B.Y.Propp A.N.Vaselovskinin fikirlərinə aydınlıq gətir-məyə çalışaraq bildirir ki, «süjet vahid deyil, kompleks şəkildədir, bütöv deyil, parçalanandır».[9] Alim bu mənada A.N.Vese-lovskinin nağıl süjetini kiçik hissələrə bölərək «fonetik təhlili»nin qəti əleyhinə çıxır və «Nağılın morfologiyası» əsərində özünün «morfoloji sistemini» təklif edir. Əsərin adından görünür ki, V.Y.Propp nağıl süjetlərini «morfoloji yolla», yəni süjeti nitq hissələri ilə müqayisə oluna biləcək bölmələrə ayıraraq, təhlil etməyi daha üstün tutur.
Motivlə bağlı mübahisələr bu gün də davam etməkdədir. V.İ.Novikovun tərtib etdiyi sözlükdə («Энциклопедический словарь юного литературоведа») göstərilir ki, «motiv bədii əsərdə süjetin bir elementi, hissəsi kimi başa düşülür. Hər bir süjet bir-biri ilə sıx əlaqəli, ardıcıl inkişaflı motivlərin calanması ilə formalaşır. Eyni motivlər həm ən müxtəlif süjetlərin əsasında dura, həm də tamam başqa mənalar daşıya bilər»[10]. Bu fikrə əsasən də aydınlaşdırmaq mümkün olmur ki, motiv bədii əsərin formasını yaradan detaldır, tikinti materialıdır, yoxsa hər hansı bir məna daşıyan ideyadır. Əgər o, bədii mətndə, yaxud çoxlarının irəli sürdükləri kimi süjetdə görünən, başqa hissələrə parçalana bilməyən ən kiçik elementdirsə, onda hər hansı bir motivin «güc və mənasının dəyişməsini qoşulduğu başqa motivin məzmunundan asılı olduğunu» qəbul etmək mümkündür və bu halda «motivin dərin qatlarda gizlənməsindən» bəhs açmaq ağlabatandırmı? Göstərdiyimiz «Sözlük»də yazılır ki, «motiv bəzən dərin qatlarda gizlənir və lap dərinlərə gedib çıxmaqla daha böyük məzmun kəsb etmiş olur».[11]
Motivi əsərin əsas mövzusunu «tündləşdirən», «tamamlayan» vasitə də sayırlar. Araşdırmalarda o da vurğulanır ki, «Şeirdə hər hansı bir söz də motiv ola bilir. Lirikada söz-motiv həmişə «ötmüş»ü mənalandırır və «keçmişdə baş vermişləri» tətbiq etmə dumanına bürünür, onun ətrafında köhnə düşüncələrin parıltısı işarır»[12].
Qeyd etmişdik ki, A.N.Veselovski də motivin adi növünü iki hissəyə bölür və (a+b) düsturu ilə ifadə edir. Onun fikrincə, motiv düsturunun hər iki tərəfi dəyişir və təkcə şeirdə deyil, epik mətnlərdə də (nağıllar) «bir cümlədə işlənən sözlərin hamısı ayrılıqda motiv olur». Lakin A.N.Veselovskinin özünün qənaətində «motiv həm də təhkiyənin (lirik əsərdə tərənnümün) əsəb şəbəkəsidir. Bu şəbəkəyə toxunan kimi estetik emosiyaların partlayışı baş verir, bədii əsəri düzgün başa düşməyə yardım edən assosiasiyalar zənciri hərəkətə gətirilir»[13]. Əgər şeir və hekayə mətnlərindəki hər hansı bir söz motivdirsə, emosiyaların hansı partlayışından danışmaq olar. Sözün struktur təhlildə funksiyası dəqiq göstərilir və mətndə «emosiyaların partlayışına» səbəb olan cəhətlər tamam başqa əlamətlərlə üzə çıxır.
