Bizim nəsil ömrünün ən ehtiraslı və coşğun çağlarını acınacaqlı günlərdə yaşamışdır. İkinci Dünya müharibəsindən sonra dünyaya göz açan insanların uşaqlıq və gənclik çağları «itirilmiş» hesab edilirdi. Faşizmin törətdiyi cinayətlər bütün dünyanı bürüsə də, yaralar tez sağalmışdı. Bizim nəslin 1989-91-ci illərdə başlanan Qərbi Azərbaycan və Qarabağ acısı isə vəzifə düşgünlərinin səriştəsizliyi ucbatından hələ də ulu xalqı sarsıdır. XX əsrin sakinlərini neofaşistlərin caynağından ancaq Heydər Əliyev xilas edə bildi.
Ulu əcdadlarımız belə hesab edirdilər ki, ildə bir dəfə ölmüş babalarının ruhları öz nəvə-nəticələrinə baş çəkməyə gəlirlər. Ata-baba ruhlarının gəlişinin vaxtı İlaxır çərşənbələrə düşür. Əgər onlar görsələr ki, törəmələri yaşayan evlərdə tonqallar qalanmır, ocaqlar sönüb, elə bilirlər ki, qoyduqları adət-ənənələr tapdanıb, övladlarına qalan var-dövlət göyə sovurulub, hər şey məhv olub, qayıdıb gedir və bir də o tərəflərə hərlənmirdilər. Bir də son çərşənbə axşamı görsələr ki, ocaqlardan tüstü gəlmir, xörəklər bişirilmir, nəvə-nəticələri deyib-gülmürlər, ac-yalavacdırlar, küsülüdürlər, onda da inciyər və bir də oralara gəlməzlər. Məhz bu inama görə, İlaxır çərşənbələrdə tonqallar qalanır, şənliklər keçirilir, umu-küsü aradan götürülür… Xalqımızın bu adətini eşidən rus alimləri belə bir qənaət irəli sürmüşdülər ki, qədimlərdə (lap başlanğıcda) bu cür adət-ənənəsi, görüşü olan xalq ancaq humanist və qurub-yaratmağa meylli olmalıdır. Və azərbaycanlılar ağsaqqalla nəfəs alan, böyüklü yerdə özünü daha rahat hiss edən xalqdır. Ulu əcdadlarımızın bu inancının işığında hamı bir yumruq kimi Prezidentin ətrafında birləşib müstəqil dövlətçiliyimizi qorumalıdırlar. Elə etməliyik ki, bizi yoxlamağa gələn Dədə Qorqudun, Babəkin, Nizaminin, Koroğlunun, Heydər Əliyevin ruhu bölünməzliyimizi, birliyimizi görüb ilahi aləmin yüksəkliyinə rahat qalxsınlar.
Ötən əsrin ikinci yarıyarısında olub-keçənləri bir də yaşadım. Dünyada 69-cu ildən üzü bəri elə bir hadisə tapmadım ki, onun düzgün istiqamət almasına Heydər Əliyev dühasının az da olsa işığı düşməsin. Tanıdığımız dövlət xadimləri müasir dünya siyasəti qarşısında on-on beş ildən artıq duruş gətirə bilməyiblər, meydanı çox hallarda biabırçı şəkildə tərk edib, qazandıqları nüfuzu da əldən veriblər və bu gün ömür sürmələrinə baxmayaraq, yaddaşlardan siliniblər. Belələrinin uzun siyahısı durur gözlərimiz önündə. Çünki son 30 il həm də mənim yaşıdlarımın ömür payına düşən dövrdür. Mürəkkəb, qarmaqarışıq hadisələr axınında yalnız Türk dünyasının böyük siyasətçisinin – Heydər Əliyevin xalq tərəfindən həmişə dəstəkləndiyini və siyasət meydanından getmədiyininin şahidi olmuşuq. Heydər Əliyev on beş müxtəlif millətin dövləti zorla birləşdirib dünya hegemonluğu iddiasında olan Sovetlər birliyində parlayaraq dünyada tanınmışdır.
Keçmiş SSRİ-nin Siyasi rəhbərliyi istəsə də, istəməsə də, tarix boyu başqa xalqların övladlarının dövlət kürsülərinə qalxmasına maneçilik törədib. O ki qaldı, müsəlman və türk Azərbaycanından çıxan bir şəxs olsun. Heydər Əliyevin bacarığı, hərtərəfli biliyi, natiqliyi, təşkilatçılığı, cəsarəti o qədər böyük olub ki, bütün səddləri yarıb keçib. Təsadüfi deyil ki, türk oğlunun keçmiş Sovet imperiyasında yüksək dövlət vəzifəsini tutması xəbəri dünyaya yayılanda Türkiyədə və bir çox müsəlman ölkələrində bayram keçirilib. Onun şərəfinə ziyafətlər düzəldilib. Biz onda bu şəxsiyyətin nəhəngliyini dərk etmirdik, adi bir şey kimi baxırdıq. İndinin özündə də onun gördüyü işlərin tarixi qiymətini düzgün dərk etməyənlər var. Müasir dünya siyasətindən boğazdan yuxarı dəm vuranlar az qala öz-lərini göyün yeddinci qatında hiss edirlər və Azərbaycan adlı ölkəni dünyada tanıdan şəxsin kölgəsinə daş atmaqdan çəkinmirdilər.
