Mifin özünəməxsusluğu və təfəkkürdə hegomonluğu daha çox ilkin mədəniyyət mərhələsində özünü biruzə vermişdi. Bu dövrdə mif «mənəvi aləm»in və «elm»in ekvivalenti rolunu oynayırdı. Xüsusi mif sistemləri, anlayışları, kateqoriyaları, modelləri ilə dünyanı dərk etməyə, öyrənməyə və təsvirə təşəbbüs edilirdi. Bu mərhələdə mifologiya dünyanın sirlərini açmağın əsas vasitəsi idi (bu gün də miflərdən bir sıra məsələlərə aydınlıq gətirmək üçün açar kimi istifadə olunur) və elmi kəşflərin bünövrə daşlarını təşkil edirdi. Nəticə olaraq xüsusi vurğulamaq lazımdır ki, yaradıcılığın bütün formaları, fəlsəfi düşüncə və elmlər mifik dünyagörüşündən mayalanaraq meydana gəlmişdir. Hər bir elm sahəsi dünyanın düzgün dərk edilməsinə xidmət edir. Bu mənada elmi axtarışlara bir traktatda (neçə əsr əvvəl yaradılıb, müəllifi məlum deyil) qoyulan tələblərlə yanaşmaq daha məqsədəuyğundur: «Əvvəl tədqiqatın predmetini müəyyənləşdir, sonra həmin predmetə sahib olma üsullarını tap»[1]. Lakin «keçmişə dönmədən gələcəyi görmək»[2] mümkün olmadığı kimi, elmin miflə əlaqəsini aydınlaşdırmadan irəli getmək mümkün deyil. Bir müdrik kəlamda da bu fikrin obrazlı əksinə rast gəlirik: «Keçmişə güllə atsan, gələcək səni topa tutar!» Yeni yaranan elmlər belə keçmişlə, əldə edilən təcrübə ilə bağlıdır. Elmin predmetinin müəyyənləşdirilməsi onun qarşısında qoyulan məqsədin dərki deməkdir. Elmin problem və maraq dai-rəsi, təcrübəsi, dünyanı əks etmə nöqtələri o zaman müəyyənləşir ki, seçilən predmetə «sahib olma üsulları» düzgün tapılır. Ona görə də elmi sistem kimi götürüb, əlamətlərini aydın-laşdırmağa çalışsaq, mifologiya ilə üst-üstə düşən bir sıra cəhətlər görərik. Müqayisə üçün aşağıdakı məsələlərə nəzər salaq:
Anlayışların, kateqoriyaların, qanunların, ideyaların bir-birinə tabeliyi və onların arasında məntiqi əlaqənin olması;
Hissələrin, bölmələrin, daha kiçik elementlərin bir sistemdə qruplaşdırılması, modellərin düzgün qurulması;
Sadəliyin və ardıcıllığın gözlənilməsi;
İdeyaların, faktların sadəcə olaraq sadalanması deyil, qoyulan məsələnin mahiyyətinin açılması. Y.Borevin sözləri ilə desək, «yüksəyə qalxıb faktların quş kimi göydə qapılması»;
Vahidlik prinsipinə riayət edilməsi, başqa sözlə, anlayışların izahının eyni başlanğıc əsasında verilməsi;
Səhvlərə qarşı amansızlıq və məqsəddən dönməmək[3];
Elmə aid bu müddəaların bəzilərini (1,2,3,4,5) qeyri-şərtsiz mifologiyaya da aid etmək olar.
