Struktur təhlil sistemlərinin əsas kateqoriyaları və terminləri

Konnotasiya (connotation) – eyni zamanda həm «mə­na­lan­dı­rılan»ın ritorik göstəricilərinə, həm də «mənalandı­rıl­ma­lı»la­rın «ideoloji» səviyyəsinə verilən addır, sadələşdirsək, ölçülüb-bi­çimlənmiş dildir. «Gözüm səndən su içmir» – bu, kon­no­ta­si­ya­dır. Onda ifadə edilən fikrin denotasiya kimi birbaşa əksi isə: «Sən­dən xoşum gəlmir» şəklindədir.

Konnotasiyanın iki forması var:

ritorik konnotasiya
ideoloji konnotasiya.

Forması göstərilməli (ritorik) olan konnotasiyalara kon­no­ta­tor da deyirlər. Dennotasi ilkin dil sayıldığı üçün ritorik ide­olo­ji konnotasiya ikincidir.

Rolan Bart bir neçə dennotasiyanın birləşib konnotasiya ya­ratmasının formulunu işləyib hazırlamışdır. «Konnotativ se­miotikada göstərilməli olanlar – biz onları konnotatorlar ad­lan­dı­racağıq – əslində denotativ sistemin işarələridir, başqa sözlə, gös­tərilməlilərin və bilinənlərin bir vahididir. Anlamaq çətin de­yil ki, denotativ sistemin bir neçə işarəsini bir-birinə bağlasaq, bir konnotator alınar, o halda ki, hamısı eyni konnotativ gös­təril­məli ilə əlaqələndirilsin»[34]. Məsələn,

«Ölən adam dirilməz,
çıxan can geri gəlməz..»[35].

Misalda «ölən adam dirilməz» və «çıxan can geri gəlməz» ay­rılıqda denotasiyadır, təmiz, çılpaq informasiyadır, bir-biri ilə bağ­lananda konnotator (həm ritorik, həm də ideoloji) alınır. R.Bartın sxemi ilə Lafontenin təmsilindən götürülmüş «Qurd öz ba­lasını yeyər» – söyləməsinin strukturunu aşağıdakı kimi gös­tə­rir­lər:

Diskurs (discours) nitq, nitq tipi, yaxud mətn, mətn tipi de­məkdir. Sv. Todorovun dediyi kimi, ədəbiyyatın struktur-se­mi­otik təhlilində problemlərin dəqiq müəyyənləşməsinə kömək edən müasir və ən mürəkkəb anlayışdır. Bu terminin çox­mə­na­lı­lığının, əhatəliyinin səbəbi linqivistik araşdırmanın bütün pred­met­lərinə yönəldilməsi, eləcə də müxtəlif istiqamətlərdən şərh edil­məsidir. Linqivistlərin özləri də «diskurs»la bağlı vahid fikrə gələ bilməmişlər. Məsələn, Emil Benvenist praktiki olaraq nitq (pa­role) istilahından istifadə etmir, əvəzinə discours işlədir[36].

Nitq (parole) – söyləmə, danışıq fəaliyyətinə (langage) tət­biq edi­lən fərdi variant kimi anlaşılır. Bir çox tədqiqatçıların qə­naə­tinə gö­rə, danışan subyektin ekzistensial[37]statusa malikliyi üçün təhlilə ya­rarlı deyil. Lakin nitq hissə, duyğuya əsaslansa da pessimist ifa­də­lərdən çox, optimist fikirləri əks etdirir və onun əhatə dairəsini «hə­yatın mənasızlığını, ictimai fəaliyyətin fayda­sız­lığını, əxlaqın əsas­sızlığını sübuta çalışmaq»la məhdudlaş­dır­maq düz deyil. Nitq ya­radıcılıq hadisəsi kimi çox hallarda nikbin­likdən, uğurlardan, ya da şirin arzulardan doğan duyğulara güzgü tutur.