Motivi «söz» vahidinədək kiçildənlər onu çox hallarda intriqa ilə də səhv salırlar: «Motiv bir qayda olaraq iki işarə ilə göstərilir, daha dəqiq desək, iki sifətdə olur və motiv-antonimlərin mövcudluğu qənaətindəyik: dözümlülük motivi mütləq dözümsüzlük motivini doğuracaq, lakin bu o demək deyil ki, həmin əks mövqeli motivlər eyni əsərdə meydana gəlir»[14]. Burada «motiv–antonim» istilahı yerində işlənməmişdir. Çünki müəllif bir-birinə zidd motivləri başqa-başqa əsərlərdə arayır. Lakin söhbət bədii əsərin mətninin, yaxud süjetinin tərkib hissələrindən gedirsə, motiv-antonimlər də həmin konteksdə axtarılmalıdır.
Son dövrlərdə A.P.Skaftımov motivi yaradıcının şəxsiy-yəti və dünyagörüşü, eləcə də bədii əsərin bütöv strukturunun təhlili ilə əlaqələndirir[15]. Motiv termininin müasir anlamı məhz bu səpgidə üzə çıxır:
a) müəllifin duyğu, düşüncə və hislərinə bağlıdır,
b) bu halda onun «müstəqilliyi», bədiiliyi, estetik tamlığı nisbətən «əlindən alınır».
v)Yalnız hər hansı bir «cərəyanın», «fəaliyyətin» konkret təhlili prossesində motivin dəyişməzliyi, fərdiliyi və mənaca dolğunluğu bədii dəyərini taparaq əhəmiyyət kəsb edir. Lakin bu məlum prinsipi kənara qoyub tamamilə əks mövqedən fikir irəli sürməklə görəsən mötəbər «Sözlük»lərin müəllifləri nəsə qazanırlarmı? «Ədəbiyyatın inkişafı üçün o da lazımdır ki, motivlər bir-biri ilə təkcə bir süjet (ya da bir neçə), bir əsər daxilində qarşılaşmırlar, kitabın, hətta ədəbiyyatların sərhədlərini aşırlar»[16].
Yaxud daha ziddiyyətli qənaətlərlə rastlaşmaq müm-kündür: «Motiv ikili xarakterdədir, eyni zamanda həm ənənədir, həm də yeniliyin əlamətidir. Eləcə də motiv bir o qədər öz daxilində ikilidir: lakin tərkib hissələrinə ayrılmayan vahid deyil, bir qayda olaraq motiv bir-birinə qarşı duran qüvvələrdən təşkil olunmuşdur, ona görə də öz daxilində hərəkətə səbəb olan konfilikti meydana gətirir. Motivlərin həyatı sonsuz deyil (motivlərin nəfəsi kəsilir). Birxətli və primitiv istismarı motivi qiymətdən sala bilir». Burada motivə ədəbi prosesin subyekti kimi baxılır…
Funksiya (fonction) – bir elementlə başqaları arasındakı elə tutuşdurma, və əlaqələndirilmədir ki, strukturun bütövlüyünü qoruyub saxlamaqla varlığına təminan verir. Bu anlam təhkiyənin tərkib hissələrinə ayrılmayan vahidi kimi ilk dəfə V.Y.Proppun əsərlərində işlənmişdir. Son illərədək əksər xalqların nağıl süjetindən bəhs açan alimlərin V.Y.Proppun «morfoloji» təliminə söykənmələri təsadüfi deyil. Çünki onun «Nağılın morfologiyası» əsəri Avropada geniş yayılan strukturalizmin ilk qaranquşlarından sayılır. Eləcə də A.N.Veselovskinin motiv məfhumu əvəzinə, V.Y.Propp «funksiya» anlayışını təklif edərək problemin həlli yollarını arayır. O, yazır: «Biz nağıl süjetləri arasındakı müqayisəli təhlili qəbul edirik, lakin sehirli nağıl süjetlərini xüsusi tərkib hissələrinə ayırıb, müqayisə aparmalıyıq. Nəticədə nağılların morfologiyası alınar».[17]
Nağıl süjetinin morfologiyası – mətndəki tam əhvalatı tərkib hissələrinə – funksiyalara ayırıb, həmin hissələrin bir-biri ilə əlaqə və bağlılığını nəzərə almaqla bütöv təsvir etmək deməkdir.