Sıra sayı | Elmİ sİstemİn əlamətlərİ | Mİfolojİ struktur və modellərİn xüsusİyyətlərİ |
1 | Anlayış, kateqoriya, qanun və ideyaların bir-birinə tabeliyi, onlar arasında məntiqi əlaqənin olması. | Tabelik və məntiqi əlaqə əsasında qurulur. |
2 | Hissələr, bölmələr və daha kiçik elementlərin bir sistemdə qruplaşdırılması, modellərin düzgün qurulması. | Sistemlilik mövcud olur. |
3 | Sadəlik və ardıcıllığın gözlənil-məsi. | Sadəlik primitivlik dərəcə-sindədir. Ardıcıllıq həmişə gözlənilir. |
4 | İdeyaların, faktların sadəcə olaraq sadalanması deyil, qoyulan məsələnin mahiyyətinin açılması. | Mahiyyətində dünyanın ayrı-ayrı elementlərinin dərki du-rur. |
5 | Vahidlik prinsipinə riayət edil-məsi, başqa sözlə, anlayışların izahının eyni başlanğıc əsasında verilməsi. | Bütün yaranışların kökü dörd ünsürlər əlaqələndirilir: su, od, torpaq, hava. |
6 | Səhvlərə qarşı amansızlıq və məqsəddən dönməmək. | Səhv cəzalandırılır: varlığın hətta cildi dəyişdirilir. Məqsədə çatmaq üçün ölüm-dirim mübarizəsi aparılır. |
Klassik ədəbiyyatımızın ən işıqlı simalarından olan Mə-həmməd Füzuli də bilik əldə etməyin üsullarından bəhs edir və nəzəri, təcrübi əhəmiyyətini bu gün də qoruyub saxlayan maraqlı fikirlər irəli sürür: «Tədqiqatçılar məqsədə çatmaq üçün lazım olan biliyin yollarına aid müxtəlif fikirlər irəli sürmüşlər: bəziləri deyirlər ki, belə bir yol ağıla əsaslanan mühakimədən ibarətdir; çünki əgər ağıl doğru-düzgün mühakimə əsasında fəsaddan və pozğun nisbətlərdən çəkinərək (məntiqi mühakimənin) iki müqəddiməsini istər təsdiq, istərsə də inkar nöqteyi-nəzərindən düzürsə, mütləq düzgün nəticə əldə edər».[4]
Füzulinin elm haqqındakı qənaətləri diqqətlə araşdırılmalıdır. Böyük Şərq mütəfəkkirinin yazdıqlarında gerçəkliklə uydurmanın sərhədləri düzgün müəyyənləşdirilir. Şair elə bil ki, mifik görüşlərdən alınan məlumatlarla elmin əldə etdiyi nailiyyətləri müqayisə edir və özünə qədərki alimlərin fikirlərinə söykənərək yazır: «Filosofların bəzisinə görə, elm, aləmin zatında məfhum olan bərabər bir surətin əldə edilməsindən ibarətdir. Bəzilərinə görə isə elm əşyanın surətinin ağıl vasitəsi ilə qavranmasından ibarətdir. Bir sözlə, desək, elm biliyinin həqiqəti bilik (mərifət) elmindən ibarətdir; çünki bunların hər ikisi cəhlin müqabilidir.»[5]
Mütəfəkkir şair elmin inkişaf tarixinə nəzər salır və tarixi köklərində mifik düşüncə tərzinin durduğunu dərk edib onu iki mərhələyə ayırır. Bu gün Füzulinin həmin fikirləri ilk baxışda bizə mücərrəd və primitiv görünə bilər. Lakin dərindən yanaşdıqda nə qədər dolğun və müasir səslədiyinin şahidi oluruq:
«Bəziləri demişlər ki, elm iki qismə bölünür:
Birincisi, cəhlin ardı olmayan elmdir (yəni, elə elmdir ki, ondan qabaq cəhl olmamışdır) bu da Tanrının elmidir. (Müasir elmi dillə desək, mifdir – R.Q.)
İkincisi, cəhldən sonrakı elmdir ki, bu bizim elmimizdir (yəni insanların öyrəndiyi elmdir). Bu sonuncu, təsəvvür və təsdiq mərhələlərinə bölünür. Belə bir elm bilik adlanır: çünki o, bir bildirəndən – öyrədəndən asılıdır».[6]
Görün, şair «tanrının elmi» kimi qiymətləndirdiyi miflərin insan beynində kortəbii şəkildə yaranmasını necə dolğunluqla izah edir: «tanrının elmi» öyrədəndən asılı olmayaraq, əldə edilir; həqiqi elmi isə alimlər, bilicilər öyrəncilərə çatdırırlar.
Məgər Füzulinin aşağıdakı fikirləri XIX-XX yüzilliklərdə Avropada filosoflar, folklor araşdırıcıları, ədəbiyyatşünas alimlər tərəfindən miflərlə, nağıllarla bağlı irəli sürülən müddəaların analoqu deyilmi?