Diskurs anlayışının spesifikliyini diqqət mərkəzinə çəkib ilk dəfə elmə gətirən və geniş tətbiqinə çalışan belçikalı linqivist E.Byu­issans özünün «Les langages et le discours» (Bruxelles, 1943) əsərində Sossyurun dil və nitq (langue – parole) əksliyinin ara­sına üçüncü üzv əlavə etmişdir: langue – discours – parole. Bu üçləşmə sxemində

langue sistemdir, naməlum dolayı əqli konstruksiyadır;
discours – elə kombinasiyadır (quraşdırma) ki, ger­çək­ləş­mə vasitəsi ilə danışan dilin kodundan (yəni «sem»dən – «toxumluq»[38] dan) istifadə edir;
parole – mexanizmdir, onunla həmin kombinasiyaları (Yəni sem aktlarını) həyata keçirmək mümkünləşir.

Sivyan T.V. yazır ki, E.Byuissans «discours»u (nitqin abstrakt şəkildə anlamını) dilin semioloji aspektdə olan ən ak­tu­al predmeti sayır[39].

Maraqlıdır ki, linqivistik təhlildən əl çəkib, sırf ədəbiyyat­şü­naslıq istiqamətində araşdırmaya keçəndə bədii əsərin yazılı mət­ni ilə şifahi nitq arasında müqayisə aparmaqla diskursun tam for­mal xarakterini üzə çıxarmaq olar. Hal-hazırda dilin elə sə­viy­yəsi diskurs sayılır ki, o, sözün həqiqi mənasında təsvirin bü­tün tiplərini özündə toplaya bilir, başqa sözlə, diskurs geniş və hər­tərəfli təsviri formalaşdıran ünsürlərin hamısını əlində cəm edib əlaqələndirir, nizamlayır, yeri gələndə dəyişdirir, əlavələr edir, çatışmazlıqların yerini doldurur. Beləcə mətni iki yerə – əh­valata, hadisəyə (intriqaya – fitnə-fəsada) və diskursa ayırmaq müm­kündür. Məsələn, dedektiv hekayədə cinayət işini törədənin gü­nahını təsdiqləyən əlamətləri müəyyənləşdirilməsi intriqadır, bu zaman qorxu atmosferinin getdikcə güclənməsini bildirən cə­hət­lər isə diskursdur. «Buğac» boyunda qırx nökərin iki dəstəyə bö­lünərək Dirsə xana oğlundan xəbər gətirməsi, atanın doğma oğ­lunu öldürmək niyyəti intiriqa, həmin hadisələrdən doğan fə­la­kətin yurdun məhvinə doğru istiqamətlənməsinin göstərilməsi dis­kursdur. Bu, mətndə fabulanın (hadisələrin müəyyən qayda ilə – xronoloji ardıcıllıqla konkret və geniş təsviri) deyil, süjetin (ha­disələrin bədii üsullarla yerləşdirilməsi, düzülüşü və sxe­mi­nin qurulması) təşkili ilə bağlı məsələdir.