V.Y.Propp əksər nağıl süjetlərində qəhrəmanların adlarının və atributlarının tez-tez dəyişdiyini, funksiyalarının – hərəkət və davranışlarının isə sabit qaldığını müşahidə edir və belə qənaətə gəlir ki, nağıllarda çox hallarda eyni hərəkətlər müxtəlif personajlara aid edilir. Bu, bizə belə bir imkan verir ki, nağıl süjetlərini onlarda iştirak edən obrazların funksiyasına (roluna, fəaliyyətinə, gördüyü işinə) görə öyrənək. İlk növbədə müəyyənləşdirmək lazımdır: bu funksiyalar nağıl süjetlərinin sabitliyini, yaxud dəyişkənliyini nə dərəcədə əks etdirir? Bütün başqa məsələlərin həlli məhz bu mühüm problemin düzgün üzə çıxarılmasından asılıdır. Nağıllarda bir-birini təkrarlayan neçə funksiya var?- sualına alim belə cavab verir: «Tədqiqat göstərir ki, funksiyaların təkrarlanması heyrətləndirici dərəcədə çoxdur.»[18]Əslində V.Y.Proppun bəhs açdığı nağıl hissələri vahid deyil, əsərin məzmunundan doğan epizodlardır. Funksiyaya gələndə ayrıca götürülmüş nağılda, ya da başqa bir bədii əsərdə göstərilən, adı çəkilən canlı-cansız hər şeyi aid etmək olar. Çünki funksiyasız bədii detal əsərdə yamaq kimi görünür.
Məsələyə tam aydınlıq gətirmək üçün V.Y.Proppun funksiya (ümumiyyətlə, alim folklorun epik ənənəsində və yazılı bədii təhkiyədə funksiyaların 31 qrupunu müəyyənləşdirir) kimi təqdim etdiyi nağıl süjeti hissələrinə diqqət yetirək:
Evdən getmə, yerində olmama. Bəzi nağıllarda ailə üzvlərindən biri evdən gedir. V.Y.Proppun nəzəriyyəsinin abstraktlığı birinci funksiyadan özünü büruzə verir. Belə ki, tədqiqatçı qəhrəmanın hara yollanmasını (azuqə üçün bazara, işə, meşəyə, qərib ölkələrə, nişanlısını tapıb gətirməyə, sehirli tapşırığı yerinə yetirməyə və s.) o qədər də vacib saymır. Lakin süjetin özünəməxsusluğu məhz onun evdən nə üçün getməsi və haralarda olması ilə şərtlənir. Nağılçıların yaradıcılıq imkanları da bu funksiyanın mahiyyəti ilə əlaqədar üzə çıxır.
