Mif işarələr sistemi kimi

Son tədqiqatlarda miflərə işarələr sistemi kimi baxıldığın­dan onların semiotika ilə əlaqəsi, bağlılığı, bir-birinə zidd tərəf­lə­ri barədə danışmaq, uğurlu cəhətlərindən faydalanmaq, ziyan gə­­tirən məsələlərdən isə uzaq qaçmaq lazımdır. Semiotika folk­lor­şünaslıqdan cavan elm sahəsidir. Doğrudur, müasir se­mi­oti­ka­nın əsasında ingilis filosofu C.Lokkun «İnsan ağlının təc­rü­bə­si»[1] (1690) əsərində irəli sürdüyü ümumi işarələr nəzəriyyəsi (mən­tiq­lə eyniyyət) durur. Buraya Sührəverdinin «İşraqiyyə» və Nə­iminin «Cavidannamə»sini də əlavə etsək, semiotikanın tarixi kök­ləri daha qədimlərlə səsləşir. İşarələr sisteminə sonralar T.Qob­bs, C.Mill maraq göstərmişlər. İşarə və işarələr sistemi ilə bağ­lı yeni müasir elmin yaranmasında isə məntiq ənənələri möv­qe­yindən çıxış edən Q.Freqe, Ç.Pirs və linqvistikaya söy­kə­nən F.de Sössür, Y.Byuissen və Rolan Bartın əsərləri mühüm rol oynamışdır. «İşarələrin əhəmiyyətinin başa düşülməsi onla­rın istehsalı olan adətlərin müəyyənləşdirilməsi deməkdir» – qə­na­ətinə gələn Ç.Pirs işarələr və onların rolu, işarələrlə bağlı mü­na­sibətlər və b. semiotik anlayışların şərhini vermişdir. F.de Sös­sür isə hesab etmişdir ki, elə bir yeni elm yaratmaq lazımdır ki, cəmiyyətin daxilində olan işarələri öyrənsin, işarələrin əsl ma­hiy­yətini və qanunlarla idarə olunmasını açıb göstərə bilsin»[2].

Semiotikanın müasir elm sahəsi kimi əsasları Ç.Moris tə­rə­findən (1938-ci ildə yazılmış «İşarələr nəzəriyyəsinin əsasları» və 1946-cı ildə işıq üzü görən «İşarələr, dil, davranış» kitab­la­rın­da) işlənib hazırlanmışdır.

Semiotika (yunan sözü semeion – işarə, nişanə, əlamət de­mək­dir) – işarənin və işarələr sisteminin ümumi nəzəriyyəsidir. Se­miotika öz daxilində üç sahəyə bölünür:

bə­dii sintaktika – işarələrin qanunlarının bir-birinə qoşulması və işa­rələrin bədii obrazlar şəklində anlaşılmasını;
bə­dii semantika – işarələrdə mənanın üzə çıxarılmasını, başqa söz­lə, işarələrin oxunmasını – açıqlanmasını;
praq­matika – işarələr sisteminin insana və cəmiyyətə mü­na­si­bə­ti­ni öyrənir.

İşarələr sistemində anlayışlar arasındakı əlaqələr zən-cir­va­ri şəkildə bir-birinə bağlanır:

Siqnal-işarə,
Nişanə-işarə,
İşa­rə-fikir (məna),
İşarə-obraz-bədii fikir (məna)-bədii mətn – bədii əsər-meta işarə (nişanlanmış işarə).

Bu­rada Siqnal – emosiyalara zahiri təsir göstərən predmetdir, ni­şa­nə – məqsədsiz, «təbii», dəyişməmiş, insan düşüncəsi ilə yoğ­rul­mamış informasiyadır, işarə – kodlaşdırılmış informa-siyadır, baş­qaları ilə əlaqədə olan predmetdir (siqnaldır). Məsələn, bu­lud yağışın nişanəsidir, işarəsi deyil, yaxud ağrıya qarşı xəstənin ref­lektsvari qışqırtısı nişanədir, işarə deyil, semiotkanın ter­mi­na­lo­giyası ilə desək, kodlaşmamış siqnaldır.

Nişanə səbəb-nəticə münasibətini açıqlasa da, özündə so­si­al istiqamətli informasiyanı daşımır. İşarələri də təsnif edirlər:

ikon­vari işarələr,
işarə-indekslər,
işarə-simvollar.

Mifləri əsasən ikinci və üçüncü qrupa aid işarələr sistemi kimi təqdim edirlər.

Rolan Bart «Mifologiya» (1957) əsərində «miflərin se­mi­oti­kanın ikinci dərəcəli sistemi olduğu»[3] qənaətinə gəlir. Gö­rün­düyü kimi, miflərin açıqlanmasında, onun bəzi modellərinin iza­hında semiotika böyük rola malikdir. Lakin Rolan Bartın de­di­yi kimi, mifologiya «özünəməxsus dil növü» və A.Acalovun irə­li sürdüyü kimi «işarələr sistemi» deyil. Məsələyə o cür ya­naş­saq, bütün elmləri işarələr sistemi kimi qələmə vermək müm­kün­dür, bu qayda ilə riyazi rəqəmlərə, kimyəvi elementlərə, düs­tur­lara və xüsusi terminlərə malik bütün kateqoriyalara, elm sa­hə­lərinə işarələr sistemi demək olar.

Semiotika miflərdən daha çox tikinti materialı kimi fay­da­la­nır (yazılı ədəbiyyatda, dilçilikdə, etnoqrafiyada, din­şü­nas­lın­da olduğu kimi), lakin onları özününküləşdirməyə qadir deyil. Çün­ki mif mənşəcə daha qədimdir və tarixin dönümlərində müx­təlif funksiyaları yerinə yetirmişdir. Bizcə, miflərin məhz ta­rixi aspektdə öyrənilməsi diqqətdən yayınmamalıdır. Miflərə bu günün tələbi ilə «dil vahidi», yaxud «işarələr sistemi kimi» ya­naşmaqla, ancaq yerində saymaq olar. Ona görə ki, bu, astar tə­rəfi üz kimi göstərmək, əsas olanı inkar etməkdir. Məsələ on­da­dır ki, üzü və astarı necə var, elə verəsən, yalnız o halda mif­lə­rin bəşər mədəniyyətindəki rolunu düzgün müəyyənləşdirmək müm­kündür.


[1] Локк Дж. Избр. философские произведение в 2-х томах. – М., 1960, т. I, с. 695.

[2] Соссюр Ф. де. Курс общей лингивистики. – М., 1933, с. 40.

[3] Барт Р. Мифология. -в его кн. «Избранные работы. Семиотика. Поэтика», М.,1989, с. 78.

Bir cavab yazın

Back to top