göstərdiyini nəzərə almaq lazımdır:

  1. Mətnin an­caq görünən tərəflərinin təhlili.
    Ədəbiyyatşünaslıqda təsviri po­etika adı ilə təqdim olunur. Azərbaycanda aparılan təd­qi­qat­la­r əsasən bu istiqamətdə apa-rılır.
  2. Abstarkt-struktur təhlil.

Struktur poetikasında daha çox daxili qanunauyğunluqları ax­tarmağa cəhd göstərilir. Lakin çox hallarda labirintə düşüb ora­dan çıxa bilmirlər. A.Hacılının «Bayatı poetikası»[2] kitabını bü­tün ziddiyyətlərinə baxmayaraq bu sahədə atılan ilk addım he­sab etmək olar. S.Todorovun fikri ilə izah etsək, «birincilər bədii mətni necə var elə araşdırmaqla kifayətlənirlər, ikincilər isə tək­cə onunla razılaşırlar ki, ayrılıqda götürülmüş hər əsərdə bir ab­strakt struktur özünü göstərir».[3] Təhlilə bu iki yanaşma bir-bi­ri­nin əksini təşkil etsə də, əslində biri digərini tamamlayır.

Birinci yanaşmada – təsviri poetikada bədii əsər əsas vahid ob­yekt kimi götürülür və onun tam təsviri son məqsəd sayılır. Bu təhlil üsulu müxtəlif cür adlandırılır: interpretasiya – izah et­mə, şərh etmə, yozma, məna çıxarma, mətni aydınlaşdır­maqla oxu­ma, komentariya vermə, araşdırma, analiz aparma, nə­ha­yət, S.Todorovun dediyi kimi, «sadəcə olaraq tənqid»[4].

Bu adlara uyğun olaraq təhlillə məşğul olanlara «tənqidçi» de­yilir. Ümumiyyətlə, təhlili bədii mətn məkanına səyahət ad­lan­dırmaq olar. Mətnin «sirli məkanına» daxil olanda qa­baq­ca­dan tənqidçiyə (bir vaxtlar sovet ideologiyasının Siyasi büro tərə­findən müəyyənləşdirdiyi konsepsiyaları nəzərə almasaq) heç bir marşurut göstərilmir və o sağa, sola, yuxarı, aşağı isti­qa­mət­lərdə hərəkət etməkdə sərbəstdir. Məhz təhlilin səviyyəsi se­çi­lən marşrutdan asılıdır və mətn məkanında düz yollarla ad­dım­lamayan mənzil başına çata bilmir. Doğrudur, bədii mətndə xət­lər – yollar çoxşahəlidir, müxtəlif bucaqlardan baxanda məna yo­zumunu pisəyaxşıya yönəltmək mümkündür. Ona görə də təs­viri poetika ilə bədii mətnin sonadək təhlili mümkünsüzdür. Bir növ təhlillə bədii əsərin kodu açıqlanır. Bu mənada poetika va­sitəsi ilə bədii əsərin daxilinə nüfuz etməyə imkan yaranır. Bir mə­sələni xüsusi vurğulamaq lazımdır ki, absalyut təhlil, hər han­sı bir bədii əsərin bütün kodlarını açan araşdırma yoxdur. Bir ne­çə sözlü bir atalar sözünü götürək: «Meşə çaqqalsız olmaz». İlk ba­xışda deyə bilərsiniz ki, bu kiçik nitq parçası haqqında hər şe­yi deyib qurtarmaq mümkündür. Lakin yüzlərlə məqalə yazılsa da, bir neçə gün səhərdən axşamadək ondan danışılsa da, yenə son söz deyilmir. Əgər bu kiçik nitq parçasının, yaxud başqa bə­dii sənənt nümunələrinin bütün kodları açılsa, inkişaf, həyat da­ya­nar. Nə qədər ki, dünya yaşayır, o qədər də bədii materialın giz­li kodları aşkarlanacaq. Və bu kodların açarını müasir ədə-biy­yatşünaslığın ən aparıcı istiqaməti – struktur poetika daha uğur­lu vasitələrlə əldə etməkdədir. Struktur poetikada, daha doğ­rusu, abstarkt təhlildə obyekt kimi bədii əsər bütöv, tam kimi gö­türülmür, yalnız mətni bədiiləşdirən əlamətlər diqqət mərkə­zinə çəkilir. Başqa sözlə, məlum marşurutlar – kodlaşdırılmış, işa­rələnmiş sxemlər əsasında hərəkət etmək lazım gəlir. Bu sxem­lər qəlib şəklini alır və başqa mətnlərə tətbiq ediləndə təh­li­lə cəlb olunan ünsürlərin üst-üstə düşməsi tələb olunur.

Bir cavab yazın

Back to top