Qəhrəmana qadağanlarla (yasaqlarla) müraciət edilməsi. Qırxıncı otağın qapısını açıb içəri girmək, gül bağına keçmək, sehirli meyvələri dərmək və s. bağlı yasaqlara Azərbaycan nağıllarında da rast gəlirik. «Ovçu Pirim» nağılında görürük ki, tabu – yasaq (İlanın Ovçu Pirimə quşların, heyvan–ların dilini bilməsinin sirrini açmamaq barədə qoyduğu qadağan nəzərdə tutulur) süjetin əsas əlaməti kimi çıxış edir və hadisələrin inkişafında böyük əhəmiyyət kəsb edir. V.Y.Proppun fikrincə, nağıllarda qəhrəmanların başına gələn hər hansı bəlaya səbəb «qadağanlar»ın pozulmasıdır. Yenə də «Ovçu Pirim» nağılını yada salaq. Quşların, heyvanların dilini necə öyrən-məsinin sirrini açmamaq barədəki qadağanı pozduğu üçün (arvadın təkidi ilə) Ovçu Pirim ölümə məhkum edilir. Lakin bütün qadağanların pozulması qəhrəmanların başına bəlalar açmır, hətta bəzən onların gələcək həyatlarına müsbət təsir göstərir. Qadağanı – yasaqı pozması ilə daha da kamilləşir, bilik və bacarıqları, gücləri artır, düşmən məğlub edilir və s. Beləliklə, V.Y.Proppun funksiya kimi təqdim etdiyi süjet hissələrinin hamısını, V.Anikinin dediyi kimi, məqbul saymaq mümkün deyil[19]. Onun təklif etdiyi sxemləri dilin morfoloji quruluşunda olduğu kimi sabitləşən qanunlar şəklində qəbul etmək olmaz. Nağıl süjetləri daim inkişafda və dəyişməkdədir. Onun yaradılmasında iştirak edən nağılçıların biliyi, bacarığı, dünyagörüşü və istedadı eyni olmadığı kimi, variantlar da müxtəlif səpkilidir.
Ciddi mübahisə doğuran bir funksiyaya da diqqət yetirək.
Antoqonist ailə üzvlərindən birinə ziyan vurur. Antoqonist (bu terminin müasir anlamı barədə aşağıda geniş bəhs açacağıq) deyəndə qəhrəmanın gələcək fəaliyyətinə mane olan vasitələr, ona düşmən kəsilən qorxunc qüvvələr, sehirli varlıqlar, yalançı və ikiüzlü din xadimləri, azğın hökmdarlar, xəsis və qəddar mülkədarlar və s. nəzərdə tutulur. Onlar xasiyyətcə eyni olmadıqları kimi, gördükləri işlər, vurduqları ziyanlar da müxtəlifdir: qızı dənizə atdırırlar, övladlardan birini özləri ilə aparırlar, sehirli almaları oğurlayırlar və s. Eləcə də folklorun epik ənənəsində fəaliyyətlərin əksəriyyətinin sakral səbəbi gücdür. Buna görə də onların yönünü dəyişmək çox hallarda mümkün olmur, müəyyən qanunauyğunluq şəklində meydana atıldığından tabeçilikdən çıxa bilmir.
Funksiyaları bədii dəyərinə, mahiyyətinə görə deyil, işlənmə yeri ilə fərqləndirib qruplaşdıran V.Y.Propp, adama elə gəlir ki, nağıla bədii əsər kimi yanaşmır. Sanki göz qamaşdıran uca sarayın bir-birini tamamlayan ayrı-ayrı hissələrindən söz açır. Sarayın simmetrik quruluşuna uyğunlaşmayan elementləri söküb bir kənara atır, yəni özünün morfoloji sisteminə girməyən elementlərin funksiyalarını «köməkçi hissəciklər» başlığı altında cəmləşdirir, onları əhəmiyyətsiz hesab edir. Onun təliminin ən ziddiyyətli cəhəti isə odur ki, möhtəşəm tikililər kimi nağıl süjetinin də qurulub qurtarandan sonra dəyişməzliyi məsələsini irəli sürür və folklorun çoxvariantlılığını, transformasiyalığını, nədənsə, yaddan çıxarır. Sabitlik, dəyişməzlik ancaq yazılı ədəbiyyata xas əlamətdir. Çünki nəsr nəzəriyyəsindən danışan V.B.Şklovskinin dediyi kimi, «nağıl süjeti heç vaxt sabit qalmır, dağılır, hissələrə parçalanır və süjetqurmanın xüsusi, bizə məlum olmayan qanunları ilə yenidən formalaşır»[20], daha doğrusu, başqalaşır. V.Y.Proppun abstrakt strukturalizmdə böyük uğur kimi qəbul edilən funksiyaların kommunikasiya modeli də dəfələrlə «redaktə» edilsə də, nağıl süjetlərinin ümumi mənzərəsini tam yaratmaqdan uzaqdır.