Dövrün ziddiyyətlərindən baş çıxarıb zamanla ayaqlaşan tədbirlərə əl atmaq hər adama nəsib olmur. Doğrudur, bəzən bütün xalqın ayağa qalxmasından yaranan kütləvi hərəkatın önünə düşüb ad-san qazananlar tapılır. Sovet imperiyasının və ermənilərin Azərbaycana yönələn düşünülmüş xəyanətindən lərzəyə gələn yurddaşlarımızı coşğun dağ çayına bənzətmək mümkündür. Üzü aşağı böyük sürətlə gəldiyi üçün köpüklü sular qabağına çıxan quru ağac kötüklərini, daş-çınqılı, çör-çöpü ağuşuna alıb irəli aparır. Düz yerə çatanda isə qəzəbi soyuyur, durulur, gətirdiyi zir-zibil suyun üzünə çıxır. Sanki sular neçə kilometr yol qət edərək çiyinlərində daşıdıqlarının boşluğunu, əhəmiyyətsizliyini görüb xəcalət çəkir. Xalq hərəkatının kortəbii dalğasında meydana tullanan liderləri məhz təbiətin bu hadisəsi ilə müqayisə etmək olar. Çığır-bağır salıb özlərini böyük «lider» sayanlar sabitlik yaranan kimi qına girdilər. İrəli sürdükləri məsələlərin bircəciyini də həyata keçirə bilmədilər. Ölkəni bərbad kökə salıb öz başlarını bəladan qurtarmaq üçün məhz Heydər Əliyevin böyüklüyünə, siyasi ağlına və qeyrətinə sığındılar. Həyat sübut etdi ki, əsl siyasətçi xalqın qəzəbindən faydalanıb vəzifə arzusuna düşməz. Sağlam düşüncəsi, əməlləri, qurub-yaratmağı ilə insanları özünə inandırandan sonra hansısa iddia ilə meydana girər. Yalnız dövlətçilik ənənəmizi Allah vergisi kimi qəbul edib əməllərində yaşadan ümummilli lider Heydər Əliyevin təcrübəsini öyrənməklə müstəqil Azərbaycanı inkişaf etdirmək, irəli aparmaq mümkündür.
Bütün canlılardan fərqli olaraq, Allah-taala insanlara dərin zəka, fəhm verib. Geriyə baxmaq, keçdiyi yola, gördüyü işlərə qiymət vermək, səhvlərindən nəticə çıxartmaq, nöqsanlarını aradan götürmək bacarığını bəxş edib. Biz bu bacarıqdan istifadə edərək yaşadığımız həyata, keçdiyimiz yola dönə-dönə nəzər salırıq: bu günümüzü qiymətləndirir, sabahımız, gələcəyimiz üçün yol seçirik. Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Dövlətinin çiçəkləndiyi günlərdə bir növ geriyə boylanır, keçilmiş yola qiymət verməyə calışırıq. Və bu zaman, təbii ki, böyük bir həyatın, tamamilə xalqa həsr edilmiş işıqlı bir ömrün mənalı illərini görür və düşünürük. Bu böyük ömrün zəhmət dolu illəri bir kino lenti kimi gözlərimiz qarşısından gəlib keçir. Bu ömrün hər ayı, hətta hər günü və saatı da xalqımızın, ölkəmizin ömrü ilə elə qaynayıb-qarışıb, biri digərini elə tamamlayıb ki, onları bir-birindən ayırmaq mümkün deyil. Bu ömür xalq üçün yaşanıb, elin-obanın taleyi ilə qovuşub.
Tarix Türk dünyasına daim böyük şəxsiyyətlər bəxş etmişdir. XX əsr də istisna deyil. Bu əsr dünyaya iki böyük dövlət başçısı, ictimai və siyasi xadim bağışlayıb. Onlardan biri əsrimizin birinci yarısında Türkiyəni parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan xilas edən Mustafa Kamal Atatür, digəri isə əsrimizin ikinci yarısında siyasət meydanına çıxan və Azərbayçan Respublikasını parçalanmaqdan, məhv olmaqdan xilas edən, onun müstəqilliyini qoruyub saxlayan böyük siyasətçi, diplomat, xalq tərəfindən dərin məhəbbət və səmimiyyətlə sevilən dünya şöhrəltli Heydər Əliyevdir.