Xüsusi vurğulamaq lazımdır ki, diskurs problemi müasir fi­lologiyada daim diqqət mərkəzindədir. Linqivistikaya köklən-mə­sindən doğan çətinlikləri adlayıb onun cümlədən də böyük mətn vahidi kimi təhlili uğurlu nəticələrin alınmasına təkan ver­miş­dir. Doğrudur, diskurs özü çoxsəviyyəli xarakterə malikdir və tədqiqatçılar ona bir nöqtədən yanaşmır, müxtəlif yönlərdən in­terpretasiya (özlərinin başa düşdükləri şəkildə təfsir, şərh) edir, mürəkkəb struktur formalarını üzə çıxardır: – bədii dis­kursun çox dərin qatlara malik alt strukturundan (textpro­gramm) ba­şalayıb ən üzdə yerləşən üst strukturun elementlərinə qədərki bü­tün formalarından bəhs açırlar. Bu mənada mətnin əlaqələnən ən kiçik qrammatik və məntiqi hissələrinin qeydə alınması lin­qi­vis­tikada «phrase structure» (strukturun bilavasitə quraşdırılıb ge­nişlənməsi) adlanır. Beləliklə, ünsiyyətin ümumi anlayışı, tə­səv­vürü (konseptual) kimi dilin fəaliyyətini təmin edən se­man­ti­ka­nın törətdiyi yeni nəzəriyyəyə tələbat yaranır. Onu da nəzərə al­maq lazımdır ki, müasir linqivistik qrammatikada bir qayda ola­raq mətnin əsas hissəsinin üfiqi şəkildə, başqa sözlə, xətti in­ki­şafın sağdan sola istiqamətində meydana gəlməsi təsvir edilir. Elə­cə də poetika və ritorika sahəsində doğuşun, yaranmanın şa­qu­li (yuxarıdan aşağıya) tipinə təsadüf olunur.

Modeli: giriş+əsas hissə+nəticə.

Son illərdə təsviri struktur nə­zə­riy­yə­sin­də – narrato-logiyada (narra­tivelogos) bu yaranma tiplərini bir­ləşdirib elmdə «təsvir üsullarının» (narrative competence) iş­lə­mə qaydalarını göstərən yeni istiqamətin meydana gəlməsinin va­cibliyi daha aydınlığı ilə hiss olunur. Bu prosesi bədii mətnə yö­nəldəndə diskursun fəaliyyət dairəsindən kənara çıxmır. Prob­le­mə tam aydınlıq gətirən tədqiqatlar içərisində J.-K.Kokenin «Ədəbi semiotika» əsərini xüsusi qeyd etmək lazım gəlir. O, Ya­kob­son, Benvenist, Levi-Stross və Qreymasın konsepsiyalarına söy­kənərək hesab edir ki, «dildəki taksonomik (ölçülü) nöqteyi nə­zəri diskursun sintaktik işarələr sisteminə əsaslanan baxışla əvəz etmək lazımdır və transformasiyaların (şəklini dəyişmə), kom­binasiyaların (birləşmə, uyğunlaşma) xüsusi qaydalarını mən­imsəmiş bağlaşma struktur anlamı (enchainement) kimi başa düşülməlidir»[40].

Dominantlıq (dominance) – R.Yakobsonun 1935-ci ildə irəli sürdüyü konsepsiyadır, strukturun çoxmərhələli, iyerarxi­ya­lı təşkili, quruluşu kimi başa düşülür. Bədii əsərin dominant kom­ponenti onun başqa komponentlərini də təşkil və trans­for­ma­siya edir, bununla əsərin struktur tamlığı təmin olunur. R.Ya­kob­sonun yazdığına görə, «bədii əsərdəki dominantlaşmış poetik funk­siya başqa kommunikasiya (əlaqə) aktlarının üzə­rində durub di­gər funksiyaların hakim olduğu çılpaq mətnlə mü­qayisədə əsə­rin bədii xarakterini formalaşdırır». Yanuş Slavin­ski «Poetik dil nə­zəriyyəsinə giriş» əsərində dominantlığın xarakteri haqqında ye­ni təlim işləyib hazırlamışdır.

Vahid (unites) – dil zəncirinin seqmentləşməsi nə­ti­cə­sin­də struktur təhlilin tələblərinə görə mövcud əlamətlərə uyğun şəkil­də alınan müxtəlif ölçülü elementlərə deyilir.

Vahidləri fərqləndirən fonemdaxili əlamətləri Benvenist «me­rizmlər» adlandırır. Məsələn, «d» fonemini fərqləndirən dörd merizm göstərir: qovşaqlıq, dövrəlilik, cingiltililik, nə­fəs­li­lik.