Modeldəki işarələrin açıqlanmasına diqqət yetirək:
A – ziyankarlıq;
V – vasitəçilik, birləşdiriji anlar (çağırış, göndərmə, məzu-niyyət, bəla xəbəri və b.);
S – əks-təsirin başlanğıcı;
– qəhrəmanın evdən yola düşməsi;
D – hədiyyə verənin ilk funksiyası;
Q – qəhrəmanın dəyişməsi;
Z – sehrli vasitələrə sahib olmaq;
K– öz yerini dəyişmək;
{ }- sehrli mühit,
L – sehrli mühitdən çıxmaq;
– doğma mənzilə qayıtmaq;
Pr – yalançı qəhrəmanın və ziyanvericinin cəzalanması;
SpÇFUOTNS… – toy və hakimiyyətin əldə olunması.
Bu model 1928-ci ildən üzü bəri bir sıra ölkələrdə tədqiqatçıların heyrətinə səbəb olmuşdur. Onu məqbul sayaraq, bəzən kor-koranə olduğu kimi, bəzən də yaradıcı şəkildə yanaşıb dəyişdirərək öz xalq nağıllarına, epik ənənənin başqa janrlarına, eləcə də yazılı ədəbiyyata tətbiq etmişlər.
Azərbaycan folklorşünaslığında V.Y.Proppun «morfoloji» təlimindən nağılların deyil, dastan strukturunun təhlilində istifadə edilməsinə rast gəlirik. «Hər bir dastan, yəni əsərin əsas süjeti, məşhur sovet alimi V.Proppun sözləri ilə desək, mübarizədən ibarətdir» yazan M.H.Təhmasib məhəbbət dastanlarının süjetində dörd funksiya olduğunu göstərir:
M.H.Təhmasibin funksiyalar üzrə bölgüsü | Ənənəvi kompozisiya bölgüsü |
Qəhrəmanın anadan olması və ilk təlim-tərbiyəsi. | Başlanğıc (Ekspozisiya). |
Qəhrəmanların, yəni aşiq və məşuqənin buta almaları. | Düyün (Zavyazka). |
Qabağa çıxan maneələr və onlara qarşı mübarizə. | Zirvə (Kulminasiya). |
Müsabiqə və qələbə.[21] | Açılış (Razvyazka) və final. |
Göründüyü kimi, funksiyalar qrupu eyni zamanda ənənəvi kompozisiya bölgüsü ilə də üst-üstə düşür: demək olar ki, dastan süjetlərinin
ekspozisiyası birinci (qəhrəmanın anadan olması və ilk təlim-tərbiyəsi),
zavyazkası ikinci (qəhrəmanların, yəni aşiq və məşuqənin buta almaları),
kulminasiyası üçüncü (qabağa çıxan maneələr və onlara qarşı mübarizə),
razvyazka (müsabiqə) və finalı (qələbə) dördüncü funksiyanın eynidir.
V.Y.Proppdan fərqli olaraq, M.H.Təhmasib süjetin hissələrini bir-biri ilə əlaqəli şəkildə təhlilə cəlb edir. Lakin nə qədər maraqlı mülahizələr irəli sürsə də, süjetin inkişaf xəttinə yardım edən elementləri tam aydınlığı ilə göstərə bilmir.
Məgər nağılların süjetini ədəbiyyatşünaslında qəbul olun-muş, sınaqdan çıxarılmış ənənəvi qaydada mərhələlərə bölmək mümkün deyilmi? – sualına cavab arayan S.Q.Lazutin[22] rus xalq nağıllarını kompozisiya mərhələləri ilə təhlilə cəlb etməyi təklif edir.