«Elm iki cürdür: Birisi, Hüzuri – yəni bildirmə vasitəsindən asılı olmayan elmdir (Şair bəlkə də mifik görüşlərdən, əsatirlərdən doğan bilgiləri nəzərdə tutur-R.Q.). Məsələn, Tanrının bütün məfhumlar haqqındakı elmi (dünya modeli, zaman və məkan haqqındakı mifik məlumatlar-R.Q.) və yaxud bizim öz varlığımız (ilk insanın yaranması barədəki miflər-R.Q.) haqqındakı elmimiz belədir. Digəri Hüsuli, yəni vasitədən asılı olan elmdir. Məsələn, bizim bəzi şeylərin mahiyyətləri haqqındakı elmimiz belədir. Belə bir elmə bilik də deyilir; çünki bu elmin bir bildirənə ehtiyacı vardır».[7]
Füzuli insanın topladığı hər cür məlumatı, yaxud müxtəlif yollarla, vasitələrlə əldə olunan biliklərin hamısını elm hesab etmir, konkret olaraq, «külliyyatı və mürəkkəb şeyləri dərk etməyi», «təfərrüat və yaxud sadə şeyləri anlamağı», dünyadakı varlıqların mahiyyətini dərk etməyi əsl bilik (mərifət) və elm sayır. «Demək olmaz ki, təfərrüatın dərk edilməsi biliyə (mərifətə) xasdır, belə bir bilik tanrıya mənsub edilməzsə, bu nəticə çıxır ki, guya tanrı təfərrüatı dərk etmir; bu, filosofların fikridir. Halbuki, tanrı külliyyatla birlikdə və eyni zamanda ayrı-ayrı təfərrüatın biliyindən asılı olmadan, hərtərəfli olaraq dərk edir.
Həmçinin (bəziləri) demişlər ki, təfərrüatın dərk edilməsi ilə külli bir məfhum da dərk edilir; çünki külli məfhum həmin məfhumun təfərrüatının biliyindən ibarətdir. Bu mənada olan bilik elm adı daşıyır və insana alim deyildiyi kimi, arif də deyilir»[8].
Şair əsatiri görüşlərin əsl elmin ərəfəsi, başlanğıcı olmasına etiraz edənlərin fikirlərinə də aydınlıq gətirməyə çalışır: «Bəzi filosofların dediyinə görə, Hüzuri elm ola bilməz; çünki Tanrının elmi məfhumların mövcudiyyətindən asılıdır. Bizim öz mövcudiyyətimiz haqqındakı elmimiz isə ağıldan asılıdır və bütün elmlər hüsuli olduğuna görə Tanrıya da bilik (mərifət) isnad etmək doğrudur. Ancaq bu barədə ifratçılıq olub, şəriət rüsumu ilə bir yerə sığmaz: çünki kəlam elmində belə bir məsələ yoxdur.
Kəşf əhli olan bəzi tədqiqatçıların dediyinə görə, bilik (mərifət) elmdən yüksəkdir; çünki, onların fikrincə, ilahiyyat haqqında məsələlər və istilahlara aid hər nə varsa, elmdir, zat və sifətlərə aid olanlar isə bilikdir (mərifətdir). Məsələnin belə qoyuluşu həqiqətin əksinədir; çünki Tanrıya öz kəlamında (Quranda) bilik deyil, elm sifəti isnad edilir və beləliklə, elm bilikdən yüksəkdir.[9]
Füzuli təcrübə toplamaqla qazanılan vərdişləri, məlumatları elm oxumaqla əldə edilən savadla, biliklə müqayisə edir. Miflər məhz ulu əcdadın təbiət üzərində uzun sürən müşahidələrinin nəticəsi olaraq kortəbii şəkildə meydana gəlmişdir. Belə ki, buğdanın hər il qış aylarında torpağa basdırılıb o biri dünyaya getməsi və istilər düşəndə cücərib təzədən qayıtması haqqındakı təsəvvür mifdir. Tarixin sonrakı aşırımlarında bu təbiət hadisəsinin elmi dərki tapılır. Məsələn, toxumun səpilib yetişdirilməsində suvarmanın mühüm əhəmiyyət kəsb etməsi şübhəsizdir. Lakin uzun sürən müşahidələr nəticəsində bitkilərin inkişafına təsirini görüb hər il eyni qaydada suvarma işini yerinə yetirmək hələ bilik əldə etmək deyil. Onun elmi şərhi yalnız becərmənin mexanizminin öyrənilməsi ilə reallaşa bilər. Məhz bundan sonra təbiətdə baş verən bu elementar (bu gün bizə elementar görünən) hadisənin gerçəkliyi, həqiqi dərki insanlara bəlli olmuşdur. Beləliklə, elm dünyadakı varlıqların mahiyyətini anlamağa, törəmə və inkişaf səbəblərini düzgün izaha xidmət edir.