Ümumiyyətlə, struktur vahidlərini beş qrupda cəmləşdir­mək olar:

Fonematik səviyyəli vahid – fonemlər (mənaayırıcı səslər).
Məna ifadə edən vahid – söz. Merizmləri: səslənmə, ifadəlilik, mə­na daşıma, birləşmə.
Sintaktik vahid – cümlə. Merizmləri: söylənməsi, fikir əks­et­dir­mə, əlaqələnmə – uzlaşma, yanaşma, idarə.
Təsvir vahidi – epizod. Merizmləri: nəqletmə, hadisə anını gös­tər­mə, zamana və məkana görə bağlanma.
Mifoloji vahid – münasibətlər toplusu. Merizmləri: rəmz­ləş­di­ril­mə, sakrallaşdırılma, qarşılaşdırılma, izahetmə.

İşarə (signe) – strukturalistlərin, xüsusilə fransız ədəbiy­yat­şünaslarının əsərlərində bədii əsərə tətbiq etdikləri struktur-se­miotik metodologiyadır, bir qayda olaraq yığcam şəkildə «si­tuasiyaların (hadisələrin gedişinin) işarələri» kimi şərh olu­nur. Əslində, bu metod işarələrin sadələşdirilmiş modelinin təh­li­lini asanlaşdırılmaq üçün aparılan əməliyyat deyil, həmin an­la­yı­şın təbiətinin düzgün açılması yollarının aranmasıdır. Demək olar ki, bu halda Sössürün müəyyənləşdirdiyi «işarə»dən əsər-əla­mət qalmır. İlk növbədə R.Bartın işarəyə tamam başqa priz­madan yanaşdığının şahidi oluruq. O yazır ki, «işarə bütöv halda – göstərənin (akustik obraz kimi götürülür, ona görə də «səs­lən­di­rən» ifadəsi daha düzgündür) və göstərilənin (anlayış kimi) asso­si­asiyasının, yəni əlaqəsinin nəticəsidir».

İşarənin sərbəst, konvensional (şərti), müqaviləli (ra­zı­laş­ma yolu ilə) xarakteri barədə başqa bir postulat (əsassız fərziyə) is­veç­rəli tədqiqatçı E.Benvenist tərəfindən qəbul edilmişdir. Onun fikrinə görə, işarə motivləşmir, yəni göstərilən müna­si­bət­də sərbəstdir, gerçək həyatla heç bir təbii əlaqəsi olmur».[41]Doğ­ru­dur, Y.S.Stepanova həmin nöqteyi-nəzəri kəskin tənqid et­miş­dir.[42]

İşarəni mətnə ilkin material verən əsas məlumatla – ha­di­sə, obraz prototipi ilə də eyniləşdirirlər. Dildənkənar (söhbət mətn dilindən gedir) hadisə və gerçəkliyin predmeti kimi şərt­lən­dirirlər və qeyd edirlər ki, həqiqi referent[43](referend) çox hal­lar­da əsərin təhlilində böyük əhəmiyyət kəsb etmir, çünki onun ro­lu tam mətnin (kontekstin) referentiv funksiyasına (qısa məz­mu­nuna) müraciətlə məhdudlaşır. Məsələnin belə qoyuluşu «mətn və mətn» şüarından irəli gəlir, kənar amilləri kölgə altına al­maqla işarələrin də miflər kimi (arxetip formasında) alt şü­ur­dan hazır gəldiyini, öz-özünə doğulduğunu iddia etməkdir və bə­dii mətni gerçəkliklə əlaqəsini nəzərə almadan təsvir etmək cəh­di­nin nəticəsindən başqa bir şey deyil və Rolan Bartın təbirincə de­sək, «immanent[44] təhlil»dir. Strukturun özü qapalı olduğundan, ora­da məlumatı formal «dünyanın» təşkilinə istiqamətləndirən po­etik funksiya üstünlük təşkil edir, hər şey mifik düşüncə tər­zi­nin əlində olur.

Bir cavab yazın

Back to top