V.Anikin isə yazır ki, V.Y.Proppun abstrakt-struktu-ralizmə söykənən nəzəriyyəsi «nəyə desən yarayır, ancaq incəsənətin malı deyildir»[23]. Funksiyalar sistemində obrazların konkret əməl və fəaliyyətləri bir-biri ilə əlaqəli şəkildə ümumi-ləşdirilməməsinə, bədiilik priyomlarına əhəmiyyət verilmə-məsinə əsaslanıb bəlkə də, bu fikirlərə haqq qazandırmaq mümkündür. Lakin V.Y.Propp funksiya nəzəriyyəsi ilə tarixi poetikanın yeni mərhələsini başlamış, Avropa və rus ədəbiy-yatşünaslığında geniş diskusiyaların yaranmasına təkan vermiş, bədii əsərin daxilinə nüfuz etmək yolunda ilk addımlar atmışdır. Onu elə-belə bir alimin yöndəmsiz sözləri ilə ədəbiy-yatşünaslıqdan çıxarıb atmaq ən azı ədalətsizlikdir. Bu başqa məsələdir ki, V.Y.Proppun «öz modelinin dəyişməz qalması və dünyadakı bütün nağılların təhlilində yararlılığı» fikrini irəli sürməsinə baxmayaraq həmin nəzəriyyə və təlimi kor-koranə Azərbaycan folklorunun epik ənənəsinə tətbiqi yolverilməzdir. İlk növbədə ona görə ki, hər bir nağıl onu yaradan xalqın dünyagörüşünün və yaradıcılıq imkanlarının məhsuludur, başqaları ilə müqayisədə onları birləşdirən cəhətlər olsa da, ayıranlar daha çoxdur. Nağıllarda təkcə əsas qəhrəman deyil, bütün personajlar dinamik inkişafda və hərəkətdə göstərilir, yəni epizodik obrazlar belə bir sıra funksiyaların daşıyıcısı olur. Obrazlar qarşılıqlı əlaqə zamanı bir-biri ilə bağlanır və əksər hallarda biri digərinin əksini təşkil edir. Başqa sözlə, əsas qəhrəman və onun köməkçilərinə aid funksiyalarla düşmən cəbhədə duran surətlərin, sehrli qüvvələrin daşıdığı funksiyaların qarşılaşması süjetin konfliktinin canıdır. Bu əlaqəni görməmək süjet xəttinin yüksələn və enən inkişafını inkar etmək demək deyilmi? Eləcə də sehrli qüvvələrin bütün hiylələrinin, əməllərinin bir anlayış altında (qəhrəmana ziyan verməsi ilə) birləşdirilməsi obrazların özünəməxsusluğunu inkar etməkdir. Yaxud əsas personajların mübarizəsinin nağıllarda nə qədər rəngarəng olduğunu görürük. Bu müxtəlifliyin üstündən xətt çəkmək nə dərəcədə düzgündür? Eləcə də əsas qəhrəmanın bütün rəqiblərini «antoqonist» deyə eyniləşdirmək də ağlabatan deyil.
Nağılların əvvəlində və sonunuda nağılçıların söylədikləri poetik hissələr (pişrovlar və «göydən üç alma düşdü» kimi sonluqlar) V.Y.Proppun funksiyalar sistemindən kənarda qalır. Bura qədər deyilənləri ümumiləşdirib aşağıdakı nəticəyə gəlirik:
1. Funksiyalar təkcə əsas qəhrəmanlarla bağlı olmur, yəni nağılda iştirak edən bütün personajlar dinamik inkişafda və hərəkətdə təsvir edilir. Əsas qəhrəmanla yanaşı, köməkçi vasitələrin də funksiyaları fəal olur.
2. Funksiyalar sistemi sxematiklikdən yaxa qurtara bilmir.
3. Funksiyalar sistemində hadisənin inkişaf xəttini, müna-qişə, qarşılaşma və konfliktlərin yüksələn, enən xətlərini görmək olmur.