Bizcə, mifləri elmdən ayıran cəhəti hər ikisinin dünyanı dərketmə alətində – metodunda axtarmaq lazımdır. Hegelin dili ilə desək, «Metod vasitənin subyektiv tərəfində dayanan elə bir alətdir ki, onun köməyi ilə gerçəkliklə – obyekt və subyekt arasında əlaqə yaranır».[10] Məhz dünyanı dərketmə məsələsində istifadə etdiyi alətlərin müxtəlifliyinə görə elm miflərdən ayrılır. Lakin elm mifləri inkar etmir, əksinə onun müxtəlif sistem və modellərindən faydalanır. Miflərdə qoyulan bir çox ideyalar sonradan elmi kəşflər sayəsində reallaşır. Miflərdə dünya bütöv, vahid obraz kimi (vahid dünya modeli şəklində) götürülür, onun elementləri təfəkkürdə gerçəklikdən uzaq fantastik şəkil alır. Elmin ayrı-ayrı sahələrində isə dünyanın atributları həqiqətdə olduğu kimi şərh edilir. Bu mənada elm miflərlə dialoqa girir, ikisi arasında lap qədimlərdən başlanan «diskusiya» nəticəsində təbiətdəki hadisələrin sirrləri açılır. Başqa sözlə, elm miflərdə qoyulan, arzulanan məsələləri öz yolu ilə reallığa çevirir, gerçəkləşdirir. Məsələn, miflərdə yer üzündə insan əlləri ilə yaradılan bir sıra əşyanın güc sərf olunmadan hərəkətə gətirilməsinə və öz-özünə idarə edilməsinə rast gəlirik. Belə ki, Azərbaycanda yaranmış qədim miflərin birində iki dünya arasında fantastik qapı təsvir olunur. Onun qıfılı işıq, açarı isə şüadır. İkitaylı qapı səslə (müqəddəs kəlamları eşitməklə) və şüa ilə açılıb-bağlanır.[11] «Əlibaba və qırx quldur» nağılındakı mağaranın qapısının «sim-sim»lə idarə edilməsini də yadınıza salın. Deməli, ulu əcdad kənardan şüa və səslə əşyalara təsir etməyin mümkünlüyünün mifik formulunu vermiş, elm isə bizim günlərimizdə bu ideyanı gerçəkləşdirmişdir (ultra şüalarla uzaqdan televizorların yandırılması, idarə olunub söndürülməsi, eləcə də mifdə göstərildiyi şəkildə qapıların gözəgörünməz şüalarla açılıb-bağlanmasını görməyən tapılmaz). Adama elə gəlir ki, ulu əcdadın təfəkküründə kortəbii şəkildə yaranan bütün qəribə formullar reallığa, həqiqətə çevrilə bilər. Olsun ki, dünyanın yaranması və sonu ilə bağlı mifik təsvirlərin də arxasında hansısa gerçəklik gizlənmişdir. Buradan belə nəticə çıxır ki, elm miflərdəki fantaziyanın gerçəkliklə bağlılığını, əlaqəsini təmin edən vasitədir. Ona görə də elmlərin tarixi köklərinin miflərə söykəndiyini danmaq, inkişafdakı varisliyi, ənənəni görməmək deməkdir.
[1] О возвышенном. –М.-Л., 1966 с. 5.
[2] Борев Ю. Естетика. – М., 1988, с. 8.
[3] Yenə orada, s. 16.
[4] Füzuli. Əsərləri. V cild. – B., 1985, s. 92.
[5] Yenə orada, s. 88.
[6] Yenə orada.
[7] Füzuli. Əsərləri. V cild. – B., 1985, s. 88.
[8] Yenə orada.
[9] Füzuli. Əsərləri. V cild. – B., 1985, s. 89.
[10] Гегель. Наука логики. – М., 1972, т. III, с. 291.
[11] Абу-Бакр ибн Хосров ал-Устад. Мунис-наме / пер. и примеч. Р.М.Алиева. – Б., Язычы, 1991, с. 564-565.