Nağılın süjeti canlı orqanizmi xatırladır, daim hərəkətdə və inkişafda olur. Hadisələri funksiyalara ayıraraq, müxtəlif nöqtələrdə dondurmaq bir nəticə vermir. Lakin bu o demək deyil ki, V.Y.Propp funksiyalar məsələsini meydana atmaqla səhv etmişdir. Hər bir bədii mətndə elementlər və sistemlər arasında əlaqələri, bağlılığı təmin edən funksiyalar mövcuddur və onların müəyyənləşdirilib düzgün şərh edilməsi həmişə aktual məsələ kimi diqqət mərkəzində duracaqdır.
Son illərdə folklor janrlarını ədəbiyyatşünaslıqda qəbul edilmiş ənənəvi süjet və kompozisiya əlamətlərinə görə təhlil etməyə meyl çoxalmışdır. Lakin buna da «funksiya» anlayışından imtina demək olmaz. Çünki struktur təhlilin öz prinsip və yolları var, onun kateqoriyalarını bir-birinə bağlayan əsas cəhət kimi funksiyanın rolu əvəzsizdir. Və struktur təhlil poetikanın bir qoludur, özü deyildir. Ümumi poetikanın predmeti bədii mətnlə, onun sistem və strukturları ilə məhdudlaşmır.
Təsadüfi deyil ki, V.Y.Proppun «funksiya» təlimi meydana atılandan bir il sonra Y.N.Tınyanov tərəfindən geniş surətdə ədəbiyyatşünaslığa tətbiq edilmişdir. O, «Arxaistlər və novatorlar» (1929) adlı əsərində müəyyənləşdirir ki, «Sistem olaraq bədii əsərin hər bir elementinin başqaları ilə, bununla da bütün sistemlərlə əlaqələndirilməsini həmin elementin konstruktiv (əməli) funksiyası adlandırılır. Proseslə yaxından tanış olduqda görürsən ki, bu cür funksiya mürəkkəb anlayışdır. Element başqa əsərlərin sisteminin bir sıra belə elementləri ilə, digər tərəfdən mövcud olduğu sistemin digər elementləri ilə bir dəfəyə əlaqələnir»[24]. Müəllif birinci halı «avtofunksiya», ikincini isə «sinfunksiya» adlandırır.
A.J.Qreymas R.Yakobsonun «kommunikasiya aktı»nın sxeminə söykənib, «aktanların funksiya» sxemini təklif etmişdir:
Ekspressiv funksiya məlumatı – informasiyanı yollayan-dan – ötürəndən, konativ funksiya – alandan (qəbul edəndən), idrakı funksiya (referent) isə – kontekstdən, metalinqivistik koddan, fatik – əlaqələrdən istiqamət alır.
Rəvayət, yaxud predaniya yunan sözü «pagabogis»-dən götürülmüş termindir, mənası «ötürmə», «öyrətmə» deməkdir. «Tradisiya» (hərfi mənada «ənənə» deməkdir, biliyi şifahi şəkildə bir nəsildən başqasına ötürmək ənənəsi kimi başa düşülür) termininə uyğundur. Lakin ikinci termin latın sözü «traditio»dan törəyib daha çox elmlə, məişətlə və dinlə bağlanırsa, «predaniya» yalnız bir məqsədələ işlədilir. Rus folklorunda dini və tarixi rəvayətlərə verilən addır. «Predaniya» termini Azərbaycan folklorunda rəvayətlə üst-üstə düşür Doğrudur, bizdə əfsanə ilə rəvayətin sərhədləri müəyyənləşib bir-birindən ayrılmadığı kimi, rus folklorşünaslığında da leqenda ilə predianiyanı eyni prizmadan keçirib birinin üstünlüyünü göstərməklə işığını digərinin üstünə salırlar. Tədqiqatçıların bir qismi isə (V.P.Anikin, Q.A.Levinton) predaniyaları sırf dini məzmunlu kiçik hekayələrlə məhdudlaşdırır və onlara demonvarı obrazların dini miflərdən keçdiyini söyləyirlər. Janrın əsas əlaməti kimi vurğuladıqları motivlərin gerçəklə, reallıqla əlaqəsinə gəlincə, xristianlıq ənənəsindən gələn bütün elemetlərin (İsus Xristosun doğulub çarmıxa çəkilməsindən tutmuş apostolların fəaliyyətinədək) tarixlə əlaqəsi olduğunu əsaslandırmağa çalışırlar. Lakin nə qədər fakt axtarışında olsalar da, şərin təmsilçiləri kimi çıxış edən vampirlər və b. obrazlar mifiklikdən yaxa qurtara bilmir. Predaniyaların əksəriyyəti o dərəcədə leqendalara oxşayır ki, onları bir-birindən ayırmaq çətinləşir. Cənnət və cəhənnəm haqqındakı təsəvvürlərin həm leqenda, həm də predaniya motivlərində geniş əks etdirilməsi bu dolaşıqlığı bir az da artırır.
Azərbaycan folklorunda isə tamam başqa mənzərənin şahidi oluruq. Rəvayətlər məzmununa görə əfsanələrdən əsaslı şəkildə fərqlənir. Dini məzmunlular da tarixi faktlara söykəndiyi üçün (islam dininin yaradıcısı yeganə peyğəmbərdir ki, real tarixi şəxsiyyət olması faktlarla sübuta yetirilmişdir) mifiklikdən uzaqdır. Özündə qeyri-adi motivlərə yer verənlər isə əfsanə janrının əlamətlərini özündə yaşadır, rəvayət deyil.
Eləcə də predaniyaları tarixi şəxsiyyət, hadisə və abidə-lərlə bağlayanlar da (N.İ.Krasov), son nəticədə leqendaların çərçivəsindən kənara çıxmırlar. Q.A.Levinton predaniyaları «tarixi» janr hesab etsə də, mif elementlərinin açıq-aşkar iştirakını kölgə altına sala bilmir. Əlacsız qalıb bu qənaətə gəlir ki, arxaik mifik sxemlər predaniyaları hakim din sistemlərinin təsiri altına almır, sadəcə olaraq tarixi yaşatmağa xidmət edir, «o dövrlərdən söhbət gedir ki, tarixi abidələri yaşatmağın yeganə üsulu predaniyalardır».[25] Yəni, yazı meydana gəlməmişdən qabaq predaniyalar xalqın tarixini yaşatmağa xidmət etmişdir. Bizcə, həmin çağlarda epik ənənənin bütün arxaik formaları bu funksiyanı yerinə yetirirdi. Beləliklə, rəvayətlərdə tarixdə baş vermiş gerçək hadisələr özünə yer tapır, əfsanə, nağıllardan fərqli olaraq məkan və zaman mifiklikdən çıxarılır, hamının tanıdığı yaşayış məntəqələrində, qalalarda, şəhərlərdə baş verir, bəzən hadisənin başladığı vaxt gerçəkliklə tam üst-üstə düşür. Lakin rəvayətlərdə ancaq keçmişdə baş vermiş hadisələrdən bəhs açılır. Bir növ elin ağsaqqalları dünəninə müraciət edib retrospektiv şəkildə (latınca retrospicare – arxaya baxmaq) tarixi fakt haqqında məlumat verir.
Retrospektivlik rəvayət janrını müəyyənləşdirən ən mühüm əlamətdir: xalq yaşadığı dövrün baxış bucağından keçmişin hadisəsinə nəzər salır və nəticə çıxarır. Eləcə də bir vaxt olmuşların səbəbi danışılan dövrün prizmasından keçirilib, şərh edilir.
Azərbaycan xalq rəvayətləri kifayət qədər toplanıb nəşr edilməsə də, əldə olan nümunələr əsasında (əsasən əfsanə toplularının içərisində verilmiş) qruplaşdırmaq mümkündür:
Tarixi hadisələr və şəxsiyyətlər haqqında rəvayətlər.
Abidələrlə bağlı rəvayətlər.
Dini rəvayətlər.